"Mavi gözlü
div"in ömrü: qəribə faktların
aydınlığında
Araşdırmaçı-yazar, professor Haluk Oralla
söhbət
- "Nazım Hikmetin yolculuğu" kitabınız
alternativ bioqrafiyadır. Bu kitabda Nazım haqqında əksər
oxucuların bilmədiklərini və ya yanlış bildiklərini
araşdırmısınız. Kitabı yazarkən sizin
özünüzü də təəccübləndirən
hansısa faktlar oldu?
- Nazımın ana tərəfdən nənəsinin
babası Müşir Mehmet Alinin Berlin konfransında
yazdığı bir şeir var. Bu şeir 1878-ci ildə
Almaniyada bir qəzetdə çap olunub. Nazım Hikmetin 1918-ci
ildə ilk çap olunan şeiri "Hala servilerde
ağlıyorlarmı?" idi. Bu şeirin bəzi
misralarının dədəsinin yazdığı şeirlə
sözbəsöz eyni olması məni çox təəccübləndirmişdi.
- Sanki Nazım dədəsinə bir cavab kimi yazıb
o şeiri...
- Bəli, bəli. Heç vaxt oxumadığı bir
şeirə elə o şeirin sözləri ilə cavab verməsi
çox qəribədir. Çox şey öyrəndim
Nazım haqqında. Amma ən çox təəccübləndiyim
bu olmuşdu.
- Eyni janrda Orhan Veli haqqında da maraqlı
araşdırma kitabınız var. Yaşadıqları
dövrdə ədəbiyyat müstəvisində münasibətləri
olub. Bu münasibətləri əsas götürsək,
onların ortaq və fərqli cəhətləri nələr
idi?
- Məncə, ən böyük ortaqlıqları
şairlikləridir. İkisi də bir-birini nə qədər
tənqid etsə də, həmişə aralarındakı
hörmət hissinin itməməsi də ortaq xüsusiyyətləridir.
Hətta Orhan Velinin ölümündən səkkiz il sonra
Nazım Hikmetin Praqada yazdığı bir şeir var
(Nazım Hikmetin "Slavya kahvesinde dostum Tavferle" şeiri nəzərdə
tutulur). Kitabda o şeirə də yer vermişəm. Həmin
şeirdən Nazım Hikmetin Orhan Velini nə qədər
çox sevdiyini aydın görmək olur. Orhan Veliylə
Nazım Hikmet eyni siyasi görüşdə deyildilər.
Nazım kommunistdir, Orhan Veli isə demokrat biri olsa da, bu siyasi
görüşə bir qədər uzaq idi. Buna baxmayaraq,
Nazım həbsxanada aclıq aksiyası keçirdiyi vaxtlarda,
hansı ki, həmin dövrdə Ankarada Orhan Veli, Melik Cevdet və
Oktay Rıfat da aclıq aksiyası
başlatmışdılar, hətta buna görə onlara
kommunist damğası da vurulmuşdu, onlar isə qorxuya
düşmədən, cəsarətlə "Yaprak" dərgisində
Nazımı müdafiə edən yazılar yazırdılar.
Nazıma həsr olunmuş şeirlər dərc edilirdi. Bu
ondan irəli gəlirdi ki, Orhan Veli və Nazım Hikmet
arasında qarşılıqlı bir hörmət var idi, sənətlərinə,
şairliklərinə dərin sayqı göstərirdilər.
"Ortaq nöqtələri şairlikləridir" deyəndə
də bunu nəzərdə tuturam. Bunun xaricindəki hər
şey isə onları ayıran təfərrüatlardır.
Məsələn, biz səninlə ilk dəfə bu
müsahibə üçün tanış olduq, bir masa
arxasında çay içib söhbət edirik. Bizim
hazırda ortaq nöqtəmiz Nazıma olan sevgimizdir. Bunun
xaricində nə varsa, bizi ayıran şeylərdir və
onlar haqqında danışmaq da lüzumsuzdur.
- Nazım Hikmet Orhan Velini və üslubunu tənqid edən
xeyli yazılar yazmışdı...
- Əlbəttə. Lakin o yazılardakı tənqid
şeirə olan münasibətlərinə görədir. Məsələn,
Kemal Tahire, Mehmet Fuata məktublarında "Bir vaxtlar mənim
etdiyim səhvləri təkrar edirlər..." yazırdı.
Bu cümlə bir atanın bir oğula nəsihəti kimi səslənir.
Onu "ata" edən o səhvləridir. Yəni tənqidlərinin
alt qatında pis niyyət yox idi, daha çox təcrübələrini
bölüşmək, tövsiyə vermək xarakterli tənqidlər
idi. Vacib olan son düşüncələridir. Budapeşt
radiosunda Orhan Veli haqqında düşüncələrini
paylaşarkən "Türk şeirinin ölümsüz
şairi" kimi tanıdır onu (Budapeşt radiosuna olan
müsahibəsi də kitabda yer alıb). Bir də Nazım
Hikmetin tənqidləri bir az da siyasi
dünyagörüşündən irəli gəlirdi.
Devrimçi bir şəxsin "Sizin dövrünüz bitdi,
mənim dövrüm başlayır!" cümləsi kimi.
Klassikləri tənqid edərkən daha aydın
görürük Nazımın kommunist ruhunu. Eyni
çağırışları Orhan Veli də edirdi.
İkisi də modern şeirin tərəfdarı idilər.
Modern olmaq isə tənqid etməklə başlayır.
- Nazım Hikmetin ailəsi Almaniyadan və Polşadan
Osmanlıya köçüblər. Sonradan
türkçülüyü və İslamı qəbul edib,
bu torpaqlarda şəhid veriblər. Görünür,
Nazım Hikmetin içindəki vətən, məmləkət
sevgisi dədə-babadan gəlir...
- Anasının ulu babaları deyək, daha dəqiq
olsun. Ata tərəfdən köç edən babaları
yoxdur. Mən ata tərəfdən şəcərəsini
babasının babasına qədər araşdırıb
tapdım. Onlar da elə bu torpaqlarda doğulub böyüyən
türklərdir. Anası Celile xanımın bir babası
Almaniyadan köç etmiş Müşir Mehmet Ali
Paşadır. Digər babası isə Polşadan
köç etmiş Mustafa Celaleddin Paşadır. Əsl adı
ilə Konstantin Borzaçski. İkisi də orduda xidmət
edib və ikisi də paşalığa qədər yüksəlib.
Biri 1876, digəri isə 1878-ci ildə şəhid olub.
Başqa bir yurddan gəlsələr də, bu torpaqlar
üçün canlarından keçiblər. Mustafa Cəlaləddinin
yazdığı bir kitab var: "Qədim və Modern
türklər". Türkologiyanın ən qədim
araşdırmalarından biri hesab olunur. Bir çox
türkoloq, hətta Azərbaycandan gələn alimlər də
bu kitaba istinad edirlər. Atatürkün masaüstü
kitablarından biri olub. Mənə görə, türklük
bir mədəniyyətdir. Atalarımızdan,
analarımızdan dinlədiyimiz, öyrəndiyimiz hekayələrdir,
görüb-götürdüyümüz tərbiyədir.
Nazım Hikmetin ulu babaları xarici olsa da, türklüyü
elə bir səviyyədə öyrəniblər ki,
onların uşaqları, nəvələri də əsl
türklər kimi tərbiyə olunub. Başqa cür necə
türk olmaq olar, mən bilmirəm. Nazım daim türk
olduğu ilə fəxr edib. Çox az hallarda mavi
gözlü polyak əcdadından bəhs edib. Nazımın vətən
sevgisi ulu babalarının türk mədəniyyətini bu qədər
dərin mənimsəmələri ilə də
bağlıdır.
- Polşalı babalarının Osmanlı ordusuna
qatılması, sonra Osmanlının Polşanı Prusiya və
Rusiya işğalından azad etməsi haqqında oxuyarkən
mistik bir hekayə ilə qarşılaşdım. Nazım
Hikmetin "Dəvət" şeiri və məşhur
Polşa əfsanəsi: türklər Vistülə gələndə
Polşa azad olacaq...
- Sən əvvəldə sual vermişdin ki, hansı
fakt təəccüblü idi? Bax məni təəccübləndirən
faktlardan biri də bu oldu. Məşhur peqasus rəsmi ilə
Nazımın "Dəvət" şeiri arasındakı
oxşarlıq. Bəlkə də Henrik Büntinqin məşhur
xəritəsi (Xəritədə Anadolu başı Ağ Dənizə
uzanmış qanadlı at kimi təsvir edilib) Celaleddin
Paşanın kitabxanasında olub, ya da necəsə Nazım o
xəritəni bir yerdə görüb. Əslində, bu xəritənin
əsli bir polyak əfsanəsindən gəlir. 18-ci əsrdə
polyak kahini Vernihora Polşanın azadlığını
türk əsgərlərinin Vistül çayından
atlarına su içirdikləri vaxt qazanacağını
deyirdi. Həqiqətən, elə oldu. Bir şeyi də deyim.
Osmanlılar polyaklara həmişə yaxşı davranıb.
Ona görə indinin özündə də
polşalıların türklərə simpatiyası var.
- Qəribədir, Nazımın ulu babaları
Türkiyəyə köçüb, burda yaşayıblar.
Amma Nazım həmişə mühacir həyatı
yaşadı. Öz vətənində də təqiblər,
həbslər...
- Kitabın adını buna görə "Nazım
Hikmetin yolculuğu" qoydum. Nazımın getdiyi yerləri təqib
etdikcə bütün həyatı ortaya çıxır. Məsələn,
Orhan Veli Ankarada, İstanbulda yaşayıb, Geliboluda əsgər
olub, bu qədər. Bu izlər Orhan Veli haqqında nəsə
ifadə etmir. Amma Nazımın upuzun bir yolçuluğu var.
Özü də doğulan kimi başlayıb. Selanikdən gəliblər
buraya, atasının işinə görə gah Hələb,
gah Diyarbakır, gah Konyaya gediblər. Sonra SSRİ-yə
keçir, qayıdır, həbslər, müxtəlif şəhərlərdə
həbsxanalarda olur, sonra yenə xaricə üz tutur.
- Son dayanacağı babalarının gəldiyi yerlər
olur...
- Bəli, təəssüf. Özü də
maraqlısı budur ki, Moskva Nazıma pasport vermir...
- Hətta bir çox başqa kommunist partiyalar da
Nazıma soyuq münasibət göstərir...
- Doğrudur. İndinin özündə də
Nazımın kommunistliyini bəyənməyən türk
kommunistlər var. Mənə görə, Nazım ilk növbədə
şairdir və buna görə onu sevirəm. Özü deyir
ki, mənim siyasi dünyagörüşüm şeirlərimə
yansıyır. Nazımın şeirlərindəki davakar
ruhun özülü əslində buradan gəlir. Sən
kommunist ola da bilərsən, olmaya da, vacib olan şey sona qədər
doğru bildiyin yoldan dönməməkdir. Nazım
başına gələn o qədər şeylərə rəğmən,
həmişə kommunistliyini müdafiə etdi. Amma
özünəməxsus şəkildə. Buna görə də,
Türkiyə Kommunist Partiyası ilə yola getmirdi. Hətta
Moskvadakı kommunist iclaslarından türk solçuların əli
ilə uzaqlaşdırılmışdı. Rusiya məhz
türk solçuların təsiri altında ona pasport vermirdi.
Lakin Polşa ona qucaq açmışdı. Onsuz da
babaları oralıydı, bir dünya qohum-əqrəba var
idi. Polşa pasport verəndən sonra Moskva "Biz də verərdik"
minnətinə girdi.
- Anadolunu uşaqlıqda, çox az yaşlarında
görmüşdü. On ildən artıq həbs yatıb. Yəni
o torpaqları təzədən gəzmək şansı
olmayıb. Buna baxmayaraq, "Məmləkətimdən insan mənzərələri"
möhtəşəm müşahidələrlə doludur...
- Çox yaxşı təxəyyülçüdür
Nazım. Hətta Tamburi Cemilin ölümü bağlı
yazdığı şeir haqqında dostu, Tamburi Cemilin oğlu
Mesut Cemil deyirdi ki, şeiri oxuyanda elə bildim, atam son nəfəsini
verəndə otaqdakılardan biri də Nazım olub. Halbuki
Nazım Tamburi Cemilin ölümünü görməmişdi.
Və ya "Məmləkətimdən insan mənzərələri"ndə
Qurtuluş Savaşına dair hissə var...
- Dayısı Mehmet Ali bəyə də şeir həsr
edib...
- Çanakkale şəhidi idi dayısı.
Nazımın mənzum roman yazmaq sevdası var idi. Bir çox
mənzum roman da yazmışdı. Bu sevdadan dolayı
eşitdiklərini, duyduqlarını yaxşı təsəvvür
edə bilirdi.
- Nazım Hikmetin Bakı yolçuluğuna kitabda rast
gəlmədim... Amma Əkbər Babayevlə münasibətlərinə
və müsahibələrinə istinad etmisiniz.
- Bakı və Sovetlər Birliyi yolçuluğunda əsas
istinad nöqtəm Əkbər Babayevlə müsahibəsi
oldu. Həm də Əkbər Babayevlə müsahibəsi
SSRİ-yə yeni köçdüyü vaxta təsadüf
edir. Bu kitab Nazımın Türkiyədəki günlərindən
söz açır. Mühacir həyatı haqqında
yazmamışam. Səbəbi budur ki, qaynaqları tapsam da, rus
dilindən dostlarıma tərcümə etdirsəm də,
düşünürdüm ki, gözümdən qaçan
faktlar ola bilər. Bir kitab yazıramsa, onun doyurucu
olmağını, yeni faktlarla dolu olmasını istəyirəm.
Təəssüf ki, Türkiyədən axırıncı dəfə
çıxandan sonrakı həyatı haqqında faktlar toplamaq
çətin oldu. Buna baxmayaraq, deməliyəm ki,
Bakının, əlbəttə, Nazımın həyatında
çox önəmli yeri var. "Günəşi içənlərin
türküsü" 1928-ci ildə Bakıda çap olunub. Məsələn,
Nazımın ilk şeirinin nə vaxt, harada çap
olunduğunu da Əkbər Babayevlə müsahibəsindən
öyrənirik.
- Bakıda bir oğulluğunun olduğu iddiası da
var...
- Bilirsən, Nazımın şəxsi həyatı
haqqında çox iddialar var və çoxu
yanlışdır. Mən belə bir fakta rast gəlməmişəm.
Trotskinin də Böyük Adada oğlunun olduğunu deyirdilər.
Hər kişinin başına gələ biləcək bir
şeydir, diqqətli olmalıyıq.
- Nazımın kommunistliyi yadımıza Neruda ilə
dostluğunu salır.
- Neruda Nazım haqqında çox yaxşı fikirlər
söyləyib. Çox yaxşı da münasibətləri
olub. 1950-ci ildə Nazım həbsdə olarkən Sülh
mükafatını Nazımın yerinə Neruda alır. Daha
sonra Fransada özünə qaytarır. Mənim şəxsi
bir xatirəm var: 1984-cü ildə Kanadaya getdim. Orada
çilili bir iqtisad professoru ilə tanış oldum. Türk
olduğumu biləndə mənə dedi ki, bizim gəncliyimizin
iki şairi olub: Neruda və Nazım Hikmet. Təsəvvür
et, 1984-cü ildə Türkiyədə Nazımın
adını çəkmək qadağan idi, kitabları yasaq
idi. Nazımın şeiri oxuyana vətən xaini kimi
baxırdılar. Belə bir vaxtda kapitalist bir ölkədə
mənə Nazımdan danışırdılar. Məncə,
Nazım dünyada ən çox tanınan türkdür.
- Sülh mükafatını aldığı vaxtlar
Sartr kimi məşhur yazıçılar da Nazıma dəstək
verdiklərini bildirmişdilər. Dünyada bu qədər
tanınmasına rəğmən, Türkiyədə hələ
də həbsdə idi...
- Məncə, Nazımın həbsdə
qalmasının ən vacib səbəblərindən biri Fevzi
Çakmakla bağlı olub. Kommunizm fobiyası var idi desəm,
yalan olmaz. Sosializmə, kommunizmə qarşı çıxan
Çakmak həm də Qurtuluş Savaşının öndə
gedən komandirlərindən idi. Ona görə, təsir
qüvvəsi böyük olub.
- Nazımla Pasternak qonşu imişlər...
- Bağ evləri qonşu olub. "Doktor
Jivaqo"dakı şair bəlkə də Nazımdır. Həm
də "Doktor Jivaqo" və
"Məmkələtimdən insan mənzərələri"
İtaliyada eyni nəşriyyatda çap olunub ilk dəfə.
Naşirləri də eyni imiş. Bəlkə də
"Jivaqo"nun nəşrində Nazımın təsiri
olub. Bu, təbii ki, mənim təəssüratımdır.
- Mayakovskidən də təsirləndiyi deyilir.
- Nazımın Mayakovski ilə tanış olduğu
dövrlər rus dilini yaxşı bilmədiyi dövrlərdir.
Ciddi şəkildə təsiri ola bilməzdi. Nazıma daha
çox babası Mehmet Paşa təsir edib. Uşaq vaxtı
yazdığı şeirlərdə mövləvi
babasının şeirlərinin təsirini açıq
görə bilirik. Ümumilikdə isə, Nazıma ciddi şəkildə
təsir edən bir imza yoxdur. Buna görə orijinaldır.
- Atatürklə bir dəfə görüşüblər
- Ankarada...
- Əslində, iki dəfə ola bilər. İkinci dəfə
də Yalovada Atatürkün təşkil etdiyi bir məclisə
Nazımın da dəvət olunduğu deyilir. Bəziləri
deyir ki, Nazım revmatizmasını bəhanə edib həmin
görüşə getməyib. Mən buna inanmıram. Nə
Atatürkdə, nə Nazımda belə bir mənfi əxlaq
yox idi. Bunlar bir az əfsanələşmiş qeybətlərdir.
İdeologiyaları çox fərqli idi. Atatürk
böyük bir imperiya dönəmini bitirib cümhuriyyət
qurmuşdu. Nazım isə könlünü başqa bir
ideologiyaya vermişdi. Buna baxmayaraq, mən inanmıram ki,
Atatürk onu məclisinə dəvət etsin və o getməsin.
Nazım bu qədər xırda düşüncədə ola
bilməz. Ankarada isə onu Atatürklə qohumu Ali Fuat
Cebesoyun atası tanış edir. Çox qısa bir
görüş olub.
- Yaxın dostu Vala Nuretdin imiş. Daha sonra araları dəyib.
- Nazım yolundan dönənləri sevmirdi. Vala
Nuretdin kommunizmdən dönmüşdü deyə 40-cı
illərin ortalarına qədər danışmırlar. Lakin
Nazım həbsdə olarkən Vala Nuretdin və həyat
yoldaşı ona geyim, qida göndərirlər. Hətta 1950-də
həbsdən çıxandan sonra bir müddət Nazım
onlarda qalır.
- Elə əsərlər var ki, Nazımınmı,
yoxsa Valanınmı yazdığı bilinmir...
- O şeyləri kitabda çox diqqətli işləmişəm.
Bəzi əsərlər var ki, onları ortaq yazıblar. Məsələn,
bir şeir var, imzası Nazım Hikmet olsa da, Vala Nuretdinin
şeiridir. "Daşdan qəlb" adlı bir
tamaşaları var. İkisi bərabər yazıb. Sonra o əsər
itib və Vala təzədən özü yazıb. Əsərin
əvvəlində Nazımla bərabər
yazdığını qeyd edib amma.
- Məzarının üstündə küləyə
qarşı yeriyən adam var...
- O şəkil Nazımın "Küləyə
qarşı yeriyən adam" şeirindən təsirlənərək
çəkilib. Həmin şeiri Nazım Sadık Ahiyə həsr
etmişdi. Kastomonuda tanış olmuşdular. Sadık Ahi
Nazıma kommunizmdən gizli bir təriqət işi kimi bəhs
edir. Sonralar CHP-dən millət vəkili də oldu. Ziya Hilmi də
var. Nazımı kommunizmlə tanış edənlərdən
biri də odur. Prokuror olub. Sosialist bir prokuror. Nazımın
beyninə Rusiyaya getmək fikrini də o salmışdı.
Sonralar narkotik maddələrin satışına görə həbs
olunur. Çox qəribə adam imiş. Kommunist partiyasına
maddi dəstək olmaq üçün heroin istehsal edib
satdığı deyilir. Yanğında həyatını
itirir. Çox tragik həyatı olub.
- Vera ilə məşhur bir şəkli var. Vera
Nazımın cansız bədəninə baxıb
ağlayır. O şəkilə baxanda həmişə
düşünmüşəm ki, görəsən, orda
Nazımı şəxsi tanıyan başqa biri də olubmu?-
Həyat yoldaşı Münəvvər və oğlu Mehmet
Hikmetin orda olduğunu dəqiq bilirəm. Türkiyədən
ora gələcək başqa bir ad təxmin edə bilmirəm.
Münəvvərlə oğlu da Moskvada olduğu
üçün rahat qatıla bilmişdilər dəfnə.
- Pirayə, Münəvvər və Veradan başqa əvvəllər
evli olduğu iki xanım da var: Nüzhet və Lena.
- Bəli, Nüzhet xanımla 1922-ci ildə Moskvada evlənmişdilər.
Nüzhet xanım 50 ildən artıq Nazımın ona verdiyi
iki şeir dəftərini qoruyub saxladı. Bəzi
araşdırmaçılar "Mavi gözlü dev,
minnacık hanım ve hanımelleri" şeirinin ona
yazıldığını deyirlər. Nüzhet xanım
çox ədəbli, hörmətli qadın olub. Son dəfə
teatr binasının qarşısında rastlaşırlar. Nazım
deyir ki, mənə tərəf baxmadı belə və mən
anladım ki, ayrılmışıq. Lena ilə də 1927-ci
ildə Moskvada tanış olub. Nazım Türkiyəyə
qayıdanda Lenanı tək qoyur. Lena da ölənə kimi
Nazımla məktublaşır.
- Xanımlardan ən çox Pirayəni sevib, deyəsən...
- Bu barədə danışmaq, məncə,
lüzumsuzdur. Həm də bu kitaba və Nazımın həyatına
yeni nəsə qatmayacaq artıq. Külliyyatının
böyük hissəsi Pirayədə olub və Pirayə də
onları qoruyub. Məktubları həssasdır bu mövzuda.
Vera yanında uyuyur. Məzarları qoşadır. Hər
qadında Nazımdan nəsə qalıb. Nazım da hər
qadından nəsə saxlayıb.
- Məzar demişkən, Nazım Hikmetin məzarının
Türkiyə gətirilməsini istəyərdinizmi?
- Yox. Orada rahat yatsın, yanında da sevgilisi.
Nazımı gətirsələr, Veranı da gətirəcəklərmi?
Ya da hardan bilmək olar, Nazımın məzarına hər
gün hücum edilməyəcəyini? Nazımı ifadə
edən yerlər elə oradır, orada da qalsın.
Rəvan CAVİD
525-ci qəzet.-2024.- 13 yanvar, №6.- S.17;19.