Dövrümüzün
dərvişi
XX əsrin 80-ci illərinin sonu çox hərəkətli,
qaynar, hətta təlatümlü idi. Yenidənqurma və
aşkarlıq fonunda ortaya atılan mənhus Qarabağ hadisələrinə
reaksiya kimi Bakıda meydan hərəkatı, ilk mitinqlər və
tətillər baş verir, ilk qeyri-formal, alternativ qurumlar
yaranırdı. O günlərdə ölkəmizin ictimai həyatındakı
yeganə müsbət cəhət Xaricdə Yaşayan Həmvətənlərlə
Azərbaycan Mədəni Əlaqə Cəmiyyəti - "Vətən"
Cəmiyyətinin təsis edilməsi idi. Cəmiyyətin
kiril, latın və ərəb əlifbaları ilə nəşr
olunan "Odlar yurdu" qəzeti oxucuların çox sevdiyi,
hər sayını səbirsizliklə gözlədiyi mətbuat
orqanı idi. Onun səhifələrində ən yaxın
tariximizdəki ağ ləkələr, Azərbaycan Demokratik
Respublikasının qurucuları, parlament üzvləri, himni,
gerbi, bayrağı, pulları, siyasəti, mübarizəsi
haqqında son dərəcə maraqlı məlumatlar dərc
edilirdi. Onun hər sayında üç əlifba sxem
halında verilir, yanına da illüstrasiya olaraq bir neçə
bayatı, yaxud kiçik bir şeir qoyulurdu. Beləliklə,
oxucular əlifbaları tutuşdurub öyrənirdilər. Mən
özüm də "Odlar yurdu"nda "Ana dili"
adlı bir rubrika aparırdım.
Qəzetdə tanınmış həmvətənlərimizlə
maraqlı müsahibələr, onların qürbətdə nəşr
etdikləri qəzet və jurnallar, yaratdıqları cəmiyyət,
mərkəz və ocaqlar, keçirdikləri tədbirlər
haqqında yazılar çap olunurdu. Qəzetin elanlar guşəsində
İkinci Dünya müharibəsində itkin düşən
vətən övladları və tapılan insanlar haqqında
məlumatlar verilirdi. Sərt KQB rejimi fonunda ictimai fikrə ilk
dəfə təqdim olunan bu yazılar qəzetə
böyük nüfuz qazandırırdı. Bu qəzetin
redaktoru Ramiz Əskər idi. Məncə, onun fəaliyyətini
jurnalist, tərcüməçi və alim kimi üç
rakursda nəzərdən keçirmək lazımdır.
RAMİZ ƏSKƏR - JURNALİST
Ramiz Əskər yaxşı təhsil
almışdı; orta məktəbi qızıl medalla
bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin
jurnalistika fakültəsinə daxil olmuş, əlaçı
tələbə kimi üçüncü kursdan Moskva
Dövlət Uni-versitetinə göndərilmiş, 1978-ci ildə
ali təhsilini başa vuraraq Bakıya
qayıtmışdı. Bir neçə il Azərbaycan
radiosunun türkcə verilişlər redaksiyasında ədəbi
işçi və yeddi dildə çıxan "Azərbaycan
bugün" jurnalının redaktoru olmuşdu.
O vaxtlar "Vətən" Cəmiyyəti çox
qonaq-qaralı idi. ABŞ konqresmeni Cim Mudi, xaricdəki Azərbaycan
mənşəli alimlərdən professor Turxan Gənceyi,
professor İren Melikoff, professor Qulamrza Səbri Təbrizi,
professor Əli Yavuz Akpınar, şair Əbdüllətif Bəndəroğlu,
türkiyəli elm adamlarından Sərvər Tanilli, İlbər
Ortaylı, italyan alimi Canpyero Bellinceri, Azərbaycan
Kültür Dərnəyinin (Ankara) rəhbərlərindən
Məhəmməd Kəngərli, Əhməd Qaraca, Yəhya
Daşdələn, "Ana dili" qəzetinin (Bonn) redaktoru
Dr. Nurəddin Qərəvi, "Xəzər"
jurnalının (İstanbul) redaktoru Həmid Turan, "Dədə
Qorqud" jurnalının (Madrid) redaktoru Cəlal Erkin,
adlı-sanlı rəssamlar Əkbər Behkəlam və
İbrahim Əhrari, fotoqraf Rza Diqqəti, "Amerikanın səsi"
radiosunun əməkdaşları Həsən Cavadi, Bulud
Mehmandarlı, Mirzə Xəzər və başqaları ilə
"Odlar yurdu" qəzetində tez-tez müsahibələr,
reportajlar, yazılar verilirdi ki, bunların da böyük əksəriyyətini
Ramiz Əskər şəxsən özü yazırdı.
1988-ci ilin sentyabrında "Odlar yurdu"nda "Bu
barədə ilk dəfə" rubrikasından "Məmməd
Əmin Rəsulzadə" sərlövhəli geniş bir
yazı dərc edildi. Bununla da mətbuatda əsl yenidənqurma
başlandı, tabu və qadağalar dövrü başa
çatdı. Ümumiyyətlə, bu qəzet milli azadlıq
hərəkatını dəstəkləyir, milli
şüurun oyanmasına və inkişafına böyük
töhfə verirdi. 1988-ci ildə xaricdə yaşayan həmvətənlər
haqqında qələmə aldığı silsilə
yazılarına görə Ramiz Əskər Azərbaycan
Jurnalistlər Birliyinin "Qızıl qələm"
mükafatına layiq görüldü, sonrakı illərdə
ölkəmizin mətbuat sahəsində verilən "Həsən
bəy Zərdabi" və "Humay"
mükafatlarını, Türkiyənin "Yeni Orhun",
Küveytin "İslama xidmət" ödüllərini də
aldı.
Mənhus 20 Yanvar faciəsi günlərində də
Ramiz Əskər əsl vətəndaşlıq nümunəsi
göstərdi, "Vətən" Cəmiyyətinin teleksi
vasitəsilə Bakıda törədilən faciənin miqyası
barədə xaricdəki kütləvi informasiya vasitələrinə
və beynəlxalq təşkilarlara ingilis və türk dillərində
məlumatlar verərək informasiya blokadasını yardı.
"Odlar yurdu"ndan sonra Ramiz Əskər jurnalistika
sahəsində fəaliyyətini başqa mətbuat
orqanlarında davam etdirərək "Hürriyet"
(İstanbul) qəzetinin və Uluslararası Haber
Ajansının (Ankara) xüsusi müxbiri, "XXI əsr"
və "Meydan" qəzetlərinin redaktoru oldu, Azərbaycan
Jurnalistlər Birliyinin katibi və baş katibi vəzifələrində
işlədi. KİV sahəsindəki çoxillik və səmərəli
fəaliyyətinə görə Ramiz Əskər "Azərbaycanın
Əməkdar jurnalisti" fəxri adına layiq
görüldü. Əlavə olaraq deyim ki, o, mənzil-qərargahı
Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutunun,
Avrasiya Yazarlar Birliyinin (Ankara), Özbəkistan Yazarlar Birliyini
və Azərbaycan Yazıçılar Birliyinin
üzvüdür.
RAMİZ ƏSKƏR - TƏRCÜMƏÇİ
Yeni minillikdə Ramiz Əskər yeni bir keyfiyyətdə
üzə çıxdı; o, jurnalistikadan elm sahəsinə
keçərək Bakı Dövlət Universitetində fəaliyyətə
başladı. Əvvəlcə türkologiya kafedrasında dərs
dedi, Azərbaycan və rus bölmələrində
"Türk mədəniyyət tarixi",
"Türkologiyanın əsasları", "Qədim
türk yazılı abidələri" fənlərini tədris
elədi, "Divanü lüğat-it-türk",
"Kitabi-Dədə Qorqud", "Qutadğu bilig",
"Manas" üzrə xüsusi kurslar apardı.
Ramiz 2007-2012-də filologiya fakültəsi bədii tərcümə
elmi-tədqiqat laboratoriyasının müdiri oldu, ümumi ədəbi-mədəni
və tədris ehtiyaclarını nəzərə alaraq
dilimizə çevriləcək əsərlərin
siyahısını tutdu. İlk iş olaraq məşhur
tarixçi, İstanbul universitetinin professoru Faruq Sümerin
"Oğuzlar" əsərini tərcümə etdi. 9 min
nüsxə tirajla çıxan bu kitab iki həftə ərzində
satılıb qurtardı. Sonra gündəliyə Yusif
Balasağunlunun "Qutadğu bilig" poeması və Bahəddin
Ögelin "Türk mifologiyası" kitabı gəldi.
2006-ci ildə növbə türkologiyanın ən
böyük və mühüm əsəri "Divanü
lüğat-it-türk"ə çatdı. Azərbaycanın
elmi və ictimai fikri bu tərcüməni 1926-cı ildən,
yəni I türkoloji qurultaydan bəri gözləyirdi.
Heç kim bu gərgin və çətin işə
girişmək istəmirdi. Məsələn, akademik Vasim Məmmədəliyev
deyirdi ki, 4 cildlik bu əsəri tərcümə etmək
üçün tərcüməçi maaşı
saxlanmaqla 4 il əsas işindən ayrılmalı və ona
yüksək qonorar verilməlidir. Məncə, haqsız
deyildi. Ancaq Ramiz Əskər heç bir təşkilatdan
sifariş almadan, heç bir qonorar-filan istəmədən
(gözləmədən) ömrünün bir neçə
ilini bu nəcib işə həsr etdi. DLT-nin nəşri
üçün çox çalışdı, burada sponsor
tapa bilmədi, tapdığı sponsor isə
"Divan"ı divan, yəni mebel sanmışdı.
Gerçəyi biləndə isə demişdi: "Get işnən
məşğul ol!" Ramiz çarəsiz qalıb
Süleyman Dəmirələ qədər gedib
çıxdı. Sonra əsəri rus dilinə də tərcümə
elədi.
DLT işıq üzü görəndə Anar müəllim
"Ədəbiyyat qəzeti"ndə "Mədəniyyətimizin
bayramı" adlı məqalə yazmış, bu fakta
böyük dəyər vermişdi. AYB-nin Natəvan klubunda,
Azərbaycan Mədəniyyət (Yaradıcılıq)
Fondunda, Bakı Slavyan Universitetində, Dillər Universitetində,
Türk Dil Qurumunda Süleyman Dəmirəlin və məşhur
türkoloqların iştirakı ilə əsərin möhtəşəm
təqdimatı keçirildi.
Yadıma düşmüşkən, burada bir faktı
xatırlatmaq istərdim. Salih Mütəllibov
"Divan"ı özbək dilinə tərcümə edəndə
elmlər namizədi idi. Tərcüməyə və cildlərə
yazdığı qeyd və şərhlərə görə
sovet AAK-ı müdafiə etmədən ona elmlər doktoru
diplomu verdi. Bir qrup alim bizim AAK-a bu məzmunda bir məktubla müraciət
eləmişdi, ancaq Ramiz "DLT-nin
morfologiyası"mövzusunda doktorluq dissertasiyası
yazdı. Namizədlik işini isə "Qutadğu bilig"
üzrə yazmışdı. Başqa cür ola da bilməzdi,
çünki bu iki əsəri ölkədə ondan
yaxşı bilən yox idi (məncə, elə indi də
yoxdur), Ramiz Əskər bu iki kitabı əvvəl tərcümə
etmiş, sonra hər biri üzrə sanballı monoqrafiya və
bir neçə kitab qələmə almışdı.
Ramizin türk, özbək, qazax, türkmən,
qırğız, uyğur, tatar, başqırd, qaqauz dillərindən
tərcümələri var. Məsələn, türkmən
dilindən 11 kitab, o cümlədən, Nurməhəmməd
Əndəlibin, Dövlətməmməd Azadinin, Məxdumqulu
Fəraqinin (2 kitab), Abdulla Şahbəndənin, Molla Nəfəsin
(2 kitab), Oraz Yağmurun, Qurbanqulu Berdimühəmmədovun
kitablarını çevirmiş, türkmən şeiri
antologiyasını, "Türkmən müəmmaları,
deyişmələri və vücudnamələri"ni tərtib,
tərcümə və nəşr etmişdir.
Özbək dilindən çevirdiyi kitabların
sayı daha çoxdur. Baburun "Seçilmiş əsərləri"
və "Baburnamə"si, Əlişir Nəvayinin xəmsəsi
(5 cild), seçilmiş əsərləri (2 cild), risalələri
(2 cild), Sultan Hüseyn Bayqaranın divanı, klassiklərdən
Əmirinin və Nadirənin seçilmiş əsərləri,
istedadlı şairə Xasiyyət Rüstəmin,
tanınmış nasir Xeyrəddin Sultanın kitabları,
"XX əsr özbək şeiri antologiyası" bunlardan ən
vacibləridir.
Qazax dilindən məşhur "Qız Cibək"
dastanını, repressiya şairi Mağcan Cumabayın iki
kitabını ("Ölüm, mənə ağı de"
və "Türküstan"), şair Qasım Amanjolovun
şeirlərini ana dilimizə çevirən Ramiz Əskər
dahi Abayın şeirlərinin Bakıda çıxan ən
son nəşrinin redaktoru olmuşdur.
Tatar ədəbiyyatının bir sıra nümunələri
onun syəsində azərbaycanca səslənmişdir: Abdulla
Tukayın seçilmiş əsərləri və "Millətim"
adlı kitabı, müasir tatar şairi Robert Minnullinin
"Bülbüllərin toyu" kitabı, Krım tatar
şairi Bəkir Çobanzadənin "Seçilmiş
şeirləri" və "Seçilmiş bədii əsərləri"
bunlara misal ola bilər.
Ramizin türk dilindən çevirdiyi əsərlər
də öz ədəbi-bədii, tarixi və türkoloji
sanbalı ilə seçilir. Bunlardan ümumi həcmi 1260 səhifə
olan "Türk ədəbiyyatı tarixi" (2 cild), Mehri
Xatunun divanı, müasir şair Əli Ağbaşın
seçilmiş əsərləri, Rəcəb
Albayrağın "Türklərin İranı" (2 cild)
adlı fundamental araşdırması göstərilə bilər.
Əlavə olaraq ünlü mədəniyyət
tarixçisi İbrahim Qəfəsoğlunun "Türk milli
kültürü" və məşhur tarixçi Osman
Turanın "Türk cahan hakimiyyəti məfkurəsi
tarixi" kitablarını qeyd etmək lazımdır. Bu iki
kitab türkologiya üçün çox mühüm əhəmiyyət
daşıyır.
Bunlardan başqa, qırğız alimi Gülzura
Cumakunovanın "Toktoqul" əsəri, qaqauz şairi
Todur Zanetin "Ana dilim" adlı şeirlər məcmuəsi,"Monqolların
gizli tarixi" və bir sıra kitablar Ramizin Azərbaycan
oxucularına hədiyyəsi hesab oluna bilər.
Bu bölməyə yekun vuraraq onu deyə bilərəm
ki, Ramiz müxtəlif dillərdən ümumən 66 kitab
çevirmişdir. Bunlardan sonuncu üçü türkmən
qəhrəmanlıq dastanı "Goroğlu"nun ana dilimizə
tərcüməsidir. Nəşrə hazır olan bu kitablar
2024-cü ildə işıq üzü görəcəkdir.
RAMİZ ƏSKƏR - ALİM
Ramiz Əskər çox məhsuldar alimdir. O, 2012-ci
ildə türk xalqları ədəbiyyatı
kafedrasının, 2016-cı ildə türkologiya
kafedrasının müdiri seçildi, 13 il kafedra müdiri vəzifəsində
işlədikdən sonra 2023-cü ildə türkoloji
araşdırmalar mərkəzinin müdiri oldu. Bilindiyi kimi,
müdir olmaq alimin vaxtını çox alır. Buna
baxmayaraq, Ramiz bu günə qədər 300-dən artıq
elmi əsər, 28 orijinal kitab, monoqrafiya, dərs vəsaiti,
proqram yazdı. Onun ilk kitabı 1987-ci ildə qələmə
aldığı "İqlimdən iqlimə, təqvimdən
təqvimə" adlı kitabdır. Burada dünya təqvim
sistemləri, il, fəsil, ay, həftə,
gün, saat, dəqiqə haqqında heyrətli dərəcədə
zəngin faktlar var.
Onun əsərlərinin digər bir qrupu DLT və
"Qutadğu bilig"lə bağlı yazdığı
kitablardır. 2008-ci ildə Mahmud Kaşğarinin 1000 illik
yubileyinə hədiyyə olaraq Ramiz bir neçə kitab
yazdı. Bunlardan "Mahmud Kaşğari və onun
"Divanü lüğat-it-türk əsəri" (432 s.),
"Dahi türk dilçisi Mahmud Kaşğari" (176 s.),
"Mahmud Kaşğarinin 1000 illik yubileyinə 1000 biblioqrafik
göstərici" (96 s.), "Mahmud Kaşğarinin DLT əsəri
üzrə biblioqrafik və qrammatik göstərici"(192
s.), "Mahmud Kaşğarinin "Divanü
lüğat-it-türk" əsərinin tədrisi" (192
s.) kitablarını göstərmək mümkündür.
2016-cı ildə isə dahi şair və mütəfəkkir,
görkəmli dövlət xadimi Yusif Balasağunlunun 1000 illik
yubileyi idi. Ramiz Əskər bu yubileyə də layiqli töhfələrlə
gəldi, "Qutadğu bilig" adlı monoqrafiya (320 s.),
"Qutadğu Bilig hikmətləri" (136 s.)
kitablarını yazdı, 21 dildə 3000 məxəzi ehtiva edən
"Yusif Balasağunlu və "Qutadğu bilig"
biblioqrafiyası" (336 s.) hazırladı.
Biblioqrafiyalardan söz düşmüşkən,
Ramiz Əskər fəlsəfə doktoru Nailə Əskərlə
birlikdə 2017-ci ildə "Kitabi-Dədə Qorqud
biblioqrafiyası" (I cild, 624 s. və II cild, 336 s.)
kitablarını nəşr etdirdi. Bu, Azərbaycanda həcmcə
ən böyük biblioqrafiyadır, burada 48 dildə 8841 mənbə
toplanmışdır.
Ramizin xarakterinin başqa bir cizgisini qeyd edim. 2011-ci ildə
o, Orxon abidələrini görmək və tədqiq etmək
üçün Monqolustana getdi. BDU yol məsrəflərini
ödədi, ancaq iaşə, otel və texniki xərcləri
o özü qarşıladı. Təsəvvür edin ki,
Monqolustan Azərbaycandan təxminən 20 dəfə
böyükdür, abidənin biri Təbrizdədirsə, biri
Dərbənddədir, biri Bakıdadırsa, biri
Ərzurumdadır. Bunca uzaq məsafələri qət etmək,
bunun üçün "Villis" maşını kiralamaq,
maşına benzin, sürücüyə yemək və əmək
haqqı vermək lazımdır. 10 gün orada qalmaq
üçün nə qədər pula ehtiyac var? Bunu kim eləyə
bilər? Dəvəsi ölmüş Ramiz Əskər!
Satdı maşınını, xərclədi bu işə.
Kitabı da çap elədi. Bildiyimə görə,
Monqolustandakı Orxon abidələrindən yalnız birini,
Ulan-Batordan 90 km şərqdə yerləşən Tonyukuk abidəsini
Anar müəllim və xarici işlər naziri ikən o
ölkəyə yolu düşən alim-diplomat Vilayət
Quliyev ziyarət etmişdi. Digər abidələri, o cümlədən,
Ulan-Batordan 500 km uzaqda yerləşən Qaraqorum şəhəri
yaxınlığındakı Bilgə xaqan və Kül-təgin
abidələrini yalnız Ramiz görmüşdür.
2019-cu ildə Xorasanda "Kitabi-Dədə
Qorqud"un üçüncü əlyazması
tapıldı. Ramiz dərhal həmin əlyazmanı transliterasiya
edərək geniş bir ön sözlə çap elədi.
Bunu alimin ən sanballı işlərindən biri hesab etmək
olar.
Ramiz Əskərin monoqrafiyaları arasında
Əlişir Nəvayiyə həsr etdiyi əsərlər
mühüm yet tutur. Dahi şairin 580 illik yubileyi ilində onun
"Əlişir Nəvayinin lirikası",
"Əlişir Nəvayi. "Şəxsiyyəti və sənəti",
"Əlişir Nəvayi və onun xəmsəsi"
monoqrafiyaları çapdan çıxdı. Alimin Bakıda
işıq üzü görən "Əlişir Nəvayi
və onun xəmsəsi" və "Özbək ədəbiyyatından
tədqiqatlar" kitabları Daşkənddə özbək
dilinə tərcümə olunaraq nəşr edildi. Bundan
başqa, Ramiz Əskərin "Mustaqillik davri Ozarbayjon
adabiyoti" kitabı da özbəkcə buraxıldı. Həmin
kitab indi Bişkekdə qırğız dilində çapa
hazırlanır.
Akademik araşdırmalarına və tərcümələrinə
görə Ramiz Əskər Türkiyənin "Türk
Dünyasına xidmət" və "Qızıl alma"
ödüllərinə, Özbəkistanın "Babur",
Türkmənistanın "Altın əsr", Ukraynanın
"Bəkir Çobanzadə", Rusiyanın "Qaysın
Quliyev", Beynəlxalq Türk Aka-demiyasının
"Vilhelm Tomsen" mükafatına və "Əlişir
Nəvayi" qızıl medalına, Azərbaycanın
"Nizami Gəncəvi" və "Rəsul Rza"
ödülünə, Özbəkistanın, Qazaxıstanın, Türkmənistanın,
Qırğızıstanın, Tatarıstanın və
TÜRKSOY-un medallarıyla təltif edilmişdir. O, Daşkənddəki
"Turan" Elmlər Akademiyasının akademiki, Babur
adına Əndican Dövlət Universitetinin fəxri professoru,
Nəvayi şəhərinin fəxri vətəndaşı
seçilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev 2014-cü ildə Ramiz Əskəri ölkəmizin
"Şöhrət" ordeni ilə təltif etmişdir.
2022-ci ildə isə Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev onu qardaş ölkənin ali mükafatlarından biri
olan "Dostluq" ordeninə layiq görmüşdür.
Düzünü desəm, mən lap çoxdan Ramizi dərvişə
bənzədirdim. Gənclikdən bəri saqqal saxlayan, Anar
müəllim kimi çiynində çanta ilə dolaşan
Ramiz rast gəldiyi dosta-tanışa yeni kitablarını hədiyyə
edirdi. Bu çanta dərviş kəşkülü idi,
içi daima kitabla dolu olurdu.
Böyük türk xalq ozanı Yunus Əmrə dərvişlik
haqqında demişdir: "Dərvişlik olsaydı tac ilə
xirqə, / Biz dəxi alardıq otuza-qırxa". Yəni
30-40 axçaya biz də ala bilərdik. Demək, gerçək
dərvişlik nə tacdır, nə də xirqədir, o, daha
ülvi və ali bir ruhi, mənəvi məqamdır. Ötən
əsrin ilk onilliklərində bizdə bütün
varlığı ilə elmə, vətənə
bağlı dərvişlər olub. Onlar çiyinlərində
heybə Azərbaycanı el-el, oba-oba,
qarış-qarış gəzərək söz xəzinəsi,
kitablar, əlyazmalar toplamışlar. Məsələn, Məhəmməd
Hüseyn Təhmasib, məsələn, Salman Mümtaz,
Hümbət Əlizadə... Artıq bizdə dərviş
qalmayıb, digər ölkələrdə varsa - var, bizdə
bu insan növü "Qırmızı kitab"dadır.
Ramiz Əskərin dərvişliyinin digər cəhəti
odur ki, o, təkcə Azərbaycanı deyil, bütün
Turanı gəzir. İndiyədək Kosovodan, Krımdan, Tuvadan,
Xakasiyadan, Altaydan tutmuş Orta Asiyaya, Çinə, Monqolustana
qədər türklər yaşayan hər yerdə olmuş,
təxminən 80 beynəlxalq forum, simpozium və konfransda
iştirak etmiş, məruzələr oxumuşdur.
Dostumuz və həmkarımız Ramiz Əskəri
yubileyi münasibətilə ürəkdən təbrik edir,
sevənlərinə və sevdiklərinə xoşbəxtlik
arzu edirik!
Kamal ABDULLA
ADU-nun rektoru, Xalq yazıçısı
525-ci qəzet.-2024.- 13 yanvar, №6.- S.18;19.