Qarabağda Universitet
və gələcəyimiz
Esse
Açılan hər universitet bir həbsxananın
bağlanması deməkdir.
Viktor Hüqo
Bu yaxınlarda tanınmış türkiyəli
müğənni, mərhum Barış Mançonun xarici
televiziyalardan birindəki çıxışının
vidoyazısını izləyəndə çox mütəəssir
oldum. Demək, müğənni 90-cı illərdə Fransada
bir verilişdə qonaq olur. Aparcı qərəzli mövqe
nümayiş etdirərək tez-tez türklərin barbar millət
olduqlarından söz açır. Adekvatlığını
itirməyən Barış Manço sakitcə
aparıcıya o vaxtkı türk lirəsini göstərir:
- Milli pullarımızdır, bunların üzərində
şairimiz Məhmət Akif Ərsoyun, Mövlananın, Memar
Sinanın şəkilləri var. İndi zəhmət olmasa,
siz pullarınızın üzərindəki təsvirləri
göstərin.
Aparıcı duruxsa da, pulların üzərindəki
şəkillərdən danışır:
- Bu, filan generaldır, bu, filan komandirdir, bu, filan
kraldır...
Barış Manço cavabında deyir:
- Görürsünüzmü, sizin pullarınızda
hərbi rütbələr təsvir olunduğu halda bizim
pullarımızda mədəniyyət xadimləri əks
olunub...
Açığı, bu müqəddimə vətənimizin
ayrılmaz parçası olan Qarabağın otuz ildən
artıq düşmən tapdağı altındakı fəryadına,
erməni vandalizminə, onların törətdikləri
soyqrımlara dünyanın bəzi aparıcı dövlətlərinin
susmasını, hətta bizə qarşı haqsız
mövqelərini xatırlatdı. İkinci Qarabağ
savaşında uğurlu xarici siyasətimizin, vətəni və
milləti uğrunda canından keçmiş igidlərimizin
hesabına alnımızdakı qara ləkəni təmizlədik.
Son iki-üç ildə Qarabağda görülən
maddi-mədəni quruculuq işləri göz önündədir.
Əslində, bu proseslər dünyaya bir daha sübut edir ki,
torpaqların əsl sahibləri burada əsrlərlə
formalaşmış mədəniyyətinin, maarifinin, təhsilinin
keşiyində dayanır; yollar çəkir, məktəblər
tikir, yaşayış massivləri salır, yağılar tərəfindən
məhv edilmiş abidələrini bərpa edirlər. Fikrimcə,
bu abadlıq işlərinin ən mütərəqqilərindən
biri Xankəndidə Qarabağ Universitetinin əsasının
qoyulmasıdır.
Qarabağ tarixən yetişdirdiyi ictimai-siyasi, sosial-mədəni
xadimləri ilə tanınıb. Əksər vətənpərvər
ziyalılarımız burada boya-başa çatıb, təhsil
alıblar. Bu nöqteyi-nəzərdən Xankəndidə
universitetin açılması əvvəlki təhsil ənənələrinin
davamı, bir çox mütəxəssislərin
formalaşması üçün zəmin yaradacaq, burada məskunlaşan
əhalinin rifahını daha da yaxşılaşdıracaq.
Məlum məsələdir bəzi ailələr
müəyyən problemlərlə bağlı
övladlarını təhsil almaq üçün paytaxta
yollaya bilmir, el-obasından kənarda gənclərin oxuması
müəyyən çətinliklər törədirdi. Məhz
yeni açılan universitet belə problemlərin aradan
qalxmasında, orada yaşayan valdeyn və tələbələrin
əlavə xərclərdən azad olmasında xüsusi rol
oynayacaq.
Onu deyirdim, hələ Azərbaycan Xalq Cümhuriyyətinin
zamanında görülən ilk mədəni tədbirlərdən
biri Qori Müəllimlər Seminariyasının Qazax
şöbəsinin və eyni ildə (1918-ci il) Azərbaycan
Dövlət Universitetinin açılması oldu. Heç
şübhəsiz, maarifə, tərəqqiyə bəslənən
böyük ümid, yüksək diqqət və
qayğının nəticəsində ölkəmizdə
sanballı ziyalılar yetişdi. Onlar da öz növbəsində
vətəninə xidmət göstərdilər. Necə deyərlər,
təhsilə qoyulan kapital itmədi, həmin dövrün
maarifpərvərləri bugünkü müstəqil dövlətimizi
bizim üçün yadigar qoydular. Bundan yüz il əvvəlki
qabaqcıl ziyalıların gördüyü işlər bəllidir.
Düşünürəm, yüz il sonra həmin universitetin
məzunları arasından vətənimizə layiqli gənclər
formalaşa, gələcəyimiz üçün uğurlu
addımlar ata bilərlər...
Universitetin faydalarından biri də ixtisasların və
vakansiyaların artımı ilə əlaqədardır. Həm
tələbələrin təhsil almaq imkanı genişlənir,
həm də müəllimlər işlə təmin olunurlar.
Zənnimcə, Qarabağda universitet açılması məhz
gələcəyimiz üçün qoyulan ən
yaxşı sərmayələrdəndir.
Ümid edirəm ki, həmin universitetin məzunları
vətənimizə faydalı şəxsiyyət kimi yetişəcək,
mədəniyyətimizə yeni-yeni töhfələr verəcək
və onu dünyaya tanıdacaqlar.
İlkin ÖZ
525-ci qəzet.-2024.- 13 yanvar, №6.- S.11.