Müharibənin
oyatdığı gülüşlər
Esse
Məşhur bosniyalı rejissor Emir Kustritsanın filmlərində
kasıblığın, sosial ədalətsizliyin, müharibənin,
məğlubiyyətin, həyata qarşı ümidsizliyin
yaratdığı gülməli vəziyyətlər göstərilir.
Tragikomediya da deyil o filmlər. Əzabın acizliyi, insanın
ağlamaqdan bezib gülümsəməsidir. Müasir
dünyada buna "Joker gülüşü", ya da
"kloun təbəssümü" deyirlər.
Ağrının verdiyi həzz ancaq onunla
barışanda üzə çıxır. Başqa yolunun
olmadığını dərk edəndə, bütün
qapıları bağlı görəndə, verdiyin
sualların cavabını ala bilməyəndə hər
şeyin əlinin içindən çərpələng ipi
kimi sürüşüb çıxdığını
anlayırsan. Belə vəziyyətlərdə insan bəzən
dəli kimi qəhqəhə çəkir. Məchula
çatdığı, bilinməyənin arxasında dayanan
anlaşılmaz rəngləri sahmana salıb həyatın əsl
tablosunu çəkdiyi üçün sevinir həm də.
Sioran insan yaradılışını
doğuluşun nəticəsi kimi dəyərləndirmirdi.
İnsanın heçdən gəldiyini və buna görə
də, əslində, daim əndişədə
olacağını yazırdı. Bizi qorxudan ölüm,
fanilik, bilinməzliyə yolçuluğumuz, aqibət
duyğusu deyil. Bizi məhz həmin əndişə qorxudur.
Yol boyu tərəddüd diksindirir. Gedəcəyimiz yerin
deyil, gəldiyimiz yerin məchulluğu, onun
yaratdığı cavabsız suallar narahat edir bizi. "Kloun təbəssümü"
bu narahatlığın verdiyi psixoloji ağrıdan doğan
gülüşdür.
Bir də bu "təbəssümün" antonimi
olan ironiya var. Barışmaqla, qəbul etməklə,
bağışlamaqla gələn, vecsizliyin fövqündə
dayanan gülüşlər. Hansısa uğursuzluq, hətta
faciə bizi artıq narahat etməyəndə və ya əksinə,
onun verdiyi narahatlıq bir işimizə yaramayanda süni
pozitivizmin qurbanlarına çevrilirik. Keçən əsrin
altmışıncı illərində, postmodernizmin addım
səsləri yeni eşidiləndə ironiya haqqında
cild-cild, qalın kitablar yazılırdı. Sonra, postmodern
obrazlar o kitabları da ələ saldıqdan sonra ironiya, qara
yumor termin olaraq filologiyanın bir küncündə istifadə
müddəti bitmiş əşyaları xatırlatmağa
başladı. O qədər çox qarışdı ki rənglər
bir-birinə, vacib olan, müqəddəs olan, həmişəlik
olan yerini müvəqqəti olana, aldada bilənə verdi.
İkinci Qarabağ müharibəsindən sonra biz də
belə "zarafatlara" aludə olduq. Müharibəni ələ
salmaq istəyib, həmin ağır situasiyalardan rəngli
karnavallar düzəltməyə alışdıq. Qalibiyyət,
zəfər isə Birinci Qarabağ müharibəsinin
ağrılarının üstünə rəngarəng
şal atdı. Güvən, inam hissinin bərpası
ağrını, əzabı üstələdi. Sosial şəbəkələrin
şöhrət, "like" kanalları da bu prosesi sürətləndirdi.
Məsələn, bəzi qazilərin cəmiyyətdə təqdir
edilməyən davranışları vaxt keçdikcə bu
sözün ağırlığını azaltdı. Və
ya həbs olunan erməni siyasətçilərinin
görüntüləri, danışıqları bizim
üçün yumor xammalına çevrildi. Təsadüfi
deyil ki, böyük rejissorumuz Vaqif Mustafayev də müharibə
haqqında filmini qara yumor janrında çəkdi. Və o
filmin istər uğru, istərsə də uğursuzluğu
kütlənin yumor gücünün azalıb-artan
dinamikası ilə özünə bir yer elədi (və ya edə
bilmədi).
Bəs "kloun təbəssümü"nün və
"qara yumor"un elmi əsası varmı? Necə olur ki,
biz travmalarımıza, ağrılarımıza
gülürük və ya gülmək istəyirik? Belə
bir xəstəlik var. Psevdobulbar təsir və ya tibdə
qısaca PBA adlandırılan psixoloji travma. Nə qədər
depressiyaya bənzəsə də, ondan incə
nüansları ilə fərqlənən bu xəstəlik
ciddi bir travmanın, şəxsiyyət ikiləşməsinin
və beyin xərçənginin formalaşmamış
hüceyrələrinin nəticəsidir. Beynin soğanabənzər
hissəsində yaranan (psedo-yalan, bulbar-soğan; xəstəliyin
adı buradan gəlir) və gülməyimizə səbəb
olan kortizol, adrenalin, dopamin və bu kimi digər hormonların
anormal şəkildə qarışığından meydana gələn
psevdobulbar təsir gərəksiz yerə qəhqəhə
çəkməyimizə, özümüzdən xəbərsiz,
məkandan və zamandan asılı olmayaraq gülməyimizə
səbəb olur. Nə qədər xarizmatik bir xəstəlik
kimi görünsə də, çox ciddi nəticələri
(hətta ölüm) var. Yeni tanış olduğumuz adamlarla
ünsiyyət qurmaqda bəzən çətinlik çəkirik.
Onlarla necə davranacağımızı bilmirik. Bəzən
yersiz gülürük, bəzən heç reaksiya vermirik. Bu
kimi hallar da PBA-nın sindromlarındandır, ancaq tam diaqnoz
deyil. Psevdobulbar təsir asosiallığa gətirib
çıxarır (sosial şəbəkələr bunun
üçün ən "yaxşı" yerdir).
Ətrafdakı adamların narazı baxışları həmin
xəstəlikdən əziyyət çəkənləri
sıxmağa başlayır. Bu da bəzən intiharla nəticələnir.
Bunu çıxış yolu saymayanlar isə başqa yollarla
(narkotik, qumar, qəfil uğur qazanmaq cəhdləri)
kompensasiya etməyə cana tırlar. PBA-dan əziyyət
çəkən xəstələr xüsusi şəraitdə
saxlanılmalıdır. Və təəssüf ki, bu psixoloji
xəstəliyin hələ müalicəsi yoxdur.
Yuxarıda yazdığım elmi izah fərdlər
üçündür. Təəssüf ki, bir cəmiyyətin,
kütlənin yoluxduğu və ya yoluxmaqda olduğu
"gülümsəmələr" zaman keçdikcə həyat
tərzinə çevrilir. Hər şeyin ciddiyyəti beləcə
ortadan qalxır. Adətlər, mental dəyərlər,
inanclar bir anda kütlə psixologiyasından
"buxarlanır". Yerdə qalanlar isə "fəsfud"
xarakter daşıyır. Bu cür hallara "kloun təbəssümü"
adının verilməsi də təsadüfi deyil. Klounlar
maskanı çıxardıqdan sonra həqiqətlə -
öz simaları ilə yenidən görüşürlər.
Ciblərinə yığdıqları pullar, ağır həyat
şərtləri, sosial problemlər yavaş-yavaş
onların üzündəki boyaları yuyub təmizləyir.
Gülüb qurtardıqdan, qəhqəhə atdıqdan sonra
qalan hüzn isə əsl kimliyin ağrılarıdır.
Müharibələr də kütlələrin, cəmiyyətlərin
əsl problemlərini beləcə ortaya çıxarır.
Diqqətlə müşahidə etsək, görərik ki,
talelərindən daha çox müharibə keçən
coğrafiyalar daha tez-tez və yaxşı (!) "gülə"
bilir.
Fərdin mərkəzdə təkbaşına
dayandığı dünyada isə bu təbəssümlər
səmimiyyətdən çox, saxtakarlığın,
özünü aldatmağın nişanıdır.
Rəvan CAVİD
525-ci qəzet.- 2024.- 27
yanvar,№ 16.- S.20.