Səhnədəki "Qadınım"ın söylədikləri...  

"Çox gec olmadan" ayrılıb gedənlərə

 

 

Yağışın səsi addım səslərini eşitməyə mane olsa da, yanımda olduğunu rayihəsindən bilirdim. Bir-birinə calanan siqaretlər alatoranlığında yoxa çıxır, boz payızı andıran ağırtaxtalı yanvarın kədərli mənzərəsinə bir az da melanxoliya qatırdı. "Qadınım"ı izləməyə tələsirdim, zaman isə yanvar günlərindən də ləng idi... Bəzən elə zamanın sürətinə qalib gəlmək üçün həmişə tələsmək istəyirsən. Çevrilib geridə qalanların fərqinə varanda isə çox gec olur, əlin çatmır, ünün yetmir, lap "Qadınım" kimi...

Oxucular elə bilməsin ki, teatrşünas əbasını geyinib şəhadət barmağı gicgahıma söykəyib "Qadınım"ı təhlil edəcəm... Yox, bu dəfə "Qadınım" məni - hisslərimi, yanımda olanları, arxada buraxdıqlarımı, irəlidə görmədiklərimi təhlil etdi.

Akademik Musiqili Teatrın möhtəşəm binasına az qalmış, məşhur türk yazıçısı Tüncer Cücenoğlunun müəllifi olduğu, bir vaxtlar İncəsənət Universitetinin tələbələrinin diplom işi üçün hazırladıqları "Uçqun" əsərini xatırladım. "Qadınım" isə müəllifin "Matroşka" pyesi əsasında qurulmuşdu. Yol boyu Tanju Okanın ifa etdiyi "Qadınım" mahnısını zümzümə edirdim: "Eşyalar toplanmış seninle birlikte, anılar saçılmış odaya her yere, sevdiğim o koku yok artık bu evde... Sen..."

Birinci zəng... Qadınların üzündəki təbəssümü müşahidə eləməkdən üstün bir hal varsa, o da həmin təbəssümə səbəb olmaqdır. Neçə kişinin arzusu olub bir qadının - məhz o qadının, hansı ki hər halı ilə bir ovqat yaradan, ürəyinin təlatümünə səbəb olan qadının üzündəki təbəssümə səbəb olmaq... Həmin premyera axşamı "Qadınım" kişili-qadınlı bütün tamaşaçıların təbəssümünə səbəb olmuşdu, daha doğrusu, təbəssümlə tamaşanın başlanmasını gözləyirdilər.

İkinci zəng... Pərdələr bağlı deyildi... "Tamaşa qurtarır, sonunda pərdə. Kitab oxuyuram, sonunda pərdə. Pəncərənizin önündən keçirəm hərdən, yenə də pərdə. Necə dözüm bu dərdə? Pərdə... Pərdə... Pərdə..." Müəllifi yazmıram, əziz oxucu, sonra qulağına pıçıldaram... İstədim bu şeiri yanımdakı rahiyəsi xoş, dikdabanının səsi yağışla yarışan şəxsə deyim, gördüm yox, pərdə bağlı deyil. Səhnənin dekorasiyası, əşyaların yeri, rəngi, duruşu tamaşaçıya "salam əleyk!" eləyir. Fəqət üç qatlı qaratəhər tüllər çöldəki hava kimi amansız dayanıb!

Üçüncü zəng... Hər şey belə başladı. Bəzən bir zəng gəlir, xoşbəxt, ya bədbəxt olmağına kifayət edir. Bəzən isə ikinci, üçüncü... nə bilim, yüzüncü zəng hər şeyi həll edir. Telefonun o biri tərəfindən görünməyən naqillərin birləşdirdiyi doğma hənirti ilə nəfəs ala bilirsən. Yaxud bir an belə yubanmağını istəmədiyin görüşün ümidi ilə qapı zənginə elə tələsik yüyürürsən, yox əşi, yoxsa dünya dağılar... Bu zəng "Qadınım"la məni qovuşduracaqdı. Bu zəng ayrı zəng idi. Yanvarın noyabr bozumtulluğundan yaxamı qutarıb işıqlı teatr binasına daxil olmağımdan heç on beş dəqiqə keçməmişdi ki, bu salonun da işıqları söndü və hər kəs "Qadınım"a zilləndi. Tamaşa mənim zümzüməmlə başladı; yoldakı zümzüməm aktyorun - məşhur ssenaristi canlandıran Əmrah Dadaşovun ifasına çevrildi: "Kıyıda köşede gülüşün kaybolmuş, ne olur terketme yalnızlık çok acı, bu renksiz dünyayı sevmiştik birlikte... Sen kadınım..."

Ssenarist tez-tez aşina olur, əvəzolunmaz məşuqa çevrilir. O isə mütəmadi kimisə əvəz edə bilən xarakterdədir. Bəlkə də, belə etməməyə ixtiyarı yoxdur. Axı onun daimi qayıtmalı olduğu bir yer var: qızını dünyaya gətirən, amma yanında xoşbəxt olmayan qadınının yanı... Bu, onun üçün əyləncədirmi? Qətiyyən... Bəlkə də, həmin anı üçün əyləncədir, amma həmin əyləncə sabahın iztirabıdır, ağrısıdır, haçalanan yolların başlanğıcı, ikili həyatın faciəsidir. O öz ehtirasının əsiridir və bu hiss onu zamanla tez-tez vərəqlənən həyat səhifələrinin uğursuz obrazına çevirir.

Hər şey ssenari müəllifi olduğu "Şəfəqdən ümid kəsilməz" filmin premyerası ilə başlayır. Həmin premyerada bir xanımla - Gültac Əlilinin canlandırdığı obrazla tanışlığı, onun cazibəsinə vurğunluğu ssenaristin ağlını növbəti dəfə başından alır. O, həyat yoldaşı ilə məcbur ömür sürməyinin ağrısını bu münasibətlərlə unutmağa çalışır və daha çətin psixoloji vəziyyətə düşür... Filmin premyerasında tanış olduğu xanımla elə ilk gündən sevişmək arzusunu büruzə verən ssenarist özünü gözütox biri kimi təqdim etməyə çalışsa da, alınmır. Öz hisslərinə yenidən uduzur... Tez-tez həyat yoldaşından gələn zənglər romantik anları korlayır, onu reallığa sürükləyir...

Ssenaristin məftun olduğu qadın isə onun ailəli olduğunu hiss edir, telefon danışıqlarına qulaq şahidi olur. Bu barədə isə bir kəlmə belə danışmır və özünü ssenaristə təslim etməyə hazır olduğunu büruzə verir... Gəmiyə minmir, yenidən məftun olduğu kişinin yanına gəlir, növbəti görüş üçün vədələşir...

Növbəti görüşlər... Ötən görüşlər köhnəlmir, ya məkan, ya hansısa musiqi, ya hansısa rəng həmin xatirəni təptəzə edir... Hər növbəti görüş indiki halın ən mübhəmidir, ən gözəli, ən həyəcanlısıdır, ta həmin növbəti görüşün son olacağını bilənə qədər... Növbəti görüş ssenaristlə sevgilisinin hisslərinin maddiləşdiyi, göylərdən üzüldüyü, yerlərə qarışdığı görüş olur... Əslində bu əhvalatın, baş verənlərin, bu tamaşanın ssenari müəllifi elə baş roldakı ssenaristin özüdür. Həmin görüşdə isə o ssenarist qurduğu, nəql etdiyi ssenarinin içində əriyir. Səhnədəki kürsüdə indiyə qədər o əyləşib ssenarist kimi "allahlıq" edirdisə, o ehtiraslı görüşün fonunda həmin kürsüdə başqası əyləşir, artıq gedişat ssenaristin əlindən çıxır...

Vaxtilə nişanlısından xəyanət ucbatından ayrılan qadın indi özü bir xəyanətin baş obrazına çevrilir... Yavaş-yavaş bu münasibət də adiləşir... Yeni qısqanclıqların əsası qoyulur.... və evli ssenaristə aşiq olan qadın bəzən dəliyə dönür... Ssenarilər təkrarlanır, məsələlər uzanır...

Hər dəfə ssenarist qayınları onlara gəlir deyə aradan çıxmağa çalışır. Məsələ odur ki, ailəsinin dağılmağından qorxma səbəbi nə qayınlarıdır, nə də başqa bir şey. O, qızı üçün və qızını həyata gətirdiyi qadın üçün ocağından qopa bilmir.

Günlərin birində sevgilisi ssenaristə hamilə olduğunu deyir və qırılmağın astanasında olan münasibətin ömrü birtəhər, həmişəkindən soyuq şəkildə davam edir. Bir müddət keçəndən sonra qadın, əslində, hamilə olmadığını etiraf edir...

Ssenarist bu etirafdan sonra acı həqiqətlərdən danışır, onunla küsülü olanda münasibətdə olduğu başqa qadınlardan, ona qədərki məşuqələrindən, sevgililərindən bəhs edir... və deyir ki, ona görə həyat yoldaşımla evləndim ki, o, səndən fərqli olaraq həqiqəti demişdi, doğrudan hamilə idi, qızımı dünyaya gətirdi...

Əksər sevgi macəralarının oxşar əvvəli və sonu olur. "Qadınım" da bu ab-havada yekunlaşır... "Biliyorum evlisin, seni bekliyor yuvan, ayrilip gitmelisin, daha geçmeden zaman..."

Tamaşanın rejissoru İradə Gözəlova "Qadınım"la bizi yüksək səviyyədə tanış elədi. O, tamaşanı pərdələrdən azad edib tüllərlə vəziyyəti dəyişdi. Hadisələrin cərəyan olduğu məkanlar qalxıb-enən tüllərin vasitəsilə dəyişirdi. Bəzən həmin tüllər ovqatın, çalarların dəyişməsinə də şərait yaradırdı...

Telefon danışıqları isə tamaşanın təlatümünü artırırdı. Rejissor görünməz naqillərini üzə çıxarıb insanları zənglər vasitəsilə birləşdirməyi, telefon danışıqlarındakı hiss və həyəcanı canlı, bir-birinə toxunaraq, bəzən yanbayan əyləşərək əyaniləşdirməyi bacarmışdı. Bəzən telefonda elə şey danışırsan ki, az qala, dəstəyi dəlib keçərək nəyisə yaxından, hərəkətlərlə izah edəsən. İradə Gözəlova həmin "az qala" məsələsini ustalıqla həll etmişdi.

Musiqi tərtibatı... Situasiyalarla uzlaşan melodiyalar, sözlər tamaşanı bir az da gözəlləşdirdi. Əmrah Dadaşovun səsi Musiqili Teatrın son illərinin ən gözəl qazancıdır. Gültac Əlilinin bu səviyyədə musiqi bacarığına isə ilk dəfə şahid olurdum. O, təkcə oxumurdu, mahnını bütün vücudu ilə yaşayırdı.

Əmrah Dadaşov və Gültac Əlilinin peşəkar aktyor oyunu səhnə ilə tamaşaçı arasındakı məsafəni minimuma endirdi. Əmrah "Baladdaşın toy hamamı"ndan üzü bəri uzun inkişaf yolu gəlib. Bu tamaşa həmin inkişafın əyani göstəricisi idi. Plastika, səs, danışıq... Üçünün uğurlu vəhdəti Əmrahın bu rolun öhdəsindən gəlməyə səbəb oldu... Gültac Əlili isə öz təcrübəsini əsən küləyə vermədi, əzmlə, qətiyyətlə, təpərlə oynadı. Əmrah üçün saladığım keyfiyyətlər Gültacda da özünü yüksək səviyyədə göstərdi...

...Deyəsən, öz melanxolik havamdan ayrılıb yenə tamaşanın texniki tərəfinin təfərrüatına vardım...  Rayihəsi yoxa çıxdı, sağa-sola baxdım, yanımda heç kimi görmədim... Düşündüm ki, "ayrılıb getməlidir çox gec olmadan..."

Teatrda işləyən tanışım yaxınlaşıb dedi: "Bu dəfə alınmadı, gələn dəfə iki bilet verərəm, dostunla gələrsən".

 

Nadir YALÇIN

525-ci qəzet.-  2024.- 27 yanvar,№ 16.- S.17.