Xan qızının
heykəlinə qarşı vandalizm aktı
Xurşidbanu Natəvanın fransanın Evian-le bən
şəhərindəki heykəlinə qırmızı boya
atılıb
O, sonuncu Qarabağ xanının qızı idi.
Mehdiqulu xan öz anasının adını vermişdi əziz-xələf
qızına. Xurşidbanu Natəvan sarayda "Dürrü
yekta", yəni "Tək inci"
çağırılırdı. El arasında isə, sadəcə,
Xan qızı... Natəvandan söhbət açılanda
Seyyid Əzimin bu misralarını xatırlayıram:
Ey şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü-ehtişamı
dağılan.
Olmuşmu səninlə mən təki aləmdə
Beyti, evi, məktəbi, kəlamı dağılan...
Onun da beyti, məktəbi, kəlamı
dağılmışdı. Sağlığında taleyi
üzünə gülməyən Natəvanın ölümündən
doxsan beş il sonra erməni daşnakları onun "İmarət"
qəbiristanlığındakı məqbərəsini
dağıtmış, qəbrini təhqir etmiş,
sümüklərini məzardan çıxarıb
aparmışdılar.
Təəssüf, ilin-günün bu vaxtında,
Qarabağı - Xurşidbanu Natəvanın yurdunu düşmən
tapdağından azad etdiyimiz, qəbrini təhqir edən
vandallardan müqəddəs torpağını təmizlədiyimiz
dövrdə Ermənistana dostluq, sadiqlik nümayiş etdirən
bədnam Fransa yenidən keçmişi təkrarladı - Natəvanın
əziz ruhunu yenidən incitdi... Görünür, bu, əqidə
yoldaşlarına xas əlamət imiş.
İsmayıllı şəhəri ilə
Fransanın Evian-le Bən şəhəri arasında 2015-ci
ildə imzalanan dostluq və əməkdşalıq
xartiyası çərçivəsində 2017-ci ildə bu
şəhərdə, Leman gölü sahilində Azərbaycan
parkı açılmışdı və Heydər Əliyev
Fondunun dəstəyi ilə parkda görkəmli Azərbaycan
şairi Xurşidbanu Natəvanın abidəsi
ucaldılmışdı. Həmin abidənin
açılışında Evian şəhəri merinin mədəniyyət
işləri üzrə müavini Alən Giro "Azərtac"a
müsahibəsində Fransanın anlamadığı, yaxud
bilərəkdən inkar etdiyi dostluq barədə
danışmışdı: "Dostluq da insanlar arasında
mübadilədir. Bugünkü mürəkkəb dünyada
bizi dostluq xilas edəcək. Əminəm ki, gələcəkdə
daha böyük layihələri birgə həyata keçirəcəyik.
Yaşasın Azərbaycan-Fransa dostluğu!"
Yaşamadı, Eldar Baxış demiş, "kəpənək
doğuldu, kəpənək öldü". Çünki
Fransanın fitrətində bədnamlıq var, şərə
pərəstlik var. Fransada o dostluğu qorumaq üçün
təpər olmadı.
Mətbuatda Natəvanın Fransadakı heykəlinə
qarşı vandalizm törədilməsi barədə xəbər
yayılıb. Söhbət 90-cı illərin əvvəlində
Natəvanın heykəlini güllə-boran edən Ermənistanın
dostu Fransadan gedir. Necə deyərlər, dostunu göstər,
deyim sən kimsən. Son günlər sosial şəbəkələrdə
Fransanın Evian-le Bən şəhərində 2017-ci ildə
ucaldılmış Azərbaycan şairi Xurşidbanu Natəvanın
heykəlinin tezliklə götürüləcəyi ilə
bağlı məlumatlar işıqlandırılır. Natəvanın
heykəlinin üzərinə qırmızı boya
atılıb. Heykəlin mühafizəsi məqsədilə
sonradan üzərinə qoruyucu örtük sarılıb.
Fransanın "Le Messager" nəşrinin məlumatına
görə, 2023-cü il dekabrın 18-də müxalifət
nümayəndələri bələdiyyə şurasından
şəhərdə bu parkın adıçəkilən
bütün lövhələrin rəsmən
götürülməsini tələb ediblər. Şəhərin
meri Jozian Leyin sözlərinə görə, artıq "Azərbaycan
parkı" ilə bağlı bütün istinadlar silinib.
Bunun ardınca İsmayıllı Rayon İcra Hakimiyyəti
başçısı yanında daimi məşvərətçi
orqan olan Şura dekabrın 28-də İsmayıllı şəhəri
ilə Evian-Le Ba şəhəri arasında imzalanmış
Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən
düşməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda
İsmayıllı şəhər mərkəzi parkına Azərbaycan
şairi Xurşidbanu Natəvanın adının verilməsi
təklif olunur. Qəribədir ki, məsələ ilə
bağlı hələlik nə rəsmi Paris, nə də mədəni
irsin mühafizəsinə cavabdehlik daşıyan və
Fransanın ev sahibliyi etdiyi UNESCO reaksiya verib.
Vaxtilə özündən 30 yaş böyük
dünya şöhrətli yazıçı Aleksandr
Dümanı öz zəkası ilə, həm də
sözün əsl mənasında şahmat masasında mat edən
Natəvanın heykəlinə atılan boya mədəniyyətin,
keçmişin, dəyərlərin üzərinə
atılan boyadır. Natəvan heç Dümanın
qarşısında bürünməmişdi, amma Fransada Natəvanın
heykəlini bürüdülər, simasını gizlətdilər,
öz simasızlıqlarını əyan elədilər.
Heykəlin müəllifləri Xalq rəssamları Səlhab
Məmmədov və Əli İbadullayevdir. Təbii ki, məsələnin
mənəvi zərbəsini ən çox onlar hiss edirlər.
Hadisəyə Səlhab Məmmədovun münasibətini
öyrəndik. Təxmin etdiyimiz kimi, təəssüf
içindədir: "Bilirsiz ki, Evian-le Bən şəhərində
ucaldılan Xurşidbanu Natəvanın heykəlini Xalq rəssamı
Əli İbadullayevlə birgə ərsəyə gətirmişik.
Dünyanın çox yerlərində heykəllərimiz var.
Fransada Natəvanın heykəlinə qarşı bu vandalizmi
ürək ağrısı ilə qarşıladıq. Bu xəbəri
eşidəndə səhərə qədər yata bilmədim.
Mədəniyyətin ocağı sayılan Fransada belə bir
hadisə yolverilməzdir. Xatırlayıram, 2009-cu ildə Azərbaycanın
I vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə Heydər Əliyev fondu
Strasburq Kafedral kilsəsinin bərpasına pul
ayırmışdı. Bu gün isə həmin Fransa Azərbaycanın
mədəniyyətinə sataşır. Aydındır ki, bu,
bizi istəməyən qüvvələrin vandalizmidir".
Səlhab Məmmədov heykəlin böyük əziyyətlər
bahasına ərsəyə gəldiyini qeyd edib: "Heykəl
il yarım müddətinə yarandı. Aydın məsələdir
ki, ilk olaraq heykəlin eskizi hazırlanır. Əvvəlcə
həmin şəhərin bələdiyyəsi tərəfindən
bu eskiz qəbul olunmalıdı idi. Biz istəyirdik ki, heykəlin
hündürlüyü 3 metrə yaxın olsun. Buna icazə
vermədilər. Bələdiyyədən dedilər ki,
hündürlüyü 2 metrdən bir az çox ola bilər.
Hardasa, postamenti 60-70 sm kiçiltdik. Sözsüz,
qısqanclıq aydın hiss olunurdu. Bilirsiz, o heykəl asan
başa gəlməyib. Üzərində böyük əziyyət
çəkilib. Yadımdadır, heykəlin
açılışı da yüksək səviyyədə
olmuşdu".
Səlhab Məmmədov bildirdi ki, həm yerli, həm
də fransız mədəniyyət xadimləri məsələyə
biganə qalmamalıdırlar: "Sənət əsərinə
qarşı belə hərəkət etmək olmaz. Parkın ən
gözəl yerində ağ mərmərdən möhtəşəm
bir heykələ qarşı düşmənçilikmi
olar?! Bədnamlar ona görə Natəvanın heykəlini
görmək istəmirlər ki, çünki o, həm də
Qarabağın, Şuşanın simvoludur. Azərbaycanın
sərvətinə boya atmaq olarmı?! İnanın, mən
bunu ağlıma gətirə bilmirəm. Fransanın mədəniyyət
xadimləri bu hadisəyə biganə
yanaşmamalıdırlar.
Mədəniyyət həmişə qara qüvvələrə
qalib gəlib. Ümidim var ki, bu məsələdə də
belə olacaq, heykəl yerində qalacaq. Natəvanın heykəlini
götürməklə onlar həm də öz incəsənətlərinə,
Aleksandr Dümaya xəyanət etmiş olarlar. Axı Natəvanla
onun ədəbi əlaqələri, görüşü olub.
Bu, bir tarixdir. Fransa mədəniyyətsiz xalq deyil. Onlar bununla
özlərini nüfuzdan salırlar. Mən əminəm ki,
Fransanın mədəniyyət xadimləri arasında da bu vandalizmi
qınayanlar var.
İncəsənətimizi vandallardan qorumaq
hamımızın borcudur. Yəqin ki, bununla bağlı
müvafiq yerlərə müraciətimiz olacaq. İncəsənət
adamlarımız məsələyə biganə qalmamalı,
münasibət bildirməlidirlər".
Məsələ ilə bağlı "525"ə
açıqlama verən millət vəkili, professor Hikmət
Babaoğlu ədəbiyyatın siyasi məsələlərin
fövqündə olduğunu vurğuladı: "Ədəbiyyat
və ədəbiyyatı yaradanlar dəyərdir.
Çünki ədəbiyyatın milliyəti yoxdur və
insanlığa, bəşəriyyətə xidmət edir.
Tarixin bütün dövrlərində ədəbiyyat taleləri,
insanları, tarixi, hissləri, həyəcanları izah edən
hadisədir. Ədəbiyyatın siyasətə alət
olunması bu səbəbdən yolverilməzdir".
Fransanın qərəzli mövqeyini nəzərə
çatdıran millət vəkili bu addımların
onları beynəlxalq arenada nüfuzdan salacağını
qeyd etdi: "Təəssüf ki, son 3 ildə Makron
Fransasının beynəlxalq hüququ necə dəyərsizləşdirdiyinə,
millətlərin suveren hüquqlarına necə hörmətsiz
yanaşmasına şahidlik etdik. Çox təəssüf
ki, bu gün universal dəyər hesab olunan ədəbiyyata da
Makron Fransasının fərqli münasibətini
görürük. Bu, bütövlükdə, ümumbəşəri
dəyərə olan mövqedir. Xanım şairin heykəlinə
qarşı törədilən vandalizm ədəbiyyata
qarşı həqarətdir. Ədəbiyyatın etnik mənsubiyyəti
yoxdur.
44 günlük müharibə dövründə Makron
Fransası Azərbaycana qarşı aqressiv diplomatik bəyanatlar
verərkən, beynəlxalq hüququ pozarkən heç bir azərbaycanlının
ağlına gəlmədi ki, Viktor Hüqoya qarşı
hansısa bir aksiya keçirsin. Çünki Azərbaycan
xalqı bilir ki, o, mənəvi toxunulmazdır. Hüqo XIX əsrin
Fransasını bizə anladıb. Xurşidbanu Natəvan da
XIX əsrin Şuşasını bizə, dünyaya
çatdırıb. Belə olan halda Natəvan da, Hüqo da hər
cür siyasi aqressiyadan üstündür. Çünki onlar əsərlərində
insanlığı anlatmaqla ümumbəşəri birliyin
formalaşmasına xidmət ediblər.
Bu gün Fransada edilənlər əsla doğru hesab
oluna bilməz. Çünki dəyərlər müqəddəs
olmalıdır. Təəssüf ki, bu gün Makron
Fransası dəyərləri qoruya bilmir. Bu isə dünyaya özünü
mədəniyyətin, demokratiyanın beşiyi kimi təqdim
edən Fransanın imicinə zərbədir".
Xan oğlanlar xanım qızların namusunu qoruyantəki
Vətənimizi yağılardan azad elədi. Həmin xan
oğlanlar Xan qızının da təəssübünü
çəkir, çəkəcək də. Həmin xan
oğlanlar Qarabağda Dümanın da, Hüqonun da heykəlini
ucaldacaq qədər genişürəklidi. Biz güllə-çiçəklə
təzim edə bilirik, boya ata, ləkə yaxa bilmirik...
Nadir YALÇIN
525-ci qəzet.- 2024.- 8 yanvar,№ 1.- S.8.