Bir qadın bir
ev...mi?
"Qadın ağlıyla" silsiləsindən I
yazı
İllər öncə Türk dünyasının
görkəmli folklorşünası, professor Sədnik
Paşa Pirsultanlının arxivində bir əlyazma ilə
rastlaşmışdım. Adını unutduğum ABŞ elm
adamının kündə ilə bağlı məqaləsindən
bir parça idi. Məqalənin məsləhətçisi Sədnik
Paşa olmuşdu. Onda gülüb keçmişdim:
"Kündəmi? Kündənin nəyindən məqalə
yazılıb ki?"
...Başqa bir ilin ilıq yaz günlərindən
birində anamla Gəncənin məşhur "Keçmiş
Sabir küçəsi"ndə üzüaşağı
addımlayırdıq. Söhbətimiz nədən
başlamışdı, bilmirəm, amma anam bu cümlələri
deyəndə "prokurorluğun küçəsi"nə
açılan tağlı keçidin altından
keçirdik: "Yağı atırsan tavaya, gözləyirsən
ki, dağ olsun, kartofu qızardacaq hala gəlsin.
"Sözü dağ etmək" ifadəsi başqa tərəfdən
tanıdılıb bizə. Sözü deyərkən dağ
eləmək olmur, insan gərək sözünü öz
içində - düşüncəsində dağ eləsin,
hazır hala gətirsin, sonra ağzından
çıxarsın".
Sözümün dağ yerində düşüncələrimi
kündələyirəm yenə... Təndirə yapmaq mətbuatın,
dadına baxmaq oxucunun işidir. Yazılarımın əksəriyyətinin
"müəllif cinsi" dəqiqliyinə
uymadığına bilirəm; cəsarətlə "ev"
anlayışını qadın ağlıyla ölçməyə
çalışmağım bundandır. Hə, evdən
danışacağam... Otaqlardan, əşyalardan, şəkilli-şəkilsiz
divarlardan deyil, evdən...
Ev nədir? "Başımın üstündə
dam"dan ötədə başqa anlamı varmı? Varsa, o
anlamı kim daşıyır çiyinlərində?
Düşünmədən, tərəddüdsüz cavab təfəkkürdədi:
"Yuvanı dişi quş qurar". Düşünəcəyimiz,
tərəddüd məhkəməsində dar ağacına
məhkum edəcəyimiz cavab isə bu günümüzdədir.
Tarixən "Ana xaqanlıq", "Ata xaqanlıq" necə
olub, necə bir-birini əvəz edib, bunları müzakirə
etmək fikrində deyiləm. Heç "cənnət
anaların ayaqları altındadır" demirəm də!
"Cənnət" belə, təfəkkürümüzdə
ikiləşib çoxdan - Tanrının yaratdığı,
insanın həsrət qaldığı mücərrəd cənnət,
özümüzün əməlimizlə, düşüncəmizlə
özümüzə yaratdığımız xoşbəxt
anlar - öz cənnətimiz. Ev o zaman ucalır, o zaman
doğma olur ki, cənnətimiz orada olsun.
Ətrafımızda "şəhər əfsanələri"
dolaşır. "Kişi işdən çıxıb
birbaşa evə gəlirsə, xoşbəxtdir" - deyimi həmin
əfsanələrdəndir. Əfsanəyə
inanıb-inanmamaq insanın öz seçimidir, düzdür,
amma gəlin, görək, indiki zamanda hansı kişi evinə
"cənnətim" deyir? İşdən
qaça-qaça gələn də, işdən sonra çayxanada
domino çırpan da evinə "cənnətim" demir.
Çünki onun "cənnət" anlayışı ev
deyil, özünə - tək özünə
yaratdığı kiçik anlardan ibarətdir (İnsan
"cənnət" - "məkan" eyniləşməsinin
hüdudlarını çoxdan aşıb). Kişi cənnəti
olan anları yol gedəndə də, elə o domino
çırpdığı masanın başında da
yaşaya bilər.
Bəs "bir qadın-bir ev" qavramı? Qadın
kişinin evidirmi? Sualı tanıdığınız
bütün kişilərə ünvanlamaqda sərbəstsiniz,
amma bəribaşdan sizə acı həqiqəti
açıqlamalıyam: aldığınız bütün
cavablar qeyri-səmimi, yaxud qeyri-şüuri olacaq. Heç bir
insan ev alarkən alqı-satqı müqaviləsinə
gözüyumulu qol çəkmir, amma kişi qadının
eşq oduna gözüyumulu, əli-qolu bağlı şəkildə,
təpəsi üstə düşür. Odun həmişəyanarlığı
təbiətdən asılıdırsa, sönən kimi
kişinin qadını, qadının da kişini günahkar
bilməsi "bəşəri ənənə"dir. Ah...
Biz bu ənənənin davamçıları olmaqla o qədər
"qürur duyuruq" ki!
"Evin yükü qadının, çölün
yükü kişinin" deyən ulularımız bu
"bölgü"də adil olmadıqlarını, bəlkə,
özləri də biliblər, amma özlərinə söyləməyə
cəsarət etmədikləri yalanlar haqqında ikinci dəfə
düşünməkçün zehin yormayıblar. Yoxsa bizə
çərçivələri elastik məişət
tablolarını miras qoymazdılar. Biz də o elastikliyin
içində dəqiq ölçülərin həsrətini
çəkməzdik... Günahkar axtararkən şəhadət
barmağımızı keçmişə zilləmək təkəbbürdür,
bilirəm. "İşıqlı gələcək",
"hər şey yaxşı olacaq" ifadələrinin hər
biri dilimizə gələn kimi, ürəyimizdə bir şam
titrəyir: sabah naməlumdur, naməlumluq qorxudur; inkarı
mümkünsüzdür. Evin də, çölün də
yükü ikiçiyinlikdir... Yükü çəkən
birinci çiyin dəyişməyəndə - yük həm
sağdan-sola, həm soldan-sağa ötürülməyəndə,
arada ikinci çiyin yükün altına girərkən
birinci çiyin dikəlməyəndə, vəziyyət
"başqa cür" olur. Ya birinci çiyin əyilir, əyilir,
axırda da əzilir, ya da instinktiv dikəlmək ehtiyacına
itaət edib qəfil dikəlir və yük yerə
düşür. İkinci çiyin bu anda belə,
yükü götürməyə cəhd etməsə,
yük qalır ortalıqda... Ortalıqda qalan yük
urvatsız olur.
Kişi ilə qadın arasına uçurumu Tanrı
qoydu, sonra onları "özünəbənzər"
yaratdığını xatırladı, hərəsinə
bir cıqqam sevgisindən, mərhəmətindən
üfürdü. Bu cıqqam sevgilərlə öz
aralarında körpü qurdu qadınla kişi. Tanrı
insanı öldürəndə, başına min müsibət
gətirəndə əməyinə heyfi gəlirmi, bilmirəm,
amma insanlar öz əməklərinin qədrini bilirlər. Bu
qədirbilənliklə aralarındakı sevgi
körpüsünə dayaq axtardı qadınla kişi;
axı sevgi kövrək materialdır. Körpünün bir
ayağını mərhəmətdən, bir
ayağını "o da insandır" düşüncəsindən
tikdilər. Gördülər, yox, yenə körpünün
hər an uçmaq təhlükəsi var, altına tağ
vurdular. Tağın materialı etibar idi... Elə ki,
körpü hazır oldu, düz ortasında özlərinə
ev qurdular, içində özlərinə cənnət
yaratdılar.
Tanrı tanımaz zaman olmasaydı, hər şey beləcə
qalacaqdı. O, körpünün yan-yörəsindən
keçdikcə, gah ayaqları silkələdi, gah tağı
uçura biləcəyilə təhdid etdi. Qadınla kişi
onda anladı ki, körpü də, ev də daim təmir edilməlidir;
əllərini çəksələr, Tanrının
aralarına qoyduğu uçurumun dibinə yuvarlanacaqlar...
Xilas olsalar belə, hərəsi uçurumun başqa tərəfindən
yapışacaq. "Ailə dəyərləri" belə
yarandı.
Təmirsiz körpünün üstündə
sağlam ev olmaz... Xarabalığa "cənnətim" deməz
insan: ya oranı cənnət edər, ya da başqa yerdə cənnət
axtarar. Evi cənnətə çevirmək qadınla
kişinin birgə işidir, amma... "Bir qadın bir ev"
olmağı bacarar, çiynini o yükün altına tək
verməyi, şikayət etmədən evin də,
çölün də yükünü
daşımağı bacarar, kündəsini külfətin
sayına uyğunlaşdırar da, ağzından
çıxan sözü dağ etməyi bilər də, demədikləri
yağlaşoy olar. Dərd o demədiklərindədir... Dərd
o susduqlarındadır... Qadınları
danışdırmaqda gecikdirməyin ki, bir qadın bir ev
olsun!
Şəfa VƏLİ
525-ci qəzet.- 2024.- 9 yanvar,№ 2.- S.12.