Aktrisanın şirin-acı həyat hekayəti  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Baletə sevgim yalnız məşqlərə can yandırmağımla bitib, qurtarmırdı, cəsarət göstərib, öz səhnəmizdə də təklifə boyun əyib, balet partiyasını ifa etməkdən çəkinmədim. Bu barədə mən qısa da olsa söhbət açmışdım, indi bir qədər geniş təfsilata keçməklə danışacağam. Truppamız bir dəfə tamaşaçını güldürmək xatirinə parodiya üslubunda olan balet səhnəsi hazırlamışdı. İri cüssəli, yekə qarınlı aktyorlarımız özlərinə məxsus, karikatura tipli rəqslərlə tamaşaçıları bolluca güldürürdülər. Mən isə onlardan fərqli olaraq, tamaşadakı rəqsimə balerina ustalığı və məsuliyyəti ilə yanaşmışdım. Mən heç də professional balerina deyiləm, lakin bu sənətin çətinliklərinə yiyələnmək üçün çox əziyyət çəkmişəm, yorğunluqdan taqətdən düşənə qədər özümə qəsd edərək, hər gün saatlarla dəzgah arxasında, repetitor müəllimənin - professional yaşlı balerinanın rəhbərliyi altında məşq etmişdim, axı əvvəllər balerina olmaq məqsədim də var idi. Ümumiyyətlə, məqsədlərim lap çox idi, özümü az qala fəda edirdim ki, bu məqsədlərimə çatmaq üçün hər sahədə professionallığa yiyələnim, bu isə qeyri-mümkün idi. Həqiqi balerina olmaq olduqca çətindir, bütün ömrünü bu sənətə həsr etməyi tələb edir. Ona görə də ciddi səylərimə baxmayaraq, 32 fueteni axıra qədər fırlana bilmirdim, lakin baletin mürəkkəb texnikasına lazımınca yiyələnmişdim və ən azı kordobaletdə uğurla rəqs edə bilərdim. Bu işdə istedadım və ölçüyə gəlməz zəhmətsevərliyim heç də az rol oynamamışdı. Çəkdiyim əziyyətlərimin isə sonralar səhnədə mənə böyük köməyi dəydi.

Tamaşada yeganə rəqs edən qız mən idim. Əvvəldən axıradək o qədər də asan olmayan partiyanı ifa etdim. Mən heç cür özümə sığışdıra bilməzdim ki, tamaşaçının gülüşünü qazanmaq üçün hansısa bir süniliyə yol verim, rəqsdə baletdən kənar hərəkətlər edim. Bu, pərəstiş etdiyim həmin sənətə bəslədiyim sevgiyə xəyanət olardı. Digər tərəfdən paçka (balerinaların səhnədə geyindiyi olduqca qısa, çox hissədən tikilmiş, yanlara açılan dairəvi kiçik tuman) mənə çox yaraşırdı, fiquramın bütün gözəlliklərini nümayiş etdirməyə imkan verirdi. Ağ səhnə geyimində mən əsl süd rəngini almışdım. Mən havaya sıçrayanda - həm sautedə, həm də assembledə, baletdə sıçrayışlar belə adlanır, pərvazlanan quş təsiri bağışlayırdım, sənətə vurğun tamaşaçıları bu, çox razı salırdı. Sıçrayışım vaxtı ayaqlarımı olduqca aralı açdığımdan az qala şpaqat forması yaranırdı, təsviri mənzərə isə gərilmiş quş qanadlarını andırırdı. Axı qadın, qız hərəkət edəndə onun bütün gözəllikləri üzə çıxır. Səhnədə incə sıçrayış edən balerina kəpənəyə məxsus olan daha zərif uçuş effekti yaradır. Kəpənək uçanda Günəşin şüaları altında onun qanadlarındakı rənglər əsrarəngiz qaydada bərq vurur və hərəkətsiz olan vaxt onun gizli qalan bütün gözəllikləri üzə çıxır. Onu müşahidə edənlərdə isə qövsi-quzehə bənzər füsunkarlıq duyğusu yaranır. Mən səhnədə özümü, bədəninin kiçik ölçüsünə uyğun gəlməyən bəzəkli enli qanadları olan kəpənək hiss edirdim və pərvazlanma anlarım tamaşaçılara çox xoş gəlirdi. Hətta belə bir fikir yaranmışdı ki, baletə yad olan səhnədə yeni möhtəşəm balerina meydana gəlmişdir. Bu çıxışıma, havada yüngül, zərif pərvazlanmanı xatırladan sıçrayışıma, uçuşuma görə uzun müddət məni artıq göyə qalxan quş deyil, bir çiçəkdən başqasına qonan "kəpənək" adlandırırdılar. Rafiq bu tamaşaya baxmışdı, onu yaddan çıxarmırdı və bəzən evdə mənə, əzizləmək qaydasında ingilis dilində kəpənək mənasını verən "butterfly" deyə müraciət edirdi. Özümə gəldikdə, həmin səhnə oyunumu ən böyük uğurlarımdan biri, professional rəqs sahəsində nailiyyətim hesab edirəm. Lakin anlayıram ki, tənqidçilər dram aktrisasının bu zəhmətinə elə bir əhəmiyyət verməyib, onu mənim yaradıcılığımın adi bir hissəsi kimi də qəbul etməyəcəklər. Tənqidçilərin qiymətindən asılı olmayaraq, səhnədə balerina kimi çıxışım heç vaxt mənim yadımdan çıxmayacaqdır.

Lakin ümumiyyətlə, baletimizin yüksək səviyyəyə çatması da hələlik arzu olaraq qalır. Yarım əsr bundan əvvəl nail olduqlarımızı ətalət hesabına itirmişik. Bizim nə Dyagilevimiz, nə də Qriqoroviçimiz vardı ki, incəsənətin bu növünü yeni, daha yüksək səviyyəyə qaldırsın. Bizdə baletin təbliğatı da demək olar ki, aparılmır, televiziya ekranlarını müğənnilər aramsız olaraq işğal etdikləri halda, bir dəfə də olsun onlarda balet tamaşası nümayiş etdirilmir. Rusiyada QKÇP-yə görə P.İ.Çaykovskinin məşhur "Sonalar gölü" baleti anafemaya uğramışdır. Bizdə böyük Xoreoqrafiya məktəbi yaradılsa da, heç də böyük ustalar yetişdirilmir, prima balerinalar da kordobalet rəqqasələrindən elə də fərqlənmirlər. Vaxtı ilə fransız rəssamı Edqar Deqa balerinaların fiquralarını tablolarında təsvir etməklə məhşurlaşmışdı. Anri Tuluz-Lotrek "Mulen Ruj"un kankan rəqqasələrinin reklam xarakterli qrafikasında təsvir etməklə, bu gecə klubunun populyarlığının böyüməsində böyük rol oynamışdı. Bizdə isə rəssamlar natürmortlara canlı səhnə ustalarından daha böyük üstünlük verir, fırçalarını onların sadə portretini çəkmək üçün də işlətməkdən belə qaçırlar.

Yeri gəlmişkən, səhnənin aktyora, aktrisaya sehrli görünən bir təsirini də qeyd etmək istəyirəm. Biz həyatda sadə görünürük, başqalarından fərqlənmirik. Səhnə isə bizi tamamilə dəyişdirir, bizə əlavə gözəllik verir, adamları əsir edən xarizma ilə mükafatlandırır. Səhnədə bütün bədənimiz də, qollarımız, ayaqlarımız, sifətimizin cizgiləri də anlaşılmayan dəyişikliyə məruz qalır, qeyri-adi mükəmməllik qazanır. Bütün bunlar aktrisa ətrafında cazibədar aura yaradır və tamaşaçılar da onun təsiri altına düşür. Teatrın çox saylı sirlərindən biri də, yəqin ki, budur. Səhnəyə qədəm basan hər kəs bu metamorfozalara hazır olmalı, həm də onu qiymətləndirməyi bacarmalıdır. Həm də artist, həqiqi incəsənət xadimi özünü başqa reallıqda hiss etməkdən uzaq qaçmalıdır.  

Keçmişi yada saldıqda, mənim yeniyetməliyim və gəncliyim ağır zəhmət mayesində yoğrulmuşdur,  günüm məktəbdə, çoxsaylı əlavə məşğələlərdə keçirdi və mən başa düşürdüm ki, komada yaşamaqdan çıxmaq üçün tikəcəyim hündür, yaraşıqlı binanın, villanın bünövrəsini məhz indi qoymalıyam. Yəqin ki, yüngül olmayan həyatım məni belə intensiv, tərtökmə qaydasında çalışmağa məcbur etmiş, qarışqa zəhmətkeşliyinə yiyələnməyimə səbəb olmuşdu.

Tələbəlik illərim

Nəhayət, məktəbi yaxşı qiymətlərlə bitirdikdən sonra, arzularımın reallaşması üçün teatr xadimləri hazırlayan universitetə qəbul olundum və ilk kurslardan çalışqanlığımla, istedad işartıları ilə müəllimlərimin diqqətini cəlb etdim. Mən olduqca kasıb geyinirdim, professorlar mənim ehtiyac içərisində yaşadığımı görürdülər. Onlar kinostudiyalarda, teatrlarda işləyən kolleqalarına mənim ümid verən istedad qığılcımlarımdan istifadə etməyi məsləhət gördüklərindən, mən filmlərdə kütləvi səhnələrdə oynayır, kiçik rollara çəkilirdim və rejissorlar mənim zəhmətsevərliyimdən razı qalırdılar. Hətta biri bu xüsusiyyətimi şişirdərək, məni "yapon qızı" adlandırmışdı. Azərbaycanlı müsəlman qız birdən-birə digər planetdən gəlmiş kimi görünən bir xalqın törəməsi səviyyəsinə qaldırılmışdı. Bu adla mən öyünürdüm, özümü uğur naminə fəda etməyə hazır bilirdim. Axı məndə sintoizm elementləri də var idi, mən təbiətə tam sitayiş edirdim.

Bir ingilis dili müəlliməsi isə məni "workaholic" - "zəhmətdən yorulmayan" adlandırırdı. Çalışqanlığıma görə mən artıq "ulduza" çevrilmişdim və ya ona bənzəyirdim. Ona görə də axırıncı kurslarda məni ucuz kinofilmlərdə iri rollara çəkilməyə dəvət edirdilər və rolun keyfiyyətinə məhəl qoymadan qonorar naminə mən razılıq verirdim. Oyunum tamaşaçıların və bəzi kino tənqidçilərinin də diqqətini cəlb etməmiş qalmamışdı, bunlar isə mənim üçün iftixar, öyünmək mənbəyinə çevrilirdi.

Aktrisalığa həvəsim yarandığı vaxtdan fiquramın və sifət cizgilərimin xoşagələn olması məni çox düşündürürdü. Axı əyri bədənli, ya başqa qüsurlu fiqurası olan aktrisa bədbəxt qadın obrazlarından başqa nə yarada bilərdi, kübar qadın rolunu yaratmaq eşqinə düşdükdə isə yalnız gülüş doğura bilərdi. Gəncliyim start götürdükdə, başqa sözlə, universitetə daxil olduqdan sonra bədənimdə müsbət dəyişikliklər əmələ gəldi, ətə-qana doldum. Bəzi gözəllik mənbələrinin kiçik olması mənim üçün dərdə çevrilmişdi. Axı döşlər ölçüsündə olduqda, fiquraya yaraşıq verdikdə qadına, qıza gözəllik verir, hamı birinci növbədə paltar altında gizlədilmiş bu hissəyə fikir verir, axı əslində döşlər geniş yançaqla birlikdə qadınları kişilərdən tam fərqləndirir. Məşhur filmdə Misir çariçası Kleopatra deyirdi ki, oğul doğmaq üçün qadına iri budlar lazımdır. Döşlərə gəldikdə, onlar yeniyetməlikdən sonra böyüməklə, özlərini büruzə verməyə başladı, koftanı nəzərə çarpan dərəcədə qaldırırdı. Oğlanların gözlərini tez-tez mənim sinəmə dikməsi məni sevindirirdi, axı adamlar gözəl peyzajdan həzz aldıqlarına görə geniş ətrafa əhəmiyyət vermir, nəzərlərini yalnız onlara həzz verən nöqtəyə dikirlər. Kinofilmlərdə və model qızların foto portetlərində qadın döşlərinin cazibədarlığına xüsusi fikir verilir. Ümumiyyətlə, gözəl qadını yaratmaqla, təbiət bəşqalarına nisbətən ona xüsusi üstünlük verir, bunu heç cür inkar etmək olmaz.

Gur qara saçlarım ağbəniz sifətimi dairəyə almaqla, bütün cizgilərinə - qaşlarıma, yanaqlarıma, ağzıma və dodaqlarıma gözəllik nişanələri verirdi. Rəfiqələrim məndə baş verən dəyişiklikləri hiss edir, bəzilərində bu qısqnclıq, hətta paxıllıq yaradırdı.

Yeni narkomanın məsuliyyətsiz tələbləri

Lakin bir təsadüf mənim ovqatımı korladı, qonşumuzda yaşayan, qardaşımla dostluq edən bir narkoman oğlan mənim artıq aktrisaya çevrildiyimi eşidib, bir gün yolumu kəsdi. Nədənsə ürcahıma daim narkoman cavanlar çıxırdı. O, bütöv adımı deyə bilmədiyindən, məni İza deyə çağırırdı, bir qədər istehza, bir az da kinayə qaydasında dedi ki, aktrisa olandan artıq bizi saymırsan. Məgər sən bilmirsən ki, mənim səndən xoşum gəlir, istəyirəm sən mənim "girlfriend"im olasan. Hətta səni sevməyim barədə meyxanaçıdan xahiş edib, gözəl bir meyxana da qoşdurmuşam və məhlənin uşaqları bunu tez-tez oxuyurlar.

Sözün qısası, biz dost olmalıyıq, məhəlləmizin qızı kənar adama qismət olmamalıdır. O, artıq məni öz mülkiyyəti hesab edirdi. Sərt cavab versəm, açıq hərəkətlər edərdi, ona görə də gülümsəyərək əlavə etdim ki, İmamverdi, mən səni özümə qardaş bilirəm, çünki Aydının yaxın dostusan. Qardaşım da həmişə mənə demişdi ki, heç kəs sənə sataşa bilməz. İmamverdi ilə ikimiz o adamın cavabını lazımınca  verərik. Bu sözlər onun döşünə yatdı, lakin yenə təkrar etdi:

- Mən səninlə gəzmək istəyirəm. Fikrini bilmək istəyirəm. Bilirəm ki, mənə "yox" deyə bilməzsən.

Bu, artıq hədə xarakteri daşıyırdı. Onu xoş sözlərlə yumşaltmaq lazım idi. Bildirdim ki, onsuz da biz dostuq, qardaşıma görə yaxınlıq, nə tapşırığın olsa, mən onu yerinə yetirməyə hazır olacağam.

 

  (Ardı var) 

Telman ORUCOV

525-ci qəzet.- 2024.-10 yanvar,№3.- S.14.