Hərə bir az atasıdır
Esse
Nə batan günəş işığın, nə
də bitən bahar gözəlliklərin və dirilişlərin
sonudur. Dünən qürub çağında üfüqun
arxasına "dəfn etdiyimiz" günəş, bu gün
dirilən günəşin özüdür. Başqa bir
günəş deyil ki... Araya bir gecəlik zaman girir sadəcə.
İşıqlı dünya qaranlıq dünyaya
köçür, qaranlıq dünya işıqlı
dünyanı doğur... Bezmədən, usanmadan. Gözlərimizin
önündəcə hər gün. Burada təəcüblü
nə var ki? Bu "ölüb-dirilmə"lər günəşin
gen yaddaşıdır.
Nə başqa günəş var, nə də
başqa bahar!
Qarşıladığımız hər bahar, elə
ötən il vidalaşıb yola saldığımız
bahardır. Araya girən zaman, fərq yaratmağa
çalışır sadəcə. Bahar payızın,
qışın gəlişi ilə ölüb-itmir, yox olmur
ki...
Görəsən, köçüb hara gedir bahar?
Harada gizlənib öz vaxtını gözləyir? Nədir
bu? Təbiət bizlərlə gizlənqaçmı
oynayır? Bəlkə də, hə! Bəlkə də, yox!
Bu qürublar, bu doğuşlar, bu təkrar olunuşlar təbiətin
və fəsillərin gen yaddaşıdır. Başqa nə
ola bilər ki..?
Hər fəslin öz xarakteri və ruhu var. Hər fəsil
öz gen yaddaşının diktəsi, öz ruhunun
fırçası ilə dünyanı və zamanı bəzəyib
naxışlayır, öz vəzifəsini icra edir.
Özünə ayrılmış zaman çərçivəsində.
Sonra isə... Bizim dərk edə bilmədiyimiz gözləmə
məkanlarına çəkilib bizlərdən gizlənir.
Yenidən qayıtmaq üçün. Fəsillər hər
il başqa ruhla, başqa xarakterlə qayıtmırlar...
Heç vaxt dəyişməyən xarakter və ruh. Bahar
doğuluş, yay dəliqanlılıq, payız bəhrələr,
qış qısa bir müddətlik ölüm. Sonra yenidən
təkrar, təkrar, təkrar...
Hər ötən gün, hər bir keçmiş
bahar yaddaşlarda qalıb xatirələşir. Bu xatirələr
bizi ya üşüdür, ya da üşüyən ruhumuzu
isidir. Keçən il xəzəl olub dünyasını dəyişmiş
yarpaqlar yenidən tumurcuq-tumurcuq dirilərək budaqlardakı
öz yerlərinə dönürlər.Yenidən yarpaqlar,
yenidən çiçəklər, yenidən meyvələr...
Bu da dilsiz ağızsız ağacların meyvələrin,
güllərin, çiçəklərin gen yaddaşı.
Qarşıladığımız hər bahar,
keçmişdə qalmış milyardlarla baharlardan heç
nəyiylə fərqlənmir. Bir-birinə oxşayırlar
bütün baharlar. Balaların valideyinlərə, nəvələrin,
nəticələrin, kötücələrin ululara
oxşadığı kimi...
Gecənin ortasında yuxudan oyadır məni bir
qüvvə. Və mənə elə gəlir ki, ruhum bədənimdən
çıxıb kənardan cismimə baxır. Necə
büründüyümə, başımın, əllərimin,
ayaqlarımın duruşuna kənardan baxıram sanki. Heyrətə
gəlirəm. İnsan özü-özünə necə kənardan
baxa bilər?
Bir neçə saniyə keçdikdən sonra
anlayıram ki, yox... Nə ruhum bədənimdən
çıxıb özümə baxır, nə yuxu
görürəm, nə də ki, qlüsinasiyadayam. Sadəcə
olaraq, bir zamanlar atamın necə yatdığına tamaşa
etdiyimi xatırlayıram. Bürünüşüm,
başımın, əllərimin, ayaqlarımın duruşu,
sağ çiynim üstündə uzanışım eyniylə
atam kimidir. O qədər böyük eynilik görürəm
ki... Hətta mənə elə gəlir ki, yatağımda
uzanan mən deyiləm, atamdır. Bəlkə də, bircə
anlıq belə olsa da, çevrilib atam olmuşam.
Bunun səbəbi nədir? Belə hissiyyatlar sadəcə
mənim başıma gəlir? Yox! Əminəm ki, belə
hissləri təkcə mən yaşamıram? Hamı
zaman-zaman belə hisslər yaşayır. Hamı.
Çünki hərə bir az atasıdır.
Heç kim içdiyi çayın, yediyi yeməyin
dadını sözlərlə ifadə edə bilməz. Dad
hissi, sözlərlə ifadə olunması mümkün
olmayan hisslərdir. Ancaq və ancaq ümumi, məlum
anlayışlarla izah edilə bilər - turş, şirin, acı, duzlu,
duzsuz və s.
Bir fərd başqa bir fərdin hansısa bir dadı nə
üçün sevdiyinin səbəbini də nə anlaya, nə
də izah edə bilər, məncə.
Atamın sevdiyi yeməkləri yeyəndə, onun o yeməyi
hansı dad ştrixinə görə sevdiyini, həmin o dad
ştrixinin atamın hansı zövq ehtiyacını doyurduğunu
hiss edirəm. Eynən atam kimi. Bir anlıq ona çevrilərək,
o olaraq hiss edirəm. İçdiyi çayı hansı
temperaturda, hansı tündlükdə, niyə sevdiyini ani də
olsa, ruhən və cismən ona çevrilərək
anlayıram.
Bir təbəssüm qonur çöhrəmə.Və
sevinirəm. Sevinirəm ki, atamın bədəni
torpaqlaşsa da, onun canının bir parçası olan genləri
mənim canımın içində diridir. Mənimlə bərabər
yaşayır və hiss edir. Sevinirəm ki, bu gün
içdiyim çayları, eşitdiyim nəğmələri,
seyr etdiyim gözəllikləri atamın genləri və hissləriylə
dadır, duyur və sevirəm.
Deməli, Allah-Taala mənim övladlarıma
ömür versə, mən də torpaqlaşdıqdan sonra
babalarım və atam kimi, övladlarımın canlarında
yaşayaraq görəcək, eşidəcək, hiss edəcək
və sevəcəyəm.
Təkcə mənmi? Xeyr, qətiyyən. Hamı!
Oğlumla söhbət edərkən bir mövzu,
hansısa bir baxış, hansısa bir mimika izaholunmaz bir
çevrilmə yaradaraq cisimlərimizdəki ruhların yerini
dəyişir. Bir anlıq da olsa, mən çevrilib atam
oluram. Oğlumsa çevrilib mən olur.
Oğlum mənə yaxşı öyrənmədiyi
bir dərsi danışarkən yadıma
uşaqlığım düşür. Yaxşı öyrənmədiyim
bir dərsi atama "sırımağa"
çalışanda, onun üzündə yaranan təbəssümü
xatırlayıram. Və ya hansısa bir əməlimdən
feyz alanda çöhrəsindəki məmnuniyyət cizgilərini.
Bu gün mənim üzümə qonan bu təbəssüm
və ya məmnuniyyət cizgiləri mənim hisslərim yox,
illər öncə dəfn etdiyim atamın hissləriymiş
sən demə... Atamın, uzun bir müddət haradasa gizlənib,
bu gün qayıdaraq mənim çöhrəmə və qəlbimə
qonan hissləri. Baharın bizim bilmədiyimiz bir yerdə gizlənib
öz vaxtını gözlədiyi və yenidən
qayıtdığı kimi. Günəşin
üfüqün ardına dəfn olunuşu və dirilişi
kimi.
Beləcə, eyni dünyada yaşamadığım
atamla təmaslarım davam edir. İçimdə bir
işıq xətti yaranır. O işıq xətti
babalarımla, atamla və oğlumla aramızda sözsüz
söhbətsiz bir duyğu alış-verişi, bir hissiyyat
paylaşmasına vasitə olur.
Yadıma böyük alimimiz Əbu Əli ibn Sina
düşür. Dünyanın elm nəhənginin adı
(künyəsi) ərəbcədən tərcümədə
eynən belə səslənir: "Əlinin atası,
Sinanın oğlu". Bəs ustadın öz adı hanı?
Bəs ustadın özü hanı?
Düşündürücüdür, deyilmi? Ustad öz
dahiliyinin, elmi əsərlərinin əsl müəllifinin
öz genləri olduğunu isbatlamaq isdəyib bəlkə də...
Atasından alıb oğluna ötürdüyü genin.
Çünki o da atası ilə oğlu arasında bir yol, bir
nəsil zəncirinin halqasıdır. Çünki o da həm
bir az atası olub, həm də bir az oğlu. Bir ağacın
hər il eyni biçimdə yarpaqlaması, eyni dadda, eyni
görünüşdə meyvələr gətirdiyi kimi. Bir
gülün nöqtə boyda toxumundan yenidən eyni zərafəti
və ya eyni tikanı bitirdiyi kimi.
Adına gen dediyimiz bir nəsnənin,
ölümsüzləşərək yaşaması,
yaşatması və gələcəyə səyahətidir
bu. Bu nə təkcə Əbu Əli ibn Sinada belədir, nə
də bir başqasında. İstisnasız olaraq hamıda belədir.
Hamıda. Çünki hərə bir az atasıdır.
Allah-Taala Qurani Kərimin İsra surəsinin 85-ci ayəsində
deyir:
"(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və
keyfiyyəti) haqqında soruşarlar. De: "Ruh Rəbbimin əmrindədir
(Allahın əmri ilə yaradılmışdır). Sizə
(bu barədə) yalnız cüz'i (az) bir bilik verilmişdir"
Nə Allaha üsyan edərək, nə Qurana şəkk
gətirərək bir hissimi bəyan etmək istəyirəm.
Bəli, bəlkə də, beynimiz qavraya bilməz ruh
məfhumunun məğzini. Amma hissiyyatımızla hiss edə
bilərik. Hətta hiss etməyə borcluyuq. Çünki hər
birimiz ana bətnindəykən Allah-Taala bizə öz ruhundan
üfləyir. Və biz fizioloji əzamız olan beynimizlə
dərk edə bilmədiklərimizi, ilahi bir varlıq olan
ruhumuzla hiss edə bilərik.
İnsan ölərkən onun cismiylə bərabər
məzara girməyən, cismi kimi torpağa qarışmayan
bir ruhudur, bir də ki genləri. Deməli, ruh və gen eyni dəyərə
sahib nəsnələrdir. Atalarımızdan bizə
ötürülən gen dediyimiz nəsnə, Allahın
cismimizə üflədiyi ruhla eyni müqəddəsliyə və
eyni tərkibə malik olan qüdrətdir.
Buna sübut olaraq da Səcdə surəsinin 9-cu ayəsini
şahid göstərirəm:
"...sonra onu (insanı) düzəldib müəyyən
şəklə salmış və ona Öz ruhundan
üfürmüş, qulaqlar, gözlər və idrak
duqğuları vermişdir. Siz necə də az
şükür edirsiniz!"
Bu iddiamın həqiqət olduğunu canımdakı
Allahın bir parçası olan ruhumla, idrak duyğularımla
dərk edirəm. Oğlumla, atamla, babalarımla armada olan
hissiyyatıma arxalanaraq.
Gördüyümüz yuxular hansısa bir xarici təsirin
nəticəsi deyil. Ulularımızın bizim bədənimizdə
yaşayan genlərinin bizlərlə görüntülü
görüşüdür.
Bəzən bizə elə gəlir ki,
yaşadığımız hansısa hadisəni və ya
hansısa səhnəni nə vaxtsa yaşamış, nə
vaxtsa görmüşük. Xeyr, o səhnələri biz
özümüz yaşamamışıq. O fraqmentlər atamızın
və yaxud babalarımızın yaşadıqları səhnələrdir.
Və ya onların öz həyat təcrübələrinə
arxalanaraq bizləri baş verə biləcək hansısa
hadisədən xəbərdar etmək cəhdləridir.
Ürəyimizə daman bir xəbər də ürəyimizə
daşıdığımız genlərimizdən damır.
Bu vəziyyət, əcdadlarımızın bizlərlə
hissiyyatlar vasitəsiylə əlaqə yaratmasıdır. O
filmə bənzər görüntülər genlərimizin
beynimizə göstərdiyi fraqmentlərdir. Yəni bizim gen
yaddaşımızdır. Bir yaddaş kartına yüklənmiş
bir filmə bilgisayarda baxdığımız kimi.
Bu da insanın gen yaddaşıdır. Günəşin
gen yaddaşı olduğu kimi, fəsillərin gen
yaddaşı olduğu kimi, güllərin gen yaddaşı
olduğu kimi. Bu genlər insanın səsini, boy-buxununu,
görünüşünü, xarakterini müəyyənləşdirir.
Dədələrdən nəvələrə
daşıyır. Dünyasını dəyişmiş ulularımız
səsləriylə, boy-buxunlarıyla, sifət cizgiləriylə,
ağız dadlarıyla, gözəllikləri və eybəcərlikləriylə
bizimlə bərabər yaşayırlar. Demək ki, biz
bütün duyğularımızla ulularımızın həzlərini,
sevgilərini, nifrətlərini hiss edə bilirik. Deməli,
biz də gələcəkdə övladlarımız vasitəsiylə
var olacağıq, dünyanın ləzzətlərini, sevgilərini,
nifrətlərini, həzlərini, ağrılarını
hiss edəcəyik.
Bizə ötürülən genlər
atalarımızın cisimləri kimi torpağa
qarışmırlar. Biz onları üzümüzdəki
cizgilərlə, səsimizlə, boy-buxunumuzla
yaşadırıqsa, deməli, onların canlarının bir
parçası məzarda torpaqlaşmır. Onlar bizlərlə
yaşayırlar və bizim övladlarımızın
canlarında gələcəyə səyahət edirlər.
Sizlərlə bölüşdüyüm bu fikirləri
də mənə yəqin ki, atam pıçıldayır iki
misrasıyla:
"Ölüm də yalandır, itim də yalan,
Həyatda müqəddəs çevrilmələr
var".
Burda təəccüblü nə var ki? Hərə
bir az atası deyilmi?
Axı batan günəş işığın, bitən
bahar gözəlliklərin və dirilişlərin sonu deyil. Nə
başqa günəş var, nə başqa bahar!..
Əkbər ƏKBƏRZADƏ
525-ci qəzet.- 2024.-10 yanvar,№3.- S.13.