Viktor Hüqonun məhəbbəti
Esse
"Hər qadına sahib olmağa çalışan
adam, bir qadına həsrət qalar".
V.Hüqo
Dahi fransız romançısı Viktor Hüqo və
bir də məşhur "Şərq motivləri"
kitabının (1829) müəllifi. Bu, bir daha onu göstərir
ki, gənc şair Şərq aləminə bələddir,
şərqlilərə məxsus milli ənənələrlə
tanışdır. Şərq xarakterinə dərin rəğbət
bəsləyir. Və o da Hüqoya yad deyildir ki, Şərqdə
məhəbbətə bir can kimi baxılır, qiymətləndirilir
və onların dəruni hisslərində eşqlə
qısqanclıq göz-gözə uyuyur bir vücudda. Yoxsa o,
məşhur "Çadra" şeirinə Şekspirin:
"Bu axşam Allaha dua eləmisənmi, Dezdimona?"
misrasını epiqraf seçməzdi. Qısqanclıq olan
varlıqda məhəbbət yaş həddini vurub keçir,
onun üçün qadın məlahətinə məftunluq,
onu duymaq, vücudunu yaşatmaq gücü olur. Oxucular Viktor
Hüqonun əsərlərində ifrat erotik səhnələrə,
aşiqlə məşuqənin sevgi macəralarına rast gəlmirlər.
Onda Flober sayağı, Jorj Sand tipli, Lev Tolstoy təsvirli
"intim dünya" yoxdur. Sən demə, sənətkar
öz əsərində gizlənməyi də bacarır: təki,
yaş onu ruhdan salmasın, sarsıtmasın. Gec-tez
qapını qəzəbli və yorğun gözlə kəsdirən
qocalıq sevən ürəyinin döyüntüsünə
qısqanmasın... Nə yaxşı, Hüqo burada
seçilir. Məlum oldu ki, yazıçının köhnə
məşuqəsi Lülett Druet sadəlövh səhv edib.
Blanş Levin adlı gənc bir qızla Hüqonu tanış
edib. Fərqinə varmayıb ki, bu cavan və ehtiraslı
qızcığaz sevdiyi Hüqonun əsərlərinin
üzünü köçürməkdən savayı... bu
sevgiyə şərik çıxacaq. Qısqanclıq od-alovu
onu yandıracaq. Hərçənd bu məlahətli cavan
Viktor Hüqoya unudulmaz bir neçə il bəxş eləyəcəkmiş.
Və sevən yazıçı isə iki suyun arasında
çırpınacaqmış.
1872-ci ildə Viktor Hüqonun 70 yaşı olanda onun
50 illik sadiq məşuqəsi Jülett Druet gördü ki,
yazıçının əsərlərinin üzünü
köçürməyi əvvəlki kimi bacarmır. Yel xəstəliyi
ona əziyyət verir. Bəs nə etməli? O, gözəl xətti
olan və səliqə ilə yazan Mariya Blanşı
tapır. Mariya Hüqonun ailəsi ilə Herisi adasına yola
düşür. Böyük fransız romançısı
burada yazıb-yaratmağı xoşlayırdı.
Əgər yazıçının gündəliyini
vərəqləsək, görərik ki, o, Blanşı adaya
gətirdikləri ilk gündən heyranlığını
bildirir. 1872-ci ilin sentyabrından 1873-cü ilin iyulunadək
gözəl və gənc qızın onunla bir yerdə olması
Hüqonun yazılarından o dəqiqə hiss olunur. Hüqo
yazdıqlarını gizli saxlamaq üçün latın və
ispan dillərinə üstünlük verirdi. Bu dillərin
heç biri onların arasında baş vermiş məhəbbət
macərasının cazibəsini itirmir.
Hüqo gənclərin belə qibtə edəcəyi
bir çılğınlıqla onun qəlbini ələ
almaq istəyirdi. Blanş isə hələ buna hazır
deyildi. Nəhayət, 1873-cü ilin aprelində Blanş
özünü məşhur romançıya təslim
etmişdi.
Jülett xəstəlik üzündən Hüqonu
onun ənənəvi gəzintilərində müşayiət
edə bilmir və onun yerini Blanş tutur. Onlar hər dəfə
daha uzağa gedir və hər dəfə də yolları dəniz
kənarından düşürdü.
Jülett təsadüfən Hüqonun qeyd dəftərçəsini
oxuyur və hər şeyi başa düşür. O öz məşuqunu
heç vəchlə əldən vermək istəmirdi. Hüqonu
göz yaşları və qəzəblə
qarşılayıb məsələni kəskin qoyur:
"Qız çıxıb getməlidir. Özü də təcili!"
1873-cü il iyulun 1-də Hüqo gündəliyində
yazır: "Blanş bu səhər getdi".
Ancaq Hüqo və Blanş hamını alda
tmaq qərarına gəlmişdilər. Məşhur
romançı ağılagəlməz plan qurur.
Blanşın getməsi göz aldatmaqdır. O, gedəndən
sonra gizlincə hər ikisi qayıtmalıdır.
Yazıçı onun üçün ev kirayəyə
götürmüşdü. Qeydlər arasında yalnız
evin nömrəsi yazılmışdı: 21.
Hüqo hər səhər Jülettlə gəzməyə
getdiyini bildirir, 21 nömrəli evə yollanır və orada
sevgilisi ilə bir neçə saat vaxt keçirir. Məhəbbət
Hüqonun başını o qədər gicəlləndirmişdi
ki, özü barədə fikirləşməyi belə yaddan
çıxarır. Ehtiras alovları ilə yanan
yazıçı unudur ki, bu balaca şəhərcikdə
hamı bir-birini tanıyır. Təəccüblü deyildi
ki, bir dəfə Blanşı gizlətdiyi evə girəndə
arxasında səs eşidir: "Bu ki müsyö
Hüqodur". Yazıçı bundan çox narahat olur.
Gündəliyində isə ispanca yazmışdı:
"Adamlar məni tanıyıblar. Blanş mütləq getməlidir".
...Bu dəfə yazıçının özü
Blanşı gəmilə yola salır. Amma adada onsuz yaşaya
bil-məyib arxasınca Parisə yollanır. Blanş onun evinin
qonşuluğunda ailələr üçün olan pansionatda
yaşayır. Onlar bir müddət xoşbəxtlik içində
üzürlər... Yenə də Jülett hər şeyi
korlayır. Hüqonun gündəliyində bircə söz
yazılmışdı: "Fəlakət".
Hüqo bir dəfə evə qayıdanda stolunun
üstündə məktub görür, Jülettin xəttini
tanıyır. Jülett hər şeydən xəbərdar
olduğunu bildirir və çıxıb gedir. Jülettin 67
yaşı olsa da, xarakteri əvvəlki tək dəyişməz
qalmışdı. Beləliklə, Hüqo iki məşuqənin
arasında vurnuxurdu. O, gənc və təravətli
Blanşdan əl çəkə bilmirdi. Jülettsiz də
yaşamağa tabı çatmırdı. Axı, onları
bir-birinə uzun illər bağlayırdı. O, bütün
tanışlarına teleqram göndərir ki, görəsən,
müsyö Hüqo ona niyə belə gec-gec baş çəkir?
Niyə daha ona heç nə danışmır?
Nəhayət, Hüqo dostlarının birindən
öyrənir ki, Jülett Brüseldədir. Ona teleqram göndərib
xahiş edir ki, geri qayıtsın. Jülett əvvəlcə
etiraz edir, sonra qayıdır. "Saat 8.15 dəqiqədə
Şimal vağzalında idim. Onun qatarı 9.05-də gəlir.
Biz görüşdük. Əzab-əziyyət xoşbəxtliklə
əvəz olundu. Mən onu meydanın küncündəki
restorana apardım. Gecəni isə bir yerdə yatdıq. Həftə
gözəl keçdi..."
İki gündən sonra Hüqo Blanşın
qolları arasında idi. Yenidən gündəlikdə
"Alba" təxəllüsü görünür.
Bir dəfə Jülettlə söhbət zamanı
çaşıb ona belə müraciət edir: "Əzizim
Blanş"... Jülett od tutub yanır. O, Blanş məsələsinin
birdəfəlik həllini tələb edir.
Burada hər vasitədən istifadə etmək olar.
Qızla özü də danışa, onun anasını da bu
işə qoşa bilər. Hüqonun qızını və
kürəkənini də onun üstünə qaldırmaq
mümkündür. Kürəkənin onsuz da Hüqodan
xoşu gəlmirdi və həmişə nəvələrini
onun əlindən alacağı ilə hədələyirdi.
Viktor isə nəvələrini itirəcəyindən
çox qorxurdu.
Bir dəfə isə Hüqo Blanşla birdəfəlik
üzülüşmək qərarına gəlir. 1879-cu il
oktyabrın 1-də belə bir qeyd var: "Mel - Blanş - 500
frank" 17 dekabr 1879-cu il. "Blanş ərə gedib".
Blanş dekabrın 2-də ərə getmişdi.
Yəqin ki, Blanş bütün həyatını macəralar
içində keçirmiş, olduqca ehtiraslı şəxsiyyət
olan Hüqonun son məhəbbəti idi.
Dahi yazıçı əbəs deməyib: "Həyat
çiçək, məhəbbət isə ondan çəkilmiş
baldır".
2023
Allahverdi EMİNOV
Pedaqogika üzrə fəlsəfə elmləri
doktoru, dosent
525-ci qəzet.- 2024.-11 yanvar,№4.- S.12.