"Molla Nəsrəddin"in və "Şərq qapısı"nın "Bisavad"ı kimdir?

 

 

Zəmanəsinin digər mətbuat orqanlarından fərqli olaraq "Molla Nəsrəddin" jurnalı Azərbaycan mətbuatı tarixində böyük bir məktəb yaradaraq bir çox qabiliyyətli və istedadlı nəslin yetişməsində, yaradıcılıq qabiliyyətinin üzə çıxarılaraq formalaşmasında mühüm rol oynayıb. Əsas diqqət çəkən məqamlardan biri də, redaksiyaya göndərilən məktubların, yazıların müəlliflərinin xalq içərisindən çıxan savadlı, elm, ədəbiyyat sahəsinə maraq göstərən sadə insanların olması idi. Bu ədəbi məktəbin qazandığı uğurlarda isə Naxçıvan mühiti və naxçıvanlı müxbirlərin maddi və mənəvi baxımdan mühüm rolu olub. "Molla Nəsrəddin"in Naxçıvanda dəstəkləyən, geniş yayılmasına, burada baş verən hadisələrin, əhəmiyyətli xəbərlərin jurnalda dərc olunmasında köməklik göstərən müxbirlərin sayı heç də az deyildi. Bu müxbirlər sırasında Azərbaycanın Naxçıvandakı mətbuat müvəkkili və "Şərq qapısı"nın ən fəal müxbiri Məmmədəli Əsədullazadə, Məmmədəli Sidqi, Əkbər Abbasov, Mirzə Cəlil Mirzəyev (Şürbi), Məmməd Əkbərov və başqa qabaqcıl şəxslərin adlarını qeyd edə bilərik.

“Molla Nəsrəddin” jurnalı 1930, ¹29.

Həmin dövrdə jurnalın naxçıvanlı yazar və müxbirləri "Molla Nəsrəddin"lə sıx əməkdaşlıq edir, jurnalın səhifələrində kəsərli yazılarla çıxış edirdilər. Onlar cəmiyyətdə görüb şahidi olduqları dövrün mühüm və olduqca əhəmiyyətli hadisələrini satirik üslubda qələmə alır, müxtəlif gizli imza və təxəllüslərlə redaksiyaya göndərirdilər. Məlum olduğu kimi, dövrün təhdid və təqiblərindən müəlliflər özünümüdafiə məqsədilə ciddi, ictimai xarakterli yazılarında bir çox fərqli anonim imzalardan istifadə edirdilər ki, bu səbəbdən mətbuat səhifələrində günü-gündən gizli imzaların sayı artırdı.

XX əsrin iki məşhur mətbuat orqanı "Molla Nəsrəddin" jurnalı və "Şərq qapısı" qəzetində naxçıvanlı müxbirlərin "Həvəskar", "Tələbə", "Vahid", "Tənqidçi", "İnqilab", "Bisavad", "Xəbərçi" kimi gizli imzalarına rast gəlirik ki, bu sırada ifşakar yazılarıyla "Bisavad" imzalı müxbir diqqətimizi cəlb edir. Bəs Naxçıvandan "Molla Nəsrəddin" jurnalına məqalələr göndərən və "Şərq qapısı" qəzetində tənqidi yazılarla çıxış edən "Bisavad" kimdir?

Apardığımız araşdırmalar nəticəsində "Molla Nəsrəddin" jurnalının sovet dövrü nəşrlərində "Bisavad" imzasıyla yazılar dərc edilib ki, eyni imzanı "Şərq qapsı"nın həmin illəri əhatə edən nömrələrində də görmək mümkündür.

Jurnalın 1927-1930-cu illəri əhatə edən nəşrlərində "Bisavad", "Dinsiz bisavad", "2 Bisavad" imzaları ilə 10-a yaxın məqalə dərc olunub. "Bisavad" imzasına ilk dəfə "Molla Nəsrəddin"in 2 aprel 1927-ci il tarixli 14-cü nömrəsində rast gəlirik. "Bisavad" imzası ilə dərc edilmiş həmin yazıda oxuyuruq: "Maliyyə idarəsində və kənd təsərrüfat bankında neçə katib olmalıdır? Bir məsul katib 150 manat, 1 nəfər də türk katibi məsul katibinin müavini ki, kəndçi gələndə onun ərizə halını tərcümə etsin, o da 100 manat, hərgah təftiş şöbəsinin və mühasibənim şöbələrinin qulluqçularının qədərini və aldıqları maaşlarının miqdarını yazsam, o vaxt, qorxuram, mənə acığın tuta, suallarıma cavab verməyəsən. Kooperativlərin barəsində də, gələcək nömrədə yazaram. İkinci sualım budur ki, icraiyyə komitəsinin sədri idarədə gündüzlər o qədər işləyir ki, ərzi-halların çoxusunu aparıb evdə nahardan və dincəlikdən sonra baxır".

"Bisavad" 1929-cu ilin 38-ci sayında verilmiş "Liliya xanımın qarşılanması" adlı məqaləsində yazırdı: "Naxçıvan Torpaq Komissarlığının maşinistkası Liliya xanım bir aylıq məzuniyyətdən qayıdanda (5 gün də yubanıb yoldaşları nigaran qoymuşdu) onun pişvazına vağzala idarəsinin beş katibi-texniki, ağronom və bir nəfər də başqa xidmətçi gedib onun üçün xüsusi bir fayton da gətirib çox əzizlik ilə şəhərə apardılar. Sabahı gün isə idarə işçiləri tətil edib Liliya  xanımın görüşünə getdilər. 35 günlük ayrılıqdan sonra bu görüş dadlı idi. Allah sənə də ruzi eləsin".

Növbəti ilin 18-ci sayında "2 Bisavad" imzalı yazıda bildirilir: "Naxçıvan zəhmət müvəkkilinin 399 nömrəli 30 aprel tarixli qərarı üzrə bütün idarələrə xəbər verilmişdir ki, idarə işçiləri hamam burqusu ilə işə daxil olub və işdən çıxmalıdırlar. Ona görə də Molla əmi, dünən qulluqçular, qaranlıq düşənə qədər hamam burqusunun gurultusunu yəni (fışını) gözləyirdilər, sonra məlum oldu ki, hamamın nasosu xarab olub 1 həftədir ki, işləmir və hər gündə də qulluqçular xırda bağın qabağında qudoku gözləyirlər ki, işə getsinlər. Birdən saat 10-11 olur, qulluqçular da idarəyə gələndə yubanırlar və çox vaxt töhmət alırlar.

Molla: Amma yaxşı tədbirdir".

Ümumiyyətlə, satirik üslubda qələmə alınmış və Naxçıvandakı problemlərdən xəbər verən bu yazıların hər birinə nəzər yetirdikdə əsas məzmunun dövlət idarə müəssisələrindəki qanunsuzluqlarla bağlı olduğunu görürük. Müəllif heç kimdən çəkinmədən yüksək dövlət idarələrində çalışan məmurlara tənqidi münasibət bildirməklə idarələrdəki özbaşınalığı ifşa edir.

Bu gün o gizli imzaların hər biri ilə bağlı tədqiqatçı alimlərimiz tərəfindən ciddi araşdırmalar aparılıb və bəzi ehtimallar irəli sürülüb.

Filologiya elmləri doktoru Fərman Xəlilov apardığı tədqiqat nəticəsində "həmin dövrdə Naxçıvanda Əkbər Abbasov adlı şəxsin yaşadığını və "Molla Nəsrəddin" jurnalının 1930-cu il tarixli 28-ci nömrəsində "Xəstə müdir" məqaləsinin sonuna qoyulan "Bisavad" imzasının "Şərq qapısı" qəzetinin müxbiri Əkbər Abbasova" aid ola biləcəyi ehtimalını irəli sürüb.

“Şərq qapısı” qəzetinin mətbəəsi

Məqalədə "Bisavad" dövlət məmurlarının xalqa laqeyd münasibətindən şikayətlənib bildirir: "Naxçıvan Firqə Komitəsinin təşkilat şöbə müdiri, milliyətcə erməni olan Danelyan 12 gündür ki, idarənin qapısını bağlayıb mənzilində istirahətlə məşğuldur". Bu məqaləyə görə müəllifi məsuliyyətə almaq qərarı çıxarılaraqonun gərçək kimliyinin öyrənilməsinə cəhdlər olunsa da, "Şərq qapısı" qəzetinin müxbirləri M.Ə.Əsədullazadə, N.Əlizadə, K.Tağıyof, N.Hacılı, M.Ə.Seyidov və başqaları jurnalın redaktoru Cəlil Məmmədquluzadədən onun imzasını heç bir təşkilata verməməyi və gizlin saxlamağı xahiş etmişlər.

Nəzərə çatdıraq ki, Ə.Abbasovun adına "Molla Nəsrəddin" jurnalının 1921-ci il tarixli 8-ci sayında dərc edilmiş "Təşəkkür" adlı yazıda rast gəlirik. Həmin yazıda Əkbər Abbasov və Ordubadi Seyidovun Təbrizdə qafqazlı mühacirlərə göstərdikləri yardımlardan bəhs olunur. Ə.Abbasovun bu xidmətləri haqqında ilk dəfə tarix elmləri doktoru Fəxrəddin Cəfərovun "Erməni vəhşiliyi" (2009) monoqrafiyasında məlumat verilib.

"Molla Nəsrəddin" jurnalındakı gizli imzalarla bağlı çoxsaylı tədqiqatlar aparılsa da, bu vaxtadək "Şərq qapısı" qəzetində istifadə edilən gizli imzalardan bəhs edilməmiş, qəzetlə bağlı önəmli olan bu məsələ diqqətdən kənarda qalmışdı.

Məlum olduğu üzrə, "Şərq qapısı" sovet hakimiyyətinin ilk illərində (1921-ci ildə) nəşrə başlamış və "Molla Nəsrəddin"in jurnalistik təcrübəsindən və ənənələrindən məharətlə istifadə etmişdi. Belə ki, "Şərq qapısı" qəzetinin müxbirləri "Molla Nəsrəddin"in təsiri ilə "Əli Yezid", "Əbka", "Qurban", "R.M", "İnqilabçı", "S.S.", "Pinəçi", "Fəxri", "Abdal", "Avara", "Xəbərçi", "Dəvəçi", "Sərsəri" və sair gizli imzalardan istifadə ediblər.

Yuxarıda "Bisavad" imzasının Ə.Abbasova aid ola biləcəyi ehtimalını qeyd etdiyimizdən "Şərq qapısı"nda da bu imzayla dərc edilən materiallardan bəzilərinə nəzər yetirib müqayisə aparmağı məqsəduyğun hesab edirik.

 

(Ardı var)

Günel ƏSGƏROVA

AMEA Naxçıvan Bölməsinin elmi işçisi

525-ci qəzet.- 2024.-16 yanvar,¹7.- S.15.