Adil Cəmil sözünün işığında

 

Adil Cəmil ötən əsrin 70-ci illərində ədəbiyyatımıza gələn və poeziya aləmində deməyə öz sözü, özünəməxsus deyim tərzi, bəhs etdiyi hər bir mövzuya spesifik yanaşma mövqeyi olan şairlərimizdəndir. Onun yaradıcıllığı geniş, çoxşaxəli və rəngarəng olduğundan "Seçilmiş əsərləri"ndəki şeirlərini təhlil etmək üçün bir neçə hissəyə bölməyi məqsədəuyğun bildik.

 

AĞ RƏNGİ SEVƏN ŞAİR

 

Ta qədimdən ağ rəng həmişə xoşbəxtlik rəmzi olub. Bu alqışlar və atalar sözləri - "Səni ağ günə çıxasan", "Günün ağ olsun", "Ağ gün görəsən", "Ağ gün adamı ağardar" da dediklərimizi sübut edir. A.Cəmilin yazılarında da ağ rəng sanki bir rəmz kimi keçir. Məsələn, onun şeirlərində "Gecə kölgə də ağdır", "Pəncərədə ağ yağışın damcıları puçurlanır", "Körpü də ağdır", "Cığırlar, yollar gümüşüdür, ağdır", "Şair özü də ağ atın üstündə ağ şəhəri gəzir", "Hər tərəf ağ pərdəyə bürünüb"...A.Cəmilin şeirlərində təbiət də sanki ağ rəng fonundadır və canlıdır. Onun belə şeirlərini oxuyarkən, elə bil yüksək sənətkarlıqla çəkilmiş tabloya tamaşa edirsən. "Yaşıl talada" adlı dörd bənddən ibarət şeirində şair istedadının nəticəsi olaraq göz önündə belə bir təbiət mənzərəsi canlanır: "Yaşıl talada gözəl bir məclis qurulub. Torağaylar oxuyur, nərgizlə bənövşə baş-başa verib, duman bir pərdədir, çəmən bir səhnəyə dönüb, çiçəklər isə səhnədə əsl tamaşa oynayır..."

Bəzən işlətdiyi bu uğurlu bədii təsvir və ifadə vasitələri elə bil şairi razı salmır. O istəyir ki, şeirlərində yazdığı hər bir misra Murovun, Kəpəzin "dodaqlarından" bir qətrə su içsin:

 

Bal damar cökənin yarpaqlarından,

Nərgiz sırğa taxar qulaqlarından.

Murovun, Kəpəzin "dodaqlarından",

Bir qətrə su içə yazdığım mənim.

("Misram dağdan su içə")

 

Şair uzun müddət şəhərdə yaşasa da, doğulduğu kəndi, ata-anasını bir an belə unutmur. Onun kiçik qardaşı İlhama həsr etdiyi "Evin kiçik oğlu" şeirində şairin kənd-kəsəyə, el-obaya necə bağlı olduğunu görürük:

 

Dönmürük o kəndə biz üzü dönük -

Bir az yüngülləşə çiynindəki yük...

Böyüyüb olmusan sən bizdən böyük,

Kiçiltmə yaşını, qardaşım İlham.

 

Şair kiçik qardaşı İlhama müraciətində, kəndlərindəki göy atlarını, danalarını, buzovlarını, qoyun-quzularını, hətta itlərini belə unutmur, ərklə belə deyir:

 

Özün sulayarsan göy atımızı,

Dananı, buzovu bağlarsan özün.

Qoyunu arxacda, quzunu küzdə,

İti qarqarada saxlarsan özün.

 

Şairin ailəcanlılığı, ata-anası, qardaş-bacısı ilə bərabər, öz övladlarını da ürəkdən, səmimi bir ata məhəbbəti ilə sevməsi ilk dəfə məktəbə gedən qızı Xəyaləyə həsr etdiyi "İlk dərs" şeirində aydın hiss olunur:

 

Gedirsən... arxanca boylanıram mən,

Baxıram ağ çiçək açıb saçların.

Gedirsən... üstündən keçib gedirsən

Bir zaman mən çəkən ehtiyacların...

 

QƏLBİ "QƏLPƏLİ" MƏHƏBBƏT ŞAİRİ

 

Adil Cəmilin bütün ruhuyla, varlığıyla bağlı olduğu mövzulardan biri də əbədi və əzəli mövzulardan sayılan Məhəbbətdir. Dahi Azərbaycan şairi Səməd Vurğun yazırdı ki, "məhəbbət əbədi bir ehtiyacdır". A.Cəmil də bu əbədi və əzəli ehtiyac olan məhəbbətə biganə qalmayıb, bu mövzuda bir çox yaddaqalan şeirlər yazıb. Müəllifin məhəbbət şeirləri bədii baxımdan mükəmməldir. Şairin lirik qəhrəmanı isə eşqinə sadiq, dönməz, mətin təsir bağışlaması ilə yaddaqalandır. "Ulduzlu gecəmiz", "Nağıllı sevgi", "Sevərək yaşamaq", "Belə sevən tapılmaz", "Dağlar gözəli", "Məni bağışlama", "Niyə gəlmədin?", "Bir dəli sevgidən göyərib dünya" və digər şeirlər A.Cəmilin bu mövzuda yazdığı maraqlı nümunələrdir.

Şair "Sevginin göydən gəldiyini, qeyd edərək, əli çatmadığı sevgilisinə "mələk", onu xəlq eləyən Tanrıya isə "əhsən" deyir. Lirik qəhrəmanının məsum hisslərini "Ulduzlu gecəmiz" şeirində belə ifadə edir:

 

Danış, doymamışam lətif səsindən...

Özgə səs hissimi apara bilməz.

Bir cüt gözlərinin cazibəsindən

Məni milyon ulduz qopara bilməz.

 

 "Nağıllı sevgi"şeirində isə sevgini "şirin nağıla" bənzədir:

 

Sən məni yaşadan şirin nağılsan,

Bənzəyir bir şirin nağıla sevgim.

Elə "qurmuşam" ki, dünya dağılsa,

Çətin parçalanıb dağıla sevgim.

 

 "Sevərək yaşamaq" şeirində sevgi ilə bağlı səmimi hisslər bu cür verilib:

Sən, ey xəyalıma bürünən gözəl,

Məhəbbət insanın xətası deyil.

Mələk timsalında görünən gözəl,

Əllərim əlinə çatası deyil.

 

Əzablar qoynunda doğulur insan -

Sevərək yaşamaq deyildir asan.

Hər şeyi unudub bu şeri yazan

Elə bil üç uşaq atası deyil.

 

Adil Cəmilin məhəbbət şeirlərindən çıxan ideyanı belə ümumiləşdirmək olar: məhəbbət, hər şeydən əvvəl, sevib-seçdiyin adam üçün, onun taleyi, gələcəyi üçün məsuliyyət daşımaq deməkdir. Müəllifin qənaətlərinə görə, məhəbbət qəlbin və bədənin, ağlın və idealın, səadət və xoşbəxtliyin birliyidir, vəhdətidir, bəzən vüsal, bəzən də ayrılıq, kədər, hicrandır.

 

O TAYLI-BU TAYLI VƏTƏN DƏRDLƏRİ

 

Adil Cəmilin ən çox sevdiyi mövzulardan biri Vətən mövzusudur. Bu şeirlərdə o taylı-bu taylı Bütöv Azərbaycanını sevən, vətənpərvər bir şair qəlbinin kövrək pıçıltıları, eyni zamanda Ana Vətənin ikiyə bölünməsindən irəli gələn nisgilli yaşantıları hiss edilir. Onun "Gözlərim yol çəkir" şeirindəki bu misralara diqqət yetirək:

 

Gözlərim yol çəkir - yollar gözümdə,

"Nə bir gələnim var, nə bir gedənim".

Haçandır qalmısan əli dizində,

Bir dildə danışan iki vətənim...

 

...Həsrət yol gəlibdir neçə qərinə,

Bir gün bu yolları ölçən tapılar...

Xuda kömək olsun Xudafərinə -

Nə vaxtsa üstündən keçən tapılar!

 

  Şair bu ayrılıq dərdinə dözə bilmir. Onun nənəsi də bu dərdə dözə bilməyib, buna görə də şairin atasının adını Savalan qoyub:

 

Gözümü açandan göynəyir sinəm,

Bu həsrət canımda məgər can qoyub?!

Ölüncə o taya boylanan nənəm,

Atamın adını Savalan qoyub...

 

Otuz il işğal altında olan torpaqlarımızın "iniltisinə" nə qədər şeirlər, hekayələr, povestlər, romanlar yazılıb, kinolar, rəsmlər çəkilib, nəğmələr bəstələnib. Belə əsərlər içərisində A.Cəmilin yaradıcılıq nümunələri də bəyənilib, sevilib. Bu, belə də olmalı idi. Axı  şair o torpaqlarda - Qarabağda - Kəlbəcərdə doğulub. Oranın suyunu içib, havasını udub. Bu mövzulu yazılarda doğma Azərbaycanın hər guşəsini - Şuşasını, Laçınını, Xocalısını, Bakısını, Şirvanını... sevən, vətənpərvər bir şair qəlbinin çırpıntıları, eyni zamanda ulu yurdunun erməni işğalından irəli gələn nisgilli yaşantıları qabarıq şəkildə duyulur.

O, şeirlərində heç bir vəchlə doğma vətənin, o cümlədən, ana Kəlbəcərin işğalı ilə barışa bilmirdi. Şair gözəl Qarabağın, doğma Kəlbəcərin işğalında və dağıdılmasında xain xislətli bədnam qonşularımızı, qəddar erməni daşnaklarını ittiham edir, özünü "yazıq", "fağır" göstərən, əslində isə çox amansız olan bu düşmənlərlə, onların insanlığa sığmayan davranışlarına qarşı kəskin etiraz bildirir. Ona görə də A.Cəmil şeirin sonunda Murovun başında ulayan bayquşun ulartısını xain xislətli ermənilərin himni ilə müqayisə edir:

 

Ulartın kəsməyir de görüm nədən?

Nəyi qandırırsan indi sən, bayquş?

Özgə yuvasında bala böyüdən.

Bayquş bir millətin himnisən, bayquş!

 

Məlumdur ki, ata-baba yurdalarından qovulanda, yurddaşlarımızdan olan bəzi qızlar, qadınlar namuslarını qorumaq üçün özlərini dağlardan, qayalardan atıb intihar etmişdilər. Şairin fikrincə, onlar adi qəhrəmanlar deyillər, namus, qeyrət simvoludurlar. A.Cəmilin "Özünü qayadan atan qızlara" şeirini qəhərlənmədən oxumaq olmur. Qızların dumanlı surətləri göz önünə gəlir: axırıncı dəfə onlar nə danışıblar, bu qərar ən əvvəl onlardan hansının ağlına gəlib? Qızlar necə əl-ələ tutub atılıblar, qayadan atılarkən hansı ağını, qarğışı, bayatını deyiblər? Hansı nəğməni, şikəstəni oxuyublar? Adam özünə verdiyi bu suallara cavab tapa bilmir. Sadəcə olaraq, onların bu əfsanəvi qəhrəmanlığı qarşısında susub qalırsan. Bəlkə də elə bu məqamda ən yaxşı təskinlik, ən yaxşı insani hiss məhz susmaqdır! Bu məqamda ürəyimdən bir arzu keçir: Qızlar atılan həmin qaya axtarılıb tapıla və həmin yerdə o qızların abidəsi qoyula. Və həmin abidə də o qədər nəhəng ola ki, Kəlbəcərin hər yerindən görünə... Hamı - dünyanın hər yerindən gələn adamlar bütün dünyada bənzəri olmayan bu abidəyə tamaşa edələr. Axı, bu qəhrəmanlıq bizim şərəfli tariximizin qanla yazılan bir səhifəsidir... Bax bu, özünü qayadan atan qızların ruhuna ən yaxşı təskinlik olardı.

A.Cəmil Qarabağdan yazarkən Azərbaycanın incisi, mədəniyyət paytaxtı Şuşanı da unutmayıb. "Şuşam, ay Şuşam" şeirinin ilk misralarında o, qanadı qırılmış quş kimidir, sanki fəzası yoxdur uçmağa. Kəlbəcərdən çıxıb Laçından keçməklə Şuşaya gəlmək istəyirdi şair. Şuşanı yağılardan azad etməyə, onun yolunda düşmənlərlə vuruşmağa gəlmək istəyirdi:

 

Natəvan ruhusan, Nəvvab qəzəli,

Əlçatmaz, ünyetməz dağlar gözəli.

Vəslinə yetməkçün gərək vuruşam -

Şuşam, ay Şuşam.

 

Ancaq tale elə gətirdi ki, A.Cəmilin Kəlbəcərdən çıxıb Laçından keçməklə Şuşaya gəlməsinə ehtiyac qalmadı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu cəmi 44 günə 30 illik erməni işğalında olan Şuşanı, eləcə də bütün Qarabağı mənfur ermənilərdən azad etdi. Amma bir zaman şair öz oğluna doğma Kəlbəcərə qayıtmaq üçün Vətən dərsini belə keçirdi:

 

Qəlpəyə çevirəm donmuş hirsimi -

Bağlı yollarımdan açam tilsimi.

Oğluma keçirəm Vətən dərsini

Bir gün Kəlbəcərə qayıtmaq üçün...

 

 

İndi vaxtilə A.Cəmilin getmək istədiyi, amma gedə bilmədiyi ata yurdu Kəlbəcər də, bütün Qarabağ və Şərqi Zəngəzur da azaddır. Artıq şair o doğma yerlərə rahat gedib-gələ bilir. Bu qələbə ona daim xəyallarında, röyalarında gördüyü Ana Vətəni bütövlükdə qaytarmış oldu... Bu həm də Adil Cəmilə doğma el-obasına, yurduna qayıtması üçün böyük bir ərməğan idi...

Qəlbi yurd sevgisi, insanlığa məhəbbət hissi ilə döyünən şairimizə yaradıcılıq yolunda yeni-yeni uğurlar, nailiyyətlər arzu edir və "belə kitablarınızın davamı gəlsin, Adil müəllim" - deyirəm.

 

Nəriman FƏRMAN

525-ci qəzet.- 2024.-16 yanvar,№7.- S.13.