Ölümünü əvvəlcədən hiss edən AYDINımız...

  Aydın MƏMMƏDOV-80

 

 

Bu gün Azərbaycanın aydınlarından olan böyük fikir adamı, türkoloq, ictimai xadim Aydın Məmmədovun anadan olmasından 80 il ötür. Cəmi 47 il yaşamasına baxmayaraq, Aydın Məmmədovun yurdumuzun insanlarının işıqlı istiqbalı naminə gördüyü işlərin miqyası elə Azərbaycan boydadır.

Elmi istiqamətdə atdığı mütərəqqi addımlar, türkologiyanın tədqiqi, türkçülük ideyalarının təbliği baxımından ərsəyə gətirdiyi elmi məqalələr, "Sovestkaya türkologiya" jurnalının redaktoru kimi misilsiz fəaliyyəti əsas verir ki, onun görkəmli dilçi kimi filologiya sahəsindəki əvəzsiz rolunu xüsusi vurğulayaq.

Vaxtilə Aydın Məmmədovun təşəbbüsü ilə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin yaradılması respublikadakı tərcümə məsələlərinin, tərcümə siyasətinin istiqamətləndirilməsi və bu işin keyfiyyətinin artırılması məqsədilə atılan ən uğurlu addım idi. Sözügedən mərkəz həm türk xalqları arasında, həm də, ümumən, xarici ölkələrlə ədəbi əlaqələrin qurulması və inkişafına şərait yaratdı, dünya ədəbiyyatındakı bir sıra dəyərli imza və əsərlərlə Azərbaycan oxucusunu tanış etməklə yanaşı, yerli yazarlarımızın sərhədlərdən kənarda təbliğinə təkan verdi. Bu gün də həmin ənənələr davam etdirilir.

Ötən əsrin 80-ci illərinin sonunda başlayan xalq hərəkatının ön sıralarında dayanan Aydın Məmmədov ictimai xadim kimi də xalqımızın taleyinin həll olunmasında rol oynayan qiymətli şəxsiyyətlərdən olub. O zaman millət vəkili seçil?n Aydın Məmmədov milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkat yolunda ciddi işl?r görüb. Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri olub. O, eyni zamanda, Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini seçilib.

Təəssüf ki, vaxtsız ölüm bizimlə - namını eşidib üzünü görmədiyi nəsillə Aydın Məmmədov arasında keçilməz körpü oldu. O, 1991-ci ilin aprelin 19-da görkəmli ədəbiyyatşünas, Azərbaycan SSR-in Ali Sovetinin deputatı Dilarə Əliyeva ilə birlikdə avtomobil qəzası zamanı faciəli şəkildə həlak olub. İşıqlı ruhunu hörmətlə anır, əziz xatirəsini dostları ilə birlikdə yad edirik. Allah rəhmət eləsin!

Etibar Əliyev, millət vəkili: "Dahilik şəxsi uğur deyil, anadangəlmə keyfiyyətdir. Başqa sözlə, vergidir. Dahilik fenomenini təhlil etmək çox çətindir. Anna Axmatovanın təbirincə desək, "Bunu yaradıcılıq deməlidir". Biz onu görkəmli türkoloq, dəyərli dost, ictimai xadim, əvəzsiz tənqidçi, mükəmməl orator kimi tanıyırdıq. Tərcümə mərkəzi ideyası ona məxsusdur. Aydın Məmmədov 2500 il bundan öncə dahi yunan filosofu Pifaqorun yaratdığı "Pifaqor məktəbi" (Pifaqor ittifaqı) analoqunu yaratmışdı. Bütün istedadları bu məktəbin üzvü eləmişdi. Bütün üzvlərə eyni dəyər verirdi. Aydın Məmmədov məktəbinin böyük dinləyici ordusu var idi. O, böyük ziyalı olmaqla yanaşı, həm də filosof idi. Oljas Süleymenovun Aydın Məmmədov haqqında fikri maraqlıdır: "Aydını türk xalqlarına yaxınlaşdıran onun qan yaddaşıdır. Bu qan yaddaşından süzülüb gələnlərsə röya deyil, Aydın həqiqətidir". Bəli, həqiqətin ünvanı düz göstərilib. Türkologiya elminin inkişafı birbaşa Aydın Məmmədovun adı ilə bağlıdır. Onun ideyaları ölümündən sonra bar verməyə başladı.

Aydın Məmmədovun 1987-ci ildə Azərbaycan Yazıçılar İttifaqının Plemundakı çıxışı ədəbiyyatımızın kompasıdır. Həmin çıxışdan: "Ölkəmizdə inqilabi yeniləşmə gedir. Biz fikir barrikadalarında, axtarış səngərlərindəyik. Səngərin bu tərəfində hazırlıqlı və istedadlı, cəmiyyətin inkişafı naminə hər şeydən keçməyə hazır olan fədailər, o tərəfində - yenidənqurma və aşkarlıq məramını öz şəxsi mənafeyinə tabe etdirməyə can atan buqələmunlar durur. Gəlin bütün qüvvə bacarığımızı fədailərin qələbəsinə sərf edək!" Bu cür açıq və cəsarətli fikirlərə görə onun düşmənləri də çox idi. Lakin o, belə şeylərə məhəl qoymurdu. Böyük alman filosofu Fridrix Yunger Qərblə Şərqi belə fərqləndirirdi: "Qərb dialoqu, Şərq monoloqu xoşlayır". Aydın Məmmədov Azərbaycana dialoq mədəniyyətini gətirən ziyalıdır, intellektualdır. Onun Lev Qumiloyla, Anarla və digər görkəmli şəxsiyyətlərlə dialoqu indi daha çox aktualdır, çünki bu kontent indi yoxa çıxmaq üzrədir.

Aydın Məmmədov 47 yaşında dünyasını dəyişdi. Aydın Məmmədov yaşamağa da tələsirdi, ölməyə də... Dünyaya da tələsik gəldi, tələsik getdi.

Böyüyüb boya-başa çatdığı Şəkinin Kiş kəndində dəfninə getmişdik. Atası Mirsaleh kişinin vüqarı bizi heyrətə gətirmişdi. Mən onda olan dəyanəti şəhid atalarında görmüşəm. Aydın Məmmədovu xatırlayanda Mirsaleh kişi də gözümün önünə gəlir. Dəfn boyu onun gözünü yol çəkən gördüm, heç danışmadı... Bəlkə də, ata və oğul o dünyada yarımçıq qalmış söhbətlərini davam edirlər..."

P.S. Aydın Məmmədovun ən yaxın dostu və hər zaman onun varlığını yaddaşımızda yeniləyən Rəşad Məcidlə bütün görüşlərimizdə bu nəhəng şəxsiyyətdən söhbət açırıq. Onun 47 yaşı əhatə edən intellektual bioqrafiyası yenidən yazılmalıdır.

lll

Xanım İsmayılqızı, şair-bəstəkar: "Aydın Məmmədovla tanışlığım 1990-cı ildə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzindən başladı. Məni Tərcümə Mərkəzinə işə dəvət edən Aydın Məmmədov oldu və özü də bilmədən həyatımı, dünyamı dəyişdi.

Kollektivimizin üzvlərini bir-bir özü seçib bir araya gətirmişdi. Qəribə xarakterlər, fərqli mühitdən gələn fərqli düşüncə sahibləri, üsyankar, istedadlı gənclər və azad mühit... Elə bil ki, Aydın Məmmədovun missiyalarından biri də o binanı ocağa çevirmək, bizləri ora yerləşdirmək, bir-birimizlə görüşdürmək, dostlaşdırmaq, beynimizə, şüurumuza, ruhumuza gələcəyimizin kodunu köçürüb getmək idi.

Aydın Məmmədov istər xarici görünüşü, istər daşıdığı enerjisi, istər düşüncə tərzi, istərsə də, özünü ifadə forması ilə bir başqa idi. Hərdən-bir işlətdiyimiz ifadə var: "Elə bil göydən gəlib". Aydın Məmmədov, doğrudan da, göydən gəlmişdi.

Mən özümü Tərcümə Mərkəzinin yetirməsi hesab edirəm. 33 ildir ki, Tərcümə Mərkəzi yaşayır, yaradır və böyük bir ailə kimidir. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsud başda olmaqla hər birimiz Aydın Məmmədovun xatirəsini əziz tuturuq və o, bizim ürəyimizdə, yaddaşımızdadır.

Keçən il Kiş kəndinə getmişdim. Afaq Məsudla birgə Aydın Məmmədovun qəbrini ziyarət etdik, çox kövrək və fərqli duyğular yaşadım. Sağlığında olduğu kimi, indi də daşdan boylanan gözləri yenə yol çəkirdi... O qədər söz, hiss, arzu, ümid var idi ki o yolda... Biz o yolun adamlarıyıq...

Ruhun şad olsun, sözü, özü böyük insan. Yaxşı ki, səninlə görüşmək və səni tanımaq qismətimə düşdü, Aydın Adam".

 

lll

 

Zakir Fəxri, şair: "Aydın Məmmədovla sıx münasibətimiz Tərcümə Mərkəzi yaranandan sonra başlayıb. Həmin mərkəzin rəhbəri olsa da, o, özünü heç kimdən uca tutmurdu, rəhbər olduğunu hiss etdirmirdi. Çox səmimi, hər kəsin yerini bilən, son dərəcə duyğulu, kövrək bir insan idi. Humanistliyi, uzaqgörənliyi ilə Aydın çox gözəl kollektiv yaratmışdı. Həmişə deyirdi, bağışlamaq kiçiklik deyil, elə olsaydı, Allah bu qədər böyük olmazdı. Aydın göylərə bağlı adam idi. Ədəbiyyatı, tarixi, türkologiyanı gözəl bilirdi. Bütün danışığı, hərəkətləri məntiqə uyğun idi.

Bir dəfə "Gülnarə" kafesində idik - Aydın Məmmədov idi, Aqil Abbas idi, Rəşad Məcid idi, mən idim və bir neçə işçimiz var idi. Aydın dedi ki, öləndə məni Zakir basdıracaq, ancaq deyəcək ki, bu da ölməyə vaxt tapdı də. Onun sözü elə həqiqətə çevrildi ki... Bu söhbətin üstündən bir müddət keçdi. Bir dəfə "İnturist"də toydaydım, rəhmətlik Səxavət Məmmədov toyu aparırdı. Onun "Segah"ına heç nə çatmırdı. Dedim, Səxavət, bir "Segah" oxu... "Segah"ın gözəl yerində məni çağırdılar, yarıda çölə çıxdım. Bircə kəlmə dedilər: "Aydın..." Ardını gətirmədilər... Şok vəziyyətdə idim. Dedim, bu da ölməyə vaxt tapdı də, "Segah"ın bu yerində... Sanki ölümünü hiss eləmişdi...

Şuşada helikopter qəzaya düşəndə Aydın Məmmədov ordan sağ-salamat çıxdı. İşə gələndə dedi ki, cibimdə balaca "Quran" kitabı var, vertolyot vurulub yerə düşəndə düşündüm ki, görən, ölüm nə təhər olur? Dedi, "Quran"ı əlimdə bərk-bərk sıxdım, ölmədim, sağ qaldım... Üstündən bir müddət keçəndən sonra Aydın avtomobil qəzasında dünyasını dəyişdi. Görünür, qisməti belə imiş... Aydın haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Elə bir gün olmur ki, Aydın yadıma düşməsin. O, mənim üçün canlı xatirədir. Dərgahı nurlu olsun..."

lll

Akif Əhmədgil, şair: "Aydın Məmmədov mənim taleyimdə xüsusi rol oynayan, dönüş nöqtəsi olan böyük şəxsiyyətlərdən biridir. Bir sıra istedadlı yazıçı, şair, tərcüməçiləri ilə yanaşı, ötən əsrin 80-ci illərinin sonunda yaradılan Tərcümə Mərkəzinə məni də dəvət etmişdi. Özünün təbirincə desək, Tərcümə Mərkəzi yeni bir məktəb idi, respublikanın tərcümə siyasətini müəyyənləşdirən amil idi. "Tərcümə siyasəti" ifadəsi Aydın Məmmədova məxsusdur. Ədəbi əlaqələrin genişlənməsində də həmin Tərcümə Mərkəzi xüsusi rol oynayıb. Aydın Məmmədov o vaxt Oljas Süleymenovun şeirlərinin tərcüməsini mənə tapşırmışdı. O şeirlərə görə mənə yüksək qonorar yazmışdı. Həmin qonorarla rəhmətlik yoldaşıma nişan üzüyü aldım və kənddə özümə toy elədim.

Yaxşı xatırlayıram, 1986-cı ilin dekabrında Qazaxıstanda iğtişaşlar başlamışdı. Ondan bir qədər sonra Aydın Məmmədov məni Almataya ezam elədi. İndi bunları danışmaq asandır, amma o zaman bu, çox təhlükəli idi. Aydın Məmmədov bu cəsarəti özündə tapmışdı. Oljas Süleymenov təqib altında idi. O, Aydın Məmmədova görə məni xüsusi hörmətlə qarşıladı.

Aydın Məmmədov "türk" sözünü işlətməyin, türkçülük ideyalarını yaymağın təhlükəli olduğu dövrdə "Sovetskaya türkologiya" jurnalının baş redaktoru idi. Hərdən düşünürəm ki, Aydın Məmmədovun həmin jurnalda yayımlanan elmi məqalələrini toplayıb kitab halında çap etdirmək lazımdır, bu, çox vacibdir.

Aydın Məmmədov həm də böyük ictimai xadim idi. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da xalq hərəkatı başlanmışdı, müstəqillik ərəfəsində idi. O zaman Aydın Məmmədov siyasətə yeni termin gətirmişdi: "orta müxalifət". Bu ifadə bəziləri tərəfindən qəbul olunmurdu, başa düşülmürdü. Bu ifadə Avropadakı liberalizmə yaxın istiqamət idi.

Aydın Məmmədovun faciəli ölümündən sonra Xalq yazıçısı Afaq Məsud Tərcümə Mərkəzinin rəhbəri təyin edildi. Çox uğurlu təyinat idi. Çünki 90-cı illərin əvvəllərində siyasi hərc-mərclik mövcud idi, maliyyə böhranı yaşanırdı. Bu çətinliklərə baxmayaraq, Tərcümə Mərkəzi davam gətirdi, Aydın Məmmədovun başladığı işi Afaq Məsud davam etdirə bildi. Buna görə ona böyük təşəkkür düşür".

 

Nadir YALÇIN

525-ci qəzet.- 2024.-16 yanvar,№7.- S.10.