Aktrisanın şirin-acı həyat hekayəti  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 Mən bilirdim ki, onun mənə heç bir sevgisi yoxdur, yalnız nəşənin təsiri ilə bu fikrə gəlmişdir. Hiss etdim ki, o, yumşalmağa başlayır, bu vəziyyətdən istifadə edib dedim:

- Bir bacı kimi sənin hər bir istəyini yerinə yetirməyə çalışacağam. Sən mənə böyük qardaşım kimi göstəriş verə bilərsən.

Bu sözlər onu tamam qəribə, xoş münasibət sahibinə çevirdi. Ona görə də bir qədər fikrə daldıqdan sonra dedi:

- Sən bilirsən ki, mən qonşu aptekdən özümə lazım olan dərmanlar alıram. Çox vaxt pulum olmur. Aptekçi də mənə onları baha satır. Onu tanıyırsansa, yəqin, sənə ucuz verər, o dərmanlardan al, mənə ver. Axı mən sənin qardaşın hesab olunuram.

Bu sözlərdən sonra mənim əvvəlki qorxum azaldı, görünür, İmamverdi bəlkə də, mülayim xasiyyətli bir insan imiş, hər halda, mənə yazığı gəldiyini hiss etdim.

Aptek sahibi mənim gənc qız fazasına keçməyimi nəzərdən qaçırmırdı, mənə daim müştəri gözü ilə baxırdı, yaxından tanış olmaq, sonra bu münasibətləri dərinləşdirmək istəməsi də mənə az-çox məlum idi. Ona görə də onun yanına xahişə getməli oldum.

Arzusuna uyğun olaraq, bu adam mənə çoxdan göz qoyurmuş, adətən mənim fiqurama yönələn şəhvət ifadə edən baxışlarını da gizlətmək istəmirdi. Mən onun bu zəifliyindən istifadə etmək qərarına gəldim. Öz müştərilərinə İrandan gətirilən narkotik satırdı. Aptek sahibinin kabinetinə yollandım və qadağan olunmuş narkotikin ucuzunu mənə satmağı xahiş etdim. O, apteki işlətməklə yanaşı, narkotik alveri ilə də məşğul olurdu. İranla möhkəm əlaqə yaratmışdı. Ona narkoman tələbə qızlar da müraciət etdiyindən, mənim xahişimə təəccüblənmədi. Mən onun şübhəsini dağıtdım, bildirdim ki, təhlükəni özümdən uzaqlaşdırmaq üçün bunu kiməsə verməliyəm. O, şadlandı və yarı qiymətinə mənə ucuz narkotik satdı.

Mənim tez reaksiya verməyimdən qonşumuz razı qaldı və mən müvəqqəti də olsa, inandım ki, o, hələlik mənə pis münasibət bəsləməyəcəkdir. Bir-iki ay sonra mən yenə ona aldığım dərmanı verdim. Sonra o, mənə heroin gətirməyi əmr etdi. Aptek sahibi mənim vəziyyətimi anlayıb, böyük güzəştlə narkotiki mənə satdı.

İmamverdi yenə çox razı qaldı, ünvanıma aləmindəki tərifli sözlərdən bir neçəsini dedi. Mən zəhmətimlə qazandığım azacıq pulların bir hissəsini ona xərcləyirdim və bunun nə vaxt başa çatacağını bilmirdim.

Bədbəxtlikdən, bəlkə də, mənə qismət olan xoşbəxtlikdən bir gün eşitdim ki, ona xas olan huşsuz bir vəziyyətdə ehtiyatsız qaydada küçəni keçərkən, onu maşın vurmuş, xəstəxanaya çatdırılandan sonra ölmüşdür.

Beləliklə, mən ona töycü vermək bəlasından xilas ola bildim. Narkotikin təsiri altında nə vaxtsa onun mənə olan münasibəti dəyişə bilərdi və o, mənə hər cür xətər toxundurmaqdan da çəkinməzdi.

 

Real səhnədə ilk addımlar

Universiteti bitirdikdən sonra bir teatr truppası məni təhsilimə uyğun olaraq rejissor yox, aktyor götürdü. Mən burada müxtəlif səpkili rolları oynamağa başladım.

Teatr sənətində göstərilən hadisəni mahiyyətcə inandırıcı etmək üçün mimikadan geniş istifadə edilir və mən bu sahədə özümü zəif hesab etmirəm. Həm də teatrın tarixində ənənələr mühüm rol oynayır, bəlkə də bizim teatr üçün bu, sənətə kömək əvəzinə, onun geridə qalmasında, həmçinin digər arxaizm elementləri də əlavə olunmaqla, az rol oynamamışdır.

 Drama həmçinin oyun tələb edir, lakin dramada əhvalatı dekorasiya da şiddətləndirir. Tamaşaçını öz dediklərinə, hərəkətinə, düşüncələrinə və fikirlərinə inandırmaq üçün aktyor, ya aktrisa öz qabiliyyətindən istifadə edir. Aktyorun ifadələri tamaşaçıyla əvvəlki konsepsiyasını əlaqələndirir. Kobud səhnə hərəkətləri tamaşaçının bir hissəsini güldürsə də, pyesin təsir dərəcəsini azaldır. Lazım olmayan, bir vaxtlar bizim teatrın da xəstələndiyi qrotesk, şit pafos tamaşanın estetik təsirinə də mənfi təsir göstərir.

Vivyen Li, Alla Tarasova, Nərgiz, Elina Bıstritskaya, Sofiko Çiadreli və Hökumə Qurbanova yaradıcılığı isə tanış olduğumdan, kumir saydığım həmin aktrisalara bənzəməyə çalışırdım. Anlayırdım ki, kimisə təqlid etmək, ondan öyrənmək heç də onun səviyyəsinə yüksəlmək, əlçatmaz zirvələri fəth etmək demək deyildir. Azərbaycan teatrının kütləvi tamaşaçısı həqiqi istedad sahiblərindən, təcəssüm qabiliyyəti yüksək olanlardan daha çox şit gülüş ustalarına, bayağı, hay-küylü səhnə obrazlarının yaradıcılarına üstünlük verirdilər. Nə Kleopatra, nə də Culyetta rolu aktrisanı populyarlığa qovuşdurmamışdı, səhnədən süni gülüş paylayanlar, ucuz məişət dialoqlarının, kobud zarafatların sahibləri üstün qiymətləndirilirdi. Artistlər bir qayda olaraq oynadığı obrazların daxili dünyasına nüfuz etmək əvəzinə, göz-qaş oynatmaq yolu ilə, pafos və qrotesk yolu ilə tamaşaçının rəğbətini qazanırdı.

Mən bu teatrda yaranmış ümumi qaydadan kənara çıxa bilməsəm də, həmin üsluba xidmət etdiyimə görə özümü heç də bəyənmirdim. Ona görə də məzmunlu rollar oynamaq arzum ürəyimdə qalmaqda davam edirdi, melodramatik səhnədə isə uğurlu oyunum tamaşaçıların xoşuna gəlirdi. Mən məşhurlaşmağa başlamışdım, ancaq özümdən o qədər də razı deyildim. Açığı, könlümdən liderlik keçirdi. Çünki adətən kraliça bir nəfər olur. Teatrda bərabərlik pərdəsi altında kolxoz sistemini yaratmaq, diriltmək cəhdi yolverilməzdir. Teatr istedadlı insanlar məkanıdır, lakin istedad sahibləri arasında da böyük fərq vardır. Aktrisa var ki. daim böyük rolu oynamaq haqqında fikirləşir, rejissorun bir gün onu qiymətləndirəcəyini onillərlə gözləsə də, hansı rolla teatra gəlmişdisə, ona bənzər olan bir rolda da teatrı birdəfəlik tərk edir.

Teatr tamaşaçı üçündür

Teatr sosial ifadə vasitəsidir. XVII əsrdən başlayaraq teatr öz fəlsəfəsini ixtisar etməyə başladı, səhnədəki xarakterlər ətraf mühitdə olan adamların təsvir olunması düşüncəsini bağışlayırdı.

Teatr sənəti çox vaxt tamaşaçı cavabından, məsuliyyətindən asılı olur. Zal dolmayanda tamaşa təkcə pul deyil, teatr özü də həmçinin gücünü, öz nüfuzuna inamını itirir. Tamaşa yaxşı gedəndə tamaşaçılar kollektiv davranışda birləşərək, hər bir kəsi kütləyə tabe edir. Kütlə, fərd toplusu olaraq heç vaxt intellektual üzvlərin cəmi kimi rasional olmur və axırıncılar daha emosional olmaları ilə fərqlənirlər. Gülüş az qala epidemiya xarakteri daşıyır.

 Roma teatrı ilə yüksək teatr arasında başlıca fərq Roma teatrında heç bur dəqiq inandırmanın ifadə olunmaması idi. Roma qanunları olan XII Cədvəl qanunun da, yəhudilərin Tövratındakı "Deyteronomiya"sından fərqli olaraq, dinlə heç bir əlaqəsi olmamışdır, onu görkəmli hüquqşünaslar yaratmışdılar. Roma tamaşaları ancaq əyləndirmək məqsədini güdürdü. Tamaşalar üçün olan teatr binaları da ən möhtəşəm tikililət olmaqla, oturacaqlar hökmən mərmərdən olurdu. Belə teatrlara Roma imperiyasının hər yerində - İtaliyada, İspaniyada, Yunanıstanda, Kiçik Asiyanın və Şimali Afrikanın qədim iri şəhərlərində indi də rast gəlmək olur və bunlar Qədim Romanın teatra necə böyük diqqət verdiyini göstərir. Roma respublikası, Avqustdan sonra isə Roma imperiyası tabeliyində olan əyalətlərə istismarla, iqtisadi inkişafla yanaşı, həm də mədəniyyət gətirirdi.

Təəssüf ki, artistlər bəzən saxtalıqdan xəbər verən oyunları ilə tamaşaçıların da zövqünü korlamaqda davam edirlər. Rejissorların köhnə ənənəyə sədaqəti, yeni quruluş forması tapa bilməmələri, teatrların deqradasiyasına səbəb olurdu. Son illər ərzində elə bir yüksək tamaşanın yaranmasını, səhnəni zəbt etdiyini təsdiq etmək çətin bir işdir. Kütləvi tamaşaçı arasında savadsızlıq, dünyagörüş səviyyəsi aşağı olanlar da az deyildir. Onlar adətən teatra düşünmək üçün deyil, mədəni aləmdə nə baş verdiyindən hali olmaq üçün və bir də özlərini göstərmək üçün gəlirlər. Onlar burada təhsil alır, həm də hər şit zarafata, hərəkətə gülüb, onlardan həzz alırlar.

Tbilisinin iki teatrı - K.Marcanaşvili və Ş.Rustaveli teatrları isə "Çar Edip", "Kral Lir" kimi səhnə şedevrləri yaradıb, antik teatrı bərpa etmək kimi çətin işə girişdiyi halda, bizdə aşağı səviyyəli məişət hadisələri və obrazları qınaq əvəzinə, tərif ünvanına çevrilirdi. Bizim teatrlar Türkiyə tamaşaçılarının alqışlarını qazandıqlarna görə öyünürdülər, qardaş ölkədə isə teatr sənəti heç də nümunəvi sayıla bilməzdi.

Bizim teatrlar Türkiyəyə yollanıb, uğur qazanır, elə bir dəyəri olmayan ödül almaqları ilə sevinirdilər, oraların öz teatrları isə xarici ölkə tamaşaçıları qarşısında çıxış etmələri ilə öyünə bilməzdi.

Mən özlüyümdə çox şeyə nail ola bilmədiyimi düşünsəm də, getdikcə populyarlaşır və tamaşaçı sevgisini qazanırdım. Mənim haqqımda televiziya verilişləri gedir, mənim yaradıcılığım barədə müsahibələrə çağırırdılar.

Səhnə oyunum, çox sayda obraz yaradıcılığım deyəsən, tamaşaçıların xoşuna gəlirdi. Mən heç də bir məşhur aktrisa kimi salto-mortale etməklə tamaşaçı rəğbətini qazanmamışdım, ancaq dərin psixoloji obrazlar yaratmağımla da öyünə bilməzdim. Aktrisaların aşağı səviyyəsinə, azacıq uğurdan sonra onların şıltaqlıqlarına adət etmiş rejissorlar da mənim tapıntılarımın çoxunu bəyənmədiklərini bildirirdilər. Belə vaxtların birində mən teatrdan getməyi qərara aldım. Mən gedəndən sonra çoxları mənim rollarıma göz dikmişdi, baş rejissor isə elan etmişdi ki, heç kəs nəyisə gözləməsin, onun yeri daim boş qalacaqdır. Xəbərdarlıq mənim getməyimə sevinənləri pərt vəziyyətinə salmaqla yanaşı, həm də necə olursa olsun, mənim doğma truppaya qayıdacağım barədə məni sevənlərdə möhkəm ümid yaratmışdı və bu, belə də oldu. Qayıtmağım əvvəlki mövqeyimi daha da məhkəmləndirdi. Hamı başa düşdü ki, kraliça şikayət etmir, kraliça qarşısında diz çökürlər.

Bir rolumun ölçüsüz zəfəri

Bir dəfə hansısa ortabab bir pyesdə mənə narkoman qız obrazını yaratmağı tapşırmışdılar. Rejissor mənə çox sayda məsləhətlər verirdi, oyunumda onun məsləhətlərinə əməl etmədiyimi görüb, narazı qalır, mənə özfəaliyyətdən uzaqlaşmağı, onun obraza verdiyi qaydada oynamağı tələb edirdi. Mən isə onlarla razılaşmır, özüm bildiyim kimi oynayırdım. Tamaşanın hazırlığı ləng gedirdi, bunun da günahını rejissorun dəst-xəttinə məhəl qoymadığıma görə məndə görürdülər.

Oyunumdan narazı qalan rejissor bir dəfə mənə dedi ki, belə davam etsə, biz rolu başqasına tapşırmalı olacağıq. Fikir ayrılığı ucbatından pyesin fabulası öz həllini tapmır və pyesin səhnə həlli qeyri-müəyyənlik təhlükəsi altında qalır. Bu, əvvəlcədən tamaşanın uğursuzluğu deməkdir, biz biabır ola bilərik. Mən özümdə cəsarət tapıb, rejissora etirazımı bildirdim və ona dedim ki, siz yəqin, narkomanları yaxşı tanımadığınızdan, onların davranışı, düşüncə tərzi barədə əslində səhv göstərişlər verirsiniz. Sizdən fərqli olaraq, mən narkomanlar dünyasını yaxşı tanıyıram, onların mühiti ilə yaxın təmasda olmuşam. Onların həyatıma qarşı törətdikləri təhlükə altında yaşamağa məcbur olmuşam və taleyimiin mənə yazığı gələrək, həmin iyrənc aləmə daxil olmamış və təsadüflər məni onların iyrənc mühitindən uzaqlaşdırmışdı.

 

  (Ardı var)  

 

Telman ORUCOV

525-ci qəzet.- 2024.- 17 yanvar,№8.- S.14.