"Su pərisi"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Şəfa Dadaşovadır.
Onunla tanınmış rus rəssamı Andrey Alekseyeviç
Şışkinin "Su pərisi" əsərindən
danışmışıq.
Andrey Alekseyeviç Şışkin 1960-cı ildə
Moskvada anadan olub. Şışkin yaradıcılıq
dövründə gözəlliyi, xarakteri, insan ruhunun dərinliyini
göstərən yüzlərlə portret çəkib. Rəssam
orijinal portretlərlə bərabər, mənzərə,
natürmort, janr rəngkarlığı ilə də məşhur
olub. Onun əsərlərində slavyan tarixi, mifologiyası,
büdpərəstlik politeizmi, dastanlar xüsusi yer tutur. Rəssam
sifarişlə işləyir və əsərlərini
internet vasitəsilə satır. Andrey Şışkinin əsl
çağırışı real akademik rəsmdir.
- Şəfa xanım, "Su pərisi" kimi klassik
bir mövzudan danışırıqsa, mifoloji detallardan
başlamaq daha maraqlı olar. Ümumiyyətlə, rəssamlıq
tarixində bu obraz necə mənalandırılır?
- Uzun əsrlər boyu su pərisi təsvirləri rəssamların
təxəyyülündə xüsusi yer tutub və onlardan bəziləri
öz rəsmlərini bu varlıqlara həsr edərək
şedevrlər yaradıblar. Bu mifik varlıqlar müxtəlif
mədəniyyətlərdə fərqli obrazlara malikdir. Qərb
mifologiyasında onlar nəhəng balıq, uzunsaçlı,
ecazkar səsə malik, dənizçiləri şirnikləndirərək
dənizə aparan gözəllərdir. Slavyan
mifologiyasında isə su pərisi yazın
başlanğıcında çaylardan və göllərdən
çıxan, sulara, meşələrə, tarlalara sahib
olduğuna inanılan varlıqlar idi. Slavyanların təfəkküründə
su pəriləri evlənməzdən əvvəl intihar edən
qızlar, vəftiz olunmayanlar, valideynləri tərəfindən
lənətlənən uşaqların ruhlarıdır.
Slavyan mifologiyasında bu varlıqlar solğun dərili,
qeyri-mütənasib uzun qolları olan, yaşımtıl
saçlara malik qızlar idi. Müasir rus rəssamı Andrey
Şışkinin sözügedən əsəri
tamaşaçıya gölün kənarında romantik gecə
mənzərəsini göstərir. İki cazibədar su pərisi
yaraşıqlı bir gənci özləri ilə aparmağa
çalışır. Bu tabloda təbiət baş rolda yer
alır. Məkanımız göldür. Emosional anların və
romantikanın ən mühüm vasitələrindən biri olan
ayın işığı, gölün üzərində əks
olunaraq parıltı yaradıb. Su pəriləri sanki təbiətlə
bütünlük təşkil edir.
- Əsərin rəng həlli necədir?
- Rəssamın əsərləri boş və mənasız
parlaqlıqdan məhrumdur. Tablodakı rənglərin ahəngi
təsvir olunan süjetin mənasını və dərinliyini
qiymətləndirməyə kömək edir. Su pərilərinin
saçlarında çəhrayı gül çələngləri
var. Buradakı detallar dərin rəmzi məna ifadə edir.
Gölün üzərində nilufər çiçəkləri
və yarpaqları işlənilib. Bəyaz nilufərlər
saflıq və məsumiyyəti təmsil edir. Bu bitki həm də
buddist mədəniyyəti ilə əlaqələndirilir.
Daha çox etnoqrafik xüsusiyyətləri gəncin geyimində
tapmaq olar. Şərq slavyanlarına aid dizə qədər zərif
işləməli alt geyimi, tünd rəngli,
qızılı naxışlanmış daha universal xarakterdə
isə üst geyimi təsvir olunub.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Kompozisiyanın ön planında - gölün
sahilində bədəninin yarısı gölün üzərində
olan su pərilərindən birinin fiquru tam təsvir olunub. Rəssam
mavi gözlü, dik buruna malik, sarışın, uzun
saçları olan, füsunkar qadın obrazı yaradıb. Su
pərisinin əynində çiyinlərindən
sürüşüb düşmüş bəyaz paltar var.
O, əllərini gəncə doğru uzadaraq ardınca getməyə
razı salmaq istəyir. Digər su pərisi isə sanki
qızın dediklərini təsdiqləyir. Su pərilərinin
qarşısında dayanan, sol əli ilə gölə
yıxılmamaq üçün bitkinin budağından
yapışan yaraşıqlı gəncin qısa,
dalğalı saçları alından baş bandı ilə
bağlanıb. Digər əlini bükmüş vəziyyətdə
önə doğru uzadıb. Cavan oğlan sanki su pəriləri
ilə gedib-getməmək arasında qərarsız qalaraq tərəddüdlə
onları dinləyir. Rəsmin ön və arxa planı
yaşıl bitki örtüyü ilə işlənib. Su pərilərinin
bədəninin bir hissəsi suyun içərisində
görünmür. Rəssam burada yaşıl rəngin
açıq və tünd tonlarından istifadə edib. Əsər
realizm üslubunda işlənilib. Rəsmdə işıq və
kölgədən ustalıqla istifadə olunub.
- Tablo hazırda harada saxlanılır?
- Ölçüləri 60x80 sm olan, yağlı boya
ilə kətan üzərində sifariş əsasında
işlənilmiş bu əsər hazırda şəxsi
kolleksiyada saxlanılır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Bəzi xalqlarda su pərilərinin gənc və
gözəl olduqlarına inanılırdı. Digərləri
isə onların yaşlı, çirkin qadınlara bənzədiyini
düşünürdü. Bütün bu miflərə
baxmayaraq, Andrey Şışkin su pərisini çox gözəl
qadın obrazında təsvir edib. Amma onlar heç də məsum
deyil. Əgər o gənc su pərilərinə inanıb
onların arxasınca getsə, bədbəxt qurbanlardan birinə
çevriləcək.
Aytac SAHƏD
525-ci qəzet.- 2024.- 17 yanvar,№8.- S.13.