COP-29-un Azərbaycanda
keçirilməsi müstəsna əhəmiyyət
daşıyır
Ermənistanın işğal etdiyi ərazilərdə
törətdiyi ekoloji cinayətlərin miqyası
ölçüyəgəlməz dərəcədə
böyükdür. İşğalçının
basdırdığı minalar təkcə insanlara deyil, həm
də ətraf mühitə, flora və faunaya çox ciddi
ziyan vurur, təbiəti təhdid edir, inkişafı ləngidir.
Mina təhlükəsi bitkilərə, ətraf
mühitə qarşı terrordur və bu gün də davam
edir. Qarabağ və Şərqi Zəngəzurda 1,5 milyondan
çox mina və hərbi sursatın partlamamış şəkildə
mövcud olması ehtimal edilir. Çox təəssüf ki,
işğalın nəticəsi olaraq Azərbaycan dünyada
mina ilə ən çox çirklənmiş ölkələrdən
biridir.
2020-ci ildə erməni işgalından azad edilmiş
və 2023-cü ildə Ermənistan Respublikasının
silahlı qüvvələrinin qalıqlarından, qeyri-qanuni
silahlı dəstələrdən təmizlənməklə
Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya
quruluşunun bərpa olunduğu ərazilərdə (əkilmiş)
basdırılmış mina xəritələrinin Ermənistan
tərəfindən ölkəmizə təhvil verilməsi ən
aktual və zəruri olan bir işdir, təəssüf ki, buna
məhəl qoyulmur.
Ermənistanın mina terroru canlı təbiətimiz,
nəsli kəsilməkdə olan heyvanlar üçün də
çox böyük təhlükə mənbəyidir.
Məhv olmuş Bəsitçay Dövlət
Qoruğunun fəaliyyətinin təşkili ilə
bağlı tədbirlər haqqında Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli Sərəncamının
icrası ilə bağlı qoruğun sanitariya-mühafizə
zonası müəyyənləşdirilib, əsasnamə və
xəritəsi təsdiq olunub, qoruq ərazisində bioloji
müxtəliflik komponentlərinin öyrənilməsi nəzarətə
götürülüb. İşğal zamanı 107 hektar sahəsi
olan təbiət qoruğunun ərazisinin yarısında Şərq
çinarları və digər ağaclar məhv edilib,
ümumilikdə flora və faunaya külli miqdarda ziyan vurulub.
Bəsitçay və Qaragöl Dövlət Təbiət
qoruqlarında, eləcə də Qubadlı, Laçın və
Daşaltı Təbiət yataqlarında bioloji müxtəlifliyin
və ekosistemin bərpası uzunmüddətli prosesdir.
Respublikamızda 140 su anbarı mövcuddur. Onların
su həcmi 21,9 milyard kubmetr təşkil edir. Bu anbarlar ölkənin
əkinçilik təsərrüfatında böyük əhəmiyyətə
malikdir. Həmin su anbarlarından biri 1964-cü ildə
Xaçınçay üzərində qurulub. Uzunluğu 940
m, tutumu isə 23 min kub metr olan anbarın suyundan
işğaldan əvvəl Ağdam şəhəri və ətraf
yaşayış məntəqələrinin su
ehtiyacının ödənilməsi üçün istifadə
edilirdi.
Rayonun 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri
tərəfindən işğalı nəticəsində su
anbarlarından 27 il istifadə etmək mümkün
olmayıb. Bu müddət ərzində istifadəsiz qalan
anbarlarda heç bir təmir-bərpa işi aparılmayıb.
2020-ci ilin sonunda 44 günlük müharibədəki
böyük qələbədən sonra rayonun ərazisi
düşmən tapdağından azad edildi, az müddət
sonra erməni ordusunun qalıqlarının yerləşdiyi Fərrux
yüksəkliyini də ordumuz nəzarətə
götürdü, bununla da Xaçınçay su anbarı
Azərbaycanın nəzarətinə keçmiş oldu.
Bununla həm də ermənilərin Azərbaycana qarşı
su terrorunun qarşısı alındı.
Biz Ümumdünya Təbiəti Mühafizə Fonduna
və onun rəhbərliyinə müraciət edərək
onları Ermənistanın bu qəddar hərəkətlərini
pisləməyə, durdurmağa çağırırıq!
Dəqiq mina xəritələrinin Azərbaycan
dövlətinə təhvil verilməsində təşkilatın
əvəzsiz töhfəsi ola bilər və bu, Cənubi
Qafqazın təbiətini xilas edər. Biz heç bir
canlının, o cümlədən, heyvanların bundan sonra
mina qurbanı olmasını istəmirik.
Qarabağ iqtisadi zonasında olan Oxutçay, Köndələnçay,
Qorçuçay, Çərəkan çay, Qarqarçay,
Qaraçay, Qabartı çayı və bütövlükdə
bütün çay və çay yataqları ekoloji terrorun
qurbanı olub, suyu qurudularaq, məcraları dəyişdirilib.
Çaylara piyada əleyhinə minalar axıdılıb ki, bu
da çayın mənsəbində yaşayan dinc əhali
üçün çox böyük fəsadlar törədir,
insan itkisinə səbəb olur. Eyni taleyi Sərsəng,
Suqovuşan, Xaçınçay su anbarları da
yaşayıb.
Qarabağın dilbər guşəsi olan
Ağdamın ərazi, bitki örtüyü, meşə
massivləri, su hövzələri, hətta kəhrizləri,
(təqribən 97) və quru ərazi - şəhər və
kəndlər o dərəcədə dağılıb, viran
qoyulub ki, "Qafqazın Hirosiması" adını
alıb, "Ruhlar şəhəri"
adlandırılıb.
Son iki ildə Xaçınçayda ciddi restovrasiya
işləri görülüb. 2022-ci ildə möhtərəm
Prezident İlham Əliyevin Ağdama növbəti səfəri
zamanı təmirdən çıxan su anbarı istismara
verilib. Xaçınçay su anbarının 7 kilometr
uzunluğunda kanalla birlikdə təmiri və bərpası
aparılıb.
Hələ Azərbaycan hökuməti tərəfindən
1964-cü ildə istismara verilən anbar sovetlər
dövründə meliorasiya məqsədi üçün
istifadə edilir, eyni zamanda bu anbar vasitəsilə Ağdam
şəhəri və şəhərətrafı
yaşayış məntəqələrinin su ehtiyacı
ödənilirdi.
Məlumdur ki, Azərbaycan su resursları az olan ölkələrdəndir.
Hesab edirik ki, belə bir vaxtda Sərsəng, Suqovuşan,
Xaçınçay kimi iritutumlu anbarlarının nəzarətimizə
keçməsi, yenidən istismara verilməsi olduqca əhəmiyyətlidir.
Cənab Prezident tərəfindən 2024-cü il
"Yaşıl dünya naminə həmrəylik ili" elan
olunub ki, bu da ölkəmizin geosiyasi və geostrateji
mövqeyinin daha da möhkəmləndirəcək.
Görünən və görünməyən bu qədər
təhlükəyə baxmayaraq, Böyük Zəfərimizin
Memarı Müzəffər Ali Baş Komandan İlham
Əliyev işğaldan azad olunmuş ərazilərimizə
çoxlu sayda səfərlər edir, quruculuq və bərpa
işlərinə rəhbərliyi, hətta öz ad
gününü orada qeyd etməklə, şəxsən həyata
keçirir.
Bu görülən irimiqyaslı işlərin
davamı kimi onu da qeyd edək ki, BMT-nin iqlim dəyişiklikləri
üzrə Çərçivə Konvensiyası insanın
iqlim sisteminə təhlükəli müdaxiləsinin
qarşısını almaq məqsədi daşıyır.
1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində əsası
qoyulan "Tərəflər Konfransı" kimi nəhəng,
198 üzv dövləti özündə birləşdirən
COP-29-un ölkəmizdə keçirilmə qərarı Azərbaycan
rəhbərinin müstəsna əməyinin nəticəsidir.
Hər il keçirilən, ilk dəfə 1995-ci ilin
martında Berlində təşkil olunan COP-un katibliyi Bonn
şəhərində yerləşir. Bütün
böyük dövlətlər bu tədbirə ev sahibliyi etməyə
çalışır.
Bu tədbirin ölkəmizdə keçirilmə qərarının
müstəsna əhəmiyyəti olacaq. Dünyanın hər
yerindən gələcək 70-80 min qonaq, əminəm ki,
işğaldan azad edilmiş ərazilərimizlə
yaxından tanış olacaqlar. Bu həm də turizmin
inkişafına təkan verəcək.
Bəxtiyar İSKƏNDƏROV
Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik
Ağentliyi Ekologiya İnstitutunun Ekoloji tədqiqatlar və
elmi araşdırmalar şöbəsinin rəis müavini
525-ci qəzet.- 2024.- 17 yanvar,№8.- S.6.