"Həyat duyumun,
duyğuların şeiridi..."
Rəşid Faxralını 1993-cü ilin mayından
tanıyıram. Onda Zəngilanda alay komandirinin arxa cəbhə
üzrə müavini vəzifəsində xidmət edirdim.
Müdafiə Nazirliyi Sənədli Filmlər Kino-tele
Studiyasının əməkdaşları - Seyidağa
Mövsümlü, Etibar Şirin, bir də Rəşid
Faxralı rayonumuza ezamiyyətə gəlmişdilər.
Mövqelərdə olduq, döyüşçülərlə
söhbətləşdilər. Onda Rəşidin söhbətləri
də, arada dediyi şeir misraları, bəndlər də Zəngilanı
qoruyanların ruhuna sarılırdı. Bartazda da,
Şüküratazda da, Kolluda da, Sobuda da bu gözəl
ünsiyyət hamımızı duyğulandırırdı.
Rəşid zəngilanlıların, Zəngilanı müdafiə
edənlərin adından Zəgilana xitabən deyirdi: "Sənsiz
qalsam damarımda donar qanım, Zəngilanım!" Bu
şeir sonralar "Zəngilan" sənədli filmində səslənmişdi,
Aydın Ağasiyev bəstələmişdi.
Zəngilanda təxribat törətmək, zəngilanlıları
Zəngilandan köçməyə vadar etmək istəyirdilər.
O ağır vaxtlarda Rəşid Faxralı da Zəngilandaydı.
Gedən köçləri, gedən köçlərin
qarşısını kəsənləri görəndə Rəşidin
necə kövrəldiyini də gördüm, o kövrəklik
içində bədahətən dediyi şeiri də
eşitdim: Ağlar günə qalıbsan, Ağla, Rəşid
Faxralı. Bu şeir bütün zəngilanlıların əzbərindəydi...
Alatoranda Oxçu çayıyla kəlmələşdiyini
də görmüşdüm, gecənin bir aləmində
düşmənlə üzbəüz mövqelərdə
başını döyüşçülərdən
birinin çiyninə söykəyib mürgülədiyini də,
Mahrızlıda (Qubadlının işğalından sonra
düşmənin Zəngilana gözlənilən hücumunun
qarşısını almaq üçün Zəngilan
alayı Qubadlı ərazisində də döyüş
postları qurmuşdu) düşmənin qəfil həmləsinin
qarşısı alındıqdan sonra Baloğlanı
bağrına basdığını da, sevincindən, qürrədən
necə kövrəldiyini də...
Zəngilan mühasirədə olanda da gəlmişdilər,
helikopterlə İran ərazisindən keçməklə gəlmişdilər.
Alay komandiri, polkovnik Firidun Şabanov onları - Seyidağayla Rəşidi
qaytarmaq istəmişdi, qayıtmamışdılar, Zəngilanın
son anına kimi zəngilanlılarla nəfəs-nəfəsə
olmuşdular. Onlar da mühasirədən Arazı keçməklə
qurtulmuşdular. Üç gün sonra "Azərbaycan
Ordusu" qəzetində Rəşid Faxralıının bir
məqaləsi dərc olundu: "Arazı mən də
keçdim ürəyimdə dərd yükü". Bu məqaləni
zəngilanlılar Zəngilanın taleyinə SÖZ təəssüfü
kimi oxudular, hamı məqalə müəllifinin - Rəşid
Faxralının ürəyinin genişliyini düşüncələrinin
haləsi bilmişdi...
Rəşid Faxralı hələ Gürcüstanda
yaşayanda da, Bolnisi "Qələbə bayrağı"
rayon qəzetinin redaktoru olanda da düşüncələrində
bir müqəddəslik dolaşırdı: Vətən. Rəşid
üçün Vətən anlamı "Qırmızı
körpü"ylə sərhədlənmir. "Vətənin
o başı, bu başı olmur" düşün-cəsiylə
yaşayır Rəşid. "İnşaatçı" qəzetində
işləyəndə, 1991-ci ildə Xocalıdan
yazdığı məqalədə də, Şuşadan
yazdığı essedə də, "Ədalət" qəzetində
yazdığı publisistik məqalələrdə də
("Torpaq", "Fərarilik", "İnam" və
s.) vətənsevərliyin cəfakeşi olub. Ümumiyyətlə,
Rəşid Faxralının jurnalistika
yaradıcılığı vətənpərvərliyin
publisistikasıdır desək, daha ədalətli olar. Onun
"Zaman, biz və kişiliyimiz", "Goranboy əməliyyatı"
(Mehman Süleymanovla birlikdə), "Ömür
düsturu", "Səngərdən əbədiyyətə",
"Lələtəpə", "Bayraqtəpə",
"Əsgər nəfəsi", "Salam, ruhumuzun şəhəri
Şuşam!", ...kitabları Rəşid Faxralının
vətənsevərlik fəlsəfəsinin mətbu ifadəsidir.
"Əsgər nəfəsi" kitabı tarixi Zəfərin
bir illiyinə həsr olunub. Məqalələr "Azərbaycan
Ordusu" qəzetində dərc olunmuş məqalələrdir.
Hamısının sonunda dərc tarixi göstərilib.
Qürurlanırsan, fərəhlənirsən ki, jurnalist olaraq
Rəşid Faxralı işğal müddətində Azərbaycan
əsgərinin döyüş əzminin, qələbə
ruhunun ruh qardaşı olub. Nə yazırdı Rəşid?
- "Əsgər ürəyindən başlanır Vətən!",
"Səngər müvəqqəti dayanacaqdı,
Böyük Qələbənin yolları üstə!"
"Bu həsrətin son nəfəsi - Qələbə!",
"Şuşaya aparan yollar görünür", "Bir
ovuc torpaq da Vətəndi"... Bu məqalələr
ayrılıqda Azərbaycan əsgərinin düşüncələrinin
ruh sirdaşı olmuşdu. Mən Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Hərbi Akademiyasında (indiki
Hərbi İdarəetmə İnstitutunda) işləyəndə
akademiyada təhsil alan yüksək rütbəli zabitlər Rəşidin
məqalələrini Azərbaycan əsgərinin mənəvi-psixoloji
hazırlığında olduqca əhəmiyyətli hesab
etdiklərini bildirirdilər. Bu məqalələr
döyüş əzmini ovxarlayırdı, qələbə
ruhunun ruhuna dönürdü. Zabitlərdən biri demişdi
ki, "Şuşaya aparan yollar görünür" məqaləsini
oxuyan əsgər səngərdən döyüşməyə
çıxmağa can atırdı. Həmin məqaləni mən
də xatırlamışdım, bu söhbətdən sonra həmin
məqaləni bir də oxumuşdum: "...Lələtəpənin
sağından keçən yol bizi Cıdır düzündə
dayanıb Topxanaya baxacağım anlara aparacaq. Onda
Şuşanın dumanı çəkilmiş
dağlarına baxıb Şuşada şəhid
olanlarımızı xatırlayacam. Onların 1991-ci ilin
mayınacan keçdiyi cığırlara düşəcəm,
sonuncu səngərdən dövlət sərhədlərimizə
göz gəzdirəcəm. "Bu yollara-cığırlara
bir də yad ayağı dəyməyəcək! Bu
yollara-cığırlara yad nəfəsi toxunmayacaq!" -
düşünürəm. Bu düşüncələr Azərbaycan
əsgərinin inamıdır!.. Əsgərlərimizin ürəyindən
keçən bu yol bizi Şuşaya yetirəcək!
Şuşaya aparan yolda əsgərlərimizin iziycə
dizin-dizin gedərəm! Gedəcəm! Ruhumuzun yoludu bu yol!
Şuşaya aparan yollar görünür, əsgər
qardaşım!" Məqalə 2016-cı il iyunun 26-da dərc
olunub, Aprel döyüşlərindən az sonra. Jurnalist inamının
dönməzliyinə necə heyrətlənməyəsən,
bu dönməzliklə necə qürurlanmayasan! Bu, jurnalist Rəşid
Faxralının bizlərə - oxucularına
yaşatdığı qürurdur, Qələbədən
rişələnən qürurdur...
Rəşid Faxralı sözü sevə-sevə
sevdirir, bu sevgini vətəndaşlıq borcunun tərkib hissəsi
bilənlərin sırasında mən də varam. Rəşid
yazmışdı: "Sənə xidmət edirik, Vətən!
Əsgərlərin döyüş ruhunun, qələbə
ruhunun əsgəriyik - sənin əsgərinik, Vətən!
Yaxın vaxtlarda əsgərlərin Ali Baş Komandanın əmriylə
səngərləri sərhədlərimizə köçürəcək!.."
Məqalə 2018-ci il martın 16-da "Azərbaycan
Ordusu" qəzetində dərc olunub. Bu inamı da
SÖZün qüdrəti kimi oxumuşam, 6 il əvvəl
yazılsa da, 6 il əvvəl dərc olunsa da, SÖZdə,
jurnalistin Vətənə sevgisindən boy göstərən
inamını jurnalistikamızın təxəyyülü bilmişəm. Rəşid
Faxralının jurnalistika yaradıcılığı belə
yaradıcılıqdır...
Jurnalist Rəşid Faxralının fikir
dünyasını şair Rəşid Faxralımı davam
etdirir, yoxsa şair Rəşid Faxralının poetik
dünyasının söz yükünü jurnalist Rəşid
Faxralımı çəkir? Əsgərlərlə
görüşlərinin birində əsgərin "Jurnalist
Rəşid Faxralı, şair Rəşid Faxralı, zabit Rəşid
Faxralı. Hansını daha çox dəyərləndirirsiniz?"
Onda Rəşid cavab olaraq deyib ki, "Jurnalist Rəşid
Faxralı da, şair Rəşid Faxralı da, zabit Rəşid
Faxralı da vətəndaş Rəşid Faxralıya - Rəşid
Məmməd oğluna borcludur!" Gözəl suala gözəl
cavab çoxları kimi mənə də gözəl
könül xoşluğu vermişdi...
Rəşid Faxralı həm də şairdir. Onun məqalələrinin
poetikası da bununla bağlıdır. Neçə-neçə
şeirlər kitabının ("Gözümdə
hönkürür bir dəli sevda", "Könlüm cənnət
qapısıdı", "Ömrümün üç
nöqtəsi" və b.) müəllifidir, neçə-neçə
ədəbi mükafata layiq görülüb. Onun vətənpərvərlik
şeirləri də düşüncələrə
ünvanlanır. "Səngər yazı masamdı" deyən
Rəşid Faxralı var səsiylə "salam, əsgər
qardaşım!" deyir. Bu səmimiyyətlə
salamladığı əsgərə deyir ki:
Yayın yay günündə ruhuma yağan,
Ruhumu üşüdən qara bax!" deyir,
"Qopardıb atarıq qara bağları,
Qarabağ, Qarabağ, Qarabağ!" deyir
Dan üzü səngərdə yazılan şeir...
Şeir 2019-cu ilin noyabrında yazılıb. Bir beyt
şair ruhundan süzülən işıq kimi
görünür:
Tarixlər yazanın patrondaşıdı,
Dan üzü səngərdə yazılan şeir...
Rəşid Faxralının müxtəlif illərdə
İkinci Qarabağ müharibəsinə kimi yazdığı
və dərc etdirdiyi "Müharibə", "Savalandan
yellər əsə", "Min illərin duası" və
s. poemalarında da Vətənin müqəddəsliyinə
poetik ehtiram var, İkinci Qarabağ müharibəsində
qazanılmış tarixi Zəfərdən sonra
yazdığı "Torpağım bəsdi mənə",
"Salam, ruhumuzun şəhəri Şuşam", "Qələbəyə
salam olsun!", "Domokl qılıncı" və b.
poemaları da Vətənə sevginin poetikasıdır.
"Torpağım bəsdi mənə" poeması
Füzulinin işğaldan azad edilməsinə həsr olunub.
Qaçqın ana işğaldan sonra kəndlərindədir,
evinin görkəmi qəlbini qana döndərib. Bu, onun ruhunun
qəddini əyə bilmir:
Həyət mənim, öyüm yox,
Yerim budu, göyüm yox,
Divarımın daşları
Görün necə tökülüb,
Müxənnət əlləriylə
Çal-çəpərim sökülüb,
Daha qaçqın deyiləm,
Torpağım bəsdi mənə!..
Rəşid Faxralının "Gerçək
nağıllar" mənzuməsi də vətənpərvərliyin
poetik ifadəsi kimi oxunur: "...İki əsgər vardı -
Ziyəddin, Kəramət. Hərbi xidmətə eyni gündə
gəlmişdilər. İlk "salam-əleyk"dən bu
yana bir yerdəydilər. Eyni taqımda xidmət edirdilər,
çarpayıları yan-yanaydı. İkisi də torpaq
mehirliydi, ikisi də tariximizi yaxşı bilirdi. İkisi də
dürüst dostuydu. Yuxuları dolaşıq düşəndə
pıçıltıyla Başlıbel faciəsindən
danışırdılar, Qaradağlı faciəsindən
danışırdılar, Meşəli, Ağdaban, Xocalı
faciəsindən danışırdılar.
İşğalı sonlandırmaq üçün, Şəri
biryolluq yox eləmək üçün onlar da müharibə
istəyirdilər...
Müharibə başladı. Müharibə xalqın
müharibəsiydi. Bu iki dost Füzuli istiqamətində
döyüşürdü. Komandirləri ikisinə və daha
iki döyüşçüyə döyüşlə sol tərəfdən
düşmənin diqqətini yayındırmaq əmri
vermişdi. Həmin tərəfdə
döyüşürdülər...
Kəramətin avtomatı kirimişdi. Ziyəddin ona
sarı süründü. Sürünə-sürünə
onu səslədi. Kəramətin səsimi gəlmədi, Kəramət
onu eşidəmi bilmədi, hər nəyiydisə, Ziyəddinin
qəlbini gümanlar didişdirirdi. Bir də səslədi.
Güllə səsləri içində səssizlikdən
ürəyi sıxıldı. Güllələr
papağını sıyırdı. Dizi üstə
sürünə-sürünə dostuna yetişmək, onun
köməyinə çatmaq istədi...
Dostunun gəlişini duyan Kəramət azca dikəldi.
Elə bil gözlərinin işığı artdı. Dar
macalda həzin-həzin əsən meh ümidinin köynəyinə
döndü, göynəyinin məlhəminə. Dirsəklənmək
istədi. Ağrılar imkan vermədi. Canını dişinə
sıxıb döyüşlər gedən tərəfə
baxdı. Sonra - Ziyəddinə sarı. Gözləri
torlaşmışdı...
"Qayıt, döyüşə qayıt,
Döyüş - ömürdən ötə..."
-
Kəramətin səsindən
Bir döyüşçü istəyi
Dikəldi pərdə-pərdə...
Heç biri bilmədi ki,
Ömür tilsimə düşür
Ölüm gərnəşən yerdə...
"Kəramət!", - Ziyəddinin
Qəfil qırıldı səsi.
Sözünü bitirməyə
Çatmadı son nəfəsi.
Sinəsinə dəymişdi
Snayperin gülləsi.
Qaranlıqlar alınca
gözünün qarasını,
Sinəsiylə sarıdı
Şəhidin yarasını..."
Belə bir dəyərli yaradıcılığı
ilə tanınan jurnalist, şair Rəşid Faxralının
yanvarın 21-də 70 yaşı tamam olur. Bu yaş Rəşidin
təqvim yaşıdır, ruhunun yaşı deyil. Rəşid
Faxralının ruhu heç zaman qocalmayacaq. Özü
demişkən, Rəşid Faxralı yaşlaşacaq,
qocalmayacaq...
Düz deyirsən. Rəşid Faxralı, həyat
duyumun, duyğuların şeiridir...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2024.- 19 yanvar,№10.- S.14.