O SƏS YENƏ YÜKSƏLƏCƏK  

 

Anadan lal doğulmamış, amma sonradan dili tutulmuş, səsi batmış, illərlə söz deməyə həsrət qalmış birinin qəfilcə danışmağa başlamasının onun əzizlərini nə təhər riqqətə gətirməsini, necə sonsuz bir sevincə qərq eləməsini təsəvvür edin və onda inanacaqsınız ki, üzdən baxanda insanı kövrəldəcəyinə əsla güman gəlməyən sadə sözlər qəhərləndirə də, ağlada da bilərmiş. Həm də bir-iki nəfəri deyil, yerinə görə onlarla, yüzlərlə, hətta onminlər və yüzminlərlə insanı da!

Radio danışırdı və saatın neçə olmasını xəbər verirdi. Meydana toplaşmış insanlar qulaq asırdılar, doluxsunurdular. Radio danışırdı və deyirdi ki, indi xəbərləri eşidəcəksiniz, ardınca konsert olacaq. Bu adidən-adi sözlərlə bığlı-saqqallı adamların qəhərlənərək köks ötürməsinə, yanaqlarından ixtiyarsız göz yaşı damlalarının axmasına bir filmin kadrlarında baxsan heyrətlənərsən ki, burada nə var bu qədər qocalı-cavanlı adam belə duyğulanıb.

İnanılmazdır, amma millətin belə sadə sözlərə ağladığı günlər varmış və köksə sığmayan nəhayətsiz sevincin göz yaşlarına çevrildiyi həmin dəqiqələr Azərbaycan xalqının ömründə olub. Milləti fərəh qəhərinə bürüməyə qadir heç bir hadisə isə qətiyyən sadə sayıla bilməz! Bu əhvalat baş verib 1946-cı ilin yazında.

O il Təbrizin yaddaşında, Cənubi Azərbaycanın hafizəsində, bütövlükdə bütün Azərbaycanın qəlbində həmişə ən bəxtiyar illərdən biri kimi qalacaq. Çox da o ilin sonunda kədərli səhifə var. Həmin il - 1946-cı ildə Təbrizdə - Cənubi Azərbaycanda Milli Hökumət qurulmuşdu, yalnız Güneydə deyil, Quzeydə də bütün Azərbaycan boyu xalq şadyanalıq edirdi, səadət içərisində idi.

Hər il kimi, 1946-cı ilin də qışı oldu, sonra yazı gəldi, ardınca yayı, payızı yetişdi. Amma bütün başqa illərdən fərqli olaraq, o ilin əslində hər günü Cənubi Azərbaycan üçün bahardı. Çünki xalq istiqlalın şirin tamını hiss etmişdi və o fövqəladə şirinlikli dad elə sehrlidir ki, bir dəfə yaşandısa, daha heç vaxt o təsir damaqdan getmir, millətin hafizəsində biryolluq qalır və hansısa millətin yaddaşında istiqlal içində yaşadığı günlərin havası varsa, o toplum gec-tez mütləq ləzzətinə aşina olduğu azadlığına yenidən qovuşur. Lakin 1946-cı ili Təbriz və tamam Güney Azərbaycan üçün son dərəcə əlamətdar edən bir başqa uğur da vardı ki, həmin il Azərbaycanın ikinci radiosu doğulmuşdu - 1926-cı il noyabrın 6-da Şimali Azərbaycanda radiolardan "Danışır Bakı" sözləri ilk dəfə səslənmişdi və düz 20 il sonra, 1946-cı ilin 7 aprelində artıq Cənubi Azərbaycandan da birinci dəfə "Danışır Təbriz" sədası ucaldı.

Bu əhvalatı mənə unudulmaz bəstəkarımız Cahangir Cahangirov (1921-1992) söyləyib. Etiraf edirdi ki, ömrü boyu dəfələrlə səhnələrə çıxsa da, ən müxtəlif orkestrlərə rəhbərlik etsə də, əsərləri dönə-dönə ən mötəbər səhnələrdə çalınsa da, həmin səsləniş, həminki konsert, həminki gün onun ömrü boyu nə yaddaşından silinər, nə də gözünün qabağından gedər. Əhvalat 1946-cı ilin aprel ayının 26-da Təbrizdə vaqe olmuşdu. Dövlət teatrının səhnəsi bayramsayağı bəzədilib. Az sonra Baş nazir Seyid Cəfər Pişəvəri zala daxil olacaq. Öz hökumət lojasında əyləşəcək və Cahangir Cahangirov orkestri idarə etməyə başlayacaq. Orkestr milli marşı çalacaq. O milli sürudu ki, onun musiqisini Cahangir Cahangirov bəstələmiş, sözlərini Mir Mehdi Etimad yazmışdı. O milli himn ki, səslənincə bu gün də insanın qəlbində ən coşqun vətənçi duyğular oyadır:

 

Ey vətənim Azərbaycan,

Odlar yurdundan bir nişan.

Sən böyütdün qəhrəmanlar,

Adlı-sanlı keçmişin var.

Qoca Şərqin çırağısan,

Azadlığın bayrağısan.

Sənsən bizə Ana Vətən,

Sənsən bizə nemət verən,

Sənsən bizə ruh-i rəvan,

Yaşa-yaşa, Azərbaycan!

 

O gün Təbriz radiosunun rəsmi açılış mərasimi keçirilirdi. Hadisədən 1 gün sonra "Azərbaycan" qəzetində dərc edilən "Radiostansiyamızın rəsmi açılışı" adlı məqaləsində Rza Azəri belə yazırdı: "Cümə günü aprel ayının 26-da qəhrəman Azərbaycan millətinin ən təntənəli günlərindən birisi və bəlkə də böyük bayram idi. Səhnənin önündə mikrofon qoyulmuşdu. Sevimli Baş nazirimiz cənab Pişəvərinin tərəfindən radionun rəsmi açılışını hörmətli Milli Məclisimizin rəisi cənab Hacı Mirzəli Şəbüstəri şəxsən ifa edəcəklərdi. Hamı səbirsizliklə rəsmi açılışın gedişini görmək intizarında idi. Saat 17:30-dur. Bu sırada səhnənin pərdəsi yavaş-yavaş açılır. Səhnənin mənzərəsi çox diqqətəlayiqdir. Ən öndə, mizlər üstündəki güldanlarda əlvan çiçəklər düzülüb. Güllərin arxasında cənab Şəbüstəri və sair möhtərəm şəxslərdən bir neçə nəfər stullarda otururdular. Onların da arxasında 40-a qədər qadınlı-kişili Dövlət teatrının aktrisa və aktyorları ayaq üstündə nizam ilə düzülmüşdülər. Səhnə önündə Dövlət orkestrinin heyəti cənab Cahangir Cahangirovun rəhbərliyi altında hazır idilər. Bu sırada hörmətli Baş nazirimiz xüsusi lojalarına daxil olduqda Azərbaycan Milli Marşı oxunub çalınmağa başladığından hamı ayağa qalxmışdı. Başı açıq, tam ehtiram və sükut ilə marşa qulaq asmağa başladılar. Marş qurtarandan sonra alqış tufanı qopdu. "Ura" və alqış səsləri salonu lərzəyə gətirmişdi. Bu təntənəli mərasimdə ixtiyarsız hər kəsin gözündən sevinc yaşları axırdı. Rəsmi açılış qurtardıqdan sonra beş dəqiqə tənəffüs elan edildi. Tənəffüsdən sonra konsert hissəsi başlandı. Konsert hissəsində də bəstəkar cənab Cahangir Cahangirovun özlərinin bəstələdikləri, yəni nota çəkdikləri solosu, cənab Dəbbaqinin ifası, Hüseyn Cavanın aşıq havaları və milli mahnıları, Dövlət teatrının aktyor heyətinin xorla oxuduqları fədai marşları çox şiddətli, gurultulu alqışlar və ura səsləri ilə dəfələrlə qarşılandı".

Məqalə bununla bitmirdi və başqa diqqətəlayiq təfərrüatı da diqqətə çatdırırdı. Axşam saat 8-in yarısında mərasim yekunlaşır. Rəsmi dəvət olunmuşları bu tədbirin davamı kimi çox da uzaqda olmayan radiostansiya və studiya ilə yaxından tanışlıqçün İqtisad Nazirliyinin yanındakı ünvana dəvət edirlər: "Studiyanın bütün salonları ali tərzdə xalça və mebellərlə döşənib hər yeri bəzənmiş, bütün salonlarda masaların üzərinə hər cür şirni qoyulmuşdu. Çağırılan qonaqları orada Baş nazirimiz cənab Pişəvəri və Milli Məclisin rəisi cənab Şəbüstəri qəbul edirdilər. Bir az sonra avtomobillərlə "Nizamiyyə xiyabanı"nda stansiyaya baxmaqdan ötrü yola düşdülər".

Təbriz radiosunun həyatında bir neçə bayramsayağı, əlamətdar günlər olmuşdu və təntənəli açılış indi - aprelin 26-na təyin edilsə də, yayımlar daha erkən başlanmışdı. Radionun həyatındakı unudulmaz günlərdən birincisi 1946-cı il aprel ayının 7-si idi ki, o gün ilk dəfə Güneyin milli radiosu "Danışır Təbriz" demiş, öz sınaq yayımlarına başlamışdı. "Azərbaycan" qəzetində yaxın günlərdə daimi yayınların başlanacağı xəbərləri də aprelin əvvəllərində ard-arda dərc edilirdi. Aprelin 12-də qəzet yazırdı: "Azərbaycan Milli Hökumətinin radiostansiyası Təbriz şəhərində 280 metr dalğada (orta dalğa) işə başlayıb. Hər gün Təbriz saatı ilə axşam saat 5-dən 6-ya və 8-dən 9-a qədər Azərbaycan radiostansiyasından xəbərlərə və musiqiyə qulaq asa bilərsiniz".

1946-cı ilin aprel ayının 26-dakı rəsmi açılış bütün Təbrizin və Azərbaycanın həyatında təlatüm oyatmışdı. "Azərbaycan" qəzeti yazırdı ki, həmin gün harada reproduktorlar quraşdırılmamışdısa, tez-tələsik aparıb sübh tezdən dirəklərə, hündür binalara bənd edirdilər ki, xiyabanlarda, küçələrdə, ən müxtəlif yerlərdə radioya qulaq asmaq imkanı olan insanların sayı bir az da artsın.

Ancaq Təbriz radiosunun ömründə, səsləndiyi bütün müddətdəki günlərin hamısından fərqlənən daha bir iftixarlı gün olmuşdu. Həmin günün vacibliyi onda idi ki, o gün Təbriz radiosunun 1946-cı il boyu olacaq bütün səslənişlərindən ən uzunu gerçəkləşmişdi. 1946-cı il şəhrivər ayının 12-si - sentyabr ayının 3-də Azərbaycan Demokratik Firqəsinin ildönümü idi. O münasibətlə əsl milli bayram keçirilirdi. Bu, Milli Hökumətin, azadlığına qovuşmuş xalqın, istiqlalın təntənəsi günü idi. Həmin gün Təbriz radiosu yayınlarını səhər saat 8-dən başlayıb bir də axşam 10-da qurtardı. Gün boyu xəbərlər, musiqilər səslənir və Təbriz radiosu bayramın qan qaynadan ovqatını dalğa-dalğa bütün Güney boyu yayırdı.

Hələ 1970-ci illərin sonlarında unudulmaz bəstəkarımız Cahangir Cahangirovdan Təbriz radiosunun açılış mərasimi ilə bağlı xatirələrini eşidəndən illər sonra cənublu şairəmiz, bir zamanlar Elmlər Akademiyasının İran filologiyası şöbəsində birgə çalışdığımız Həkimə Billuri (1926-2000) mənə Təbrizdə nəşr edilən "Azərbaycan" qəzetinin otuza yaxın sayının toplandığı qovluğu hədiyyə etdi və həmin saralmış nüsxələrin arasında 1946-cı ilin aprel ayının 28-də çıxmış nömrə də vardı. Açılış gününü ayrıntılarıyla nəql edən məqaləni oxuduqca Cahangir müəllimin söylədiyi anlar bircə-bircə gözlərimin önündə canlandı, ürəyimdə neçə sual yaranırdı, ancaq heyhat, artıq 1990-cı ilin sonları idi və həmin hadisələrin bilavasitə şahidlərindən olmuş Cahangir müəllim artıq həyatda yox idi. Ancaq "Azərbaycan"dakı yazılar olmuşları elə görümlü təsvir edir ki, oxuduqca sanki Cənubi Azərbaycanın - Təbrizin 1946-cı ilinə düşürsən, yurdu o başından bu başınacan gəzib-dolanır, xalqın oçağkı coşqusunu əyaniliyi ilə seyr edirsən.

Sonranın məşhur yazıçısı, ədəbiyyatımıza "Ata", "İki qardaş", "İki dost", "Son bayraqdar" kimi dəyərli romanlar və povestlər bağışlamış Fəthi Xoşginabi (1922-1989) 1946-cı ildə "Azərbaycan" qəzetində ədəbi işçi imiş və orada may ayının 10-da "Əlioğlu" təxəllüsü ilə bir məqaləsi dərc edilib. Artıq bir aydır ki, səslənən Təbriz radiosu haqqında bu məqaləni müəllif anasının dilindən yazır və əslində o sözlər bütün yaşlı güneylilərin dilindən səslənən kimidir. Ana kənddən Təbrizə gəlib, radionu ilk dəfə görüb və radio onun üçün bir əfsuna bənzəyir. Fəthi Xoşginabi anasının və bütün qocaların dilindən radionun yaratdığı xoş heyrəti belə ifadə edirdi. Danışan ixtiyar ana idi: "Day küçələrə çıxmaq olmur, hər yerdən səs gəlir. Mən indiyə kimi iradyonu yaxından görməmişdim. İradyo deyincə buxarı kimi bir şeydi. Uzaqdan durdum, gördüm ki, bir zadın səsi gəlir. Dedim ki, mən gələndən taza gəldiyimə görə bir adam mənə "xoşgəldin" deyir. Ha baxdım, heç kəsi görmədim. Sonra gördüm lap elə mənim öz dilimdə danışır. "Hörmətli eşidənlər, Təbriz danışır". Lap qupquru qurudum, səcdəyə getdim, dedim - ya İlahi, bu səslər hardan gəlir?! Qeybdən gəlir, ya nədir? Sonra fikir elədim ki, buxarıya oxşayan sandığın içində adam var. O yana baxdım, bu yana baxdım, heç zad görmədim. Dedim, ola ki, bizimkilərdən biridi, məni qorxuzmaq istəyir. Başladım dua oxumağa, axırda gəldilər, dedilər ki, bu, iradyodu, bu, nə bilim, hər yerdən söz açır. Mən ha baxdım ki, onun dili olsun, dili yox idi. Qulağı da yox idi. İçinə adam da girə bilməzdi. Birdən səsini kəsdi. Onda gördüm ki, zurna-balabanı tutuzdurdular. Allah! Bircə bilsəydim bu iradyonun səsi hardan gəlir".

Bir ixtiyar insanın dilindən yarızarafat-yarıgerçək yazılmış bu sözlərdə əslində böyük həqiqət vardı - Təbriz danışırdı, danışdıqca insanların içərisində böyük həyəcan, şövq oyatmışdı. Təbriz radiosu danışırdı, insanların içərisindəki işığı artırırdı, mühiti dəyişirdi, şüurları başqalaşdırırdı.

Tarixçi alim Əkrəm Rəhimli-Bijə (1932-2022) də o günləri görənlərdən, canlı təəssüratların həyəcanını ömrünün axır günlərinədək unutmayanlardan idi. Əkrəm müəllim deyirdi ki, Güneyin həyatında bir inqilaba bərabər olan Təbriz radiosu yaranana qədər biz ancaq yalnız farsca səslənən Tehranı eşidərdik. O vaxt Cənubda evlərdə radio yox idi, biz Mərənddə yaşayırdıq, orada şəhərin mərkəzində bircə dənə radiosəsucaldıcı vardı.

Əkrəm müəllim kimi düşünən insanlar, yəqin, lap çoxmuş. Uzun ömür sürmüş bu müdrik insan həyatı boyu bütün gördüklərini görəndən sonra da Təbriz radiosunu bioqrafiyasının ən mühüm hadisələrindən hesab edirdi: "Mən həyatım boyu həmişə iki şeyə çox sevinmişəm. Biri odur ki, 1946-cı ilin yanvar ayında, mən üçüncü sinifdə oxuyanda gəlib dedilər ki, siz Azərbaycan dilində dərs keçəcəksiniz. Maarif naziri Məhəmməd Biriyanın əmri var, Azərbaycan dilində dördüncü sinfə qədər dərsliklər də gələcək. Bu, bizim üçün bayram oldu. İkin bayram ondan ibarət oldu ki, bizə, uzun müddət Tehranın səsini dinləyib eşitdiklərinin çoxunu başa düşməyən adamlara xəbər gəldi ki, hamınız sabah saat 4-də Mərəndin mərkəzindəki hovuz qırağına gəlməlisiniz. Radio ancaq orada idi. Saat 4 tamamda məktəbin bütün müəllimləri, şagirdlər orada idi. Bizdən başqa da çox adam vardı. Hamı intizarla gözləyirdi, saat yarım sonra hamımızın gözlərimizi zillədiyimiz aparat dilləndi: "Danışır Təbriz". Siz inanırsınızmı, bunu eşidəndə nə qədər həyəcanlandıq, sevindik, uşaqlardan nə qədər səs qalxdı. Elə bil ki, doğma ananın səsini eşidirdik o reproduktordan. Təbriz radiosunun işə düşməsinin birinci mərhələsi belə oldu. Ondan sonra hər gün saat 4-dən sonra axşamüstü Təbriz radiosunu mütləq dinləyərdik. Mütəmadi olaraq Milli Hökumətin fəaliyyəti haqqında, Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti haqqında gözəl verilişlər verərdilər. Təbriz radiosuna ilk dəfə başçı Seyid Cəfər Pişəvərinin təklifi ilə Mirqasım Çeşmazər təyin olunmuşdu. Nəyə görə o, təyin olunmuşdu? Ona görə ki, Mirqasım Çeşmazər mübarizə yolunu keçmiş adam idi. Bir də, o, buradan getmiş adam olduğuna, burada təhsil aldığına görə qrammatik cəhətdən Azərbaycan dilini yaxşı bilirdi. Ona görə Çeşmazəri sədr qoydular. Balaş Azəroğlunu da ona müavin təyin etdilər. Amma bununla bərabər Təbriz radiosunu yalnız bu iki nəfər idarə etmirdi. Təbriz radiosu ətrafında böyük dairə yarandı. Burada Həmzə Xoşginabi, Əli Tudə, Həkimə Billuri, Mədinə Gülgün və sair adamlar vardı. Demək istədiyim odur ki, milli oyanışda, xalqı mübarizəyə cəlb etməkdə Təbriz radiosu əvəzolunmaz bir silah idi. Evində radiosu olmayan adamlar da hər gün hovuz başına tələsirdilər ki, Təbrizin radiosunu dinləyəcəyik. Hər gün o meydan radionun səsləndiyi saatlar ərzində izdihamla dolu olurdu".

Təbriz radiosu dilə gəldiyi ilk gündən beləcə, insanları bir yerə yığa, səfərbər edə bilirmiş. Əkrəm Bijə Mərənddən danışırdı. Axı Cənubi Azərbaycanın mərkəz hissələrində radiolar quraşdırılmış şəhərlər beş deyildi, on deyildi. Təbrizdə ki ayrı-ayrı çox get-gəlli küçələrdə də radio vardı. Amma Xoyda da, Zəncanda da, Ərdəbildə də, Urmiyədə də... Azərbaycan şəhərlərinin hər birində də artıq aprelin ortalarından radiolar asılmışdı. Hətta bir para mənzillərə də radio xətti çəkilmişdi. Meydanlara yığılaraq radio dinləyən insanlar orada olduqları saatlarda təmasdaydılar, birlikdəydilər, verilişlər bitib dağılışmağa başlayandan sonra da radioda eşitdiklərini müzakirə edirdilər, təzə xəbərləri başqalarına da yayırdılar, sonra qəhvəxanalarda, dükanda-bazarda, ev-eşikdə müzakirələr davam edirdi. Bu minvalla yarandığı, işə başladığı ilk günlərdəncə Təbriz radiosu milləti birləşdirmək, yekdil etmək, yumruğa döndərmək vəzifəsini də daşımağa başlamışdı.

Güney Azərbaycanın ömür-gününə bir Gözəl daxil olmuşdu. Mümkün deyildi ki, əli qələmli, sinəsi ilhamlı şairlər, aşıqlar o Gözəli vəsf etməsinlər. O şeirlərdən əvvəlincisi artıq Təbriz radiosunun səslənməyə başladığı, hələ heç rəsmi açılışının baş vermədiyi günlərdə 1946-cı il aprel ayının 24-də "Azərbaycan"da işıq üzü görmüşdü. Yazanı Süleyman Əmini olan həmin şeir "Danışır Təbriz" adlanırdı:

 

Açılır yurdumun gülü, gülzarı,

Olubdu şadiman, danışır Təbriz.

Şən görür bülbültək bu laləzarı,

Oxuyur dasitan - "Danışır Təbriz".

Var olsun bu yurdun, qəhrəman elin,

 

Yaxşı sındırdılar düşmənin belin!

Açdılar anamın bu şirin dilin,

Ah, nə xoş, mehriban danışır Təbriz.

Qurbandır bu canım Azərbaycana,

Döndərir düşmənin bağrını qana.

İndi öz dilini bütün cahana

 

Eyləyir nümayan, danışır Təbriz.

Ey könül, qüssədən, qəmdən azad ol,

Xainə rəhm etmə. Daş ol, polad ol.

Vətənin şad olub, Əmini, şad ol!

Gülür Azərbaycan, danışır Təbriz.

 

Təbriz danışırdı, insanların içərisindəki ümidi-inamı artırırdı, onları sabahkı daha böyük zəfərlərə kökləyirdi. Vaxt və bəxt elə gətirdi ki, Təbriz radiosunun beşiyi başında dayananlardan, bu möcüzəyə yarandığı ilk aylardan ona qol-qanad verənlərdən neçəsi ilə bir yerdə işləmək, daimi ünsiyyətdə olub dostluq etmək mənə nəsib oldu. Mirqasım Çeşmazər (1920-2000) Güney Azərbaycan radiosunun ilk rəhbəri olmuşdu. Şərqşünaslıq İnstitutunda qonşu şöbələrdə çalışırdıq. Təbriz radiosunda Mirqasım Çeşmazərin müavini işləmiş unudulmaz Xalq şairimiz Balaş Azəroğlu (1921-2011) ilə də daimi, mehriban ünsiyyətimiz vardı. Azərbaycan radiosu ilə sıx bağlı olduğumu bildiklərindən onlar söz sözü çəkdikcə hərdən mənə Təbriz radiosu barədə maraqlı tarxiçələri söylərdilər. Lakin o ilk Güney radiomuzun başlanğıc addımlarının butaylı şahidləri də vardı - o dövrdə Təbrizdə olmuş, orada fəaliyyət göstərmiş Qulam Məmmədli, Ənvər Məmmədxanlı, Qılman İlkin. Və o yaddaşları üst-üstə cəmləyərək hələ 1980-ci illərin sonlarında Azərbaycan radiosundakı "Axşam görüşləri" verilişimin bir buraxılışını Təbriz radiosuna həsr etmişdim, veriliş gözlədiyimdən də artıq əks-səda yaratmış, yüzlərlə məktub yazan, zəng vuran olmuşdu və həmin zənglərdə, məktublarda da Təbriz radiosuna onillər ötəndən sonra da səngiməyən sevgi ilə dilə, qələmə gətirilən neçə-neçə şirin xatirələr.

Balaş Azəroğlu Seyid Cəfər Pişəvərinin Təbriz radiosundan səslənən, hər dəfəsində düşüncələrdə dərin iz buraxan çıxışlarından bəhs edərək söyləyirdi ki, o, əsl millət öndəri idi. Pişəvəri Azərbaycan Milli Hökumətinin rəhbərliyinə artıq yetişmiş rəhbər kimi gəlmişdi. Bütün başqa məziyyətlərindən əlavə həm də gözəl natiq idi. Tez-tez insanlar qarşısında çıxış edirdi. Kütlələri ələ almağı bacaran bir şəxsiyyət idi. Amma Azərbaycan radiosu fəaliyyətə başlayandan sonra sanki onun meydanı bir az da genişləndi. Çünki onun Təbriz radiosundan yayılan səsi Azərbaycanın dörd bucağına çatırdı.

Nə qədər vaxt ötmüşdü, amma Balaş müəllim Pişəvərinin radio nitqlərini elə 1946-cı ilin bəxtiyar günlərindəki valehliyi ilə xatırlayırdı: "Mikrofon qarşısında dayanırdı, əlində kağız, qarşısında bir kitab yox. Sinədən söyləyirdi. Hər çıxışı ilə kütlələri cuşə gətirirdi. Buradan - radiodan çıxırdı, "Azərbaycan" qəzetinin nəşr edildiyi yaxınlıqdakı mətbəəyə gedirdi. Bayaq mikrofon qarşısında olduğu kimi, indi dayanırdı mürəttiblərin, hürufçinlərin yanında, başlayırdı sabah qəzetdə çıxacaq məqaləsini sinədən diktə etməyə. Sonra həmin məqalənin ilk variantını ayrıca vərəqdə çap edib verirdilər özünə, qələm götürüb mətnin üzərində işləyirdi və çox zaman bircə sözü belə dəyişmirdi".

Heyiflər olsun ki, Seyid Cəfər Pişəvərinin Azərbaycan radiosundakı o çıxışlarından bizə yadigarlar qalmayıb. Bütün verilişlər, çıxışlar, konsertlər canlı gedirmiş. Amma nə yaxşı ki, o zaman "Arazın o tayında" filmi çəkilərkən Seyid Cəfərin insanlar qarşısındakı çıxışlarından biri lentə alınıb. Elə iki-üç dəqiqəlik bu qısa parçada Seyid Cəfər Pişəvərinin maqnetizmi, kütlələri ələ almaq qabiliyyəti, natiqlik istedadı aşkardır.

...İşə başladığı ilk gündən Təbriz radiosu qapısını açıq saxlamışdı, mikrofonlarından xalqa layiqli söz deyə biləcək hər kəs üçün imkanın olduğunu açıqca car çəkmişdi. "Azərbaycan" qəzetinin 1946-cı ildə çıxan müxtəlif saylarını vərəqləyirəm. Onların bir çoxunda Təbriz radiosunun fəaliyyəti haqqında ən müxtəlif xəbərlər, elanlar əksini tapıb. Elanlardan birində xəbər verilir ki, vətəndaşların sərbəst müraciət edə biləcəkləri ayrıca büro yaradılıb. Kimin Azərbaycan, fars, ingilis, fransız, kürd dilində müvafiq çıxışları varsa, qeydiyyatdan keçsinlər, təqdir edildikdən sonra mikrofon onların ixtiyarına veriləcək.

O günlərin qəzetlərindəki belə bir cümlə də ilk baxışda təəccüb də doğura bilər. Qəzet yazır ki, Azərbaycan radiosu Azərbaycan insanının və Azərbaycan Milli Hökumətinin qüdrətini göstərir. Bu gün onun dalğaları, səsi dağlardan, dərələrdən, çaylardan aşaraq dünyanın dörd bucağına yayılır.

Necə yəni dünyanın dürd bucağına? Bu, şairanə söylənmiş bir mübaliğə idimi? Necə ola bilərdi ki, yayımlarını təzə başlayan bir radionun səsi sərhədləri aşaraq Azərbaycandan çox uzaqlara da çata bilsin? Həqiqətdə məhz elə belə də vardı. 1946-cı il aprel ayının 26-da radionun açılış mərasimindən sonra "Nizamiyyə xiyabanı"nda yerləşən və yayınların icra edildiyi texniki büroya yollananları orada radiostansiya aparatları üzrə mütəxəssis, gənc mühəndis Dəxili qarşılayaraq izahat vermişdi, bildirmişdi ki, Amerika istehsalı olan ötürücü Təbriz radiosunun dalğalarını bütün istiqamətlərdə 2500 kilometr məsafəyə yayır. Həm də əlavə edir ki, bu qurğu radiotexnikanın son nailiyyətlərindəndir və 1943-cü ilin istehsalıdır.

Onlar ikisi də şair və mübarizə yoldaşları idilər və tale də yazısını buna uyğun qələmə aldı - ömürlərinin sonlarınadək ayrılmamaqçün qovuşdular, yarım əsrəcən eyni tavan altında yaşadılar: Mədinə Gülgün, Balaş Azəroğlu.

1946-cı ilin mayıdır, Təbriz radiosu ilk addımlarını atır, cavan şair Balaş Azəroğlu həmin radioya rəhbərlik edənlərdən biridir və mayın 10-dur, mətbuatda radio haqqında şeirlər qatarına bir yenisi də qoşulub - "Azərbaycan"dakı "Yeni həyat" adlı bu radio "gözəlləməsi"nin müəllifi Balaş Azəroğlunun gələcək həyat yoldaşı gənc şairə Mədinə Gülgündür:

 

Danış, Təbriz! Bu dövranı tərənnüm et öz dilində.

Sənə sonsuz məhəbbət var ürəyimin hər telində.

Daha düşmən çıxa bilməz döyüşlərdə önümüzə,

Daim həsrət qalacaqdır ayımıza, günümüzə.

 

Bizim bu yaz bənzəməyir keçən ilə, keçən yaza,

Aşıq da öz nəğməsini oxuyacaq telli saza.

Xalqımız öz ana dilin danışacaq hər bir zaman,

Danış, Təbriz! Bu dil bizə yadigardır babalardan.

 

...Təbriz radiosu Güneyə yalnız bir radio kimi deyil, ilk növbədə Azərbaycan kitabı, Vətən dərsliyi olaraq gəlmişdi. O çağlar Güney Azərbaycanda əhalinin 89 faizi kənddə yaşayırdı, onların da 99 faizi savadsız və bu, milyonlar deməkdi. Bu qədər insana qısa bir zamanda yazıb-oxumağı öyrətmək ağlasığmazca müşkül idi. "Azərbaycan"dan savayı da, o dönəmdə ayrı-ayrı milli ideallı cəmiyyətlərin ana dilində çıxan qəzetləri vardı və kütləvi savadsızlığı qismən də aradan qaldırmaq, insanları yeni günün xəbərləri, Milli Hökumətin apardığı siyasətlə yaxından tanış etmək məqsədi ilə qiraətlər təşkil edilirdi, xüsusi tapşırıq verilmişdi ki, ayrı-ayrı kəndlərdə oxumuş adamlar camaatı başına yığsın, seçmə yazıları oxusun, toplananlar da qulaq assın. Əlbəttə, köklü tədbirlər də görülürdü - 1946-cı il yanvar ayının 6-da Milli Hökumət yolun əvvəlindəki ən vacib qərarlarından birini qəbul etmişdi: Azərbaycan dili rəsmən dövlət dili elan olunmuşdu, ana dili həm dövlət idarələrində işlənilməli, həm də məktəblərdə tədris azərbaycanca aparılmalı idi. Qət edilmişdi ki, "Əlifba", "Ana dili" dərsliklərinin hazırlanmasından tutmuş fizika, riyaziyyat, bilogiya və digər fənlər üzrə azərbaycanca məktəb kitablarının tərtibi ilə bağlı komissiyalar yaradılaraq təcili işə başlasınlar, bu məsələyə ümumxalq işi kimi baxıldığından o komissiyaların tərkibləri də qəzetdə dərc edilmişdi ki, həm əhali xəbərdar olsun, həm də komissiya üzvləri və dərslik müəllifləri daha artıq məsuliyyət hiss etsinlər. Bütün bunlar, söz yox ki, çox gərəkli, təməlli, möhkəm əsaslı başlanğıclar idi və sabaha tuşlanan ciddi hədəfləri güdürdü, ancaq bu, həm də gec bəhrə verən ağac idi, uzun sürəsi gedişatdı, lakin savadsızlığın ləğvi, əhalinin gözünün maarifə, mədəniyyətə açılmasından ötrü nəticəli fəaliyyətlərə artıq indidən bərk ehtiyac vardı. Bu səmtdə radiodan misilsiz hansı vasitə ola bilərdi ki! Ona görə də Təbriz radiosunun hələ səslənməyə başlanmasından əvvəl, artıq 1946-cı ilin ilk günlərindən bu niyyətin dibini döyməyə başlamışdılar. Yanvarın 6-da Milli Hökumətin ana dili haqqında qərar qəbul etməsinin sabahı günü çıxan "Azərbaycan" qəzetində Novruz imzalı müəllifin "Azərbaycanda radio stansiyası açılmalıdır" adlı məqaləsi dərc edilmişdi və o, radionun xalqın həyatındakı misilsiz əhəmiyyətini qabardaraq yazırdı ki, radiosu olmayan bir millət laldır, çünki bir millət öz mənəviyyatını, arzularını, tələblərini dünyaya yetirməyə qadir olmadan maraqlı dövlətlər onun dilsizliyindən sui-istifadə edərək öz mənafelərini hər yolla qoruyacaqlar! Radionun xalqın taleyindəki həlledici yerini Azərbaycanın aqibətindən gətirdiyi nümunə ilə aydınladan müəllif çətin tarix məqamlarında radionun yalnız silah olmadığını, həm də bir zireh kimi xalqı dürlü həmlələrdən qoruya biləcəyini bəyan edirdi: "Bütün Azərbaycan xalqı özlərini azad etmək üçün qiyam edən andan bəri maraqlı radiolar bizim qanuni hərəkatımızı məsxərə edərək xalqımızın böyük qəhrəmanlığını naməlum, araqarışdıran, satqın adlandırmağa can atdılar. Halbuki əgər həmin anlardan bəri əlimizdə bir radio stansiyası olsaydı, həmin anda da qanuni və demokratik istəklərimizi dünyanın qulağına çatdıra bilərdik, xainləri və vətən düşmənlərini üzüqara edərdik". Və radionun xalq maraqlarının ifadəçisi, xalqın sərvəti olması səbəbi ilə Novruz təklif edirdi ki, Təbrizdə qurulması vacib olan və çox məsrəfli radiostansiyanın yaradılmasına bütün millət qoşulsun: "Bu işi yalnız dövlətin öhdəsinə qoymaq olmaz. Çünki dövlət bu gün məmləkətimizin minlərlə başqa işlərini həll etməklə bərabər xalqımızın səadəti uğrunda gecə-gündüz çalışır və onların vaxtını bu sahəyə sərf etmək də insafsızlıqdır. Mənim əqidəmcə, radio stansiyası məsələsini həll etmək üçün millət tərəfindən dövlət nümayəndəsinin iştirakı ilə bir komissiya təşkil olunmalı və bu vasitə ilə radio stansiyasının büdcəsi təyin edilməli, onun pulu həm dövlət və həm millət - hər ikisi tərəfindən ödənilməlidir. Əvvəla, dövlətimizin büdcəsi az olduğu üçün bu iş yalnız dövlət ilə yerinə yetirilə bilməz. İkincisi, radio millətin dili olub, xalqımızın hüququnu müdafiə etmək üçün millətin iştirakı ilə həll edilməlidir".

Radioya axın-axın dinləyici məktubları gəlirdi. Rəhmətlik Mirqasım Çeşmazər mənə söyləyirdi ki, gələn məktublarda bir cəhət nəzərimi cəlb etdi ki, bəzən ayrı-ayrı kəndlərdən, şəhərlərdən göndərilən bir çox məktublar eyni xətlə yazılmış olurdu. Ancaq məktubları oxuyunca bunun niyəsi mənə aydın oldu. Çünki məktubların mətnindən görünürdü ki, məzmunlar tam fərqlidir və onları ayrı-ayrı adamlar necə diktə edibsə, onların sözündən cümlələr həmin cür də yazılıb. Əhali savadsız olduğundan hər kəndin öz mirzəsi, ya mirzələri olardı. Camaat məktublarını adətən onlara yazdırardı. İndi bu məktubları oxuduqca sevinirdim ki, əvvəllər mirzələrə pul verib başqa yerlərdəki qohum-əqrəbasına, dost-tanışına məktub göndərən insanlarımızda radioya gör necə həvəs və inam əmələ gəlib ki, indi məsrəflərindən də çəkinməyərək məktublar yazdıraraq radioya göndərir, istəklərini bizə çatdırırlar. Düşünürdüm ki, belə qızğın maraq çox adamı elə tezliklə yazı-pozu öyrənməyə də yönəldəcək və artıq göründüyü kimi, bu yolda radionun da müsbət təsiri az olmayacaq.

Radionun ilk aylardakı səslənişlərindən sonra nəinki Azərbaycan şəhərləri, qəsəbələri və kəndlərindən, eyni zamanda İranın dörd bucağından - Bəndərşahdan, Mazandarandan və digər yerlərdən də məktublar yetişir, yol tikintisində işləyən azərbaycanlı fəhlələr minnətdarlıqla yazırlar ki, hər gün yığışıb sizin ana dilində səsləndirdiyiniz verilişləri qürur hissi ilə dinləyirik. Paris Sülh Konfransından qayıdan Baş prokuror Firidun İbrahimi Təbriz radiosunun səsinin sərhədləri aşaraq çox ölkələrə gedib çatmasının bir hekayəsini Seyid Cəfər Pişəvəriyə nağıl edəndə isə Baş nazir o fəhlələrdən də qat-qat artıq fəxr edir.

Firidun İbrahimi 1946-cı ilin 7 avqustunda Tehrandakı Mehrabad hava limanından yola düşür. Parisə çatmaqçün bir neçə ölkədən keçməli, təyyarələr dəyişməli idi. Növbəti dayanacağı Qahirədə imiş və bir neçə saat boş vaxtı olduğundan fürsət varkən gedib Misir ehramlarını ziyarət etmək istəyir. Piramidaların ətəyində təsadüfən öz aralarında fransızca danışan misirli cavanları görür, yaxınlaşır, yaxşı bildiyi fransız dilində onlarla söhbətləşməyə başlayır. Cavanlar onun Azərbaycan Milli Hökumətinin nümayəndəsi qismində Paris Sülh Konfransına getməsini eşidəndə heyrətlənirlər ki, siz Ərəb Liqasının razılığı, ərəb dövlətlərinin dəstəyi olmadan müstəqil hökumətinizi necə qura bilibsiniz? Firidun İbrahimi Azərbaycan istiqlalının daha bir nailiyyəti olan və ana dilindən əlavə həm də rus, ingilis, fransız, fars dillərində verilişlər yayan milli radiodan söz açanda o cavanların dedikləri bu dəfə Baş prokuroru mat qoyur. Ərəb gəncləri deyirlər ki, sizin radioya burada qulaq asa bilirik, düzdür, fransızca verilişləriniz zamanca müxtəsər olur, qısa dəqiqələrdə səslənir, amma burada yunanıstanlı türklər var, onlardan xahiş edirik, öz dilinizdə verdiyiniz verilişləri bizimçün tərcümə edirlər.

Azərbaycanın azad səsinin belə uzaq məsafələri fəth etməsi Parisə uçan alovlu vətənpərvər Firidun İbrahimiyə səfər əsnasında bir neçə dəfə dəyişdiyi təyyarələrdən qat-qat qüvvətli qanadlar bağışlamışdı və Təbrizə dönəndən sonra ehramların həndəvərindəki şahidi olduğu radio söhbəti haqqında həm ayrıca yazmışdı, həm də oturub-durduğu məclislərdə bu əhvalatı dönə-dönə öyünərək danışmaqdan xüsusi zövq alarmış...

...1946-cı il Təbrizin səadətlə daşan daha bir günü - yenə Təbriz radiosu danışır və növbəti dəfə mikrofon qarşısında Seyid Cəfər Pişəvəri dayanıb, yenə sevdiyi mövzuda çıxış edir, Azərbaycan dilindən bəhs edir. Deyir ki, məscidlərdən, minbərlərdən vaizlərin xalqın anladığı Azərbaycan dilində danışmağı təşviq edilir. Qəbul! Amma Azərbaycan dilinin müxalifləri niyə məktəblərdə, mədrəsələrdə Azərbaycan dilinin tədrisinin əleyhinədirlər? Məsciddə, minbərdə olar, məktəbdə, mədrəsədə olmaz?

Beləcə, Pişəvəri də, məsləkdaşları da Təbriz radiosu kimi möhtəşəm körpüdən yararlanaraq xalqla hər dəfə səs-səsə olarkən düşüncələrə daha bir qığılcım atmaq girəvəsini boş buraxmırlarmı.

Təbriz radiosu 8 ay 5 gün yaşadı. 1946-cı ilin 7 aprelində ilk dəfə səsləndi, 1946-cı ilin 21 azərində - 12 dekabrında sonuncu dəfə. Doğrudur, 1946-cı ilin dekabrından sonra da Təbriz radiosu vardı - ta 1979-cu ilin fevralına qədər. Yəni sözdə vardı, amma nə oradakı dil əvvəlki sağlam, xalqınkı olan Azərbaycan diliydi, nə də o radionun xətti bu millətin diləklərinə uyğun idi. Bu da şahlıq rejiminin bir ayrı məkrli siyasəti idi. Qəsdən ərəb-fars kəlmələri ilə doldurulmuş, yalnız feilləri azərbaycanca olan saxta azərbaycancada yaydıqları verilişlərlə gözə soxmaq istədikləri o idi ki, sizin diliniz budur, ərəb-fars kəlmələri qatışmasa, fikir ifadə eləmək taqəti olmayan kasıb, heysiz dil. Bununla həm də istəyirdilər ki, Milli Hökumət dönəmindəki milyonların ruhuna hakim kəsilmiş Təbriz radiosunun saf səsini unutdursunlar, şanlı tarixi hafizələrdən silsinlər. Ancaq bunlar əbəs vurnuxmalardı!

Bütün millətin olan Təbriz radiosu 1946-cı ilin xoşbəxt günlərində 8 ay 5 gün yaşadı və heç vaxt bitməyəcək tarix yazdı. Son səslənişindən onillər ötüb, fəqət Təbriz radiosunun əks-sədası bu gün də eşidilir və bütün gələcəklər içərisindən də eşidiləcək. O səs istiqlal rəmzi kimi ürəklərdə və düşüncələrdə diridirsə, həmin radionun dalğalarının ehramlardan çox iraqlardakı sərhədləri də aşacağı, hər dan üzü "Danışır Təbriz" deyərək Güney Azərbaycanın səhərlərini milli sürudla başlayacağı günlər də uzaqda deyil!

16 yanvar 2024

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2024.- 24 yanvar,№13.- S.10-11;12.