Sandıq
Esse
Nənəm, üzərində zanbaq, quş, gül rəsmləri,
müxtəlif ornamentlərlə bəzədilmiş, rəngarəng
boyalarla boyanmış sandığını ildə bir
neçə dəfə açar, içindəkiləri
havalandırardı. Sandığın hansı ağacdan
hazırlandığını deyə bilmərəm,
çünki heç vaxt maraqlanmamışdıq da.
Düzü, bizim üçün o zaman bu, bir əhəmiyyət
kəsb etmirdi. Əsas olan, sandığın
qapağındakı, dəmir qıfıllıqdan
asılmış balaca, qırmızı qıfılın
açılma anı və içindəkilər idi. Sanki bir
padşah xəzinəsinin qapısı
açılacaqmış kimi həsrət və heyrət
dolu baxışlarla gözlədiyirdik o anı.
Nənəm sandığın kənarında
bardaş qurub oturar, biz də onun ətrafında dövrə
vurub sıralanardıq. Başındakı yaylığın
altından iki çildim düyünlənmiş yelçəyi
görünərdi. Yaylığın kənarlarını
qulaqlarının ardına keçirər, uclarını isə
arxaya atardı ki, iş görəndə mane olmasın.
Yaylığın kənarından şəbəkəli səbət
sığaları sallanar, boynunda isə hər zaman iri muncuqlu
kəhraba boyunbağısı olardı. O zamanlar bu
boyunbağını bəzək üçün
taxdığını düşünərdik. Demə, təbii
kəhraba olduğu üçün zob xəstəliyinə
qarşı taxırmış. Bəlkə də
xalqımızın sevimlisi, əvəzolunmaz aktrisa olan Nəsibə
Zeynalovanı xüsusilə sevməyimin səbəbi onun
"Qayınana" filmindəki obrazının nənəmə
çox bənzəməsidir. Lakin nənəm o obrazdan fərqli
olaraq, çox həlim və nur kündəsi kimi qayınana
idi.
Sandığı açan kimi ilk olaraq naftalinın
tünd, kəskin qoxusundan burnumuzu tutar, üzümüzü
turşudardıq. Ardınca balaca, qurumuş yovşan dəstəsinin
özünəməxsus iyi gələrdi. Sən demə,
bunları sandıqdakıları həşəratlardan qorumaq
üçün qoyurmuş.
Hə, əsas məsələ, naftalin və
yovşan iyi hopmuş sandığın içindəkilər
idi. Bu "ətirləri" harda duysam, təzə
bişmiş çörəyin ətri kimi gözüyumulu
tanıyaram. Bəlkə də onlara "qoxu" deməyim
daha doğrudur, amma qoy bu dəfə "ətirlər"
olsun. Uşaqlığın ətri kimi, körpə ətri
kimi, xoşbəxtliyin, bayramın, qəm-kədərin,
qocalığın, ananın, torpağın, vətənin ətri
kimi. Əslində, diqqətlə qulaq versək,
yaşadığımız hər bir anın özünə
məxsus ətri var.
Nə deyirdim, içindəkilər: bir neçə
parça "otrezi", təzə çay dəsmalları,
rəngarəng tutacaqlar, yaylıqlar, nənəmin
böyük səbir və incəliklə toxuduğu yun
corablar, rəflərə və yastıqların üzərinə
örtmək üçün molinə və ağ saplarla
işlənmiş tovuz quşu, gül və başqa
naxışları olan əl işləri, quramalı stul
üstü örtüklər, ipək saplarla toxunmuş,
quş kimi yüngül divar xalçaları.
Az qala unudurdum. Sandığın üstünü də
quramalı örtük bəzəyirdi. Nənəm oturan kimi
birinci onu siyirib çəkərdi üstündən. O zaman
bizim üçün sadəcə bir örtük idi. Ancaq illər
keçdikcə anladım ki, bütün bunların hər
biri əl əməyi, göz nuru ilə yoğrulmuş insan
zəhmətinin bəhrəsi idi.
Bunlar sandığın dəyişməyən daimi
sakinləri idi. Nənəm onları çıxarar,
balaları kimi əzizləyib sığallayar, sonra da səliqə
ilə yerinə yığardı. Biz isə hər dəfə
yeni bir şey görürmüş kimi heyranlıqla baxıb
sandığın içinə boylanıb:
- Nənə, bu mənim olsun, nənə, bu da mənim
olsun, - deyə o yaşda bizə lazım olmayan bu xəzinəni
dartışdırardıq. O isə gülümsəyərək,
"Böyüyəndə, hamısı sizindir", - deyərdi.
Böyüdük, unutduq: sandığı da,
içindəkiləri də. Yeni dəbli dəsmallar
aldıq, örtüklər örtdük, gəlin
boxçasının ayrılmaz bəzəyi olan "otrezlər"i
unutduq. Hazır geyimlər sifariş etdik. Amma nə nənənin
ətrini, nə də sandığın qoxusunu unuda bildik.
Odur ki, harda bir sandıq, hətta sadəcə rəsmini
görsəm, gözlərimi yumar, o günlərə səyahət
edər, hər ikisinin ətrini ta dərinliklərə qədər
içimə çəkər, üzümdə bir az nisgil
dolu, amma xoş uşaq təbəssümü ilə gözlərimi
yenidən açaram.
O dövrün sadəcə lazımi əşyası
olan sandıqlar, günümüzdə oyma işləməli
və ya rəngarəng dizaynda bahalı interyerin bir parçasına
çevrilib. İmkan daxilində heyranlıqla onları
alır, evimizin bir guşəsini bəzəyirik. Kimimiz dəb,
kimimiz isə sağlamlıq naminə bu gün qidanın da, əşyanın
da xasına, o günlərin isə dəbinə can
atırıq. Əslində isə biz yolunu azmış bir
uşaq kimi özümüzə, köklərimizə
qayıtmaq istəyirik. Dilimizi, folklorumuzu yenidən öyrənməyə,
tariximizi vərəqləməyə ehtiyac duyuruq.
Bu gün ən məşhur kuturyelərin
kolleksiyasını bəzəyən, bir zamanlar isə nənələrimizin
gündəlik, bayramlıq geyimlərinin materialını təşkil
edən atlas, xara, tafta, mahud, sətin, kətan, krep və s.
parçalara üstünlük verir, kəlağayı
yaylıqları zərif əl işi kimi bəh-bəhlə
hədiyyə edirik. Sağlamlığımızın qeydinə
qaldığımız üçün ənənəvi kənd
həyatının və xalq mətbəxinin ayrılmaz bir
parçası olan balatı ilə hazırlanmış
çörəklər alır, ya da bişiririk. Yenidən
saxsı qablara üstünlük veririk. Bir zaman evlərin
damını bəzəyən qırmızı keramik
örtükləri yeni dizaynda bərpa etməyə
çalışırıq.
Sən demə, illər öncə böyüklərimiz
diplomlu, ya diplomsuz ən yaxşı mühəndis, memar, həkim,
dizayner aşpaz, modelyer, ədəbiyyatçı,
tarixçi, sinoptik və s. iş-güc sahibləri olub, xalis
dəbdəbəni, sağlam həyat tərzini, ədəb-ərkanı,
elmi, mədəniyyəti yaşayıb, yaşadıb bizə
ərməğan edib, miras qoyublar.
Hər yeniliyin bir əsaslanmış kökü
olduğunu unutmadan, yeniliklə ayaqlaşmaq həmişə
vacibdir, lazımdır. Yeniliklərlə sağlam ayaqlaşa
bilmək üçün isə zaman-zaman yenilənməli,
torpağa səpilən toxum kimi yenidən cücərməliyik.
Kim bilir, bəlkə də gələn bahara qədər
çoxlu fidanlara çevrilə bilərik.
Fidan MALİK
525-ci
qəzet .- 2025. -4 aprel(№55).- S.10.