Gənclər Kitabxanası Aprel
döyüşləri ilə əlaqədar silsilə
materiallar hazırlayıb
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında hərb tariximizin parlaq səhifələrindən
biri olan Aprel döyüşləri (2-5 aprel 2016-cı il) ilə
əlaqədar silsilə materiallar – “Aprel döyüşləri
tariximizin şanlı səhifəsi” adlı biblioqrafik icmal və
Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun
şücaət və vətənpərvərlik dolu həyatından,
hərbi fəaliyyətindən bəhs edən “Lələtəpəyə
ilk bayraq sancan polkovnik” adlı məlumat bülleteni
hazırlanıb.
Biblioqrafik icmalda Aprel döyüşlərinin
başlanma səbəbləri, nəticələri, tarixi əhəmiyyəti
barədə geniş məlumat verilir. Materialda Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti
haqqında söylədiyi dəyərli fikirlər, igid Azərbaycan
oğullarının döyüş bölgəsində
göstərdikləri qəhrəmanlığa görə təltif
edildikləri orden və medalları haqqında məlumatlar təqdim
edilir.
İcmalda Aprel döyüşləri haqqında
sitatlar, şəkillər və “Şəhidlik zirvəsinin
fatehləri : bədii-sənədli əsər”, “Asimana ucalan
şəhidlər”, “Lələtəpə fatehləri”, “Qəhrəmanlıq
tariximizin şanlı səhifələri”, “Qalibiyyət:
şahidlər və şəhidlər”, “Vətən
mücahidləri”, “Aprel döyüşləri-Vətənimin
tarixi uğuru” kimi 20-dən çox kitabın biblioqrafik təsviri,
qısa annotasiyası və son iki ilin dövri mətbuat
nümunələrinin siyahıları sərgilənir.
“Aprel döyüşləri tariximizin şanlı səhifəsi”
adlı biblioqrafik icmal kitabxananın saytında yerləşdirilib.
“Lələtəpəyə ilk bayraq sancan polkovnik”
adlı məlumat bülletenində Azərbaycanın Milli Qəhrəmanı
Şükür Həmidovun şərəfli döyüş
yolundan bəhs edilir. Materialda polkovnik Həmidovun
sağlığında Lələtəpə
döyüşləri haqqında verdiyi müsahibə, Aprel
döyüşlərində və İkinci Qarabağ
müharibəsində olan hərbi fəaliyyəti, layiq
görüldüyü medallar, xatirəsinin əbədiləşdirilməsi
haqqında məlumatlar, şəxsi və döyüş
dönəmini əks etdirən fotoşəkillər yer
alır.
Kitabxananın saytında yerləşdirilən məlumat
bülletenində Milli Qəhrəman haqqında qələmə
alınan kitab və məqalələrdən də bəhs
edilir.
525-ci
qəzet .- 2025. -4 aprel(№55).- S.9.