Simurqun sorağında...
Esse
Nağıllara inandığım, miflərə
tapındığım yeniyetməlik illərimdən hafizəmə
köçmüş bir əfsanə sonralar həyatımı
şəkilləndirib ömrümü dilədiyi rəngə
boyayacaqdı...
...Qədim zamanlarda keçilməz vadilərin o
üzündə yerləşən əlçatmaz Qaf
dağının zirvəsində parlaq gözəlliyə
malik, qızıl qanadlı Simurq quşu
yaşayırmış. Yerin və göyün cəmi
sirrinin açarı ondaymış. Və bir gün
Hüt-hüt quşu (şanapipik) bütün quşları ətrafına
toplayıb bütün dərdlərinin çarəsinin
Simurqda olduğunu söyləyib onları Qaf dağına səfərə
getməyə razı salıbmış...
Yaddaşımda bu əfsanənin ardına orta əsrlərin
mütəsəvvif şairi Fəridəddin Əttarın
"Məntüqüt-teyr" ("Quşların dili")
adlı dərin mistik məzmunlu epik məsnəvisi
şahidlik edir: Quşlar hamısı toplanıb Qaf
dağına istiqamətlənirlər. Lakin yollarının
üstündə olan İstək, Eşq, Mərifət,
Tövhid, Heyrət kimi çoxsaylı vadilərdən
keçə bilməyib əksəriyyəti bu yoldan geri
dönübmüş. Səfər əsnasında
bülbül gülündən ayrı qala bilmədiyini hiss
edib, bayquş öz xarabalığından ötrü
darıxıb, qartal zirvələrdəki səltənətini
sahibsiz qoya bilməyəcəyini anlayıb, balıqudan iylənmiş
bataqlığında xoşbəxt olduğunu
xatırlayıb... Beləcə, xeylisi bu ağır səfərdən
boyun qaçırıblar. Bu səfərdə sadəcə
otuz (si) quş (murq) Qaf dağının zirvəsinə
yetişib. Çətinliklərdən keçib vadilərin,
dağların, dərələrin üzərindən
uçaraq gələnlər zirvədə Simurq əvəzinə
güzgüdə özlərini görüblər...
Anlayıblar ki, zaman-zaman od-alovda çırpınıb
küllərindən yenidən doğulan xilaskar Simurq
quşunu əslində elə içlərində
daşıyırlarmış. Hər biri özlüyündə
və bütövlükdə Simurq imiş...
lll
Bu əfsanə həyatın bəzən cəhənnəm
kimi görünən vaxtlarında yanıb əriyən, amma
hər dəfə yenidən ayağa qalxmağa məcbur olan
hər kəsə aiddir. Simurqun adının müxtəlif mənbələrdə
Zümrüd, Ənqa, Səməndər, Feniks, Hüma,
Tuğrul, Dövlət quşu olmasından asılı
olmayaraq... Və əslində həyat mübarizəsində
dəfələrlə yanıb kül olub özünü
yenidən və daha gözəl yarada bilənlərin
başına bir gün mütləq Dövlət quşunun
qonacağına hələ də yeniyetmə
çağlarımdakı sadəlövlüklə
inanıram...
Bəzən bitmək bilməyən iztirablı gecələrin
dərin sükutunda çoxumuzun ruhu bilinməzliyin
üfüqlərini qət edərək son çarə kimi
Simurqu o qədər axtarıb ki!.. İnanmışıq,
inanmaq istəmişik ki, Ənqa zamanın
sınağından keçənlərin, varlığın
sirrini dərk edənlərin qarşısında gec-tez
zühur edəcək. Çarəsizliyin sərhədlərində
ümidsizlik uçurumuna yıxılmaq ərəfəsində
olanda onun qanad çırpıntılarını
eşitmişik (ya da ən azından eşitdiyimizi
sanmışıq), bəzən göy qübbəsinin dərinliklərində
onun qızılı qanadlarının sahiblənici və böyük
kölgəsini gördüyümüzü
sanmışıq. Bəlkə də məna elə bunda
imiş - Zümrüd quşunu axtarmaq onu tapmaqdan daha yaddaqalan
təcrübə, daha maraqlı macəra imiş...
lll
Simurq məkana, zamana aid deyil. Sufizmdə bilindiyi kimi,
o, heç yerdə və eyni zamanda hər yerdədir.
Gerçəkliyin sərhədində və həm də onun
içindədir. Çəkdiyimiz ruhani iztirabların
içərisində Simurqu parlaq bir ilğımın
içində izlədiyimizi sanarkən əslində öz
varlığımızın dərin qatlarına səyahət
edirmişik. Zaman-zaman içimizdə baş qaldıran
yanğınlar elə axtardığımız qutsal həqiqətin
ruhumuzda qaladığı ocaqmış... Simurqun
axtarışı mənliyimizin ən gizli qatlarını kəşf
etməyə açılan qapı imiş. O qapıdan o yanda
güzgüdəki əksimizi görüb gec-tez dərk
etmişik: axtardığımız xilaskar Simurq elə
özümüzük... Hər dəfə
varlığımızı həyatın alovu içərisində
görəndə Simurq yenə və yenidən içimizdə
doğulurmuş. Bu doğuluşda sufi dillər
pıçıldayırdı ki, Simurq yolçunun son mənzili
deyil, onun yolun özündə şam kimi əriməsidir. Səfərimiz
boyu "vadilər"in üzərindən keçdikcə əlahəzrət
zaman qiyafələrimizi üstümüzdən bir-bir
çıxarıb... Beləcə bircə-bircə
bütün qavrayışlardan, adlardan, istəklərdən,
bədəndən və hətta düşüncənin sərhədlərindən
azad olduqca bizi biz edən hər şey yanıb külə
dönüb, Eşqi-Əzəlin qarşısında ruhi
çılpaqlığımızla qalmışıq... Bizdən
sonraya qalan heçlik sükutunun içində Simurqun
gerçək nəfəsini hiss etmişik. Süni olaraq
üstümüzə yapış(dırıl)an hər
şeydən imtinamızdan sonra Səməndər yenidən
doğulub. Bizdən kənarda deyil, bizdə... Ondan sonra nə
yol qalıb, nə yolçu, nə də axtarış.
Anlamışıq ki, Zümrüdü-Ənqanı tapmaq istəyənlər
yolun sonunda həmişə eyni həqiqətlə
qarşılaşırlar: ona doğru yol alanın özü
ilə... Bəs onda nədir bu doyulmaz şəkildə Simurqu
axtarmaq təşnəsi, qızılı lələkli
Zümrüdü tapmaq sevdası? Bu, özündən
qaça-qaça, özüylə qarşılaşmaqdan
qorxub guya hardasa özündən kənarda mövcud olan mifik
xilaskarın qanadlarına sığınmaq istəyidirmi? Və
bütün bu qaçışlar bizi batini
güzgümüzlə qarşılaşdırıb:
Güzgüdən bir cüt göz baxıb üzümüzə
- əbədi axtarışın, yanıb külündən
dirilməyin hekayətini anladan, illərin yorğunu, lakin
baxışlarının dərinliyində işıq parlayan
bir cüt göz... Simurqun parlaq qanadlarını o gözlərin
içində sezmişik. Əslində o, həmişə
orada olub, ta ki biz fərqinə varana qədər... Həqiqəti
uzaqlarda axtarmışıq, halbuki o, ruhumuzun dərinliyində
gizlənib şah damarımızdan daha yaxında - bizim
gözümüzdən bizi seyr edirmiş...
lll
Simurq - yanlışlarımızın,
günahlarımızın, özümüzü inkar edib
yenidən tapmağımızın, ruhumuzun cövhərinə
qovuşmağın adıdır. Sufi əbədiyyətinin
sirri budur: özündən keçmədən, özündə
yanmadan, zülm-zillətlə özünü yenidən
doğmadan gerçək həqiqətinə çata bilməzsən...
Bu sirri-Xuda Nəsimiyə agah idi. Ən ali
eşqi-İlahi məqamında Ənqanın da, Ənqanı
seyr edənin də özündə olduğunu
anlamışdı və anlatmışdı:
Eşq ilə hər dəm, Nəsimi, seyr edərsən
kuhi-Qaf,
Sənsən ol ali məqamda şəhpəri-Ənqayi-eşq.
Seyri-sülük səyyahı Nəsiminin mənəvi
yolçuluğundakı ilahi eşqlə özünü dərk
etməsini şair xələfi Xətai daha yuxarı müstəvidə
(bəlkə də daha ruhani dərinliklərdə) izah
etmişdi. Nəsimi əfsanəvi Qafı Simurqun özü
kimi seyr etdiyini yazarkən, Xətai hətta Qafın zirvəsinə
belə baş əymədiyindən söz
açmışdı:
Mən ol şahbazi-kuhsarəm, baş əyməm
qülleyi-Qafə,
Neçə Ənqa kimi yavru uçurdum aşiyanimdə...
Yuvasından neçə-neçə Ənqanı
uçurduğu ilə qürur duyması məşhur əfsanəyə
göndərmə olmaqla bərabər, həm də dəfələrlə
elə o Ənqa yavrularının simasında yenidən
doğulmanın fəxarəti idi. Əfsanənin bir
versiyasında da Simurqun qanadlarını çırparaq
öz alovunda yanmasından sonra küllərindən yeni bir
bala Simurq doğulub özündən əvvəlkindən daha
güclü şəkildə qanad çırpıb
uçarmış. Amma yanan Ənqa da, yenidən doğulan
Ənqa da elə özü imiş...
Heç mümkündürmü ki, qəzəllərində
mistik-sufi irfanının ən həssas məqamlarını,
ən gözəl, ən əcəb bədii ifadələrini
yüksək sənətkarlıqla təqdim edən Seyid
Əzim Şirvani şöhrəti Qərbdə Feniks, Şərqdə
Ənqa olan bu mifdən bəhs etməmiş olsun?
Mən ki, Ənqa kimi bir Qafi-qənaətdi yerim,
Neynirəm cifeyi-rəmz ilə belə dünyanı?
"Qafi-qənaət" ifadəsində də bir
neçə məna gizlənir. Bir tərəfdən şair
sözgedən əfsanənin motivlərini xatırladır.
Digər tərəfdən də bildirir ki, qənaət
dağında (ilahi eşqin ən uca mərtəbəsinə
ancaq buradan - zövqi-səfadan əl götürüb merac
etmək mümkündür) Ənqa kimi qərar tutanın
heç çürümüş dünyayla ilə işi
olarmı? Və şəksiz, bu beytdə şairin
ruhundakı Simurqun qanadlarının
çırpınmasından yaranan alovda dəfələrlə
yanıb kül olmağı da, yenidən doğulmağı
da qatbaqat ilahi həqiqət kimi saxlanıb...
Seyid Əzimin ədəbi xələfi Vahid isə
yanıb kül olmaqdan, atəşlərdə qovrulmaqdan
qorxmadığını cəsarətlə elan edənlərdən
idi. Və adları sadalanan bu mənəviyyat səyyahları
bəlkə də biri digərinin Simurq kimi yanmasından sonra
yenidən küllərindən doğulan digər
Ənqası, Səməndəri, Zümrüdü,
Hüması idi?..
Atəşi-qəmdən nə qorxaq kim səməndər
xislətik,
Şəmlər yandırmışıq, pərvanələrdən
çıxmışıq...
Bu atəş yalnız ondan qorxmayanları Simurqla
üzləşdirir. Özündəki Səməndəri kəşf
etmək yalnız atəşdən qorxmayan, şəmlərdən,
pərvanələrdən keçə bilənlərin
işidir...
lll
"Hər şeyin sonu var" deyirlər. Amma bəlkə
də əsl həqiqət bunun tam tərsidir - son dediyimiz yeni
başlanğıcdır. Əbədi çevrilmələr,
qapanmayan sonsuz dairə, doğuluşun və ölümün
bir-birinin içində olması sirri... Simurq bu sirrin ən qədim
və ən müdrik rəmzidir. O, külə dönüb
yenidən doğulmağı bacaran mifik varlıq olmaqdan daha
çox, insan ruhunun metaforasıdır, özünü itirib
yenidən tapmağın, yanıb təzədən
doğulmağın və insanın daxili transformasiyasının
əbədi simvoludur.
Hər birimiz həyatın içində
başımıza haranın külünü tökəcəyimizi
düşündüyümüz anda öz külümüz
üstümüzə səpələnir və ruhumuzun
mayasında təcəlli edən İlahinin gücü bizi təzədən
yaradır. Bu, bir anlıq möcüzə deyil, ardıcıl
prosesdir. Ən ağır ağrılar, ən dərin
travmalar onun içində gizlənən yeni
başlanğıcların qığılcımlarını
yaradır. Həyatın bizə bəxş etdiyi hər bir
çətinlik ruhumuzun alova bürünməsidir. Ruhumuz daim
sınaqdan keçir, bəzən xoşbəxtliyimizi itiririk,
bəzən sevdiyimizi, bəzənsə
özümüzü... Və bu itkilərin içində
başımızı itirməmək üçün Simurqun
sirrini anlayırıq: itirmək həmişə qorxulu
deyil... Yenidən doğulmaq üçün bəzən
yanmaq lazım olur. Çökdüyünüzü, yox
olduğunuzu, yanıb kül olduğunu
düşündüyünüz anlarda içinizdə
daşıdığınız o mistik yenidən
doğuluş gücünü - Simurqu, Ənqanı, Səməndəri,
Zümrüdü, Hümanı xatırlayın,
xatırladın...
P.S. Bu gün həqiqət bildiyimiz nə varsa, bəlkə
də, sadəcə əfsanədən qeyri bir şey deyil. Bəlkə
də Simurq heç vaxt mövcud olmayıb, biz onu uydurmuşuq
- yaşadığımız müddətdə cəhənnəm
əzablarında yanmağımıza, külümüzdən
doğulmağımıza məna verə bilmək vermək
üçün. Ya da əksinə, bəlkə heç vaxt
mövcud olmamışıq, yalnız Simurqun sonsuz
doğuluşunu əks etdirən rəngli, sehrli, bizi şirə
kimi içərisinə alan bir yuxunun içindəyik.
Qanadlarım yenə alovlanır, deyəsən... Mavi səmada
parıldayan günəş şüalarının şəfəqlərində
qızılı bir lələk süzülməkdədir...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025. -5 aprel(№56).- S.20.