"Heydər Əliyev həmişə
bizimlə qürur duyurdu"
ELMİRA AXUNDOVANIN AZƏRBAYCANIN XALQ ARTİSTİ,
PROFESSOR XURAMAN QASIMOVA İLƏ SÖHBƏTİ
Azərbaycanın Xalq yazıçısı, publisist
Elmira Axundova "Heydər Əliyev və yaradıcı
ziyalılar" mövzusu üzərində işləyir.
2-cildlik kitab bu ilin payızında işıq üzü
görəcək. Kitabın 2-ci cildində Elmira
xanımın görkəmli sənət adamlarıyla
çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.
Bu söhbətlərdə təkcə dahi Heydər
Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti
deyil, elə müsahiblərin özləri də oxucu
üçün bəzən gözlənilməz, naməlum
tərəflərdən açılır. Onlar müəlliflə
canlı, səmimi, bəzən çox məhrəm dialoq aparır,
təkcə müsahibənin qəhrəmanı barədə
deyil, həm də öz həyatları haqda
danışırlar və quru rəsmiyyətdən uzaq
söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq
doğurur.
nömrədən
başlayaraq söhbətlərdən bəzilərini
"525-ci qəzet"də çap etməyə qərara
almışıq. Təqdim etdiyi eksklüziv materiallara görə
Elmira Axundovaya minnətdarlıq bildiririk.
Elmira Axundova - Əziz Xuraman xanım, Siz böyük
bacınızla birgə Heydər Əliyevə doğma adamlar
idiniz, o, sizinlə fəxr edir, qürur duyurdu, həmişə
sizi özü ilə səfərlərə aparırdı,
bütün konsertlərinizə gəlirdi. Bəs onunla şəxsi
tanışlığınız nə vaxtdan başlayıb?
Xuraman Qasımova - Düşünürəm ki, Heydər
Əliyevlə tanışlığımız barədə
danışmazdan əvvəl bizim uşaqlıqla bağlı
bəzi epizodları xatırlamağım lazımdır...
Evimizdə böyük və zəngin fotoarxiv var. Ailəmiz
fotoşəkillərə xüsusi sevgiylə
yanaşırdı, belə ki, atam özü hələ gəncliyindən
çox yaxşı fotoşəkil çəkirdi. Tədricən
çoxlu sayda belə fotolar toplanır, onlar çəkiliş
illərinə əsasən albomlara
yapışdırılırdı.
Valideynlərim dünyasını dəyişəndən
sonra mən ailə arxivlərini səliqəyə salmağa
başladım və qəfildən çox nadir bir fotoşəkillə
qarşılaşdım. Orada il qeyd olunmamışdı. Bu
şəkil dərhal diqqətimi çəkdi. Təxminən
yay vaxtı təşkil olunmuş məclis idi.
Dayılarımla həyat yoldaşları arxası fotoqrafa
oturublar, üzü fotoqrafa əyləşənlər isə
Heydər Əliyev ilə xanımı və Leyli
xanımdır - Zərifə Əliyevanın anası. Onun
yanında Əziz Əliyev, daha sonra Azərbaycanın
Mülki Aviasiya İdarəsinin rəisi Nuri Əliyev oturub və
yanlarında balaca qız var - yəqin, qızlarıdır.
Masa arxasında təxminən 12 nəfər
görünür. Bu mənzərənin içində bircə
anamla atam yoxdu. Atam fotoşəkli çəkir, anam isə
masaya yemək gətirirdi...
Sonra mən bir məqama diqqət yetirdim ki, Zərifə
xanım, külək aparmasın deyə, başındakı
yaylığı əli ilə tutub. Uzun müddət bu şəkli
seyr etdim və onun nə vaxt və harada çəkildiyini
öyrənməyi çox istədim. Amma ailəmizdə
artıq bu barədə soruşacağım adam
qalmamışdı...
İllər keçdi və Heydər Əliyev Fondu Zərifə
Əliyevaya həsr olunmuş gözəl bir albom buraxdı.
Bizi təqdimata dəvət etdilər və həmin nəfis
albomu da hədiyyə verdilər. Onu vərəqləyərkən
114-cü səhifədə qəfildən sadə bağ
evinin fonunda mehriban cütlüyün - Zərifə
xanımın və Heydər Əliyevin şəklini
gördüm. Diqqətlə baxanda yaylıq, kostyum və
qalstuk nəzərimi cəlb etdi, arxa fondakı balaca ev də
mənə çox tanış idi... Ağlıma gəldi
ki, bu fotoşəkil bizim Şüvəlandakı bağ
evimizdə çəkilib. Görünür, böyüklərimiz
bir-birini yaxından tanıyır, bəlkə də, dostluq
edirdilər. Məclisdən sonra gənc cütlük gəzməyə
qalxmışdı və atam da onların şəklini
çəkmişdi.
Uzun illərdən sonra mən bu fotoşəklin nə
vaxt və nə münasibətlə çəkildiyini dəqiqləşdirə
bildim. 1996-cı ildə Heydər Əliyev İncəsənət
muzeyindəki solo konsertdən sonra bizi yanına
çağırdı. Mən onların masa arxasında
yanaşı oturduqları fotoşəkli özümlə
götürdüm. Getdik, söhbətləşdik, Prezident
ünvanımıza xeyli xoş sözlər dedi. Sonra
soruşdu ki, nə vaxt qayıdacağıq. Bizsə həmin
vaxt Türkiyədə, İstanbul Universitetinin nəzdindəki
konservatoriyada işləyirdik.
Görüşün sonunda mən içərisində
fotoşəkil olan zərfi çıxardım və dedim:
"Biz sizə maraqlı bir şəkil göstərəcəyik,
sizsə deyəcəksiniz, bu harada və neçənci ildə
çəkilib". Fotoşəkli görəndə o, heyrətlə
səsləndi: "Oy, bu ki Zərifə və mənəm!"
Mən söylədim: "Biz buranın hara olduğunu təxmin
edirik, bəlkə siz dəqiqləşdirəsiniz?" O
dedi: "Dayan, dayan... nə gözəl şəkildir!
İndi deyəcəyəm: bu, 2 may 1955, ya 1956-cı il, sizin
bağdır. Fotoşəkli atanız çəkirdi..."
Bax onun belə qeyri-adi yaddaşı vardı.
E.A. - Çox maraqlı əhvalatdır. Həm də
dəyərli dəqiqləşdirmədir. Mənsə, məsələn,
düşünürdüm ki, şəkildə onların
ikilikdə kiçik bir evin qarşında, hansısa
bağın fonunda dayandıqları yer -
Naxçıvandır.
X.Q. - Yox, bu, Şüvəlan idi. Uzaqdan görünən
ev isə mənim böyük dayım İsgəndər
İsgəndərova məxsus idi, o, "Gigromorneft"in (Dənizin
dərinliyindən neft hasil edən müəssisələrin
layihələşdirilməsi üzrə Dövlət
institutu - E.A.) baş mühəndisi idi və Əziz
Əliyevlə dostluq edirdi, onun kürəkənini
yaxşı tanıyırdı. Eyni zamanda Nuru Əliyevlə
də yaxın idi.
Yadınızdadırsa, bu yaxınlarda İlham
Əliyevin mədəniyyət xadimləri ilə
görüşü oldu. Biz də ora dəvət
almışdıq. Çoxları əvvəldən bilirdilər
ki, nədən danışacaqlar, nə xahiş edəcəklər,
hansı problemləri qaldıracaqlar. Axıra yaxın mən
özüm əlimi qaldırıb danışmaq istəyimi
bildirdim. Gördüm ki, sabiq mədəniyyət naziri
Əbülfəz Qarayev bir qədər əsəbiləşdi.
Amma İlham Əliyev onu saxladı: "Yox, yox, hər şey
qaydasındadır, mən Xuraman xanımı dinləmək
istəyirəm". Mən dedim: "Cənab Prezident, bu
görüş üçün çox sağ olun. Mənim
çıxışım qısa olacaq. Sizdən heç bir
xahişim yoxdur, bircə arzum var. 2002-ci ildə Heydər
Əliyev yubiley konsertindən sonra bizə mənzil verdi. O
zaman mərhum prezident demişdi: "Təmir edin və məni
evinizə qonaq çağırın". Təəssüf
ki, 2003-cü ildə o xəstələndi və
dünyasını dəyişdi. Amma Prezidentin bizim sadə
komamıza qonaq gəlməsi ilə bağlı arzu ürəyimizdə
qaldı. Biz Sizi Mehriban xanımla birgə evimizə dəvət
edirik!"
Bizdə Heydər Əliyevin çoxlu fotoşəkli
var, haqqında danışdığım şəkil də
bura daxildir. Çox istərdik ki, İlham Heydər oğlu
Əliyev də, Mehriban xanım da ailələrimizin
yaxınlığını duysunlar, axı cənab Prezidentin
atası bizi az qala uşaqlığımızdan
tanıyırdı. İnşallah, nə zamansa arzumuz həyata
keçər...
E.A. - Siz nə vaxt Heydər Əliyevlə şəxsən
tanış olmusunuz? Canlı ünsiyyətiniz necə
yaranıb?
X.Q. - Heydər Əliyev həyatımıza daxil olanda
biz hələ çox gənc idik. Həmin vaxt valideynlərimizi
artıq itirmişdik, onlar dünyadan çox tez getmişdilər.
Anamın heç 60 yaşı da yox idi. Heydər Əliyev az
qala respublikaya rəhbər təyin olunan andan bizim həyatımıza
da qədəm qoydu. Fidan 1972-ci ildə, konservatoriyanın 50
illik yubileyində səhnədə parladı. Yubiley
münasibətilə təntənəli axşam təşkil
etmişdilər və Fidana da, ən yaxşı tələbələrdən
biri kimi, Maestro Niyazi ilə birgə çıxış etmək
qismət olmuşdu. Bizim görkəmli musiqiçilər, ilk
növbədə Maestro Niyazi və böyük Qara Qarayev də
onu orada gördülər. Bütün Sovet İttifaqından
çoxlu dəvətlilər vardı. Və əlbəttə,
respublika rəhbəri də orada iştirak edirdi. Konsertdən
sonra artistləri təbrik etmək üçün kiçik
bir görüş oldu, Heydər Əliyev Qara Qarayevlə birgə
Fidana yaxınlaşdı. Qarayev dedi: "Hə, nə
deyirsiniz, Heydər Əliyeviç, bizdə ulduz
doğuldu?" O söylədi: "Tamamilə doğrudur, bu
gün mən ulduzu dinlədim, hansını ki, uşaq ikən
görmüşdüm, onda balaca qız idi..."
Heydər Əliyevlə qarşılıqlı
münasibətlərimin tarixçəsi isə bir qədər
sonra, mən beynəlxalq müsabiqələrin laueratı
olanda başladı. Həmin vaxta qədər bacımın
kölgəsində qalmışdım. Bilirdilər ki, mənim
də vokal göstəricilərim var, amma heç kəsin
ağlına gəlmirdi ki, böyük səhnəyə
çıxmaq, ölkəmizi nüfuzlu müsabiqələrdə
təmsil etmək şərəfi mənə də qismət
olacaq. 1972-ci ildə Fidan Moskva konservatoriyasının
aspiranturasına daxil oldu və qayıtdıqdan sonra Mirzə
Fətəli Axundov adına Azərbaycan Opera və Balet
Teatrına solist götürüldü. Bir neçə il
sonra mən də həmin teatra solist gəldim.
Fidanla mənim həyata keçməyən yeganə
arzumuz İtaliyaya oxumağa getmək olub. Hərçənd
məni bir vaxtlar böyük Tito Qobbinin özü dəvət
etmişdi! Bu, 1981-ci ildə Mariya Kallas adına Afinada
keçirilən müsabiqədə qalib gələndən
sonra olmuşdu.
E.A. - Bəs siz bu xahişlə Heydər Əliyevə
müraciət etmişdiniz?
X.Q. - Yox. O zaman hər şey Moskvanın əlində
idi axı. İstiqaməti oradan təyin edirdilər. Görkəmli
artistlərin çevrəsi vardı və prinsipcə, biz də
artıq bu çevrəyə düşmüşdük.
Bizim müsabiqələrdə - İsveçrədə,
Niderlandda, Yunanıstanda qazandığımız birinci yerlər,
Çaykovski müsabiqəsindəki qələbəm
özü hər şeyi deyirdi. Qısazamanda Sovet
İttifaqında şöhrət qazanmışdıq. 1978-ci
ildə Fidan Əməkdar artist, 1982-ci ildə isə Xalq
artisti adını aldı. O, 1977-ci ildə İtaliyaya getdi,
oradakı tamaşaçıları və Viotti adına beynəlxalq
müsabiqənin münsiflər heyətini heyran etdi, oradan
birinci mükafatla qayıtdı, bu, əsl sensasiya oldu.
Mən 1977-ci ildə o illər üçün ənənəvi
olan Zaqafqaziya Musiqiçiləri-ifaçıları
Müsabiqəsinin laureatı oldum. Yeri gəlmişkən,
qeyd etmək lazımdır ki, həmin illərdə bu,
ittifaqda ən güclü yarışmalardan
sayılırdı. Dünyada məşhur olan bir çox
musiqiçilər həmin müsabiqədən
keçmişdilər. Həmin ilin payızında mən
artıq Qlinka adına vokal ustalarının VIII ümumittifaq
müsabiqəsinin laureatı idim, tədbir Daşkənddə
keçirilirdi. 1981-ci ildə isə Mariya Kallas adına beynəlxalq
müsabiqədə iştirak etdim və orada birinci mükafatı
və "Qran-pri"ni qazandım. Beləcə, bizim
bütün qələbə və nailiyyətlərimiz Heydər
Əliyevin birinci hakimiyyət dövrünə təsadüf
edir. Həmin vaxt bu cür uğurlar Olimpiya Oyunlarında
qazanılan qızıl medallara bərabər idi. Saxta təvazökarlığa
varmadan deməliyəm ki, biz digər
vokalçılarımızın da beynəlxalq müsabiqələrə
yolunu açdıq. SSRİ-də çox ciddi seçim
sistemi mövcud idi, çoxlu dinləmələr, səsvermələr
və sair olurdu. Rusiya peşəkarlarının ələyindən
keçmək hədsiz çətin idi. Özü də o
zaman Atlantov, Obraztsova, Sinyavskaya parlayırdı və bu fonda
heç də onlardan geri qalmayan Fidan Qasımova peyda oldu.
Əlbəttə, Heydər Əliyev bizi həmişə
mehriban qarşılayır, bizimlə qürur duyurdu. İstər
burada olsun, istərsə də Moskvada, elə bir hökumət
konserti olmurdu ki, Qasımova bacıları və ya birimiz orada
iştirak etməyək. 1984-cü ildə aktiv konsert fəaliyyətimizə
görə ikimiz də Azərbaycan Dövlət
Mükafatına layiq görüldük. Heydər Əliyevlə
eyni vaxtda Moskvada işləyən və bu konsertlərdə
onunla birgə iştirak edən SSRİ mədəniyyət
naziri Pyotr Demiçev deyirdi: "Heydər Əliyeviç,
sizin nə gözəl müğənniniz var - Fidan
Qasımova! Biz onu Bolşoy Teatra götürmək istəyirik.
Elə bacısını da. Yaxşısı budur, ikisini də
götürək". Bu söhbət Moskvada, bizim
çıxış etdiyimiz Sütunlu Zalın kulisində
baş tutmuşdu. Heydər Əliyev isə demişdi: "Mən
bu qızları sizə verməyəcəyəm. Bizdə də
onları çox sevirlər. Siz Tahir Salahovu, Müslüm
Maqomayevi, Əjdər İbrahimovu bizim əlimizdən
almısınız. Sizdə bizim məşhur
adamlarımız çoxdur. Zəhmət olmasa, onları
Bolşoy Teatra dəvət edin, qoy qastrola gəlsinlər, amma
sonra evlərinə - geriyə qayıtsınlar". Bax belə
maraqlı bir söhbət olmuşdu.
E.A. - Bu, yeri gəlmişkən, Heydər Əliyevin
özəlliyi idi. Moskvanın onun sevimli kadrlarını əlindən
almasını xoşlamırdı və buna hər yolla
müqavimət göstərirdi. Kitablarımda bu haqda digər
misallar da var.
X.Q. - Əlbəttə, o zaman musiqiçinin dünya
səviyyəsində qəbul olunmasının zirvəsi
Çaykovski adına müsabiqə hesab olunurdu. Məsələn,
hələ sağlığında heykəli qoyulan Van Kliberni
götürək. Fidan həmin müsabiqədə 1978-ci ildə
iştirak etməliydi, amma az əvvəl atamız
dünyasını dəyişdiyindən ora gedə bilmədi.
1982-ci ildə mən müsabiqədə ikinci yeri tutdum və
o zaman söhbətlər, şayiələr yayılmağa
başladı - necə olur ki, azərbaycanlı müğənni
bu qədər yüksəyə ucala bilir, nüfuzlu
münsiflər heyətini heyran qoyur və sair və
ilaxır.
E.A. - Yaradıcı sahədə paxıllıq daim
istedadlı adamları müşayiət edib. Motsart və
Salyerini xatırlayın. Aleksandr Sergeyeviç Puşkin hətta
bu barədə pyes də yazıb. Əsas odur ki,
paxıllıqlara baxmayaraq, siz özünüzü realizə
edə bildiniz...
X.Q. - Biz ölkə üçün daha çox
iş görə bilərdik...
E.A. - 1982-ci ildə Heydər Əliyev Moskvaya işləməyə
getdi. Sizin ünsiyyətiniz qırıldımı?
X.Q. - Qətiyyən. Onun mədəniyyət və incəsənət
xadimləri ilə vidalaşma mərasiminə bizi də dəvət
etmişdilər. Heydər Əliyevə yaxınlaşdıq
və qeyri-ixtiyari gözlərimiz doldu. O, bizim əhvalımızı
görüb dedi: "Nə olub? Nə
sızıldayırsınız? Prinsipcə, mən uzağa
getmirəm. Bəsdir, sakitləşin, siz ki indi ora daha
çox gələcəksiniz. Moskvada görüşəcəyik.
Mən sizin gözəl
yaradıcılığınızı yenə də diqqətlə
izləyəcəyəm. Odur ki, qəm eləməyin..."
Doğrudan da, Moskvada işləyərkən və o
cümlədən, mədəniyyəti kurasiya edərkən
o, çox zaman bizim adlarımızla qarşılaşırdı.
Biz konsertlərə dəvət alırdıq və o, həmişə
bizə baxmağa gəlirdi.
Sonra Heydər Əliyev istefaya getdi, demək olar ki, dərhal
Qarabağ müharibəsi başladı, SSRİ
dağıldı. Çətin vaxtlar idi. Konsertlərə,
qastrollara gedirdik, ianələr verirdik, Birinci Qarabağ
müharibəsi veteranlarına və əlillərə kömək edirdik. Yaralıları
və uşaqları himayəyə alırdıq. Elə indi
də bu işlərlə məşğul oluruq.
Amma 90-cı illərin əvvəllərində
ağır xəstələndim. Məni xaricə, ABŞ-yə
göndərdilər. "AMOKO" adlı Amerika şirkəti
kömək etdi. Xəstəliyimdən bir il qabaq Fidanla
Amerikada olduq, orada konsertlər verdik və böyük uğur
qazandıq. Belə konsertlərin birində "AMOKO"nun
bütün rəhbərliyi iştirak edirdi. Cənab Robert
Blanton - "AMOKO" neft şirkətinin Avrasiya ölkələri
üzrə rəhbəri ağır xəstə olduğumu
bildi, onun göstərişi ilə məni müalicə həkimim
Cəmil Əziz oğlu Əliyevlə birgə Hyustona
apardılar. Mən, demək olar ki, bir il ABŞ-də
qaldım və 1993-cü ilin aprelində qayıtdım. Həmin
vaxt Azərbaycanda çox şey dəyişmişdi,
qeyri-stabillik dövrü başlamışdı. Mən həkim
nəzarəti altında qalmalıydım, sözügedən
şirkətdən müalicəni Türkiyədə yerləşən
Amerika hospitalında davam etdirməyimlə bağlı təklif
gəldi.
Bu səbəbdən də, biz Türkiyədə,
dövlət universitetinin nəzdindəki konservatoriyada işləməyə
qərar verdik. Bu iş mənə müalicə xərclərini
ödəməyə kömək etdi. Yəni biz, burada bəzilərinin
barəmizdə dedikləri kimi, Türkiyəyə bəxtəvərçilikdən
getməmişdik, mövcud vəziyyət bunu tələb
edirdi.
E.A. - Heydər Əliyev ikinci dəfə hakimiyyətə
gəlişindən sonra sizin harada olmağınızla, nə
üçün getməyinizlə maraqlandımı? Onunla nə
zaman yenidən qarşılaşdınız?
X.Q. - Heydər Əliyev qayıtdı və respublikada
olmadığı illərdə dağılan hər şeyi
bərpa etməyə başladı. İşlərinin,
problemlərin çoxluğuna, davam edən Ermənistan-Azərbaycan
münaqişəsinə baxmayaraq, o, dərhal bizi
xatırladı. Mədəniyyət sahəsindəki məmurlardan
soruşmuşdu: "Bəs Fidan hanı, Xuraman hanı?"
O zaman mədəniyyət naziri Polad Bülbüloğlu idi.
Nazir cavab vermişdi ki, onlar Türkiyədə işləyirlər.
Bundan sonra görüşlərə, səfərlərə,
hökumət konsertlərinə oradan dəvət olunurduq. Biz
dəfələrlə Berlin, Bonn, London, Paris, elə Türkiyənin
özünə səfər edən Azərbaycan hökumət
nümayəndə heyətinin arasında olduq... Unudulmaz Məkkə
səfəri yadınızdadırmı?
E.A. - Əlbəttə, məgər belə şeyi
unutmaq olar? Bizi Prezidentlə birgə müqəddəsdən
müqəddəs Kəbənin içinə buraxdılar.
Bu, böyük xoşbəxtlikdir.
X.Q. - Heydər Əliyev şəxsən mənə
evə zəng elədi və dedi: "Sənin nələrdən
keçdiyini, nə yaşadığını bilirəm.
Özünü necə hiss edirsən? İstəyirəm səni
Səudiyyə Ərəbistanına səfərə dəvət
edim. Məkkəni görərsən. Ölkənin isti
olmağından ehtiyat eləmə, hər şey əvvəlcədən
nəzərə alınıb".
Təsəvvür edirsiniz, onun köməkçisi zəng
vuranda mən oturmuşdum, Heydər Əliyevin səsini
eşidəndə isə ayağa qalxdım və onunla elə
ayaqüstə danışdım. Mərhum Prezidentimizə bu
qədər dərin ehtiramım, sonsuz hörmətim
vardı. Sanki o bizim ailə başçımız idi...
Məkkə səfəri də təsadüfi
olmadı. Bilirdi ki, buna ehtiyacım var. Məndə qayıdan
kimi oradan aldığım zəngin təəssüratlarla
"Ave Mariya" konsertini verməyi qərara aldım. Bu biz
qayıtdıqdan az sonra - 1994-cü ilin yayında oldu.
İçimdə belə bir konsert ideyası yarandı ki,
Fidanla birgə müxtəlif müəlliflərin -
Şubertin, Mendelsonun, Baxın, Qunonun "Ave
Mariya"larını ifa edək. "Bizim" "Ave
Mariya"nın Azərbaycan mətni isə mənə orada -
müqəddəs məkanda gəldi. Musiqinin müəllifi Fərhad
Bədəlbəyli idi, o özü də dəfələrlə
deyib ki, biz əsərin həmmüəllifləriyik.
İdeyanı Fidan vermişdi. O, musiqini dinləyəndən
sonra belə də söylədi: "Qoy bu, Azərbaycanın
ilk "Ave Mariya"sı olsun".
Pərvərdigara, pərvərdigara,
Eşit səmadan Sən duamımızı...
Gümanımızsan, imanımızsan,
Amanımız ol, ver dəva bizə...
Mən Məkkədə, müqəddəs Kəbə
qarşısında bu sözlərlə dua elədim və
bütün bunları, özümün bütün hisslərimi
əsərə köçürdüm. Konsert 2 iyun
1994-cü ildə filarmoniyada baş tutdu, orada həmin
kompozisiya "İki qadının duası" adı
altında ilk dəfə səsləndi. Diktor səhnədən
elan etdi ki, bu, premyeradır, əsər Fidan və Xuraman
Qasımovalara həsr olunur.
Heydər Əliyev konsertə İlham Əliyev və
Mehriban xanımla gəlmişdi. Fidan da oxumalı idi, amma biz
öz iş yerimizi, Türkiyə konservatoriyasındakı tələbələrimizi
qoyub eyni vaxtda Bakıya gələ bilməzdik və Fidan mənə
kart-blanş verdi ki, sən get, mən səni əvəz edərəm.
İstanbuldakı pedaqoji fəaliyyətimizlə Azərbaycandakı
tədbirləri uyğunlaşdırmaq bizim üçün
çətin idi. Neft müqavilələrinin imzalanmasından
və çoxlu sayda nüfuzlu əcnəbi qonaqların
Bakını ziyarət etməsindən sonra isə onların
sayı xüsusilə artmışdı. Bizi daim müxtəlif
konsertlərdə iştirak üçün dəvət
edirdilər.
Məsələn, bir məqamı deyim: ABŞ-dən
dövlət xadimi, məşhur politoloq Zbiqnev Bjezinski
xanımı ilə gəlmişdi və Heydər Əliyev
bizi şam yeməyinə dəvət etdi. Vəfa Quluzadə,
Həsən Həsənov, bir də Fidanla mən idim. Orada
oxumadıq, konsert vermədik, sadəcə, söhbət etdik.
Yəni bizi yanında görmək, Azərbaycan musiqi elitasını
məşhur amerikalı siyasətçiyə təqdim etmək
Heydər Əliyev üçün xoş idi. İki bacı
və ikisi də klassik janr müğənnisi olsun - axı
bu, nadir hadisədir.
"Ave Mariya" konsertindən sonra Heydər
Əliyev filarmoniya direktorunun otağına gəldi və mənə
dedi: "Nəzərə al. Bundan sonra mən sizin
bütün tədbirlərinizə
gələcəyəm". Və sözünə əməl
etdi.
Biz müstəqil Azərbaycanın bütün əsas
ordenlərini qazanmışıq: "Şöhrət"
ordenini bizə Heydər Əliyev öz əliylə təqdim
etmişdi, "Şərəf" və"İstiqlal"
ordenlərini isə İlham Əliyev verdi. Fidanın SSRİ
Xalq Artisti adını qazanmasında da Heydər Əliyevin əməyi
vardı. O özü Fidana demişdi: "Sən artıq
yetişmisən, biz sənə SSRİ Xalq artisti adını
verə bilərik". O həmin vaxt Kremldə idi və bu məsələləri
izləyə bilirdi.
E.A. - Bəli, Heydər Əliyev sizin üçün
böyük dayaq idi. Bununla yanaşı, hər şeyi öz
əməyiniz və istedadınızla qazanmısınız.
Heç kəs sizə adı, ordeni qara qaşınıza,
qaragözünüzə görə verməyib... Əziz
Xuraman, Heydər Əliyevlə bağlı daha hansı
maraqlı epizodu xatırlayırsınız? Sizin yaddaqalan
görüşləriniz çox olub axı.
X.Q. - Yəqin ki, ən yaddaqalanı Muzeydəki
konsertdən sonra Prezident Sarayında olan söhbətimizdir.
Onun görüşünə az əvvəl haqqında
danışdığım fotoşəkillə getmişdik.
Həmin vaxt Türkiyədə bizim çoxlu musiqiçilərimiz
çalışırdı, onlar qardaş ölkədə
klassik musiqi məktəbinin əsasını qoydular. Biz də
orada gənc ifaçıların irəli çıxması
üçün az iş görmədik. Bir dəfə Heydər
Əliyevlə görüş zamanı Tansu Çillər
demişdi: "Sizin qızların sayəsində biz YÖK
(Yüksək Öyrətim Kurumu) proqramını dəyişdik".
Həmin vaxtadək konservatoriya məzunlarının işə
düzəlməsi çətin idi, bunun üçün
hansısa yaşlı müğənninin teatrdan az qala tabutda
çıxacağını gözləmək lazım gəlirdi.
Biz bu sistemi bütünlükdə dəyişdik...Tansu
Çillər də buna görə Türkiyədə əsl
mədəni inqilab etdiyimizi demişdi.
Heydər Əliyev isə həmin vaxt Türkiyədə
işləyən bütün soydaşlarımızı geri
qaytarmaq istəyirdi, arzu edirdi ki, bizim bütün
istedadlarımız vətəndə toplanıb,
yaradıcılıqlarına da burada davam etsinlər. Həmin
görüşümüzdə o demişdi: "Bəsdir,
müqavilənizi bitirin, evinizə qayıdın. Mən istəyirəm
ki, siz burada olasınız. Və öz məktəbinizi -
Fidan və Xuraman Qasımovalar məktəbini məhz burada
yaradasınız. Burada öz Akademiyanızı təsis edəsiniz".
Bu, onun arzusu idi. Biz elə Prezidentin kabinetindəcə onun
adına ərizə yazdıq, Heydər Əliyev də
imzaladı. Sonra isə ərizəni humanitar siyasət
şöbəsinə, Fatma Abdullazadəyə göndərdi.
Belə görünürdü ki, biz qayıdandan sonra
məsələ tezliklə həll olunmalı idi. Fatma
xanımdan vəziyyətlə bağlı maraqlandıq. Belə
bir cavab gəldi: "Məşğul oluruq". Sonra rəhbərlik
dəyişdi, biz Heydər Əliyevlə söhbətimiz və
həmin məktubumuz barədə İlham Əliyevə
danışdıq. O, yeni mədəniyyət naziri
Əbülfəz Qarayevi yanına çağırdı və
məsələnin nə üçün
uzandığını soruşdu. Biz şikayət etməmişdik,
sadəcə demişdik ki, burada vokal akademiyası
yaratmağımızı Heydər Əliyev
arzulayırdı. Xatırlayıram ki, o zaman İlham
Əliyev dedi: "Sən ki bilirsən, mən onlara heç
bir məsələdə imtina etməyəcəyəm".
Biz hətta bina da seçmişdik, müvafiq nizamnamə
yazmışdıq, başqa sənədləri
hazırlamışdıq. Amma heç kəs bu məsələ
ilə ciddi şəkildə məşğul olmadı. Yəqin,
kimsə bizim arzumuzun həyata keçməsini istəmirmiş.
E.A. - Ayrıca akademiyanız olmasa da, Bakı Musiqi
Akademiyasında siz faktiki olaraq öz məktəbinizi
yaratdınız. Bu gün nə qədər tələbəniz
beynəlxalq müsabiqələrdə qalib gəlir! Siz nə
qədər istedad yetişdirmisiniz!
X.Q. - Amma bunları daha əvvəl və daha yüksək
səviyyədə edə bilərdik. İndi biz məmurlardan,
Mədəniyyət Nazirliyindən asılıyıq. Amma
birbaşa əlaqələr qura bilərdik, bizim Rusiyada da,
ondan kənarda da geniş dost çevrəmiz var. Bu
yaxınlarda İtaliyaya ustad dərsləri keçməyə
getdik. Bir vaxtlar Moskva bizi ora oxumağa göndərmədi, əvəzində
bu gün İtaliyada ustad dərsləri veririk.
Daha maraqlı bir detalı deyim: Bülbül adına
ilk müsabiqə 1997-ci ildə keçirildi. Həmin vaxt biz
ABŞ-də idik, iki aylıq müddətə solo-konsertlər
verirdik. Yeri gəlmişkən, Miçiqandakı konsertə
təsadüfən Fərhad Bədəlbəyli də gəlmişdi.
Sonradan o bizə dedi ki, həmyerlilərinin belə əzəmətli
tarixi zalda bu qədər tamaşaçının
qarşısında çıxış etməyi ilə
qürur duyur. Bilirsiniz, biz mətbuat təmsilçilərini
heç vaxt özümüzlə aparmamışıq,
geniş müsahibələr verməmişik. Amma konsertlərimiz,
doğrudan da, böyük uğurla keçirdi.
Bu arada Bakıda Polad Bülbüloğlu Bülbül
adına beynəlxalq vokalçılar müsabiqəsinin təşkilati
məsələləri ilə məşğul idi, münsiflər
heyətini seçirdi və istəyirdi ki, jürinin sədri
SSRİ-nin Xalq artisti İrina Arxipova olsun. Polad Bülbüloğlu
bu təkliflərlə Heydər Əliyevin yanına getdi.
Prezident böyük Bülbülün 90 illik yubileyi ərəfəsində
müsabiqənin keçirilməsi ideyasını
yaxşı qarşılaşdı. Amma bununla yanaşı,
söhbət münsiflər heyətinin sədri məsələsinə
gələndə Heydər Əliyev sual verib: "Nə
üçün Arxipova? Bizim özümüzün də
SSRİ Xalq artistimiz var - Fidan Qasımova. Nə
üçün o olmasın?" Polad yenə israr edib ki,
Arxipova dünya səviyyəsində nəhənglərdəndir,
onu hamı tanıyır. Qoy sınaq üçün birinci dəfə
o olsun, müsabiqə özünü doğrultsa, əlbəttə,
"qızlar" (bizi hamı belə
çağırırdı) daim münsiflər heyətində
iştirak edəcəklər.
Qısası, belə də oldu. Üç il biz
münsiflər heyətində qaldıq, sonra mədəniyyət
naziri ilə münasibətlərimiz pozuldu və müsabiqədə
iştirakdan imtina etdik...
Sonralar, 1998-ci ildə, Heydər Əliyev ikinci dəfə
prezident seçiləndə biz onun şərəfinə
konsert verdik. 2000-ci ildə yenə solo konsertlə
çıxış etdik. 2002-ci ildə, bizim yaradıcı
fəaliyyətimizin 25 illiyi münasibəti ilə Respublika
Sarayında yenidən böyük solo konsertimizi keçirdik.
Yeri gəlmişkən, Türkiyədən qayıtdıqdan
sonra da biz doğma teatra qayıtmadıq, teatrın rəhbərliyi
ilə prinsipial fikir ayrılıqlarına görə Opera və
Balet Teatrının solistləri kimi fəaliyyətimizi bərpa
etmədik. Bunun bir çox səbəbləri vardı, onlar
barədə danışmaq istəmirəm. Rəhbərliyə
şikayət etməyə isə biz öyrəşməmişik.
O cür tərbiyə almamışıq. Allaha
şükür, mən uzun illərdir BMA-da solo ifa
kafedrasının müdiriyəm, Fidan isə Musiqi
Akademiyasının professorudur. Amma bununla yanaşı,
çox istərdik ki, doğma səhnədə, sevimli
tamaşalarımızda sevimli partiyalarımızı oxuyaq.
Amma teatrın o vaxtkı direktoru ilə bu, mümkün
deyildi...
Heydər Əliyev 1998-ci ildə, iyulun 4-də,
ABŞ-nin müstəqillik günündə Amerika səfirliyində
bizi gördü. Yanına çağırıb soruşdu:
"Ay qızlar, hardasız? Nəsə sizləri
çoxdandı görmürəm. Deyirlər, çox
uğurlu və sərfəli müqavilə
imzalamısınız və xaricə qastrollara gedirsiniz".
Biz təəccübləndik və cavab verdik:
"Heydər Əliyeviç, siz nə vaxt bizi istəyib
görmədiniz? Dünyanın harasında olursaq-olaq, ilk
çağırışınıza yanınıza
qaçırıq. Biz qastrollara gedirik, amma uzunmüddətli
müqavilələrimiz yoxdur".
Prezident təəccüblə soruşdu: "Bəs
nə üçün mənə hər dəfə belə
məlumat verirlər? Mənə deyirlər ki, siz xaricdə
yaşayırsınız və yaxşı qazanırsınız.
Birillik müqavilə imzalamısınız".
Biz açıq dedik ki, bu, doğru deyil, heç kəslə
heç bir müqavilə imzalamamışıq, doğma
şəhərimizdəyik və solo konsertə
hazırlaşırıq. Sual olunur, barəmizdə bu cür
yalanı yaymaq kimə lazım idi?
E.A. - Lap həqiqət olsa belə, burada nə var ki?
Bütün görkəmli müğənnilər müqavilə
imzalayıb dünyada qastrollara çıxırlar və
heç kəs buna görə onları tənqid eləmir.
Əksinə, bununla qürur duymaq lazımdır...
X.Q. - İndi belədir. 90-cı illərdə
bütün bunlar yenicə çıxırdı.
Görünür, kimsə istəyirmiş ki, Prezidentin bizə
olan xoş münasibətini dəyişsin. Bir dəfə,
iki dəfə səhv məlumat verirlər və artıq sənə
münasibət də dəyişə bilir.
E.A. - Bu, yəqin ki, elementar qısqanclıq və
paxıllıqdır. Yəni hansısa Akademiya onların nəyinə
lazımdır, konservatoriyada dərs deyirlər - bəsləridir.
X.Q. - Bu arada Vişnevskayanın, Bieşunun,
Arxipovanın öz məktəbləri, mərkəzləri
vardı. Nə üçün Fidan Qasımova - o da SSRİ
Xalq Artistidir - belə bir şey yarada bilməsin? Adama
ağır gəlir...
Amma Heydər Əliyev özünün dahiyanə həssaslığı
ilə bütün bunları anlayırdı, xüsusən də
2002-ci ildə bizim Respublika Sarayındakı konsertimizə gələndə
ona hər şey aydın oldu.
O zaman hörmətli Mehriban xanım Mədəniyyətin
Dostları Fondunun xəttilə bizə çox dəstək
verdi. Fatma xanıma xaricdəki görkəmli şəxslərin
uzun bir siyahısını verdik, onları konsertimizə dəvət
etməli idilər. Yeri gəlmişkən, axşamın
bütün ssenarisini, dəvətlilərin
siyahısını - hər şeyi Fidan özü tərtib
edirdi. Biz nə zamansa əcnəbi teatrlarda birgə
çıxış etdiyimiz həmkarlarımızı -
artistləri, dirijorları tədbirimizdə görmək istəyirdik...
Konsertin vaxtı yaxınlaşırdı, artıq dekabr idi, hələ
də heç nə bilmirdik - konsertə hazırlıq gedirmi,
dəvətnamələr göndərilibmi və sair. Prezident
Aparatının humanitar şöbəsindən bizə nəzakətlə
cavab verirdilər: "İşləyirik, məşğul
oluruq". Və bu zaman, xoşbəxtlikdən, maestro Niyazinin
90 illiyinə həsr olunmuş konsert keçirildi. Biz orada
çıxış etdik, sonra çay süfrəsi oldu. O
zaman Heydər Əliyev soruşdu: "Qızlar, sizin
konsertinizə hazırlıq necə gedir?" Tədbirimizə
hardasa 20 gün qalırdı. Dedik ki,
hazırlaşırıq, repertuar seçirik, amma təşkilati
hazırlığın necə keçdiyini bilmirik. O,
Prezident Aparatının humanitar siyasət şöbəsinin
müdiri Fatma xanıma və Polad Bülbüloğluna
baxdı, qeyri-ixtiyari hiss elədi ki, məsələyə
özü qarışmalıdır və Dilarə Seyidzadəyə
dedi: "Dilarə xanım, bax, haçan bir az boş
vaxtım var, mən onları qəbul edim". Biz onun
yanına gedəndə Heydər Əliyev köməkçisi
Dilarə xanıma söylədi: "Bu işlərlə məşğul
olan hər kəsə deyin ki, mən konsertdə olacağam.
Bunların nə arzusu var, hamısı həyata
keçsin".
Məlum oldu ki, bizim bir il əvvəldən verdiyimiz
siyahı üzərində faktiki olaraq işləməyiblər:
"Biz heç kəsi tapa bilmirik... bu telefon nömrəsi
düzgün deyil... filankəs həmin vaxt xaricdə qastrolda
olacaq..."
Bolşoy Teatrdan, Gürcüstandan qonaqlarımız gəldi.
Əlbəttə, biz daha da möhtəşəm gecə eləmək
istəyirdik. Lakin istənilən halda, hər şey gözəl
keçdi. Həmin o konsertdə mənimlə Fidanın həyatı,
qastrollarımız, Amerikadan xəstəlikdən sonra necə
qayıtmağım barədə çoxlu sənədli
kadrlar vardı və Heydər Əliyev bunları görəndən
sonra bizimlə bağlı hər şeyi başa
düşdü. Bu müdrik insan konsertin sonunu gözləmədən
səhnəyə çıxmaq və nitq söyləmək
istədi. Yadınızdadır, o, Polada müraciətlə nə
demişdi: "Polad, sənin atan böyük xanəndə
olub, hamı onun qarşısında baş əyirdi. Bax bu
qızların qarşısında da hamı baş əyməlidir.
Bizim incilərimiz var - bir, iki, üç... Amma bu qızlar
999 əyarlı qızıldırlar".
E.A. - İcazənizlə, mən bu gözəl və
çox ibrətamiz nitqdən sitat gətirərdim:
"...Böyük Üzeyir Hacıbəyov yüz il bundan
öncə Azərbaycan opera sənətinin klassik musiqi sənətinin
əsasını, təməlini qoyubdur... Azərbaycanda yeni
bir mədəniyyət, incəsənət, musiqi janrı -
opera, klassik musiqi yaranıbdır... Əgər qonşu
müsəlman ölkələri ilə müqayisə etsək,
Azərbaycan bu barədə həddindən artıq inkişaf
etmiş bir ölkədir. Bunları yaradan insanlar da təbiidir
ki, çox nadir fitri istedada malik insanlar olmuşlar... Beləliklə,
zəngin mədəniyyətimizin ən dəyərli inciləri
var. Bu incilər çox deyil və çox olsa, onlar heç
vaxt qiymətli olmaz. Bax, onlardan ən dəyərliləri
Fidan xanımdır, Xuraman xanımdır.
Keçmişdə bizdə, dünyada ən qiymətli
şeyi qızılla müqayisə edərdilər. Əgər
keçmiş qanun-qayda ilə müqayisə etsək, onlar
999 əyarlı qızıldır. Mən hamını bizim cəmiyyətdə
belə insanlara xüsusi münasibət, qayğı göstərməyə,
belə insanlara hörmət etməyə dəvət edirəm...
Əgər biz bunları göz üstə saxlamasaq, belə
insanları cəmiyyət - bizim 8 milyon əhalimiz var, -
göz üstə saxlamasa, mədəniyyətimizi inkişaf
etdirə bilmərik. Bunu deyərək, mən ümumiyyətlə,
istedadı olan hər bir gəncə, hər bir insana
xüsusi münasibət göstərilməsini istəyirəm.
Çünki bu istedadlardan bizim gələcəyimizin mədəniyyət
xadimləri yaranacaqdır və burada Fidan xanım və
Xuraman xanım nümunədirlər".
X.Q. - Bizim hansı hisslər keçirdiyimizi sözlə
ifadə etmək çətindir! Həm gülürdük, həm
də ağlayırdıq, göz yaşlarımızı
gizlətmirdik... Heç bilirsiniz bu konsertdən sonra bizə nə
qədər zənglər oldu? Adları vaxtından tez unudulan
ifaçılar, musiqiçilər bizə necə minnətdarlıq
etdilər? Yubiley axşamındakı
çıxışı ilə Heydər Əliyev bizə elə
bil yeni, təmiz hava bəxş elədi, biz bu nəfəsi
ömrümüzün sonunadək hiss edəcəyik...
Bundan sonra Prezident bizə mənzillər
bağışladı. Dörd ay sonra isə, çox təəssüf
ki, o xəstələndi və biz bir daha görüşmədik.
2004-cü ildə, böyük liderin dünyasını dəyişməsindən
bir il sonra onun xatirəsinə həsr olunan "İthaf"
konsertini verdik.
Biz həmişə hiss edirdik ki, arxamızda bu nəhəng
şəxsiyyət dayanıb, biz daim onun dəstəyini,
xoş diqqətini hiss edirdik. Bəli, Heydər Əliyev bizi
sevirdi, bilirdi ki, bizə etibar edə bilər və biz
heç zaman onun etibarını itirmərik! Allah ona qəni-qəni
rəhmət eləsin!
525-ci qəzet .- 2025. -5 aprel(№56).- S.8-10.