Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqda davam edəcək

 

 

Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır və ölkəmizin bu istiqamətdə iştirakçılığı getdikcə artmaqdadır. Azərbaycan təkcə ənənəvi enerji deyil, yaşıl enerji sahəsində də zəngin potensiala malikdir. Son illər bu potensialın reallaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Azərbaycanın enerji siyasətində Cənub Qaz Dəhlizi layihəsi mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb.

Cənub Qaz Dəhlizi Avropaya qaz nəqlini təmin edən mühüm enerji layihəsidir. Bu layihənin gerçəkləşməsi uzun və çətin bir proses olub. Dəhlizin təməli 1997-ci ildə qoyulsa da, 2003-cü ildə onun iqtisadi cəhətdən səmərəsiz ola biləcəyi ilə bağlı ehtimallar, həmçinin xarici təzyiqlər və müxtəlif bürokratik maneələr layihənin həyata keçirilməsini çətinləşdirdi. Lakin Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışı nəticəsində bu maneələr aradan qaldırıldı və layihə yeni inkişaf mərhələsinə keçdi. 2013-cü ildə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin dörd layihəsi - "Şahdəniz", "Cənub Qafqaz Boru Kəməri", TANAP və TAP-ın genişləndirilməsi ilə bağlı sərəncam imzaladı. Məhz bundan sonra Cənub Qaz Dəhlizi tam gücü ilə işlək vəziyyətə gətirildi və Azərbaycan qazının Avropaya çatdırılmasına başlanıldı.

2014-cü ildə layihənin daha sistemli və effektiv idarə olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bu qurum layihənin maliyyələşdirilməsi, idarə olunması və inkişaf etdirilməsi ilə bağlı mühüm funksiyalar yerinə yetirir.

2015-ci ildən etibarən isə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantıları mütəmadi olaraq keçirilməyə başladı. Bu görüşlər layihənin beynəlxalq səviyyədə əlaqələndirilməsinə, tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsinə və Cənub Qaz Dəhlizinin uzunmüddətli dayanıqlığının təmin edilməsinə xidmət göstərir.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin inkişafında və həyata keçirilməsində liderlik edib. Dövlətimizin başçısı dəfələrlə bu layihənin mühüm əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu bəyan edib.

2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindəki çıxışı zamanı Prezident Əliyev layihənin əhəmiyyətini bu sözlərlə ifadə edib: "Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır.

Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib".

Aprelin 4-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Bu mühüm tədbirlər Azərbaycanın enerji siyasətində strateji mərhələ olmaqla yanaşı, ölkəmizin regional və qlobal enerji bazarlarında artan rolunu bir daha nümayiş etdirir.

Cənub Qaz Dəhlizinin məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının 2-ci mərhələsini həyata keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasların Azərbaycan və Avropa İttifaqı daxil olmaqla, 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.

Cənub Qaz Dəhlizinin əhəmiyyətini, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu "525"ə şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Son illər baş verən bir sıra hadisələr Yaxın Şərqin mavi yanacağının Avropaya çatıdırımasında risklər yaradıb. Belə olan halda, ən etibarlı vasitə Cənub Qaz Dəhlizidir. Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilıməsi, həcminin daha da artırılması istiqamətində böyük layihələr ortaya qoyub. TANAP, TAP layihələri Cənub Qaz Dəhlizinin əsas seqmentləridir.

Deputat əlavə edib ki, Avropa özü də mavi yanacaq mənbələrinin şaxələndirilməsində çox maraqlıdır: "Eyni zamanda, Avropa öz enerji təhlükəsizliyini şaxələndirərkən Azərbaycana daha çox üstünlük verir. Çünki Azərbaycan həm etibarlı tərəfdaşdır, eyni zamanda, sabit və təhlükəsiz bir zonadır. Azərbaycan artıq Avropanın 10 ölkəsinə mavi yanacaq ixrac edir və getdikcə bunun həm coğrafiyası, həm də həcmi daha da genişlənir. İndiki halda həcm 13 milyard kubmetrdir, amma bunun 20 milyard kubmetrə çatdırılması hədəflənir. Həmçinin, Qazaxıstanın, Türkmənistanın, eləcə də digər ölkələrin mavi yanacağının Cənub Qaz Dəhlizi vasitəsilə  Avropaya çatdırılması mümkündür".

A.Hüseynov söyləyib ki, Azərbaycan təkcə ənənəvi enerjini deyil, eyni zamanda çox yaxın gələcəkdə yaşıl enerjini də Avropaya və digər ölkələrə ixrac etmək imkanlarına malik olacaq: "Ölkəmizin alternativ enerji mənbələri 6 qiqavatdan çox dəyərləndirilir. Hazırda günəş, külək və hidroenerji alınması və onun istehsalı istiqamətində böyük işlər həyata keçirilir. Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanmış müqavilə əsasında Qobustanda artıq Qaradağ günəş panelləri quraşdırılıb. 230 meqavat gücündə olan Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır. Eyni zamanda, bu, ölkəmizdə xarici sərmayə ilə tikilən ilk bərpaolunan enerji stansiyasıdır. Eləcə də həm Xəzər dənizində, həm Şərqi Zəngəzurda çox böyük günəş və külək enerjisi ehtiyatlarımız mövcuddur".

Deputat vurğulayıb ki, Azərbaycan enerji siyasətini daha da genişləndirir: "Hazırda Cənub Qaz Dəhlizinin imkanları daha da artır və Avropanın marağındadır ki, bu sahədə Azərbaycanla əməkdaşlıq etsin. Çünki Avropanın Şimal dənizindən, yəni Norveçdən aldığı mavi yanacaq getdikcə tükənir. Azərbaycan bu mənada əməkdaşlıq üçün çox əlverişlidir. Əlbəttə, burada ölkəmizin həyata keçirdiyi siyasət çox yüksək səviyyədədir və ölkəmizin milli, iqtisadi maraqları tam təmin olunur. Həmin resurslardan əldə olunan gəlirlər bizim milli resurslarımız olaraq ölkəmizin inkişafına, vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlir".

A.Hüseynov hesab edir ki, Azəbaycanın etibarlı tərəfdaş olması onun enerji diplomatiyasının daha da uğurlu olmasını təmin edir: "Ümumiyyətlə, ticarətin ən birinci amili etibarlılıqdır, etibarlı tərəfdaş olmaqdır. Azərbaycan bu sahədə artıq demək olar ki, öz möhürünü vurub. 1994-cü ildə Azərbaycan neft konsersumu imzaladı. Həmin neft konsersumunun imzalanmasından 30 ildən çox vaxt keçir. Ötən illər ərzində Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri çox yüksək səviyyədə yerinə yetirib. Bu, bir daha onu göstərir ki, Azərbaycanın sözü imzası qədər dəyərlidir. Ölkəmiz məhz bu cür qiymətləndirilir. Burda bir məqam mütləq vurğulanmaldır ki, Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri, sözünün üstündə durması, hər hansı bir vəd veribsə, onun yerinə yetirilməsi, - əlbəttə ki, bütün vədlər hər zaman reallığa söykənib, - bütün bunlar ölkəmizin imicinin formalaşmasını səciyyələndirdi. Müasir dünyada, müasir iqtisadiyyatda, ümumiyyətlə, iqtisadiyyatda etibarlılıq, etibarlı tərəfdaş olmaq həmin tərəf üçün çox böyük dividentlər gətirir. Bu isə bizim ölkəmizi konkret olaraq xarakterizə edən bir cəhətdir. Ona görə də ən əsası da investisiya qoyulması baxımından ölkəmizin bu imicinə çox böyük önəm verilir".

Deputat Azərbaycanın yaşıl enerji siyasətinə də diqqət çəkərək deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqda davam edəcək: "Artıq Azərbaycan bu istiqamətdə konkret layihələr həyata keçirir. Məlumdur ki, Gürcüstan, Rumıniya və Macarıstan olmaqla Qara dəniz üzərindən yaşıl enerjinin ötürülməsi üçün kabel çəkilir. Bu isə o deməkdir ki, Azərbaycan artıq yaşıl enerji ixracatçısı olan bir ölkə kimi səciyyələnməkdədir. Bununla bağlı da geniş resurslarımız, potensialımız var: "Həmin resursların istehsalata çevrilib, ixrac olunması üçün konkret layihələr həyata keçirilir. Çünki biz eyni zamanda investisiya cəlb olunması üçün də addımlar atırıq. Yəni yaşıl enerji istehsal olunması üçün artıq Azərbaycan xarici investorlarla da əməkdaşlığa başlayıb. Bütün bu tədbirlər ölkəmizin enerji diplomatiyasının önəmini bir daha təsdiqləyir".

 

Pərvanə  

525-ci qəzet .- 2025. -5 aprel(№56).- S.5.