Şəkillərdə
yaşayan xatirələr
Esse
Görəsən, əzizlədiyimiz xatirələr
hansı rəngdədir? Xatirələrin neçə rəngi
var? Onların rənginin ya ağ, ya da qara olduğunu
düşünürəm. Yaşadığı ömür
insanın yaddaşında daha çox iki cür qalır:
yaxşı və pis. Yaxşı hadisələr ağ rəngdə,
pis hadisələr isə qara rəngdə.
Qəlbimizin dərinliyinə hopmuş xatirələrin
bəzilərini yada salanda üzümüzə təbəssüm
qonur, ürəyimiz açılır. Onların qanadında
keçmişə dönür, xoşbəxt günlərimizi
gözlərimizin önündə yenidən
canlandırırıq. Bəzi xatirələrimiz o qədər
çox kövrək olur ki, yada düşəndə kədərlənirik,
gözlərimiz nəmlənir, yanaqlarımızda şeh
damcılarına bənzəyən yaş gilələnir. Elə
xatirələr də var ki, heç onun səmtinə nə əl
uzatmaq, nə də baxmaq istəyirik. Sanki kövrələcəyimizdən,
xatirələrin ağırlığından qəddimizin bir
daha düzəlməyəcəyindən qorxuruq.
Bir zamanlar bu şəkildəki dörd nəfərin
bir daha bir yerə toplaşmamaq düşüncəsidən
qorxduğu kimi.
Şəkil 1936-cı ildə Bakı şəhərində
çəkilmişdir. Dörd nəfər oturub: Ata, Ana,
Qardaş, Bacı. Bu, onların ömründəki ən
xoşbəxt günlərindən biridir və çox təəssüf
ki, bu an bir daha təkraralanmayacaq, elə xatirələrdə
də yaşayacaq. Hüseyn Cavid və onun ailəsinin
acılı-şirinli xatirələri elə fotolarda qalacaq.
Bu gün Hüseyn Cavid ailəsinin xatirə kitabını vərəqlədikcə
o səhifələrdə nakam qalmış arzularda
sağa-sola burulan yolların sonu görünmür. Günlər
ötüb arxada qaldıqca xatirələrdə
üst-üstə qalaqlanır, xatirə kitabının vərəqinin
sayı artır.
Mişkinaz və Turan xanımın ömür
kitabını vərəqlədikcə kövrək xatirələr
bir anlıq əlimdən tutub məni onların
ömrünün səssiz-səmirsiz ötən
çağlarında yaşanan günlərinə
aparır...
Turan xanım öz məktəb illərinə aid
xatirələrində qeyd edir ki, "Hər ikimizi o yola
salırdı. Səhərlər ananı oyatmağa ürəyi
gəlmirdi. Biz duranda artıq çay süfrəsi də,
geyim-kecimimiz də hazır olurdu. Çox diqqətliydi. O
dövrün insanlarında böyük sadəlik vardı, bu
da, görünür ki, onların daxili zənginliklərindən
irəli gəlirdi. Dərslərimizlə maraqanırdı,
yaşımıza uyğun olmayan kitabları oxumağa
qoymazdı.
Bu xoşbəxt ailə tablosunu bir həyat
yoldaşı kimi Mişkinaz xanım öz xatirələrində
bu cür davam etdirir "1929-cu ilin yay ayında biz
hamımız yenə də Borjomda istirahət edirdik. Şəhərin
bağlı-bağatlı bir yerində otaq tutmuşduq.
Adətən, səhər, günorta, axşam yeməklərini
evdə yeyərdik. Mən xoşlardım ki, uşaqlara və
Cavidə özüm bişirdiyim yeməklərdən
yedirdim".
Ancaq o günlərin yemək qayğısının
sonralar sadəcə bir xoşbəxtlik olduğunu kim bilə
bilərdi ki!?
"1939-cu il iki iyul saat on ikidə görüş verəcəkdilər.
Üçümüz də əlimizdə şeylər
durmuşuq qapının qabağında. Fikirləşirəm
nə halda görəcəyik?
Cavid qapıya yaxın tərəfdəydi. Əlləri
dizlərinin üstündə. Gözünü qapıya zilləyib
oturmuşdu. Qapıdan girən kimi mən gördüm. Adam
çox olduğu üçün, bir də ki,
gözlüyü gözündə yoxdu, tez görə bilmədi.
Yaxına gələn kimi dik qalxdı ayağa.
Qollarını açıb üçümüzü birdən
qucaqadı. Birinci sözü bu oldu:
- Dünən niyə gəlmədiniz?
- Çatdıra bimədim.
Uşaqları bir də ayrı-ayrı qucaqladı.
Uzun müddət görmədiyi üçün ona nə qədər
böyümüş görünürlər. Elə həsrətlə
baxırdı ki... Ürəyinə danmışdı ki, bu
görüş axırıcı dəfədir... Xeyli
arıqlamışdı. Rəngi qaçmışdı.
İkimiz yan-yana oturduq. Uşaqlar da bir tərəfdə. Bir
qolun açıb ikisini də özünə tərəf
sıxmışdı.
Ancaq bu görüş də bir xoşbəxtlik
imiş. Ailənin hər bir üzvü sağdır. Yenə
bir arzunun qanadlarındaydılar. Hər birinin bir ümidi var
idi - bir gün yenidən bir yerdə olmaq. Baba Sibirdən
dönəcək, Ərtoğrol əsgərlikdən
qayıdacaq. Ailə xoşbəxt günlərinə yenidən
qovuşacaq. Ailənin birliyi sadəcə xoşbəxtlik
üçün deyil, onların sağlamlığı
üçün də gərəkli idi. Ərtoğrol
Naxçıvanda ağır xəstəlik ilə savaşarkən
sağalmağın yolunu ailəsinin bir arada olmağından
asılı olduğunu vurğulayırdı. Ailəsinə
1943-cü il avqust ayının 29-da yazdığı məktubunda
qeyd edir: "Yalnız bir məsələ
düşündürür. Sizin Naxçıvana gəlməniz.
Tezliklə bir yerə toplansaq, nə böyük sevinc olar?..
Hamısı sizdən asılıdır. Hələlik. Bərk-bərk
öpürəm".
Ərtoğrol bunları 1943-cü ildə
arzulamışdı. Ömrünün son günlərində.
Ancaq qismət... Ailənin yenidən qovuşması illər
sonra mümkün oldu. Əsrə bərabər illərdən
sonra. Bu ağır missiya ailə
başçısının deyil, zamanın siyasi Liderinin və
ailənin sonbeşiyinin çiyinləri üzərinə
düşdü. Bu kənardan göründüyü kimi, ailə
fərdlərinin bir türbə daxilində yenidən
qovuşması - sadə proses deyildi. Qanlar hesabına
yaradılmış bir imperiyaya əsər edəcək siyasi
gücün nəticəsində mümkün oldu.
"Məqbərənin. Elə oldu ki, biz
çıxanda Əliyev foyedə akademiklərlə söhbət
edirdi, məni görüb çağırdı.
Yaxınlaşıb salam verdim. Çox sevinclə: "Xəbərin
var, məqbərəni tikirlər" - dedi. "Bəli,
eşitmişəm". Əlavə etdi ki, mən də gedəcəm.
"Çox gözəl", - dedim. Doğum tarixini bir də
soruşdu. İstədiyi o idi ki, layihəsi təsdiq olundu və
mən anamın və Ərtoğrolun məqbərəyə
köçürülməsini Əliyevə deyə bilmədim.
Çox əzab çəkirdim. 1996-cı ilin iyunun 21-də
Vəli Axundovun 80 illik yubileyi Akademiyada keçirilirdi. Ümid
etməzdim ki, elə bir yerdə Əliyevi görüb
sözümü deyə bilərəm - məhz 24-də
açılsın məqbərə. Əliyev söhbət
etdikcə hiss edir ki, məndə o sevinc yoxdur. Birdən nəsə
dayandı, diqqətlə üzümə baxdı: "Nə
sözün var, de". Mən təəccüb elədim.
Söz məni elə tutmuşdu ki, birdən-birə cavab verə
bilmədim. - "De, çəkinmə, de, nə demək istəyirsən,
de". "Ərtoğrolun da məqbərəyə
köçürülməsini istərdim". Dərhal
razılaşdı. Yenə diqqətlə üzümə
baxdı. "Deyəsən, sözün bitməyib".
"Sizə təşəkkür üçün
bütün sözlər azdır", - dedim. "Yenə
sözün varsa, de, çəkinmə". "Anam onlardan
ayrı qalır". "Onun da məqbərədə
olmasını istəyirsən?" "Bəli" - dedim. "Çox istəyirsən?"
"Çox!" "İstəyirsən,
tapşırım".
Ailənin 3 üzvü 57 ilin
ayrılığından sonra cismən belə qovuşdu. 65
ilin həsrətindən sonra - 2004-cü ildə də
böyük ürək sahibi Turan ilə - ailənin sonuncu
üzvü ilə qovuşdular.
Sevda QULİYEVA
Hüseyn Cavidin Ev-muzeyinin əməkdaşı
525-ci qəzet .- 2025.- 8 aprel(№57).- S.13.