Stokholmda Azərbaycan
klassik musiqisi konserti keçirilib
Stokholmdakı Müqəddəs Mixail (Mikaelikyrkan) kilsəsində
Azərbaycan klassik musiqisi konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, 100-ə yaxın diaspor
nümayəndəsi və İsveçin müxtəlif
şəhərlərindən xarici qonaqların iştirak
etdiyi konsert Azərbaycan Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi ilə “Qobustan” Azərbaycan
Ziyalıları Cəmiyyəti tərəfindən təşkil
olunub.
Cəmiyyətin sədri Səadət Kərimi konsertdən
əvvəl çıxış edərək zala
toplaşanlara məşhur Norveç alimi və səyyahı
Tur Heyerdalın diqqətini çəkən Qobustanın qədim
tarixi və petroqliflər barədə məlumat verib. O qeyd
edib: “Cəmiyyətimizin üzvləri hüquqşünaslar,
musiqiçilər, həkimlər və alimlərdən ibarətdir.
Hər birimiz İsveç ilə Azərbaycan arasında
körpülərin qurulması üçün səy
göstəririk”.
O, həmçinin Azərbaycan klassik musiqisindən,
onun banisi Üzeyir bəy Hacıbəylidən, milli bəstəkarlıq
məktəbinin formalaşmasında mühüm rol oynamış
Fikrət Əmirov, Qara Qarayev, Asəf Zeynallı, Tofiq Quliyev
kimi görkəmli bəstəkarlardan bəhs edib.
Sonra türkiyəli opera müğənnisi Burcu Kuru
Azərbaycan klassik musiqisinin parlaq nümunələrini ifa
edib. Tamaşaçılar Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettasından “Qızlar xoru”nu, Fikrət
Əmirovun eyniadlı operasından Sevilin ariyasını, eləcə
də Asəf Zeynallının “Ölkəm” romansını
böyük maraq və həvəslə
qarşılayıblar. Tofiq Quliyevin “Sənə də qalmaz”
mahnısı onların xahişi ilə iki dəfə ifa
olunub.
Proqramın qonağı qismində Höteborqdan olan
tarzən Hüseyn Nəsirli çıxış edib. O, Səid
Rüstəmovun “Oxu tar” və Vasif Adıgözəlovun “Qərənfil”
kompozisiyalarını ifa edib. Musiqi əsərlərini
fortepianoda Üzeyir bəy Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının və Frankfurt-Mayn Ali Musiqi və Teatr
Məktəbinin (HfMDK)məzunu, İsveçdə yaşayan
Aynur Məlikova müşayiət edib.
Konsert sürəkli alqışlar, təşkilatçıların
və ifaçıların ünvanına minnətdarlıq
sözləri ilə başa çatıb.
525-ci qəzet .- 2025.- 8 aprel(№57).- S.9.