Tarixin əks-sədası
YAZIÇI-PUBLİSİST ELÇİN
HÜSEYNBƏYLİNİN "GÜLTƏKİN XAQAN"
ROMANI - DÜNƏNLƏ BU GÜNÜN SİNTEZİ...
Tarixi əsərlər, xüsusən də
yazılı ədəbiyyatın daha geniş həcmli
janrı olan tarixi romanlar haqqında yazmaq, təhlil etmək bu
əsərləri yazmaq qədər çətindir, məsuliyyət
tələb edir. Tarixi mövzuda qələmə
alınmış hər hansı əsər - fərq etməz,
hekayədir, povestdir, romandır, onlar haqqında söz demək
üçün təkcə həmin əsəri mütaliə
etmək, həmin dövrün tarixini araşdırmaq kifayət
etmir, digər dövrlərlə, ayrı-ayrı müəlliflərin
tarixi mövzuda yazdıqları əsərlərlə paralellər
aparmaq lazım gəlir. Bizdə həm tarixi gerçəkliyin
araşdırılması, həm də bədiiləşdirilməsi
cəhətdən vəziyyət o qədər də ürəkaçan
deyil, kasadlıqdır. Tariximizin elə dövrləri var ki,
arxivlərimizdə onlarla bağlı etibarlı, tutarlı mənbə
ya yoxdur, ya da çox azdır, elə həmin dövrləri əks
etdirən bədii əsərlər də azlıq təşkil
edir.
Fikrimə aydınlıq gətirmək
üçün o qədər də uzaq tarix olmayan Qarabağ
xanlığı, bu tarixin İbrahim xanla, şah Qacarla
bağlı yazılan romanlara
diqqət edək. Əksəriyyətində
natamamlıq hiss olunur. Səməd Vurğunun "Vaqif" əsərində
şeiriyyət, bədiyyət nə qədər
güclüdürsə, tarixi həqiqət bir o qədər
təhrif olunub. Ə.B.Haqverdiyevin "Qacar" pyesində
tarixi həqiqətə sayğı var, amma bu həqiqətin
bədii təsvirində natamamlıq, xüsusən də əsərin
baş qəhrəmanları olan Şah Qacar və İbrahim
xanın obrazlarının təsvirində özünü
göstərir. Y.V.Çəmənzəminlinin "İki od
arasında" romanında da tarixi həqiqətdən
sapınma huşyar oxucunun diqqətindən yayınmır.
Fikrimcə, bu dövrü az-çox tamlığı ilə
əks etdirən ən uğurlu əsər Jan Geverin "Xacə
şah" romanıdır.
Niyə uzaqdan başladım? Səbəbini
açıqlayım. Tarixi mövzuda əsərlər
yazmağa meyilli az sayda yazarlarımızdan biri olan
yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin
"Gültəkin xaqan" romanından söz açmaq istəyirəm.
Elçin Hüseynbəylinin bundan əvvəl qələmə
aldığı "Şah Abbas", "Pərixan",
"Yenə iki od arasında" və ya "Qarabağnamə",
"Azıx" romanlarını oxuyanlar yaxşı bilir ki,
yazıçı Azərbaycan tarixinin qaranlıq,
yazılmamış səhifələrinin ədəbiyyata gətirilməsində
maraqlıdır (Əslinə qalanda yazıçının
"Vida" əsəri də sənədli tarix roman kimi dəyərləndirilə
bilər və Qarabağ həqiqətlərinin dünyaya
çatdırılmasında, ədəbi
yaddaşımıza çevrilməsində rolu
danılmazdır).
Xatırladım ki, yazıçının bu yeni
romanı təkcə Azərbaycanın yox, həm də
ümumtürk tarixinin tam açılmamış, tədqiq
edilməmiş dövrünün bədii təcəssümünə
həsr olunub. Elçin Hüseynbəyli kifayət qədər
tarixi mənbə olmadığı halda buna necə ürək
edib, bu boyda məsuliyyətin, ağırlığın
altına necə girib, bilmirəm. Amma yəqin özü
yaxşı bilir və bəlkə elə buna görə də
qəhrəmanlarının doğulduğu,
yaşadığı, döyüşdüyü yerləri gəzmək
qərarına gəlib, məzarlarını ziyarət etməklə
bu boşluğu doldurmaq istəyib: "...Romanı
başlamazdan öncə adətimə uyğun olaraq, qəhrəmanlarımın
gəzdiyi, döyüşdüyü, yaşadığı
yerləri görmək istəyirdim. Çünki onda tarix
daha əlçatan olur. Babalarının ruhu sənin ruhunla
birləşir, gözlərin onların gözlərinə,
qulaqların qulaqlarına çevrilir. Ayağın onların
addım izlərini duyur, ciyərlərin aldıqları nəfəslə
dolur..."
Həmişə bu fikirdə olmuşam ki, tarixi tarix
kitablarından çox ədəbiyyatdan, həmin
dövrü əks etdirən bədii əsərlərdən
öyrənmək daha effektli olur. Niyəsi də budur ki,
bütün dövrlərin tarixi hakim zümrəyə necə
sərf edirsə, o cür də yazıya alınır. Ədəbiyyat
isə həyatın obrazlı təsviri olduğundan yazıçı
istəməsə belə, həmin dövrün bədii təsvirində
həyat həqiqətini əks etdirməyə məcbur olur,
tamlığı ilə olmasa da, həmin dövrdən nəsə
sızdırır...
Tarixi romanlar təkcə həmin dövrün
araşdırıcıları, təhlilçiləri
üçün deyil, oxucuları üçün də həmişə
maraq kəsb edir. Məs. Fransa Burjua İnqilabının
tarixini Viktor Hüqo tarixçilərdən daha gözəl əks
etdirə bilib. Yazıçının "1793-cü il",
"Paris-Notrdam kilsəsi", "Səfillər"
romanı, Ştefan Svayqın "Jozef Fuşe: Siyasi xadimin
portreti" sənədli
romanı təlatümlü Fransa inqilabının əsas
mahiyyətini tarixi əsərlərdən daha yaxşı
izah edir. Azərbaycan ədəbiyyatına nəzər yetirəndə
say sarıdan vəziyyət qənaətbəxş olsa da,
dövrün, zamanın sınağından çıxan əsərlər
barmaqla sayılacaq qədərdir. Həmin yazarların və əsərlərin
adını sadalayıb polemika açmaq fikrim
olmadığından bu mövzudan yan keçirəm.
XX əsr tarixi romançılığında dünənlə
bu günün sintezi, hadisələrin zaman konteksindən
çıxarılaraq bu günümüzlə əlaqələndirilməsi,
zaman səddinin qaldırılması, mifopoetik metodda yazılması
ədəbiyyatımız üçün nisbətən
yenidir. Y.V.Çəmənzəminlinin "Qızlar
bulağı" bu istiqamətdə yazılmış ilk
tarixi romanlardan sayıla bilər. Elçin Hüseynbəylinin
"Gültəkin xaqan" romanı XXI əsr Azərbaycan ədəbiyyatında
mifopoetik metodda, tarixi mövzuda
yazılmış uğurlu əsərlərdən sayıla
bilər. Elçinin bu yeni romanını oxuyandan sonra həmin
dövrü tarix baxımından araşdırmaq
qaçılmaz olduğundan bu istiqamətdə elektron
resurslarda axtarışlar verdim. Amma çox təəssüf
ki, karlı, tutarlı bir mənbə tapa bilmədim.
Vikipediyada qısa tanıtım yazısı istisna olmaqla, Azərbaycan
dilində tariximizin bu dövrü ilə bağlı tarixi mənbə
demək olar ki, yox dərəcəsindədir. Belə şəraitdə
tarixi roman yazmaq cəhdinə görə sözsüz ki,
Elçin Hüseynbəyliyə təşəkkür
düşür. Ən azından ona görə ki, tariximizin
bu dövrünün əksi baxımından bir ilkə imza
atıb, xələfləri üçün yol açıb.
Romanda ilk diqqətçəkən məqam
yazıçının seçdiyi epiqraf oldu: Bir el, bir xaqan,
bir tanrı... (Göytürklər belə demiş...)". Bu
epiqraf müəllifin məqsədini, romanın yazılma səbəbini
ortaya qoyur - türk ellərinin birliyi ideyasını! Və bu
ideyanın əsrlər boyunca reallaşmamasının səbəbini
yazıçı ilk səhifədəcə verir:
"Satqınlar həmişə oyaqdırlar!"
Elçinin bəhs etdiyi tarix geridə qalsa da, tarixi həqiqət
bu gün üçün də aktuallığını
saxlayır. Nədir o həqiqət? "Ey mənim türk
millətim, babalarımızın ruhu dolaşan ilk
damğamız yadellilərin əlindədir. Qarı
düşmənlər onu bizdən aldılar. Ona görə
də yenildik. Onu geri almasaq, millət kimi yaşaya bilmərik.
Damğamızı, baydağımızı
(bayrağımızı) geri almaq üçün türk
boylarını bir yerə yığmalıyıq. Bax, onda
xaqanlığımız güclü olar!"
Yazıçının "Unutduqlarını yadlarına
sal!" deyimini tez-tez təkrarlaması romanda türk
xaqanının dili ilə sonrakı nəsillərə
ötürdüyü əsas mesajdır, milli yaddaşa
sadiqliyin vacibliyidir.
Yazarlar, tarixçilər yaxşı bilir, uzaq tarixi
dövrə qayıtmaq, həmin dövrün adət-ənənələrini,
məişət tərzini olduğu kimi əks etdirmək necə
çətin prosesdir. Ən çətini isə həmin
dövr insanlarının psixi davranış tərzini ruhən
duymaq, yaşamaq, oxucuya təbii şəkildə ötürə
bilmək, inandırmaq bacarığıdır, çünki
bunsuz alınmır, əsər oxunmur, söz
yığnağından başqa bir şey olmur! Nəzərə
alanda ki, "Gültəkin xaqan" əsərində hadisələr
VIII əsrin ilk onilliklərində, hazırkı Monqulustan,
Çin, Sibir, Orta Asiya çöllüklərində cərəyan
edib, məsələnin ağırlığı göz
önünə gəlir. Fikrimcə, bu zorluğu Elçin
Hüseynbəyli də hiss edib, yaşayıb və
yazıçını Gültəkin xaqanın
doğulduğu, gəzdiyi, məzarının olduğu həmin
ellərə aparan təkcə arxivlərə baş vurmaq
arzusu olmayıb, həmin insanların uyuduğu yerləri ziyarət
etməklə ruhi yaxınlıq hiss etmək istəyib. Hiss
edib ki, qəhrəmanlarının doğulduğu torpaqda, gəzdikləri
çöllərdə onlarla həmsöhbət olmadan bu əsəri
yazmaq qeyri-mümkündür. Bir oxucu kimi bu qənaətdəyəm
ki, Elçin Hüseynbəyli bu istəyinə nail ola bilib. Hər
şeydən əvvəl, müəlifin tarixin mərhələlərindən
adlamaq, onları bir-birinə bədii həqiqət
gücünə bağlamaq, bəndləmək, hörmək
sarıdan bəxti gətirib və əsəri oxunaqlı edən
də elə bu uğurlu keçidlərdir - dünənlə
bu günün mifopoetik sintezi.
Elçin Hüseynbəylinin təsvirində türk əsgərləri
bir-birinə düşmən boylardan olanda belə, mərdliklərini,
xaqanlarına sədaqətlərini saxlayırlar. Xəyanət
etmədiklərinə, mənsub olduqları boyu
satmadıqlarına, hərbi düşərgələrinin
yolunu göstərmədiklərinə görə düşmən
olsalar belə, onlara istər-istəməz rəğbət
duyursan.
Romanda Qutluqla Aysunun sevgi hekayəti yaxşı
düşünülüb. Bu maraqlı hekayət təkcə
əsərin lirizmini artırmır, türk qızının
öz sevgisinə sonacan sadiq olduğunu sübut edir. Bu
sadiqliyi biz Gültəkin xaqanın həyat
yoldaşının ərinin ölümünü necə mərdanəliklə
qarşılaması səhnəsində də
görürük.
"Eşidin və bilin, bu gündən biz
hamımız, bir nəfər kimi Ötükəni qutsal
(müqəddəs) torpaq bilməliyik. Orda hər şey var,
çatışmayanları isə özümüz əldə
etməliyik. Zəngin, amma yava qonşularımız var. Onlar
daim bizimlə düşmənçilik edirlər. İndi də
önümüzə böyük sədlər çəkirlər.
Amma türk budunun qarşısında heç bir sədd
dayana bilməz! - dedi və atını
döyüşçülərin qarşısında səyirtdi.
Sonra bunları da əlavə elədi: - Yağılar
yağlı dilərini işə salıb,
qızlarını sizə verib. Onların qızılları
və ipəkləri bəylərinizin gözlərini
qamaşdırıb. Türk törəsi, milləti bu
torpağın üstündə bərk
dayanmalıdır". Gültəkin xaqanın bu
çağırışı əsərin ana xəttini, əsas
leytmotivini təşkil edir və mənfur
qonşularımızı bizə xatırladır.
"İndi ölsək, dünya durduqca qəhrəmanlıq
bəxtimiz (şansımız) yaşayacaq,
oğullarımız və nəvələrimiz başqa millətlərin
baş buğları olacaqlar! Yenilsək,
babalarımızın ruhları qarşısında xəcalət
çəkməyəcəyik" deyən Gültəkin
xaqan özündən sonrakı nəsillərə də
aşılayır ki, mərd olun, mübariz olun, son ana kimi
döyüşün, ehtiyatı heç vaxt əldən verməyin,
öləndə də kişi kimi ölün!
Torpaq uğrunda döyüşdə canından
keçmək ölümlərin ən şərəflisidir
- yazıçının gəldiyi qənaət belədir:
"Bilgə xaqan oğlunun ölümünə üzülsə
də, onu büruzə vermədi. Çünki oğul
torpağı qorumaq üçündür və
döyüşə gedənlərin hamısı
sağ-salamat qayıtmır".
Gültəkin xaqanın ölümü romanın ən
təsirli səhnələrindəndir. "Gültəkin
xaqan yaralandıqdan 17 gün sonra, 47 yaşında
öldü. Doqquzuncu ayın iyirmi yeddinci günü dəfn
edildi. Sərkərdənin qara atını,
yaraq-yasağını, dəbilqəsini yanına qoydular.
Şübhəsiz, o, qara atına minib Göy Tanrının
yanına uçacaqdı. Gültəkini də, o biri xaqanlar
kimi, Tanrı Dağında dəfn elədilər. Şaman əllərini
göyə qaldırıb bunları dedi: "Öz oğlunu
qəbul elə, Tanrım! O, Eltəriş xaqana, Elbikə
xatuna layiqli övlad oldu, törəmizə sadiq qaldı,
torpağımızı yadellilərdən qorudu..."
Yazıçının əsərin sonunda türk
birliyi ideyasından danışması, sənədli mənbələrə
istinadı Gültəkin xaqanın ölümündən
doğan ağrını
azaldır, nikbinlik yaradır. Romana sözardı kimi
yazılmış əlavə bu nikbinliyi bir az da
artırır: "Ulu babalarımız Mətə, Bumın,
İstəmi, Qutluq, Qapağan, Bilgə, Gültəkin. Onlar
böyük Turan Birliyi yaratmağa nail olmuş xaqanlardır.
İndi növbə bizimdir. İnanıram ki, çox
keçməz istəyimizə çatarıq. Çünki
bu, həyatımız qədər vacibdir. Türk budunumuz,
elimiz, xaqanımız var olsun!".
Esmira İSMAYILOVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 10 aprel(№59).- S.12.