Skapenin
"hoqqaları"
AKTYOR SABİR MƏMMƏDOVUN BİR ROLU HAQQINDA
XATIRLAMALAR
Qərbi Avropada klassik komediya janrının banisi, dahi
fransız dramaturqu Jan Batist Molyerin komediyalarının
ayrılıqda hər pərdəsindəki hadisələr 40
dəqiqədən çox çəkmir. Bunun da səbəbi
o idi ki, ədibin yazdığı komediyaların
oynanıldığı teatrın səhnəsindəki və
tamaşaçı salonundakı
çilçıraqlardakı, yan divarlardan asılan
bralardakı şamlar 40-45 dəqiqədən bir təzələri
ilə əvəzlənirdi. Ona görə də Molyer yeni əsərini
yazmağa başlayandan bunu ciddi şəkildə nəzərə
alırdı və komediyaları əsasən 3 pərdəli
olurdu. Onun komediyalarında, məzhəkələrində, məsxərələrində
hadisələr çox dinamik, sürətli və müəyyən
dramatik ritm ahəngində cərəyan edir.
Müsəlman şərqində, o cümlədən
əsasən kökü min-min illər əvvələ gedib
çıxan Azərbaycan türkcəsindəki qaravəllilərdə,
hoqqavari məsxərələrdə, ciddi satirik səciyyəli
gülməcələrdə nökərlər,
qulluqçular əsasən diribaş, fərasətli,
gülməli, ancaq çətin vəziyyətlərdən
çıxmağı çevik düşüncəylə
bacaran koloritli tiplərdir. Belə bədii yanaşma
gülüşü şiddətləndirir, koloriti
artırır və hadisələrə canlılıq verir,
seyrçi marağını gücləndirir. Şərq mədəniyyətinə
maraq göstərən italyan dühaları Karlo Qoldoninin,
Karlo Qotsinin, fransız ədəbiyyatının klassiki
Molyerin komediyalarında da ağıllı, fərasətli,
diribaş nökər obrazları var. Hətta Qoldoninin qrotesk
səciyyəli, italyan karnaval estetikasında işlənmiş
"İki ağanın bir nökəri" məzhəkəsi
də var. "Skapenin kələkləri"
komediyasındakı (başqa sözlə, qarəvəllisindəki)
Skapen məhz Şərq və Qərb xalq gülüş
estetikası ilə yoğrulmuş bədii personajdır,
koloritli obrazdır, gülüşün bütün
qatlarına malik elementlərlə işlənmiş bitkin
xarakterdir.
Molyerin "Skapenin kələkləri" əsəri
1919-cu ilin 24 oktyabrında dövlət təsisatına
keçəndən sonra Akademik Milli Dram Teatrında birinci dəfə
5 dekabr 1936-cı ildə tamaşaya qoyulub. Əsəri
İsmayıl Hidayətzadə tərcümə edib və
tamaşanın quruluşçu rejissoru Rza Darablı, rəssamı
Nüsrət Fətullayev olub. Rolları İsmayıl Hidayətzadə
və Möhsün Sənani (Skapen), Məmmədəli Vəlixanlı
(Arqant), Fateh Fətullayev və Dadaş Şaraplı (Oktav),
Yunis Nərimanov və Dadaş Şaraplı (Silvestr), Əli
Qurbanov və Mirzağa Əliyev (Jeront), Süleyman
Tağızadə (Leandr), Bəbir Məhəmmədov (Karl),
Nəzirə Əliyeva, Məhluqə Sadıqova və Sona
Hacıyeva (Qiasinta), Cəvahir Bayramova (Zerbinetta), Əzizə
Məmmədova (Nerina) ifa ediblər. 1949-cu il aprel
ayının 14-də rejissorlar Ədil İsgəndərovun və
Əliheydər Ələkbərovun quruluşu ilə
komediyanın məşqlərinə başlanılıb.
Tamaşanın təhvil verilməsi ərəfəsində
gözlənilmədən yaradıcılıq işi
dayandırılıb. Beləliklə, "Skapenin kələkləri"
teatrın repertuarında ikinci dəfə 8 yanvar 2003-cü ildə
yer alıb. Komediyanı Elçinin tərcüməsində
rejissor Əsgər Əsgərov tamaşaya hazırlayıb və
bədii tərtibatı rəssam Kamal Şıxəliyev
verib. Tamaşada seçmə musiqidən istifadə edilib.
Molyer "Skapenin kələkləri" əsərində
obrazları aşağıdakı səciyyələrdə,
xarakterdə və sosial mənsubiyyətdə təqdim edib:
Oktav - Arqantın qızı, Qiasintaya vurulub; Leandr -
Jerontun oğlu, Zerbinettaya vurulub; Zerbinetta - qaraçı hesab
olunur, amma əslində Arqantın qızıdır və
Leandra vurulub; Qiasinta - Jerontun qızı, Oktava vurulub; Silvestr -
Oktavın nökəri, Nerina - Qiasintanın dayəsi; nəhayət,
Skapen - Leandrın nökəri, lotu.
Qədim Azərbaycan xalq oyun-tamaşalarında əsas
oyunbaza, məzhəkə çıxarana (yəni
ifaçı aktyora) verilən lağbaz, naqqal, təlxək,
mütrüb, törənçi, alayçı,
güldürmən, nay, dumbal, ağcadaban, qadaqçı,
şivəbaz, dərbədəri, əncümansaz, şəngül... kimi adlardan biri də lotu idi. Lotunun
yardımçısına, köməkçisinə isə
lotubeçə deyilirdi. Lotu sözü həm sifətdir, həm
də isim. Xalq düşüncəsində lotunun müxtəlif
yozumları var: fırıldaqçı, kələkbaz, hərif,
vələdüznalıqla baş girləyən, cüvəllağı,
tülüngü, dələduz, kefcil, əhlikef, hal əhli...
Sabir Məmmədov bu yozumlardan yalnız müsbət səciyyəlilərin
koloritli hərəkət və davranış tərzlərini
götürmüşdü. Onun Skapeni hadisələrin hər
cür dolaşıq kələfini açmağa qadir olan məzəli,
ürəyəyatımlı, sevilən, səhnədə
çevik, cəld hərəkətləri ilə
qayır-qayır qaynayan, bir an da dincliyi (dişdiyi) olmayan məzəli,
kefcil bir personajdır. O, Arqant və Jeront kimi ağaların
başına gənclərin səadətə
qovuşmaları naminə oyun açan, bütün kələkləri
xoş məramlı, sevinc niyyətli olan, el arasında
deyildiyi kimi, "şeytana papış tikən" məsxərəbaz,
fransız kökənli və ancaq qaravəlli koloritli,
tamaşanın enerji nüvəsini daim mütəhərrik hərəkətdə
saxlayan aparıcı obrazı idi. Üstəlik də, elə
ilk səhnəyə çıxışında Oktavın
halını çox pərişan görüb soruşanda o,
özünün nəyə qadir olduğunu söyləyir.
Oktav. Eh, sən axı bilmirsən ki, mən niyə
belə nigaranam!
Skapen. Bilmirəm, sizdən asılıdı də,
deyin, bilim, mən ürəyi yumşaq adamam, sizin kimi cavanlara
niyə kömək eləməyim ki?
Oktav. Ah, Skapen, əgər sən bir şey fikirləşib
tapsaydın, məni bu bədbəxtlikdən qurtarmaq
üçün yol göstərsəydin, bütün
ömrüm boyu sənə minnətdar olardım.
Skapen. Düzünü deyim sizə ki, əyər bir
işə girişdim ha, mənim üçün
mümkün olmayan şey yoxdu. Görünür, Allah-Təala
bir vergidi də, verib mənə, elə şeylər fikirləşib
tapıram, elə bicliklər ağlıma gəlir ki, gəl
görəsən! Deyirlər ki, lotusan... Qoy desinlər də,
dərrakələri bu qədərdi! Bax, özümü tərifləmək
olmasın, amma mənim kimi iş bacaran, kələk quran hələ
anasından olmayıb! Belə işlərdə kimdi məndən
məşhur? Heç kim! Amma di gəl ki, indi adımın
xidmətinə qiymət verən yoxdu!..
Sabir Məmmədov Skapenin sözlərini təkəbbürlə,
lovğalıqla deyil, düzgün olaraq sadəliklə,
gördüyü xeyirxah işlərdən, xoşbəxtliyə
yol açan "hoqqalı oyunlardan" ləzzət
almağı bacaran sadə və səmimi bir insan kimi söyləyirdi.
Aktyor məhz bu sözləri obrazın səhnə təfsiri
üçün kod-açar kimi istifadə etmişdi.
Tamaşaçı bəri başdan hadisələrin xoş
sonluqla bitəcəyi baradə işarəli məlumat alsa da,
səhnəni maraqla izləməyə köklənirdi. Aktyor
həssaslıqla tamaşaçının daxilində,
emosional duyğularında səhnədə gördüklərindən
və görəcəklərindən həzz almaq mexanizmini
ustalıqla hərəkətə gətirib işə
salırdı.
Skapen - Sabir Məmmədov hər cür çətinlikdən
qurtulmağı bacaran cüvəllağıdır,
xeyirxahlıq naminə vələdüznalığı məharətlə
bacaran fəndgirdir, gənclərin xoşbəxtliyi yolunda
yüz fırıldağa əl atan sevimli dələduzdur, əndrəbadi
oyunlar quran sevinc məramlı kələkbazdır, hətta
yeri gələndə nökəri olduğu Leandrı da
şaşırdıb barmağına dolayan
tülüngüdür, ətrafdakıları
çaşdırıb diqqəti özünə cəlb edən
hərif-arifdir. Molyer gülüşünə sadiq qalan, hadisələri
fərəhli, xoşbəxtliyə zəmin olan sonluğa
aparan aktyorun oyunundakı tülüngülükdə, həriflikdə,
dələduzluqda, cüvəllalıqda qəribə bir məhrəmlik
vardı, tamaşaçılar onu rahatca və sevinclə,
ürəkdən gələn məhəbbətlə qəbul
edirdilər. Bütün bu kolotit çalarları təkcə
əlvanlığı ilə diqqəti cəlb etmirdi, Sabir
yüksək peşəkarlıqla onları cazibədarlıqla
səhnədə canlandıra, sənətin estetik
materialına, yaradıcılıq nümunəsinə
çevirə bilirdi. İstənilən epizodda, ən
müxtəlif rakurslardan baxanda, çox mürəkkəb və
"dolaşıq" hadisəli səhnələrdə
aktyorun obrazı təqdimatında fransız-italyan (əsas
hadisələr İtaliyanın Neapol şəhərində
baş verir) karnaval estetikasının incə nüansları,
zərif yumoru, Azərbaycan milli gülüş mədəniyyətinin
dadı-duzu, yumorun məzəli şirinliyi, ürəyəyatımlı
təravəti, məzhəkə və məsxərənin
hoqqavari cazibəsi vardı. Onun ironiyaları da
könülaçan, duzlu, məzəli, mənalı,
gülüşdoğuran idi.
Kələfin ilkin kələk yumağı Leandr,
Oktav və Skapenin görüş epizodunda olur. Əsəbiləşmiş
Leandr bir neçə dəfə Skapeni vurmağa cəhd
göstərir, ancaq Oktav ona mane olur. Skapen Leandrla (Aslan
Şirinov) dialoqunda onu çaşdırmaq, fikrini başqa
istiqamətə yönəltmək, hirsinə su çiləmək
və beynində qurduğu planları inamla, qətiyyətlə
davam etdirmək üçün özünü
mayamaqlığa vurur, gicbəsər kimi hərəkət
edir, söz güləşdirmək "oyununa"
üstünlük verir.
Oktavın atası Arqantla (Sadıq İbrahimov) ilk
dialoqunda Sakapen - Sabir Məmmədov hərif-arif
"maskasından" istifadə edir. Arqantı
qıcıqlandırmaq, hövsələdən
çıxararaq sanki "pat" vəziyyətinə qoyub
yazıq, zavallı halına salmağa, içində təşvişli
ovqat oyatmağa çalışır. İstəyinə nail
olmaq üçün ağayana tərzdə, müdrik
görkəmində, aramla danışığa keçir:
"Ailənin başçısı ki, evdən getdi,
qayıdana qədər nəsə pis bir iş baş verəcək:
ya evi yanacaq, ya pullarını oğurlayacaqlar, ya arvadı
öləcək, ya oğlunu şil-küt edəcəklər,
ya da qızını tovlayıb yoldan çıxaracaqlar.
Əgər bunların heç biri olmasa, deməli, o adam
xoşbəxtin birisidir".
Skapen - Sabir Məmmədov özlüyündə
qurduğu kələklərin qələbəsinə əmindir.
Leandrla söhbətində deyir ki, "sizin atanız,
doğrudu, xəsisin biridi, amma onunla danışmaq daha
asandı. Özünüz bilirsiniz də, Allah ağıl
paylayanda, o, haradasa, başqa yerdəymiş! Nə desən, o
saat inanır". Buna əmin
olduğuna görə qurduğu plana açar kimi Jerontun (Səyavuş
Aslan) mayamaqlığından istifadə edir. Elə bu
"açarla" da ondan 500 ekyü qopararaq oğlu Leandra
çatdırır. Aktyor başqa bir maska-açarla da
Arqantdan 200 pistol pul alıb oğlu Oktava (Kazım Həsənquliyev)
verir. Bu səhnələrdə Skapen - Sabir Məmmədov
Arqant və Jerontla yanaşı, əslində həm də
Leandr və Oktavı da barmağına dolayır. Dolamaqlar,
qurduğu kələklərin mahiyyəti müxtəlif
olduğu üçün aktyor fərqli və bir-birindən
ifadəli oyun tərzi ilə Skapenin qurduğu kələyin
finalına doğru inamla, cəsarətlə, qətiyyətlə
addımlayır. Hətta təşvişə
düşümüş Silvestr (Rəşad Bəxtiyarov) onu
pis aqibət gözlədiyini həyəcanlı
rahatsızlıqla Skapenə söyləyəndə də
aktyor obrazın daxili tarazlığını bacarıqla
saxlaya bilir, çünki valideynləri ilə barışan
övladların qəlblərini ovsunlamaqda xüsusi məharət
göstərib. Sevgililər Oktav və Qiasinta (Məsmə
Aslanqızı), Leandr və Zerbinetta (Fidan Axundova) finalda
bir-birinə qovuşalar da, Arqantla Jeront ikibaşlı qohum
olmaqdan məmnun qalsalar da, sevincli finalın baş qəhrəmanı
kimi əsl qələbə Skapenə və bu obrazın mahir
ifaçısı Sabir Məmmədova məxsusdur. Hədər
yerə deyil ki, Molyer öz komediyasının adını
"Skapenin kələkləri" qoyub və Sabir də onun
kələklərini yüksək səhnə mədəniyyəti,
mənalı ifadə vasitələri, dinamik hərəkət
plastikası, "danışan" göz-qaş oyunu, him-cim
elementləri ilə oynamaqla Molyerin baş qəhrəman təyininə
peşəkar bacarıqla və parlaq istedadla sadiq qalıb.
İlham RƏHİMLİ
525-ci qəzet .- 2025.- 10 aprel(№59).- S.11.