Varşavada “Mədəni
yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi
açılıb
Varşava şəhərinin mərkəzi
küçəsində yerləşən Tvardovski
meydanında Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı
və Qərbi Azərbaycan İcması və Azərbaycan
Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi
ilə “Mədəni yaddaşımızda Qərbi Azərbaycan”
adlı fotosərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın
Polşadakı səfiri Nərgiz Qurbanova
çıxış edərək İrəvan
xanlığının təkcə Azərbaycanın deyil,
bütün Cənubi Qafqazın tarixində mühüm rol
oynadığını bildirib. İrəvan
xanlığının tarixinin Azərbaycan xalqının zəngin
maddi və qeyri-maddi mədəniyyət tarixinin tərkib hissəsi
olduğunu vurğulayıb. N.Qurbanova İrəvan şəhəri
və onun ətrafında hidronim və oykonimlərin mütləq
əksəriyyətinin Azərbaycan dilində olmasının
bu ərazinin azərbaycanlıların qədim
yaşayış məskənlərindən olduğunu
sübut etdiyini diqqətə çatdırıb və XIX əsrin
sonu XX əsrin əvvəllərində İrəvanda Şəriət,
Karvansara, Qala, Sultan, Çölməkçi,
Naxçıvan, Bazar, Daşlı, Paşa Xan və s. kimi
çoxlu sayda Azərbaycan adına küçələrin mövcud
olduğunu bildirib.
O, avropalı səyyah və səlnaməçilərin,
o cümlədən JanBatist Tavernye, Jan Şarden, Dübua de
Monper, Avqust fon Haksthauzen və digərlərinin əsərlərində
İrəvan şəhərinin səciyyəvi müsəlman
şəhəri kimi təsvir olunduğunu qeyd edib.
Səfir XX əsrin əvvəllərinədək
İrəvan qalası, onun daxilində yerləşən Xan
Sarayı (Sərdar Sarayı) və Abbas Mirzə məscidinin
şəhərin tarixi-memarlıq inciləri hesab olunduğunu
diqqətə çatdırıb və Xan Sarayını
tikdirən İrəvan sərdarları barədə məlumat
verib.
Diplomat indiki Ermənistan ərazisində mövcud
olmuş 3500 tarixi və mədəni abidə, 500 qəbiristanlıq
və 391 məscidin Qərbi Azərbaycanın tarixi irsinin tərkib
hissəsi olduğunu vurğulayıb və 1905-1906, 1918-1920,
1948-1953 və 1987-88-ci illərdə azərbaycanlılara qarşı
həyata keçirilən deportasiya və
qırğınların nəinki azərbaycanlıların
indiki Ermənistandan kütləvi surətdə
köçürülməsi ilə nəticələndiyi, həm
də minlərlə tarixi abidə, məscidin yerlə-yeksan
edildiyini təəssüflə diqqətə
çatdırıb.
Nərgiz Qurbanova 1980-ci illərin sonlarınadək
müasir Ermənistan ərazisində azərbaycanlıların
ictimai həyatın bütün sahələrində əhəmiyyətli
rol oynadığını qeyd edərək “Sovet Ermənistanı”
qəzetinin İrəvanda Azərbaycan mətbuat tarixində
silinməz izlər buraxdığını, İrəvan
Dövlət Azərbaycan Dram Teatrının Azərbaycan milli
səhnə sənətində xüsusi yer tutduğunu,
İrəvan Azərbaycan Kənd Təsərrüfat Texnikumu,
İrəvan Azərbaycan Pedaqoji Texnikumu, İrəvan Azərbaycan
Qızlar Məktəbinin Azərbaycan və Ermənistan elminə
və təhsilinə görkəmli adlar bəxş etdiyini
qeyd edib.
Sonda səfir qeyd edib ki, abidələri məhv etmək
asan olsa da, tarixi ümumi yaddaşımızdan silmək
mümkün deyil və öz soyunu Qərbi Azərbaycandan
götürən azərbaycanlı gənclərin sərginin
açılışında iştirakı bir daha sübut
edir ki, gec-tez həqiqət üzə çıxır.
Tədbirdə çıxış edən Qərbi
Azərbaycan İcmasının İdarə Heyətinin sədr
müavini, Milli Məclisin deputatı Qaya Məmmədov mədəni
irsin ümumbəşəri dəyər olduğunu qeyd edərək,
indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni
irsinin məhv edilməsinə dünya ictimaiyyətinin biganə
qalmamalı olduğunu vurğulayıb.
525-ci qəzet .- 2025.- 10 aprel(№59).- S.9.