"Heydər Əliyev
bütün zamanların şəxsiyyətidir"
AZƏRBAYCANIN XALQ ARTİSTİ DİRİJOR
YALÇIN ADIGÖZƏLOVLA MÜSAHİBƏ
Azərbaycanın Xalq yazıçısı, publisist Elmira Axundova "Heydər Əliyev və yaradıcı ziyalılar" mövzusu üzərində işləyir. 2-cildlik kitab bu ilin
payızında işıq üzü görəcək. Kitabın 2-ci
cildində Elmira xanımın görkəmli sənət
adamlarıyla çox maraqlı, eksklüziv söhbətləri
yer alacaq.
Bu söhbətlərdə təkcə dahi Heydər
Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti
deyil, elə müsahiblərin özləri də oxucu
üçün bəzən gözlənilməz, naməlum
tərəflərdən açılır. Onlar müəlliflə
canlı, səmimi, bəzən çox məhrəm dialoq
aparır, təkcə müsahibənin qəhrəmanı barədə
deyil, həm də öz həyatları haqda
danışırlar və quru rəsmiyyətdən uzaq
söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq
doğurur.
Mart ayından başlayaraq şənbə saylarında həmin
söhbətlərdən bəzilərini "525-ci qəzet"də
çap etməyə qərara almışıq. Təqdim
etdiyi eksklüziv materiallara görə Elmira Axundovaya minnətdarlıq
bildiririk.
Elmira Axundova - İlk dəfə Heydər Əliyevlə
şəxsi ünsiyyətiniz nə zaman yarandı? Bəlkə,
bu, sizin atanız, görkəmli bəstəkar Vasif
Adıgözəlovla bağlı idi, bəlkə, siz
hansısa konsertdə iştirak edirdiniz?
Yalçın
Adıgözəlov - Bunu şəxsi ünsiyyət
adlandıra bilmərəm. Amma mən Heydər
Əliyevin təşəbbüsü ilə Filarmoniyada təşkil
edilmiş konsertlərə gedirdim, onları "cümə
konsertləri" adlandırırdılar. Maestro Niyazi dirijorluq edirdi, Moskvadan məşhur rus
musiqişünası Janna Dozortseva gəlirdi. Mən həmişə bu konsertlərə atamla birgə
gedirdim. Niyazi, belə demək olarsa, Heydər
Əliyevin sevimlisi idi. Konsertdən əvvəl
və çox zaman da ondan sonra Heydər Əliyev maestronun
kabinetinə baş çəkirdi, axı Niyazi onda
Filarmoniyanın direktoru və Azərbaycan Dövlət Simfonik
Orkestrinin baş dirijoru idi. Səslənən
proqram konsertdən sonra məhdud dairədə müzakirə
olunurdu. Məni direktorun kabinetinə həmişə
buraxmırdılar, amma bəzən orada olurdum və Heydər
Əliyevi - respublikamızın rəhbəri olan bu çox
gözəl və cazibədar insanı yaxından
müşahidə edə bilirdim.
E.A. - Atanızın necə, Heydər Əliyevlə
ünsiyyəti vardı?
Y.A. -
Əlbəttə. Heydər Əliyeviç çox zaman yaradıcı
intelligensiyanı
toplayırdı, atamı da həmişə dəvət
edirdilər. Atamın onun yanında
dayandığını göstərən çoxlu
videoxronikalar qalır. Yaxşı
yadımdadır, 20 yanvar 2000-ci ildə Musiqili Komediya
Teatrında Vasif Adıgözəlovun "Qəm
karvanı" oratoriyasının premyerası oldu. Atam bu oratoriyanı faciəvi hadisələrin 10-cu
ildönümünə həsr eləmişdi. Filarmoniyada həmin vaxt ifa etmək mümkün
deyildi, orada isitmə sistemi işləmirdi. Heydər Əliyev premyeraya gəldi, lojada oturdu.
Solistlər Alim Qasımov və Azər Zeynalov
idi. Mən, həmişəki kimi,
premyeraya dirijorluq edirdim - 1989-cu ildən bəri Vasif
Adıgözəlovun əsərləri mənim
dirijorluğum altında ifa olunur. Bizim üçün
Heydər Əliyevin gəlişi çox vacib idi,
çünki buna qədər Polad Bülbüloğlu gərgin
iş qrafiki olan Prezidentin premyeraya gələ biləcəyinə
o qədər də ümid etmirdi. Sonda biz Heydər
Əliyevin səhnəyə çıxacağını
gözləyirdik. O, bunu tez-tez edirdi axı. Amma həmin
gün belə olmadı, görünür, əhvalı yox
idi: əvvəla, kədərli tarix idi, ikincisi, o, müəllifin
harada olduğunu soruşanda cavab vermişdilər ki, Vasif
Adıgözəlov bu gün İstanbulda əməliyyat
olunub. Heydər Əliyev məyus oldu və dərhal
müvafiq tapşırıqları verdi. Bizimlə əlaqə yaratdılar və müalicə
üçün Türkiyəyə pul
köçürdülər.
...Amma mən
söhbətdə çox irəli getdim, çünki Heydər
Əliyevlə ilk dəfə şəxsi ünsiyyətim və
onunla qiyabi tanışlığım inauqurasiya zamanı
baş tutub. Həmin vaxt Azərbaycan Dövlət
Simfonik Orkestrinin baş dirijoru idim və Respublika
Sarayındakı konsertə bütünlükdə rəhbərlik
edirdim. Maraqlıdır ki, o zamankı
dövlət katibi Lalə Şövkət Hacıyevanın məsləhəti
ilə orkestr üzvləri Heydər Əliyev səhnədə
görünənə qədər öz yerlərini
tutmuşdular. O, səhnəyə çıxanda biz də
zaldakılarla birgə ayağa qalxdıq, onu salamladıq
və yenidən oturduq. Mən onun nitqini diqqətlə
dinləyirdim. Aramızda beş-altı
metr məsafə vardı. Musiqi terminləri
ilə danışsaq, onun leyttemaları necə inkişaf
etdirməsi, kreşendosunun tədricən necə güclənməsi
xatirimdədir, yadımdadır ki, ondan necə inanılmaz
enerji gəlirdi. Heydər Əliyeviç
çıxışını kulminasiyaya
çatdırdı və zalın diqqətini
bütünlükdə ələ aldı. Bir dirijor kimi bu, mənimçün vacib idi,
çünki musiqiçilər dirijordan çıxan bu
flüidləri hiss etməlidirlər. Onlar
dirijorla görünməz tellərlə bağlı
olmalıdırlar. Düzdür, çox
zaman mən də orkestr və xordan ilham alıram. Amma
orada hiss elədim ki, Heydər Əliyevdən necə də
inanılmaz enerji, qüvvə, müdriklik dalğası gəlir...
E.A. -
Çoxları mənimlə söhbətdə təxminən
eyni şeyi xatırlayırdılar: bu adam
necə maqnetizmə, necə qüdrətli auraya sahib idi,
insanlara necə böyük təsir gücü vardı...
Y.A. - Həmin axşam mən buna əmin oldum, ondan nəhəng
yaradıcı enerji gəlirdi. Onu dinləyərkən qürur
hissi keçirirdim, məni pozitiv emosiyalar
bürüyürdü, fikirləşirdim ki, artıq hər
şey yaxşı olacaq, biz vətəndaş müharibəsindən,
Filarmoniyaya soxulub bizə nəyi ifa edib-etməyəcəyimizi
diktə edən cahil adamların təzyiqlərindən
keçmişdik, mən qızdırıcı sistemi olmayan
soyuq Filarmoniyanı, qazanc dalınca gedən musiqiçiləri
xatırlayırdım, bütün bunları yada
salırdım və inanırdım
ki, Heydər Əliyevin gəlişi ilə həyatımızda
hər şey tezliklə dəyişəcək.
E.A. - Həmin günlər buna inanan tək siz deyildiniz. Buna
bütün ölkə inanırdı.
Y.A. - Bir il sonra - 18 sentyabr 1994-cü ildə mən, nəhayət,
Heydər Əliyevin əlini sıxa bildim. Həmin
gün Niyazinin ev-muzeyinin açılışı idi. Biz hamımız orada toplaşmışdıq, Heydər
Əliyev də gəlmişdi. O, yuxarı qalxdı,
muzeyi uzun müddət gəzdi, fotoşəkillərə
baxdı, imzaları oxudu, bizsə cərgə ilə onun
ardınca addımlayırdıq. Atam və əmim
Rauf Adıgözəlov da orada idilər. Hər
şeyə nəzər salandan sonra Heydər Əliyev fəxri
qonaqlar kitabına rəy yazmaq üçün əyləşdi.
Onun xəttatlara xas gözəl xətti
vardı. Yazdı və birdən soruşdu:
"Yaxşı, bəs musiqi parçası dinləməyəcəyik?"
Atam məşhur skripkaçı və istedadlı romans
ifaçısı olan qardaşına dedi: "Rauf,
"Arzu"nu oxu". Bu, Niyazinin məşhur
romansı idi. Atam royal arxasına
keçdi, Rauf "Arzu"nu oxudu. Bir görəydiniz,
Heydər Əliyev necə dinləyir və nə cür həzz
alırdı!
O getmək
üçün qalxanda Polad Bülbüloğlu qəfil dedi:
"Heydər Əliyeviç, Yalçın orkestri Türkiyəyə
aparır". Biz müstəqil Azərbaycan
orkestri qismində ilk dəfə xaricə qastrola
çıxmağa hazırlaşırdıq. Əvvəlcə İstanbulda məşhur Camal
Reşid Rey zalında, sonra Antalyada yeddi min
tamaşaçı üçün nəzərdə tutulan
Aspendos amfiteatrında çıxış etməliydik.
Orkestrin 70 və
xorun 80 üzvü ilə xaricə getdik.
E.A. - Siz onları hansı vəsaitlə
apardınız? Axı bu, nəhəng xərcdi!
Y.A. - Yaxşı sualdır. Eyni sualı mənə Prezident də
verdi. Biz üçüncü mərtəbənin
pilləkənlərini düşüb artıq maşına
yaxınlaşanda Heydər Əliyev məndən
qarşıdakı bu qastrollar barədə soruşdu - nə
ifa edəcəyik, çıxışlar harada olacaq,
bütün bunları kim təşkil
edib... O zaman Türkiyə tərəfi bütün maliyyə
xərclərini öz üzərinə
götürmüşdü. Mən bütün
bunları danışanda o, maşına
yaxınlaşmışdı, amma əyləşmirdi, maraqla
qulaq asırdı. Söhbətin sonunda isə Polada
müraciətlə dedi: "Onlar qayıdandan sonra mənə
hər şeyin necə keçdiyi barədə məruzə
edərsən. Mənə maraqlıdır,
Türkiyədə Azərbaycan musiqisini necə
qarşılayacaqlar. Sizə isə
uğurlar!"
Yeri gəlmişkən, Antalyadakı konsertə orada
istirahətdə olan İlham Heydər oğlu və Mehriban
xanım da gəlmişdilər. Bu konsertdə yeddi min
nəfər tamaşaçı vardı, turizm
mövsümünün qızğın çağı -
sentyabr ayı idi və bizim orkestrə qulaq asmağa
çoxlu əcnəbilər gəlmişdilər, əksəriyyəti
almanlar idi. Çox böyük uğur qazandıq!
Əvvəlcə İstanbulda konsertlə
çıxış etdik, sonra Antalyaya getdik, yenidən
İstanbula qayıtdıq ki, orada Vasif Adıgözəlovun
"Qarabağ şikəstəsi"ni
ifa edək. Antalyada bir epizod yadımda qaldı: biz Ravelin
"Bolero"sunu ifa edirdik, bundan sonra almanlar bizi düz yeddi-səkkiz
dəqiqə ayaq üstə alqışladılar. Bakıya qayıdan Polad Bülbüloğlu
hamıya danışırdı ki, "Yalçının
"Bolero"su bütün Aspendosu ayağa
qaldırdı".
30 sentyabr
1994-cü ildə İstanbulda bizim simfonik orkestrin və xor
kapellamızın üçüncü konserti oldu, Oratoriyada
Alim Qasımov, Səkinə İsmayılova, Rauf Adıgözəlov
oxuyurdular, Ramiz Quliyev ifa edirdi, Teymur Elçinin şeirlərini
Mikayıl Mirzə oxuyurdu. Konserti bir qədər
gec başlamalı olduq, çünki İstanbulun bələdiyyə
başçısını gözləyirdik. Səbrim çatmadı, saat doqquza iyirmi dəqiqə
işləmiş konsertə başladım. Fikrət Əmirovun "Azərbaycan
kapriççio"sunu ifa edirdik. Kulminasiya
anında zalda nəsə səs-küy eşitdim. Bələdiyyə başqanı öz adamları ilə
birgə təşrif buyurmuşdu. Antraktda
mən tər-su içində dirijor otağına daxil olub əynimi
dəyişdirdim. Elə bu an
zalın direktoru gəldi və dedi ki, İstanbulun bələdiyyə
başqanı sizi görmək istəyir. Üstümə
nəsə atmalı oldum. Mötəbər
görünüşlü kişi içəri
daxil olub dedi: "Mən İstanbulun bələdiyyə
başçısı Rəcəb Tayyib Ərdoğanam".
Biz az danışdıq, o, üzrxahlıq
edərək bildirdi ki, ikinci hissəyə qala bilməyəcək.
Amma özünün də etirafına görə, Azərbaycan
musiqisi gələcək prezidentə ciddi təsir göstərmişdi...
E.A. - Bütün bunlar çox maraqlıdır. Amma gəlin əsas
mövzumuza qayıdaq: siz çətin vaxtlarda - 1991-1998-ci illərdə
Dövlət Simfonik Orkestrinə rəhbərlik etmisiniz. O
zaman orkestr cüzi maliyyə ilə fəaliyyət göstərirdi,
pul yox idi. Polad Bülbüloğlu mənə
danışırdı ki, sizin musiqiçilər işdən
sonra az qala vaqonlardan yük
boşaldırdılar ki, çörəkpulu qazansınlar. Və gözəl günlərin birində Heydər
Əliyev inqilabi qərar qəbul etdi, orkestr musiqiçilərinin
əməkhaqqını bir neçə dəfə fərdi
qaydada artırdı. Bütün bunlar necə baş verdi? Yəqin ki, burada sizin
iştirakınız da olmamış deyil.
Y.A. - Mən sizə deyim. Prezident Aparatından zəng
vurdular və mənə dedilər ki, Heydər Əliyev
yaradıcı gəncliklə görüşəcək.
Üç çıxış nəzərdə
tutulub, çıxışçılardan biri mənəm.
Şöbə müdirindən soruşdum ki,
söhbət nədən gedəcək. "Ən
kəskin problemlərdən" - mənə belə cavab
verdilər. Elə bu məqamdan da
yapışdım.
Müşavirə Prezident Sarayındakı iclas
zalında baş tuturdu. İlk çıxışı mən
edirdim, əlbəttə, bu, çox həyəcanverici idi.
Ənənəvi salamlamadan sonra dedim: "Təəssüf
ki, hazırda yaranmış vəziyyətdə bir çox
musiqiçilər ölkəmizi tərk edirlər. Onlar buna məcburdurlar".
Prezident bu zaman Lalə Şövkətə tərəf
əyilib ondan nəsə soruşmağa başladı. Bilmirəm, nədənsə,
bu məndə qeyri-ixtiyari alındı, qəfildən Heydər
Əliyevə tərəf dönüb dedim:
"Bugünkü təyyarədə bizim 35 musiqiçimiz
Bakını tərk edir". Məsələ
burasında idi ki, bizim tanınmış skripkaçı Sərvər
Qəniyev Türkiyənin məşhur Bilkənd Universitetində
simfonik orkestr yaratmışdı. Əgər biz burada
25-30 dollar əməkhaqqı alırdıqsa, orada maaş on dəfə yüksək idi. Əlbəttə
ki, hamı qazanc üçün can atırdı. Buna görə
də belə də dedim (əlbəttə ki, mən Azərbaycan
dilində danışırdım): "Vətəni tərk
edirlər".
Heydər
Əliyevin qaş-qabağı tutuldu, mənə baxıb
soruşdu:
- Hara
gedirlər?
-
Türkiyəyə, cənab Prezident.
- Hamı
gedir?
- Xeyr,
hamı getmir. Burda qalanlar da var. Şəxsən
mən getmirəm.
Heydər
Əliyev məni başdan ayağa süzüb dedi:
- Davam
edin.
Bundan
sonra mən bizim bütün problemlərimiz barədə
danışdım, dedim ki, maddi-texniki bazanı təkmilləşdirmək,
alətlər almaq, maaşları qaldırmaq lazımdır və
sair. Bir də bunu dedim: "Bu orkestri biz
yaratmamışıq, onu böyük Üzeyir bəy
yaradıb. Belə ağır vəziyyətdə
bu orkestri qorumaq bizim mənəvi borcumuzdur".
Bu sözlər Heydər Əliyevin xoşuna gəldi.
Bu
müşavirədən az sonra Türkiyənin
o zamankı Baş naziri Tansu Çillər Bakıya gəldi
və konsertimizə bizim Prezidentlə birgə təşrif
buyurdu. Konsertdən sonra bizi VİP şəxslər
üçün nəzərdə tutulan otağa dəvət
etdilər. Tansu Çillər mənə
yaxınlaşdı və bizim orkestri, məni və konsert
proqramını tərifləməyə başladı. Elə onda da Polad orkestrin ağır maddi durumu barədə
Heydər Əliyevə danışdı. Hə, belə
bir söhbət olmuşdu...
E.A. - Atanız Vasif müəllimin də Heydər
Əliyevlə ünsiyyəti, əlaqəsi vardı?
Y.A. - Prezident mənim atama hörmətlə
yanaşırdı. 1995-ci ildə atamın 60 yaşı tamam
olanda Prezident onu "Şöhrət" ordeni ilə təltif
etməsi barədə Sərəncam imzaladı. İyulun 28-də Vasif Adıgözəlovun doğum
günüydü, 27-də Sərəncam çıxdı.
Payızda, səhv etmirəmsə, oktyabr
ayında Heydər Əliyev bu ordeni ona şəxsən təqdim
etdi. Sonra isə Prezident, bayaq da qeyd etdiyim
kimi, atamın 20 Yanvar hadisələrinə həsr olunmuş
oratoriyasını dinləməyə gəldi. Təəssüf ki, "Natəvan"
operasının premyerasında isə iştirak edə bilmədi.
Premyera 7 dekabr 2003-cü ildə baş tutdu.
Yadımdadır ki, atam o zaman çox tələsirdi.
Həmin opera "Qarabağ silsiləsi"ni
tamamlayırdı: "Odlar yurdu", "Qarabağ şikəstəsi",
"Qəm karvanı"... Vasif Adıgözəlovun
həyatının və yaradıcılığının
ikinci hissəsi - 1990-cı ildən başlayaraq - faktiki olaraq
Qarabağla bağlıdır.
Dekabrın 12-də Heydər Əliyev aramızdan getdi. Mən atamın bu sözlərini
indi də xatırlayıram: "Biz təsəvvürümüzə
də gətirə bilmirik ki, hansı səviyyədə bir
şəxsiyyəti itirmişik. Allah bu milləti
qorusun". O sarsılmışdı, bu itkini çox
ağır keçirirdi. Atam daim ölkənin, xalqın gələcəyindən
narahat idi... Yadımdadır ki, mən
qastrollardan - Amerikadan, Braziliyadan, Avropadan qayıdanda - gecə
saat lap 1, ya 2-3 olsun, o yatmayıb məni gözləyirdi.
Mən içəri girən kimi səbirsizliklə
soruşurdu: "Necə oldu? Qarayev necə səsləndi?
Fikrət Əmirovu necə
qarşıladılar? Tamaşaçılara
bizim simfonik muğam necə təsir elədi? Axı sən
London Barbikanında və Vyana filarmoniyasında, Arena di Veronada
və Rio de Janeyronun opera teatrında çıxış
etmiş ilk azərbaycanlı dirijorsan, bu necə baş
verdi?" Mən hər şeyi ona ətraflı
danışırdım, söhbətimi bitirəndə isə
çox zaman onun üzündə sevinc göz yaşlarını
və qürur ifadəsini görürdüm. Sonra o,
üzünü sevimli həyat yoldaşına tutub deyirdi:
"Görürsən, Xalidə, bizim nə böyük
musiqimiz var". O, bununla yaşayırdı.
E.A. - Yeri gəlmişkən, bu cəhət Heydər
Əliyevə də xas idi. Onun üçün xaricdəki
tamaşaçıların bizim musiqimizi, bizim musiqiçiləri
heyranlıqla qarşılamasından böyük sevinc anı
ola bilməzdi.
Siz öz bioqrafiyanızdan Ümummilli liderlə
bağlı bir neçə epizod danışdınız. Xatirələriniz
çox dəyərlidir, çünki onlar həm də bizim
musiqi mədəniyyətimiz, özü də onun olduqca
mürəkkəb dövrü ilə əlaqəlidir. Bir çoxlarının ölkəni tərk etdiyi
vaxtlarda siz ekstremal şərtlər altında öz
kollektivinizə yeni üzvlər cəlb etməli, gənc
musiqiçiləri toplamalı oldunuz.
Y.A. - Həmin çətin illərdə biz Azərbaycan
klassik musiqisinin ilk kompakt-disklərini buraxdıq. Bu, 1996-cı ildə baş
verdi. Bu ilk kompakt-disklər
Heydər Əliyevin masasının üstündə
qalırdı. Belə bir ailə cütlüyü var -
Betti Bleyer və Peyruz Xanlı, onlar "Azərbaycan
interneşnl" adlı jurnal nəşr edirdilər, Azərbaycan
mədəniyyətinin Amerikada məşhurlaşması
üçün çox iş görmüşdülər. Peyruz bir dəfə mənim yanıma gəldi və
6 diskdən ibarət Azərbaycan klassik musiqisi
antologiyasını yaratmağı təklif etdi. Disklərdən biri operaya, o biri simfonik musiqiyə,
üçüncüsü - instrumental konsertlərə,
kamera orkestrinə və sair həsr olunmuşdu. Biz kinostudiyada Siyavuş Kərimi ilə oturduq və
10 dərəcə temperaturda musiqi parçalarını
yazdıq. Musiqi parçalarını
burada yazdıq, diskləri isə Peyruz ABŞ-da buraxdı.
Onları Bakıya gətirəndə hamı
heyran qaldı. Yadımdadır ki, Azərbaycanda
səfərdəykən Mstislav Rostropoviç onlara valeh
olmuşdu. Dizayn heyrətamiz idi. Betti ilə Peyruzun bu diskləri Heydər Əliyevə
göstərdikləri yerdə şəkilləri var. O,
çox bəyənmişdi.
E.A. - Sonda, Heydər Əliyevin bizim mədəni irsimizin qorunub saxlanmasındakı rolu ilə bağlı nə deyə bilərsiniz? Təkcə musiqini nəzərdə tutmuram.
Y.A. - Bu,
nəhəng roldur. 70-ci illər - mənəvi çiçəklənmə,
bir çox sahələrdə - ədəbiyyat, memarlıq,
musiqi və sair baxımından intibah dövrüdür... Mənə elə gəlir, Heydər Əliyev bizim
korifeylərimizə stimul verirdi, onları böyük sənət
əsərləri yaratmağa ilhamlandırırdı.
Siz ki anlayırsız: mədəniyyət xadimləri
arasında münasibətlər nə qədər mehriban və
dostyana olsa da, sağlam və qeyri-sağlam rəqabət məqamı
həmişə mövcuddur. Nə gizlədək,
biz hamımız bilirik ki, iki parlaq ulduz - Qarayev və
Əmirov bəzən yola getmirdilər. Bundan
başqa, onların ətrafında daim qəsdən
münaqişəli vəziyyət yaradan adamlar vardı.
Heydər Əliyev bir neçə dəfə
onları yanına çağırıb, söhbət edib,
barışdırmaq istəyib. Əmirov
da, Qarayev də, əlbəttə, böyük bəstəkarlar
idilər, heç bir açıq qarşıdurmanı
özlərinə yaraşdırmırdılar. Misal
çəkim: Qara Qarayevin atası vəfat edəndə babam
Zülfü Adıgözəlov atama zəng vurub dedi ki,
Qaranın atası ölüb. Atam da öz
növbəsində Arif Məlikova, Musa Mirzəyevə, Xəyyam
Mirzəzadəyə, onun yaxın tələbələrinə
zəng elədi. Onlar səhər tezdən
Qarayevgilin mənzilinə gələndə gördülər
ki, Fikrət Əmirov artıq oradadır. Hərçənd
həmin vaxt Əmirovla Qarayev küsülü idilər.
Atam Əmirova deyib ki, indi biz məscidə gedəcəyik,
dəfnlə bağlı bəzi məsələləri həll
edəcəyik, bəlkə, siz gedib dincələsiniz, sonra,
saat ikidə də dəfnə gələrsiniz. Amma o, yerindən tərpənməyib, sona qədər
də oturub. Qəbiristanlığa gedib, dəfndə
iştirak edib, yalnız bundan sonra evinə qayıdıb.
Bəli, onların mürəkkəb münasibətləri
vardı. Amma eyni zamanda bu, iki əsl kişi
arasında münasibət idi. Niyazi, məsələn,
Qarayev üçün premyera hazırlayırdı. Bir ay sonra Əmirovun yeni əsərinin premyerası
olurdu. Kimsə Qarayevi daha çox sevirdi,
kimsə də Əmirovu bəyənirdi. Görkəmli
alim Azad Mirzəcanzadənin yataq otağında baş tərəfdən
Qarayevin portreti asılmışdı. Neft
daşlarında neftçilərə mühazirə oxuyanda,
qazma qurğularından və sair danışanda da paralel
olaraq onu Qarayevin "Leyli və Məcnun"undan musiqilər
müşayiət edirdi. Eyni zamanda Azad Mirzəcanzadə
mənə deyirdi ki, XXI əsrdə Fikrət Əmirovun
şansları daha çoxdur, o, xalqa daha yaxındır,
çünki o, xalqın öz içindən
çıxıb. Qarayev isə fərqli
planetdir. Heydər Əliyev bütün
bunları yaxşı anlayırdı. Və
o neylədi? Sovet İttifaqında dörd böyük
dirijor vardı: Mravinski, Svetlanov, Rojdestvenski, Kondraşin və
onların heç biri Sosialist Əməyi Qəhrəmanı
adına layiq görülməmişdi.
Heydər Əliyev Moskvada maestro Niyaziyə Sosialist Əməyi
Qəhrəmanının "Qızıl ulduz"unun verilməsinə
çalışanda ona demişdilər: "Heydər
Əliyeviç, üzr istəyirik, Mravinski - canlı əfsanədir,
50 ildir ki, Leninqrad filarmoniyasına rəhbərlik edir. Svetlanov
- daha bir canlı əfsanə - SSRİ Dövlət Simfonik
Orkestrinin əvəzolunmaz rəhbəridir. Onların
heç biri hələ Sosialist Əməyi Qəhrəmanı
adını almayıb". Cavabında Heydər
Əliyev demişdi: "Belə çıxır ki, siz
böyük dirijorlarınızı qiymətləndirmirsiniz. Biz isə özümüzünküləri
başqa cür qiymətləndiririk". Və faktiki
olaraq, Niyazi sovet bəstəkarları arasında Sosialist
Əməyi Qəhrəmanı adını alan
ilk dirijor oldu. Bu, sensasiya idi.
E.A. - Mikayıl Hüseynovla bağlı da belə
olmuşdu. Rasim Əliyev, Heydər Əliyevin qardaşı
oğlu mənə danışmışdı ki, Mikayıl
Hüseynovun 80 illik yubileyi ilə bağlı Heydər
Əliyev 1985-ci ildə onun Sosialist Əməyi Qəhrəmanı
ulduzu ilə mükafatlandırılması məsələsini
qaldırıb. Heydər Əliyev Rasim Həsən
oğluna demişdi: "Rasim, mən bunu əvvəlcə 70
illik, sonra 75 illik üçün eləməyə
çalışdım. Amma alınmadı.
Səbəblər bu idi ki, o, partiya üzvü
deyildi, rus deyildi, o vaxtadək bir sovet memarı da Sosialist
Əməyi Qəhrəmanı qızıl ulduzuna layiq
görülməmişdi. Necə yəni,
bu ulduz ilk dəfə moskvalıya, rusa yox, müsəlmana, azərbaycanlıya,
özü də partiya üzvü olmayan adama verilsin?!"
Amma yenə də o buna nail ola bildi!
Y.A. - Bəs Qara Qarayev necə ulduz aldı? Bəs Fikrət
Əmirov necə ulduz aldı? Bəs Rəşid
Behbudov? Zeynəb Xanlarova necə SSRİ Xalq artisti
oldu? Müslüm Maqomayev, Fidan Qasımova... Bütün bunlar onların karyeraları,
yaradıcılıqları, potensial imkanlarının
inkişafı üçün nəhəng stimul idi axı.
Heydər Əliyev mədəniyyət
adamlarını nəhəng diqqətlə əhatə
etmişdi. O, Bəstəkarlar İttifaqının
bütün qurultaylarında və qurultaysonrası konsertlərdə
iştirak edirdi. Bizim ustadların bir yeni əsərini
də diqqətsiz qoymurdu. Buna görə də hamı nəhəng
məsuliyyət hiss edirdi, bilirdilər ki, respublikanın ali rəhbəri onların yaradıcı
bioqrafiyasındakı bütün məqamları bircə-bircə
izləyir. Bu, əlbəttə, unikal idi.
Heydər Əliyev heykəltaraşların emalatxanalarına
baş çəkir və qeydlərini bildirir, qiymətli
tövsiyələrini verirdi: sonradan Tokay Məmmədov da,
Ömər Eldarov da, Cəfər Cabbarlının heykəlinin
müəllifi olan Mirəli Mirqasımov da bu barədə
danışmışdılar. Heydər
Əliyev bütün incəsənət növlərinə dərindən
bələd idi və onları sevirdi. Həmişə
bütün məsələlərin dərinliyinə varmaq
istəyirdi. Yaradıcı adamlar da bunu hiss edirdilər. Bəs teatr tamaşaları? Atam
Tofiq Kazımovun bəzi tamaşalarının üzərində
işləyirdi. Heydər Əliyev
premyeradan sonra səhnəyə qalxır və tamaşanı
elə təhlil edirdi ki, aktyorların heyrətdə
qalırdı. O, aktyorların adlarını çəkir,
bu və ya digər premyeranın baş tutduğu ili qeyd edir, köhnə və yeni
quruluşların müqayisəsini aparırdı. Buna görə
də hamı gərginlik içərisində gözləyirdi
ki, o nə deyəcək, göstərdiyi reaksiya, verdiyi qiymət
necə olacaq...
E.A. - Yəni
siz nəhəng məsuliyyət hiss edirdiniz, çünki
bilirdiniz: bu şəxsiyyət konserti, tamaşanı, rəsmi
layiqincə qiymətləndirə bilir, çünki onu sevir
və anlayır.
Y.A. - Bəli,
o, əsl dəyəri verirdi. O, qiymətləndirməyi, təşəkkür
etməyi bacarırdı. Bilirsiniz, musiqiçi
üçün bu, çox vacibdir. Zala
çıxıb səni anlayan tamaşaçının
olmadığı yerdə işləmək çox çətindir.
Amma zalda səninlə eyni dalğada olan, minnətdarlıq
etməyi bacaran dinləyicinin varlığından xəbər
tutmaq çox vacibdir.
Bilirsiniz, bizim hamımızın həyatında əbədi
yaşayan adamlar var. Məsələn, atam mənim
üçün sağdır. Onun varlığını hiss edirəm,
onunla danışıram, tövsiyələrini dinləyirəm.
Hansısa ciddi addım atanda daim düşünürəm:
atam nə deyərdi? Hələ də onun mənə tanış olmayan dostları ilə
qarşılaşıram. Onlar mənə deyirlər:
"Yalçın, bəlkə, nəyəsə ehtiyac
var", "Vasif müəllim bizə çörək
verib"... Əgər kiçik bir problem də
varsa, bir qayda olaraq, onu həll edirlər. Bu,
mənim xidmətim deyil, atamın xidmətidir.
Heydər Əliyev də belə şəxsiyyətlərdən
idi. Mən onun xatirəsinə həsr olunmuş əllidən
çox konsertdə olmuşam - 90 illik, 95 illik, 100 illik yubileylərində.
Meksikada, Braziliyada, Londonda, Lüksemburqda, Fransada, Keyptaunda,
Pekində, Hanoyda...
Vaxtilə onunla ünsiyyətdə olan, onu xatırlayan
və sevən insanlar konsertə gəlirdilər və indi də
gəlirlər. Heydər Əliyevin yenə də ulduz kimi
parladığını hiss edirik. Bu,
böyük qürur hissi yaradır. Bu
yaxınlarda Tbilisidə Heydər Əliyevin 100 illik yubileyinə
həsr olunmuş konsertdə xahiş etdik ki, onun səhnədəki
portretini maksimum dərəcədə böyütsünlər.
Və səhnəyə, gürcü musiqiçilərinin
yanına qalxanda mən Ümummilli liderimizin portretini göstərərək
onlara dedim: "Bu İnsan 1990-cı illərdə sizi
donmağa qoymadı". Mən 90-cı illərin
əvvəllərində Tbilisidə, SSRİ Xalq artisti Dodo
Çiçinadzenin evində idim. İşıq
söndü və biz şam işığında yemək
yeməli olduq, özü də mənzil çox soyuq idi... Heydər Əliyev gürcü xalqının
yaxın dostu idi, onlara neft, qaz, işıq vermişdi.
Onlar bunu xatırlayırlar...
Yəni Heydər Əliyev bütün zamanların şəxsiyyətidir. Nə yaxşı ki, biz
yaradıcı ziyalılar bütün bu il
ərzində öz kitablarımız, tamaşalarımız,
konsertlərimiz, rəsmlərimiz və sair ilə ona sonsuz
hörmətimizi ifadə edə, bizim hamımız
üçün bir zamanlar gördüyü işlərin əvəzində,
azacıq da olsa, minnətdarlığımızı bildirə
bildik.
E.A. - Əziz maestro, bizim unudulmaz Heydər
Əliyev barədə dərin və səmimi xatirələrinizə
görə sizə təşəkkür edirik.
525-ci qəzet 2025. -12 aprel(№61).- S.10-11.