MİXAYLONUN AXIRINCI
YAXŞILIĞI
Uşaqlıq illərində biz "dava-dava"
oynayardıq.
Azərbaycanda az qala hər ailəyə, hər
nəslə zərbəsini vurub keçmiş İkinci
Dünya müharibəsi artıq xeyli arxada
qalmışdı, köhnə acılar soyumuşdu. Davalı kinolar çox idi və
sarsıdıcı, qəmli səhnələri nə qədər
çox olsa da, böyük müharibədən qələbə
ilə çıxmış ölkədə
yarandığından, o filmlərin hamısında
gülüş, fərəh, inam kədərdən qat-qat
çox idi.
Kimin ağlına gələrdi ki, uşaqların sevimli
"dava-dava" oyununu tərgidəcəyi çağlar da
gələcək. Azərbaycan uzun sürən savaşa da
mübtəla olacaq, müharibəyə oyun kimi baxmaq vərdişini
uşaqlara asta-asta həyat özü tərgidəcək.
Amma çox keçməyəcək, zəfərimizlə
bitmiş Qarabağ müharibəsi vaxtca uzaqlaşmağa
başlayacaq, olsun ki, yenə "küçələrimizə,
məhəllələrimizə balacaların "dava-dava"
oyunları da qayıdacaq.
1960-70-ci
illərdə "dava-dava" oynayan balacaların ən
çox xoşladığı filmlərdən biri "Uzaq
sahillərdə", sevimli qəhrəmanlarından biri
Mixaylo - Mehdi Hüseynzadə idi.
...Hər
xalqın ruhi ehtiyacları var. Böyüyün də,
kiçiyin də daimi daxili tələbatı var ki, onun
nağılı, dastanı olsun, hamılıqla oxunan nəğmələri,
şərqiləri olsun, örnək götürüləsi
şairləri, musiqiçiləri, üz tutacaqları ibadətgahları,
ziyarətgahları olsun. İnsan yaxın-uzaq
zamanlarda şücaət göstərmiş, tarixdə qəhrəman
kimi qalmış babalara da, iftixar etməli əcdada da həmişə
ehtiyac hiss edir. Əgər belələri
yoxdursa, olmayıbsa belə, xalq onları həmin daxili
ehtiyacın hökmü ilə özü yaradır. Bunlar xalq olmanın, millətə dönmənin elə
pozulmaz qaydalarıdır ki, dünyanın hər yerində,
tarix boyu həmişə var olub. Azərbaycan
nə xoşbəxtdir ki, zamanın bütün dövrlərində
onun yurdu yurd edən, həmvətənlərə
ömürləri ilə dərslər, ibrətlər yadigar
qoyub gedən balaları olub. Ancaq gerçək
həyatda nə qədər əzəmətli olublarsa da,
onları el gözü və düşüncəsində
örnəkləşdirmək, ülviləşdirmək ədəbiyyatın,
sənətin payına düşüb. Bu
millətin Babəki də, Bəndəri də olub,
Koroğlusu, Qaçaq Nəbisi də. Hansısa
dövrlərdə bu qəbil seçkinlərimizin
hansınasa kimsə dodaq büzürsə, onların
böyüklüyünü kiçiltməyə, millət
hafizəsindəki parlaq yerinə kölgə salmağa cəhd
edirsə, bilin ki, bunun arxasında hökmən gizli
düşmən əli var, xalqın əlindən bənzəmək
istədiyi qəhrəmanları almaq, ürəklərə
şübhə güvəsi yeritməkdə hökmən
qıraqdan gələn yağı fitnəsi gizlənir.
Qəhrəmanlarımız
cərgəsində vur-tut 26 illik qısa ömür
yaşayaraq əfsanələşmiş, dəyişən zəmanənin,
başqalaşan siyasətlərin ürəklərdəki və
yaddaşlardakı yerinə təsir edə bilmədiyi Mehdi
Hüseynzadənin də adı var. 20-30, 40 il qabaq Azərbaycanda
onu hər kəs tanıyırdı, o, gündəlik həyata
öz cəsur surəti ilə daha yaxın idi, onu həyatda
görmüşlərin də bir çoxu həyatda idi. Ancaq həyat nə qədər dəyişsə də,
baxışlar başqalaşsa, dəyərlər
ayrıcürləşsə də, indi də məşhur
film macal vermir ki, Mehdi - Mixaylo unudulsun, yaddaşın alt
qatına çöksün.
Süd
verib qoynunda bəslədin məni,
Mən sənin gözünə qurbanam, Vətən.
Qoymaram
incidə yağılar səni,
Sənin etibarlı oğlunam, Vətən.
Bu misralar onunkudur. Mehdi Hüseynzadə 26 illik qısa bir
ömür yaşadı, şimşək kimi yandı və
keçdi. Olsun ki, həqiqətən,
"yandı və keçdi" deyimi elə ildırıma
yaraşan sözdür. Ancaq imkan vermək
olmaz ki, şimşək kimi parlamışlarımız
haçansa sönsün. Gərək elə
edəsən ki, bir dəfə çaxmış belə millət
şimşəklərinin gur işığı həmişə
elə olduğu kimi qalsın, millət ruhunu səfərbər
etməyi qırılmasın, bitməsin. Bunun
tək yolu durmadan yaddaşı təzələməkdir.
...1930-cu
illərin sonları idi, hələ müdhiş müharibə
qarşıda idi. Bakıdakı Rəssamlıq Məktəbini
bitirdikdən sonra iki bacının tək qardaşı gənc
Mehdi Hüseynzadə İncəsənət Muzeyində
işləyirdi və arzusu idi ki, Leninqrada (indi Sankt-Peterburq)
getsin, Repin adına Rəssamlıq
Akademiyasına qəbul olunsun. Getməyinə
gedir də, lakin bəxti gətirmir, qəbul oluna bilmir, ancaq
Bakıya da "məğlub" kimi qayıtmaq istəmir.
Xarici Dillər İnstitutuna imtahan verir, bəxti
gətirir, fransız dili fakültəsinə qəbul edilir.
Mehdinin uşaqlıq yoldaşı olmuş, elə
onun kimi rəssamlığa kiçik yaşlarından meyil
etmiş məşhur sənətşünas Mürsəl Nəcəfov
(1918-1997) 1960-70-ci illərdə Azərbaycan televiziyasında
vaxtaşırı görünərdi, hərdən-hərdən
Mehdi ilə bağlı xatirələrini də
bölüşərdi. Onda Mehdinin
Leninqraddan göndərdiyi məktublar da qalmışdı.
Mürsələ yazırmış ki, bizə yalnız tək
fransız dilindən 14 professor dərs deyir, yaxın günlərdə
ispan və italyan dillərini də öyrənməyə
başlayacağıq və belə düşünürəm
ki, buranı bitirəndə artıq 4 dildə sərbəst
danışacağam.
Təsəvvür edin ki, çoxlu əcnəbi dil bilən,
üstəlik rəssam olan, istedadla aşıb-daşan bu gənc
gələcəkdə nə qədər faydalar verə bilərdi. Ancaq
müharibə düşür və dil bilikləri ona kəşfiyyat
işlərində, faşistlərə qarşı
mübarizə apararkən gərək olur.
Görkəmli bəstəkar Aqşin Əlizadə
(1937- 2014) ilə biz yaxın idik. O, Mehdi Hüseynzadənin dosdoğma
bacısı oğlu idi. Mənə əziz
yadigarlar kimi saxladığı əl boyda, bəziləri
ovuca sığan, cibdə gəzdirlə bilən lüğətləri
göstərmişdi. Hamısı Mehdidən
qalma idi - fransızca-rusca, rusca-fransızca, almanca-rusca,
rusca-almanca, italyanca-rusca lüğətlər. Kitablar qalır, onların sahibi isə artıq lap
çoxdandır ki, xatirəyə çevrilib. Mehdi Hüseynzadənin necə rəssam olması,
yaşayarsa gələcəkdə necə parlaq bir sənətkara
çevriləcəyi ondan qalan lövhələrdən
duyulmaqdadır. Amma şahidlərin söylədikləri
də vardı axı! Unudulmaz Xalq rəssamımız
Oqtay Sadıqzadə (1921-2014) Mehdi haqqındakı məhrəm
xatirələri ilə adamı bir andaca 1930-cu illərin əvvəllərinə
aparırdı. O, Mehdidən 1-2 bayram kiçik idi, amma
Bakı Rəssamlıq Məktəbində onunla eyni illərdə
oxumuşdu. Danışırdı ki, Mehdi rəssamlığın
aludəsi idi, heç bekar dayanmazdı, elə bir gün yox
idi ki, təzə nəsə yaratmasın. Amma Oqtay müəllimin xatirələrinin içərisində
məni daha çox cəlb edən ayrı bir məqam da
vardı. Yada salırdı ki, Mehdi əsl
aktyor idi - lətifə danışırdı, özü qətiyyən
gülmürdü, sifətinin bir cizgisi də tərpənmirdi,
amma elə danışırdı ki, hamı uğunub gedirdi.
Ya ciddi bir əhvalat danışırdı, istər-istəməz
hamı ona diqqət kəsilməyə məcbur olurdu. Və
Oqtay müəllim nağıl edirdi ki, günlərin birində
Mehdi həyəcanla içəri girib dedi ki, xəbəriniz
var, Qız qalasını köçürürlər. Təəccüblə soruşduq ki, necə yəni,
Qız qalasını köçürmək olar? Dedi
ki, hə, belə qərara gəliblər ki, Qız qalası
indi nisbətən gözdən uzaq yerdədir, onu
sürüşdürüb aparmaq istəyirlər Azneft
meydanı olan yerə ki, orada daha açıqlıq məkanda
bir az da qabarıq nəzərə
çarpsın. Əlavə də elədi ki,
inanmırsınızsa, gedib baxa bilərsiniz.
Deyir, o qədər inandırıcı bir tərzdə
deyirdi ki, hamımız inandıq, cəld qalxdıq ki, bulvara
sarı yüyürək. Mehdi şaqqanaq çəkərək
güldü ki, əşi, zarafat edirəm, hara gedirsiniz, o
boyda Qız qalasını köçürmək olar?
Amma bunu o qədər inamlı bir tərzdə demişdi ki,
belə ola biləcəyinə
hamımız inanmışdıq.
Xalq rəssamı, unudulmaz Oqtay Sadıqzadənin
danışdığı o əhvalatı xatırlayaraq hər
dəfə düşünürdüm ki, sanki Allah
yazdığı ömür ssenarisində hər şeyi
öncədən nəzərə alıbmış.
Vaxt Mehdini qürbət ellərdə, tarixin müqəddərat
həll edən qəliz dönəmində, çətin
şəraitdə kəşfiyyatçıya döndərdi,
almanların arasında işlədi. Bu vəziyyətdə
dil bilgisi məsələnin yalnız bir tərəfi idi.
Düşmənlər arasında elə onlardan biri təsirini
oyadaraq iş aparmaqçün müəyyən peşəkar
kəşfiyyatçı vərdişlərinə sahib olmaq
da hələ hamısı deyildi. Mehdi həm
sovetlərdə - cəbhəyə göndərilməzdən
əvvəl, həm almanlarda - legionda olarkən kəşfiyyat
kurslarında təlim keçmişdi. Amma fitrətindən
aktyorluq qabiliyyətinə, rola girmək, başqalaşmaq
keyfiyyətlərinə də malik olması mürəkkəb
gedişatda Mehdinin karına gəlmiş,
öhdəsinə düşən riskli vəzifəni layiqincə
yerinə yetirməsində çox kömək göstərmişdi.
Zahirən sanki Mehdi Hüseynzadəni bütün Azərbaycan
tanıyır, o, hamımıza qəlbən yaxındır. Ancaq məşhur
kəşfiyyatçının həyatının çox səhifələri
indiyədək mübhəm, qaranlıq, suallarla dolu olaraq
qalır. İkinci Dünya savaşının bitməsindən
artıq 80 il ötür. O müharibədə
iştirak etmişlərin ən cavanlarının da təqribən
hamısı həyatdan gedib, uzaqbaşı yaşı
100-ü haqlamış, ya 100-ü aşan təklər
qalmış ola. Hər ömürsə,
illah da, savaşın ən düyünlü və ən
qaynar nöqtələrində olmuş Mehdi Hüseynzadə
kimi igidlərin yaşadıqları, taleyindən keçənlər
milyonların aqibətində iz buraxmış o müharibə
haqqında bir çox örtülü mətləblərin də
üzə çıxmasına meydan aça bilir.
...Mehdi əsgərliyə
yola düşəndə digər tay-tuşlarından fərqlənirdi.
Əvvəla ona görə ki, o, bir neçə
xarici dil bilirdi. Sovet dövründəsə
xarici dil bilənlər xüsusi xidmət orqanlarının
diqqətində saxlanılırdı. Yeri
düşdükcə onların bu qabiliyyətindən də
istifadə edilirdi. Digər tərəfdən, Mehdinin
böyüdüyü ev də sıradan
olan ailələrdən deyildi. Atası Hənifə
milis işçisi idi, Bakı Milis İdarəsində
inzibati şöbənin rəisi vəzifəsində
çalışmışdı, banditizmə qarşı ən
fəal mübarizlərdən olmuşdu. Ailə xatirələrində
bu da söylənir ki, 1922-ci ildə Mehdi də, ailənin digər
üzvləri də həlak ola bilərmiş.
Mehdi də, bacıları da hələ
kiçikmiş. Banditlər onların
Novxanıdakı evlərinə hücum ediblərmiş, məqsədləri
Hənifə Hüseynovdan (1881-1922) qisas almaq, rəisi ailəsi
ilə birlikdə məhv etməkmiş.
Hənifənin banditlərlə atışması xeyli
çəkir və görünür, belə təhlükələrin
baş verə biləcəyindən agahmış ki, işini
bərk tuturmuş, silah-sursatı əlinin
altındaymış. Xeyli atışmadan sonra banditlər ərazini
tərk etməyə vadar qalırlar.
Hənifə o bəladan ailəsini də xilas etsə,
özü də salamat qurtarsa da, belə ardı-arası kəsilməyən
sarsıntılar, streslər onun səhhətini laxladır, həyatdan
cavan gedir.
1941-ci ildə
Mehdi Hüseynzadə əsgər aparılanda onun banditizmə
qarşı barışmaz mübarizlərdən sayılan milis
işçisinin övladı olması da, ruscanı və bir
neçə Avropa dilini bilməsi də, digər qabiliyyətləri
də yalnız dost-tanışa, qohum-əqrəbaya deyil,
dövlətə də yaxşı bəlli idi. Odur ki,
başqa yaşıdlarından fərqli olaraq, Mehdi
Hüseynzadəni birbaşa cəbhəyə deyil, Tiflisə,
hərbi məktəbdə dərs alıb təlim keçməyə
yollayırlar və 1 il orada yetişdirilir.
Sonrakı illərin hadisələrini
araşdırıb dərinə enəndə
görünür ki, Mehdi elə əvvəldən kəşfiyyat
işi üçün hazırlanırmış. 1942-ci ildə Stalinqrad (indi Volqoqrad) döyüşləri
zamanı Mehdi Hüseynzadə minaatan vzvodun
başçısı - taqım komandiri idi və
haqqındakı məqalələrdə, kitablarda həmişə
yazılıb ki, guya orada ağır yaralanır, əsir
düşür və faşistlərin həbs düşərgələrinə
aparılır.
Ancaq bu məsələlərə
də artıq bir az başqa gözlə
baxmağın zamanıdır. Əlbəttə,
1941-1942-ci illərdə hələ sovetlərlə
almanların qüvvələr nisbəti çox fərqli
idi, itkilər də, düşmənin əsir
götürdükləri də çox olurdu. Bir çoxları yaralanaraq, mühasirəyə
düşərək, köməksiz qalaraq məcburiyyət
üzündən əsirə çevrilsələr də,
qorxaqlıqdan, xəyanətkarlıqlarından almanlar tərəfə
könüllü keçənlərə də rast gəlinirdi.
Ancaq sonradan kəşfiyyat işi
aparmaqçün Mehdi kimi elə məqsədli şəkildə
əsirlər sırasına qatılanlar da vardı.
1942-ci ildə Mehdi Hüseynzadə bacılarına cəbhədən
axırıncı məktubunu göndərib. Yazırdı
ki, bu, son məktubumdur. Belə
yazırdısa, demək, daha yazışmaq imkanının
olmayacağından irəlicədən xəbərdar
imiş.
Niyə bunun son məktubu olduğunu
açıb-ağartmırdı. Özü isə yaxşı bilirdi
ki, lap az sonra əsir düşəcək,
həbs düşərgəsinə aparılacaq, orada da
faşistlərlə işləməyə
"razılıq" verəcək.
1942-ci ilin avqustundan sonra Mehdi artıq əks cəbhədə
- almanların içərisində idi və düşmən
cəbhəsinə "keçmişdi".
Sovet ordusunun rəsmi sənədlərində isə o,
həlak olmuş hesab edilirdi.
1942-ci il yanvar ayının 18-də SSRİ Xalq Daxili
İşlər Komissarlığının işğal
altındakı ərazilərdə kəşfiyyat və təxribat
üzrə Dördüncü İdarəsi yaradılanda rəsmi
siyahılarda 7 mindən artıq kəşfiyyatçı və
təxribat ustası vardı. Dördüncü İdarə
yaradılandan sonra isə müharibənin sonunadək bu
iş ardıcıl və sistemli biçimdə
aparıldı, kəşfiyyatçıların
sıralarına minlərlə yeniləri əlavə olundu.
1943-cü ilin aprelində Vermaxtın 162-ci
Türküstan Diviziyası formalaşdırılanda bu prosesdə
iştirak edənlərdən biri Mehdi Hüseynzadə idi və
bu məqsədlə onu Ştrans şəhərinə ezam
etmişdilər.
O,
artıq alman zabiti geyimində idi.
Mehdi Hüseynzadə həmin diviziyanın 314-cü
polkunun - alayının qərargahındakı təbliğat
və əks-kəşfiyyat vəzifəsi daşıyan 1-TS
şöbəsində alman zabiti kimi xidmətdəydi.
Yaxşı,
bəs bu, irəlicədən planlaşdırılmış
layihə idisə, Mehdi faşistlərin içərisinə
atılmış adamımızdısa, bəs necə
olmuşdu ki, sonra Dövlət Təhlükəsizlik Komitəsi
onun adına ayrıca bir cinayət işi
açmışdı?
Sovet dövləti 1941-1945 müharibəsi zamanı sədaqətsizlik
göstərmiş, əsir düşmüş, düşmənə
satılmış, xüsusən də faşistlərin
yaratdığı legionlarda olmuş, sovet ordusuna qarşı
vuruşmuşların hər birini "qara
siyahı"sına salmışdı. Xaricdə
qalan da o siyahıda idi, ayağını haçan bu tərəflərə
bassa, tutularaq cəzası veriləcəkdi, müharibədən
qayıdıb gələnləri də bir-bir həbs, ya
sürgünə göndərirdi.
Hətta
elələri olmuşdu ki, onları tanıyıb-bilməyib
həmin "qara siyahı"lara
salmamışdılar, müharibədən sonra o cür
"unudulmuşlar" rahat həyatını
sürmüşdü, fəqət günlərin birində
keçmiş legionçulardan hansı birisə ifadə verəndə
adlar çəkmişdi, ya müəyyən təsadüflər
büsbütün yaddan çıxmış bir adamın, sən
demə, vaxtilə faşistlərə qulluq etdiyini faş
etmişdi, belələrini də dərhal həbsə alaraq
göndərilməli olduqları yerə göndərmişdilər.
1990-cı illərin əvvəllərində belə
cinayət işlərindən biri Dövlət Təhlükəsizlik
Komitəsinin arxivində işləyərkən
qarşıma çıxmışdı.
Müharibə dövründə faşistlərin
yaratdığı Azərbaycan legionunda olmuş, faşistlərə
xidmət etmiş bir nəfər hadisələrdən 20 ildən
də çox sovuşarkən gözlənilməz bir şəkildə
aşkarlanmışdı. Bu şəxs
üstündə svastika işarəsi olan, qola bağlanan əsgini
davadan bir xatirə kimi gətiribmiş. İllərcə
o faşist qolbağısı kimsəyə görsənmədən
evdə qalırmış. Evlənir,
uşaqları dünyaya gəlir, balacalar böyüyür və
bir dəfə balacalardan hansınınsa əlinə evdəki
bir albomun vərəqləri arasında saxlanan, müharibə
haqqında filmlərdə gördüyü, faşistlərin
qoluna bağladıqlarından olan həmin svastikalı əsgi
düşür. Götürüb
bağlayır qoluna, düşür həyətdə
tay-tuşları ilə oynamağa. Kim
görüb kimə deyirsə, bədbəxt atanı elə həmin
axşam KQB-yə aparırlar və dindirincə də, həqiqəti
etiraf etməsinə nail olurlar.
Mehdi Hüseynzadəyə gəlincə,
mümkündür ki, hətta Dövlət Təhlükəsizlik
Komitəsi belə onun əsl simasından xəbərsizmiş.
O,
Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi tərəfindən
yönəldilən kəşfiyyatçı idi və bu iki
qurumun da hərəsinin özünəməxsus sirləri
vardı. Hər iki şəbəkə mahiyyətcə
eyni məqsədə qulluq etsə də, söz yox, hərəsinin
öz sirləri vardı, həmişə də bu iki qurum
arasında bir-biri ilə sonacan yola getməmək,
qısqanclıq var olub.
Mehdi Hüseynzadə isə sovet Baş Kəşfiyyat
İdarəsinin ən dərin və gizli qatlarında bəlli
olan, yalnız birbaşa kuratorlarının
tanıdığı nadir kəşfiyyatçılardanmış
ki, bunun mötəbər və açıq təsdiqinin əks
olunduğu məxəz ortadadır.
1970-ci illərdə
bütün Sovet İttifaqında bir əsər əl-əl
gəzirdi: İkinci Dünya müharibəsinin ötkəm sərkərdəsi,
"Zəfər marşalı" Georgi Konstantinoviç
Jukovun (1896-1974) ilk dəfə 1969-cu ildə
buraxılmış, sonralar dəfələrlə təkrar nəşr
edilmiş "Xatirələr və düşüncələr"
kitabı.
O kitabda
Jukov müharibə illərində almanlar içərisində
işləmiş və Mərkəzə son dərəcə
qiymətli məlumatlar göndərmiş 19 kəşfiyyatçının
adını çəkirdi.
Bir neçəsinin adını xatırladaraq "və
sairə" yazmırdı - bircə-bircə
hamısının adını sadalayırdı.
Demək, bu 19 nəfərin hər biri elə
mühümmüş ki, hərəsinin adını mütləq
ayrıca göstərmək lazımmış. Həmin o 19 nəfərdən
biri Mehdi Hüseynzadə idi.
Konstantin
Jukovun "Böyük Vətən müharibəsi"nin başa çatmasından 24 il sonra ictimailəşdirməyi
mümkün saydığı bu həqiqəti, təbii ki,
müharibə dövründə barmaqla sayılacaq qədər
az adamın bildiyi şəksizdir.
Bu bixəbərlik
hətta Dövlət Təhlükəsizlik Komitəsi səviyyəsində
imiş ki, Mehdi Hüseynzadəyə KQB-də açılan
qovluqda o, düşmən kimi təqdim olunurdu - haqqında
toplanmış sənədlər hamısı mənfi səciyyəli
idi, ehtimal ki, özü düşmən
sayıldığından yaxın qohum-əqrəbası da nəzarətdəymiş.
Doğrudur,
vaxt gələcək, Mehdi Hüseynzadə ilə
bağlı Dövlət Təhlükəsizlik Komitəsində
ikinci bir qovluq da açılacaq - Kreml səviyyəsində qəhrəmanın
bəraət məsələsi qaldırılanda köhnə
qovluqda yığılmış bir çox guya
"ifşaedici" arayışların əksi olan sənədləri
yığmaqdan ötrü.
...Bunlar
unudulmamalı qəhrəmanlıq səhifələridir.
1944-cü il başlayır, artıq Mehdi
Hüseynzadə legiondan aralanıb, partizanlarla birgədir,
yanvar ayında partizan dostları ilə birgə almanların
topoqrafik xəritələrini ələ keçirir.
Həmin ilin fevralı - alman zabiti geyimində kazarmaya
daxil olur. Faşistlərin yanğınsöndürən
qurğularının yanında partlayıcılar yerləşdirir.
Çıxırlar,
az sonra partlayış əsas binanı lərzəyə
gətirir.
1944-cü
il aprel ayının 2-si - Mixaylo Triyest
yaxınlığındakı Villa Obçinadakı kinoteatra
daxil olur, partlayıcı qurğunu yerləşdirir.
Həmin səhnəni "Uzaq sahillərdə"
filmində də görmüsünüz, amma təfərrüatları
da bilin. Olmuşları dəqiq təqdim edən bu
xırdalıqlar 1950-ci illərin əvvəllərində
Mehdi Hüseynzadə ilə bağlı bəraət sənədləri,
onun şücaətlərini isbatlayan məlumat və sənədlər
toplanarkən əldə edilmişdi. O illərdə
DTK-da işləmiş, Mehdi Hüseynzadənin bəraət məsələləri
ilə birbaşa məşğul olmuş unudulmaz Heydər
Əliyev xatırlayırdı ki, "Uzaq sahillərdə"
povesti üzərində iş gedərkən biz həmin
materialları yazıçılar Həsən Seyidbəyli və
İmran Qasımova da təqdim etmişdik.
Film
filmliyində, amma hadisə birəbir belə cərəyan
etmişdi: Mehdi kinoteatra daxil olur, partlayıcı qurğunu
yerləşdirir, saat mexanizmi işə düşür.
Mixaylo hadisə yerindən aralanandan dəqiqələr sonra dəhşətli
partlayış qopur, kinoteatr göyə sovrulur, 80 nəfər
alman zabiti yerindəcə həlak olur, 110 nəfər
yaralanır, bunlardan da 40-ının sonu elə çox
keçmədən xəstəxanada çatır.
Şok şok ardınca gəlirdi. Bundan bir neçə
gün sonra isə Mixaylo Triyestdəki Via
Qeqa küçəsində yerləşən "Əsgərlər
Evi"ni - "Soldatenxeym"i partladır. Dalbadal baş verən
və faşistləri girinc edən bu partlayışların
ardınca İtaliya faşistlərinin "İl Pikkolo" qəzetində
"Alman "Əsgərlər Evi"nə terrorist həmlə"
adlı isterikalı məqalə çap edilir. "Dünən, şənbə günü
kommunist elementlər Triyestdə alman əsgər
kazarmalarına terrorçu qəsd etmiş, bu, bir sıra
alman əsgərlərinin və bir neçə italyan vətəndaşının
ölümünə səbəb olmuşdur".
Günlər ötür və Mixaylonun yeni hünərləri
faşistlər arasında partizan vahiməsini daha da
çoxaldır, o biri yandan isə bütövlükdə
sayı yüzlər, minlərlə ölçülən
partizanların birliyini, son qələbəyə ümidini
qüvvətləndirir, xalqın ruh yüksəkliyini qat-qat
artırır.
Mixaylonun növbəti qoçaqlığı - vur-tut
ikicə silahdaşı ilə İtaliyanın Odina şəhəri
yaxınlığındakı həbs düşərgəsinə
girməyə müvəffəq olur, alman zabiti geyimindədirlər,
üçü də almanca danışır. Oradakı
gözətçiləri bir-bir tərksilah edib 700 əsiri
azad buraxırlar. Onlardan 147 nəfəri
Sovet İttifaqından olan əsirlərmiş, aralarında azərbaycanlılar
da varmış.
Amma igidliklər bununla bitmir.
Çox keçmir Mixaylo 25 vaqonlu bir yük
qatarını partladır.
Az sonra
Mixaylo faşistlərin təyyarə limanında peyda olur, 25 avtomobili
və 2 təyyarəni partladır.
Almanlar Odina şəhərindəki həbs düşərgəsindən
700 əsirin azad edilməsindən sonra radioda xəbər
yayırlar ki, guya hücum etmiş partizanlar 3000 nəfərmiş.
Günü-gündən artan vahimənin şiddətindən
üçcə nəfər partizan faşistlərin
gözünə min dəfə çox
görünürmüş.
Bir canı ilə düşmən gözündə min
nəfər kimi möhtəşəm görünmüş
Mixaylodan qorxularını elə həmin müharibə
dövründəcə faşistlər qəzetlərdə dərc
edilmiş xəbərlərdə əks etdirmişdilər. Amma tarix bu
cür deyil, bir başqa cür cərəyan etsə idi,
xoşbəxt təsadüflər olmasaydı, Azərbaycan
bunca qadir bir oğlundan bixəbər də qala bilərdi.
Və yaxınları, doğmaları da onunla iftixar
duymaq əvəzinə adı KQB-nin xain saydıqları
siyahısına düşmüş bir şəxsin qohumu
olduqlarından daimi təşviş keçirərdilər.
Mehdi Hüseynzadənin insanlara
açılmasının və qəhrəman kimi hər kəsə
tanınmasının müjdəsi heç gözlənilmədən
SSRİ-yə xaricdən gəldi.
1952-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist
Partiyasının XIX Qurultayı keçirilirdi. Adətən
olduğu kimi, qurultaya müxtəlif xarici ölkələrdəki,
o dövrün dili ilə desək, "qardaş kommunist
partiyalar"ın təmsilçiləri də dəvətliydilər.
Onların sırasında İtaliya Kommunist
Partiyasının rəhbəri Palmiro Tolyatti (1893-1964) də
vardı. 1944-cü ildə İtaliyada
partizan hərəkatının rəhbərlərindən
biri də elə Palmiro Tolyatti olmuşdu və Mehdi
Hüseynzadəni də yaxşı tanıyırmış.
İosif Stalinlə (1879-1943)
görüşündə o, müharibə dövründə
partizan hərəkatında ən fəal iştirak edənlərdən,
ən heyrətamiz qoçaqlıqlar göstərənlərdən
olmuş "Mixaylo" adlı bir qafqazlı gəncdən
söhbət açır. Stalin dərhal
göstəriş verir ki, araşdırsınlar, həmin naməlum
qəhrəmanı tapsınlar. "Mixaylo" deyilənin
kim olduğunu müəyyənləşdirmək
uzun çəkmir. KQB-də artıq onun adına
açılmış cinayət işi vardı. Lakin Stalin qəhrəmanı axtarmaq
tapşırığını vermişdi və çekistlər,
hərbi kəşfiyyat məhz axtarışları bu istiqamətdə
davam etdirəndə dərinə getdikcə qürur oyadan
faktlarla, heyranedici igidlik nümunəsi ilə
qarşılaşırlar. Üstəlik,
çox keçməmiş Yuqoslaviya prezidenti İosip Broz
Tito (1892-1980) da Kremlə Mehdi Hüseynzadəyə aid bir
qovluq göndərir.
Həmin qovluqda partizan Mixaylonun müharibə
dövründəki şücaətlərindən bəhs edən
sənədlər toplanmışdı. İosip Broz
Tito da 1944-cü ildə, Mixaylonun partizanlıq tarixinə hər
yeni bir əsrarəngiz səhifə yazdığı
çağlarda antifaşist hərəkatına rəhbərlik
edənlərdən idi və Mixaylonu da şəxsən
tanımışdı.
Beləliklə,
Mehdi Hüseynzadənin bəraəti istiqamətində ciddi
iş başlanır və məsələ ilə məşğul
olan bilavasitə SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi idi. Bakıya da müvafiq göstəriş
verilmişdi, burada da qəhrəmanın əslini-kökünü,
müharibəyəqədərki fəaliyyətini,
almanların arasına gedib çatanacan keçdiyi
döyüş yolunu öyrənir, ailə üzvləri ilə
söhbətlər aparırdılar.
Yazıçı və kinorejissor Həsən Seyidbəyli
(1920-1980) xatırlayırdı ki, günlərin birində məni
Bakıda Komsomolun Mərkəzi Komitəsinə dəvət
etdilər. Elə binaya yaxınlaşanda İmran Qasımovla
(1918-1981) rastlaşdım. Soruşdum ki, xeyir ola, burda nə edirsən? Məlum
oldu ki, onu da mənim kimi niyəsini bildirmədən
çağırıblar. Həsən
Seyidbəyli yada salırdı ki, ehtimal etdik, yəqin, bizə
nəsə müştərək oçerk-filan
yazmağı tapşırmaq istəyirlər,
ilin-günün də elə vaxtı idi, mənim də,
İmranın da işimiz başdan aşırdı. İmran Rus Dram Teatrı üçün pyes
yazırdı, mənə də kinostudiyadan vacib bir ssenarini
tezliklə bitirmək tapşırılmışdı.
Pilləkənləri qalxa-qalxa məsləhətləşirdik
ki, sözümüz bir olsun, bir bəhanə gətirib bu
sifarişdən canımızı qurtaraq, əlimizdəki
qaçan işlər yarımçıq qalmasın. Ancaq sözə başlayan kimi elə mətləblərdən
danışdılar ki, bəhanə axtarmaq fikrindən dərhal
vaz keçdik. Əvvəlcə o günəcən
tanımadığımız, müharibə illərində
qəhrəmanlıqlar göstərmiş azərbaycanlı
Mehdi Hüseynzadənin haqqında bir arayışı
oxudular. Dedilər ki, hələlik məlumatımız
bu qədərdir. Ancaq sizə imkan
yaradılacaq, araşdırma aparacaqsınız, lazım olan
materiallar da veriləcək. Bu şəxsiyyət
haqqında yaxşı bir bədii əsər yazmaq
lazımdır.
Unudulmaz Heydər Əliyevsə söyləyirdi ki,
açığı, biz əvvəlcə toplanmış
materialları babat qələmi olan bir əməkdaşımıza
verdik ki, nəsə yazmağa çalışsın və
o, yazdı da.
Ancaq oxuduq, bizi qane etmədi, ona görə qərara
aldıq ki, bunu peşəkar yazıçılara etibar etsək,
daha münasibdir. Həsən Seyidbəyliylə
İmran Qasımovu da əslində özümüz seçdik,
onlar ədəbi aləmdə o dövrdə xeyli fəal idilər,
Komsomolun Mərkəzi Komitəsinə də müraciət
etdik ki, yazıçıların razılıqlarını
alsınlar. Az sonra özümüz də
onlarla görüşdük, Mixaylo ilə əlaqədar nəyimiz
varsa, hamısını verdik ki, işləsinlər. Onlar da gözəl bir əsər yarada bildilər.
...Mehdi Hüseynzadənin böyük
qayıdışının ilk parlaq hadisəsi olan "Uzaq
sahillərdə" povesti 1954-cü ildə işıq
üzü görür. Nəşr edilincə də oxucuların
ürəyini fəth edir. Dövlət Təhlükəsizlik
Komitəsində də, Mərkəzi Komitədə də əsər
çox bəyənilir, ilk növbədə bunun səhnədə
də göstərilməsi tapşırığı verilir
və ayrıca film çəkməyə də
hazırlıqlar başlanır.
Dram Teatrının səhnəsində Mehdi Məmmədovun
(1918-1985) rejissorluğu ilə nümayiş etdirilən
tamaşada Mehdi surətini Möhsün Sənani (1900-1981) ifa
etmişdi.
Bu pyes də elə povest kimi böyük əks-səda
doğurur.
Filmin çəkilişlərinə də artıq ciddi
hazırlıqlar gedirdi.
Mehdi Hüseynzadəni hər kəsə
doğmalaşdıracaq "Uzaq sahillərdə" filmini
Tofiq Tağızadə (1919-1998) 1958-ci ildə tamamlayacaq. Ancaq bundan əvvəl
daha əlamətdar bir tarixi ədalət yerini tapır.
1957-ci il aprelin 11-də SSRİ Ali Sovetinin
sədri Kliment Yefremoviç Voroşilovun (1881-1969) sərəncamı
ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı
adı verilir. 1941-1945-ci illər müharibəsində
iştirak edənlərdən 11.657 nəfər Sovet
İttifaqı Qəhrəmanının qızıl ulduzuna
layiq görülüb. Sovetlər dönəmində
bu, təltiflərin zirvəsi, fəxri adların ən
yüksəyi idi. Bircə bunu düşünmək yetər
ki, müharibədə həlak olanların sayı 20 milyondan
çoxsa da, yalnız hər 2.000 nəfərdən birinə
belə şərəfli təltif nəsib olub.
Mehdi Hüseynzadəyə qədər ölümündən
sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmiş
3.050 nəfər olmuşdu. Mehdi Hüseynzadənin qismətindəki
bir müstəsnalıq da budir ki, İkinci Dünya müharibəsində,
1941-1945-ci illər savaşında rəşadətinə
görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən sonuncu - 3.051-ci
igid oldu.
...O həm də şair idi. Şeirlər yazmağa da erkən
başlamışdı. Əlimizə gəlib
çatan ən köhnə şeirləri 1935-ci ilə
aiddir. 17 yaşlı gəncin
yazdığı bir poema. Oxuduqca bu sətirlərin
artıq bərkiməyə başlayan qələmdən
çıxdığını hiss edirsən. İstər-istəməz
bu da fikrindən keçir ki, yəqin, bunlara qədər də
xeyli şeiri varmış.
Vətəndən uzaqlarda olanda da qələm əlindən
düşmürmüş. Bir tərəfdə
dünya qopur, atəş səsləri, ölüm-itimlər,
qan-qada, o biri yandan da sabahlara ən böyük ümidlər
və diləklərlə çırpınan coşqun
şair ürəyi.
Legiondakı dövründə də yazırmış,
partizanlara qoşulduğu, İtaliyada olduğu zamanlarda da qələm
əlindəymiş.
Mehdinin
"Qürbətzadə" təxəllüsü ilə
imzaladığı o kövrək şeirlərdə
Müşfiq ovqatı, Müşfiq ahəngi sezilməkdədir:
Kaş mən
bir sarı yarpaq olaydım,
Sabahın
yelləri alaydı məni,
Aşıb
başı qarlı, uca dağlardan
Vətən torpağına salaydı məni.
Və
ardınca bir bayatı da əlavə edib:
Əzizim
ellər ayrısı,
Bülbüləm, güllər ayrısı.
Bir
gününə dözməz idim,
Olmuşam illər ayrısı.
Nə biləydi
ki, qarşıda əbədi ayrılıqlar var...
...Görkəmli
ədəbiyyatşünas alim, unudulmaz Əziz Mirəhmədov
(1920-2002) Mehdi Hüseynzadəni uşaqlıq
çağlarında görənlərdən və
ömrü boyu unutmayanlardan idi. Onun bibisi
oğlu, sonraların məşhur teatr rəssamı Əsgər
Abbasov (1916-1970) Rəssamlıq Məktəbində Mehdi
Hüseynzadə ilə birgə oxumuşdu. Ona görə
də Əziz hələ uşaq ikən o məktəbə
tez-tez gedərmiş və Mehdi Hüseynzadə ilə də
orada tanış olubmuş. Əziz müəllim
xatırlayırdı ki, Şah döngəsinə, Mehdi
Hüseynzadənin yanına o çağın cavan rəssamları
Səttar Bəhlulzadə (1909-1974), Qafar Seyfullayev (1915-1998),
Kamil Xanlarov (1915-1996) və digərləri tez-tez gələrdilər
və saatlarla oturardılar, mübahisə edərdilər, təzə
çəkdikləri əsərləri göstərərdilər.
Mehdi Hüseynzadə dünyaya bunlardan ötrü gəlmişdi. Gəlmişdi
ki, rəssamlarla birgə olsun, musiqiçilərlə
oturub-dursun, şairlərin məclislərinə
qatılsın, mübahisələr etsin, duyğu
bölüşsün, fikir söyləsin.
Gözəl
tar çalırdı, mahir rəssam idi, incə şairliyi
vardı.
Mehdi dünyaya gözəllik artırmaqçün gələnlərdən
idi və qısa ömrü ərzində bu yolda nəyə
gücü və macalı çatdısa etdi. Ancaq araya ilk qurbanı həqiqət
olan dağıdıcı, məhvedici müharibə girdi və
Mehdi dünyanın gözəlliyini xilas etmək
üçün edə biləcəyi son
yaxşılığını etdi - canını, həyatını
qurban verdi.
26 mart 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025. -12 aprel(№61).-
S.14-15.