Milli kimliyini
imzasında qürurla daşıyan rəssam
AZƏRBAYCAN VƏ DÜNYA TƏSVİRİ
SƏNƏTİNİN GÖRKƏMLİ
NÜMAYƏNDƏSİ MİRZƏ QƏDİM
İRƏVANİNİN 200 İLLİYİ QEYD OLUNUR
XVII əsrin əvvəllərindən başlayaraq miniatür
sənətimizin inkişafında müəyyən dərəcədə
geriləmə müşahidə olunurdu. Bunun əsas səbəbi
həmin dövrdə təsviri sənətdə yeni bədii
realist meyllərin özünü göstərməsi ilə
izah edilir. XVIII əsrdə isə özündə həm
Avropa, həm də Şərq rəssamlıq ənənələrini
birləşdirən "Qacar üslubu" Azərbaycan təsviri
sənətində təzahür etməyə başladı.
Qeyd edək ki, bu üslubda
işlənən əsərlər Azərbaycan dəzgah rəngkarlığının
ilk nümunələri sayılır. Həmin sənət əsərlərinin
müəllifləri arasında
yaradıcılığında Qərb və Şərq incəsənət
ənənələrinin sintezini əks etdirən, təsviri
sənət tariximizdə yeni mərhələnin
başlanğıcını qoyan rəssam Mirzə Qədim
İrəvani özünəməxsus dəsti-xətti ilə
seçilib. Onun bizim dövrümüzə gəlib
çatmış rəsm əsərləri "Qacar
üslubu"nda yaranan tabloların özünəməxsus bədii
dəyərə malik olduğunu bir daha təsdiqləyir.
Peşəkar rəssamlıq təhsili almayan sənətkar
gənc yaşlarından rəsm çəkməyə
başlayıb. Sənətşünas N.Miklaşevskayanın
qeydinə əsasən, rəssamın yeniyetmə
dövründə güzgü üzərində boya ilə
çəkdiyi "Qadın portreti" onun ilk işi olub.
Eyni zamanda rəssamın hazırda Azərbaycan Milli İncəsənət
Muzeyində saxlanılan "Dərviş",
"Süvari" və "Rəqqasə" adlı
işlərinin də, onun yaradıcılığının
ilk dövrlərinə aid olduğu güman edilir. Rəssamın
bu işləri bədii formanın həllinə görə
klassik miniatür boyakarlığından fərqlənsə də,
bir qədər şərti-dekorativ xarakter daşıyır.
Lakin vurğulamalıyıq ki, rəssamın müxtəlif
üslublarda, kətan, kağız, şüşə üzərində
yaratdığı bu əsərləri, onun öz
dövrü üçün yeni sayıla biləcək rəsmlərin
ən yaxşı nümunələrindəndir.
Rəssam yaradıcılığının ilk
dövrlərində tətbiqi sənət ustası olan
atasından öyrəndiyi bədii-texniki vərdişləri
təkmilləşdirir, divar rəsmləri, milli tikmələr
üçün eskizlər və trafaretlər də
hazırlayırdı. "Quşlar və çiçəklər",
"Qızılgül və qaranquş", "Güllər
və qırqovul" rəssamın divar rəsmləri
üçün yaratmış olduğu dekorativ səpkili
eskizlərdən idi. Qeyd edək ki, realist rəssamın
canlı təsir bağışlayan, simmetriya qaydaları
gözlənilən bu rəsmlərində eskizlik,
natamamlıq yoxdur, əksinə, onlar bitkin rəsm təsiri
bağışlayır.
Ticarət yollarının üzərində yerləşən
İrəvan şəhəri Qərbi Azərbaycanın zəngin
mədəniyyət mərkəzi olmuşdur. İrəvanda
bir çox sənət sahələri kimi, təsviri sənət
də inkişaf etmişdi. Təbii saymaq olar ki, İrəvanın
mədəni mühiti Mirzə Qədimin bədii
zövqünün formalaşmasına təsir etməyə
bilməzdi.
XVIII əsr Azərbaycan incəsənətini səciyyələndirən
ən xarakterik xüsusiyyətlərdən biri də
memarlıq sənətimizin zəngin tarixi ənənələrindən
sayılan monumental-dekorativ boyakarlıq üslubunun tətbiqi
olub. Belə ki, əvvəllər memarlıq abidələrinin
dekorativ bəzəyinin əsasını təşkil edən
kaşı sənəti artıq bu dövrdə geniş
yayılmış divar boyakarlığı ilə əvəz
olunmağa başlamışdı. Dövrümüzə qədər
gəlib çatmayan divar rəsmləri içərisində
zəngin xarici və daxili tərtibata malik Sərdar
Sarayındakı təsvirlər xüsusi yer tutur. Burada
çoxfiqurlu batal və portret janrında işlənmiş rəsmlər
olub. Saraya aid güzgülü zal memarlıq quruluşu ilə
yanaşı, dekorativ tərtibatın orijinallığı və
zənginliyi ilə də hamını valeh etmişdi. Sarayın
divarlarında, xüsusən güzgülü zalında və
şəbəkəli yay pavilyonunda müxtəlif ornament
motivləri, gül-çiçək dəstələri,
heyvan təsvirləri ilə yanaşı, "Şahnamə"dən
alınmış bir sıra qəhrəmanlıq
epizodlarını əks etdirən kompozisiyalar, "Nadir
şahın Hindistan səfəri" kimi tarixi süjetli rəsmlər
də olmuşdu. Zaman keçdikcə baxımsızlıqdan
yararsız vəziyyətə düşən, divar rəsmləri
korlanan sarayın bərpa işləri 1850-ci ildə, 25
yaşlı Mirzə Qədim İrəvaniyə
tapşırılmışdı. Verilən məlumata
görə, rəssam burada pannoların bərpa işləri
ilə yanaşı, sarayın daxili tərtibatı
üçün, iriölçülü bir neçə
yeni portret də yaratmışdı. Bu portretlərdə Fətəli
şah, Abbas Mirzə, Hüseynqulu xan kimi tarixi şəxsiyyətlər
təsvir olunub. Kətan parça üzərində
yağlı boya ilə çəkilib, sonradan divara yerləşdirilən
bu əsərlər monumental forması, ifaçılıq
üsuluna və texnikasına görə Azərbaycan təsviri
sənətində yağlı boya ilə çəkilmiş,
tamamilə yeni keyfiyyətli portret əsərləri hesab
edilir.
M.Q.İrəvaninin bu portretlərində köhnə
şərti ənənələr yenə nəzərə
çarpsa da, onlar sənətkarın ilk dövr portretlərindən
kamillik dərəcəsinə görə xeyli fərqlənir.
Belə ki, rəssam işıq və kölgə ilə təsvirlərin
daha canlı çıxmasına nail olub. Eyni zamanda rəssam
xəncər, mütəkkə və sair elementlərin həcmini
düzgün verməyə çalışıb ki, bu da təsviri
daha gözəçarpan edib. Portretlərdəki rəng və
naxış örtüyündəki əlvanlıq isə
xalq sənətinə yaxından bələd olan rəssamın
təcrübəsindən xəbər verir.
Qeyd olunur ki, özlərini dünyanın "mədəni
xalqı" kimi qələmə verməyə
çalışan ermənilər nadir sənət incisi olan
Sərdar sarayını 1918-ci ildə yerlə-yeksan etmişlər.
Bu zaman rəssamın saray üçün işlədiyi
portretləri divardan çıxarılıb Tiflisə
aparılıb.
M.Q.İrəvani Sərdar sarayının bərpası
kimi ciddi bir işi layiqincə yerinə yetirdikdən sonra dəzgah
boyakarlığı sahəsində daha bir-neçə
uğurlu portret ərsəyə gətirmişdi. Ümumiyyətlə
rəssam təsviri sənətin müxtəlif sahələrində
işləsə də, onun ən böyük nailiyyəti
portret sahəsində olmuşdu. "Gənc oğlan",
"Molla", "Vüculla Mirzə" və sair portretlər
milli ənənələrə sadiqlik baxımından olduqca
yaddaqalandır.
Səthi-dekorativ xarakter daşıyan bu əsərlərdə
surətlər müəyyən dərəcədə idealizə
edilsə də, rəssam təsvir olunan şəxslərin fərdi
keyfiyyətlərini, hətta bir qədər zəif də
olsa, onların daxili aləmini əks etdirməyə müvəffəq
olmuşdu. Digər tərəfdən kontrast rəng
düzümünə baxmayaraq, bu rəsmlərdə zəif
də olsa işıq-kölgə keçidlərindən,
perspektiv qanunlarından istifadə edilib. Bu isə rəssamın
realist boyakarlığın xüsusiyyətlərinə bir qədər
yiyələnmiş olduğunu sübut edir. Onun akvarel və
tempera texnikasında işlədiyi bu portretləri üslub
xüsusiyyətinə görə orta əsr miniatür sənətinə
xas olan şərti dekorativliklə realist dəzgah
boyakarlığının birgə vəhdəti əsasında
yaranıb. Beləliklə, rəssam özünəməxsus
bədii forma, orijinal üslub yaradıb.
M.Q.İrəvaninin qadın portretləri XIX əsr Azərbaycan
rəssamlığında qadın gözəlliyini əks
etdirən ən nümunəvi əsərlərdəndir.
Əlvan şəbəkə fonunda, yüksək bədii
zövqlə, ilhamla işlənmiş "Mah Tələt
xanım", "Oturmuş qadın" kimi rəsmlərə
baxarkən şux və nikbin
surətlər görürük. Bu əsərlər
"Qacar üslubu"nda geniş yayılmış rəsmi
portretlərdən əsaslı surətdə fərqlənir.
Bir cəhəti də qeyd edək ki, rəssamın qadın
portretlərindəki obrazlar geyimi, duruşu, ornamental bəzəyi
kimi fərdi əlamətlərinə görə bənzərdirlər.
Yerə döşənmiş zəngin bəzəkli
xalça üzərində əyləşmiş, məlahətli
baxışları ilə diqqət çəkən
"Oturmuş qadın" sadə və təbiidir. Onun
butalı tirmə arxalığı, ipək köynəyi, rəsmi
daha da baxımlı edir.
M.Q.İrəvani xalq sənətinin zənginliklərinə
dərindən bələd olan, öz əsərlərində
bu tükənməz sərvətin gözəl ənənələrindən
bacarıqla istifadə edən rəssam olub. Onun rəsmlərindəki
döşəməyə salınmış xalça,
mürəkkəb ornamentli şəbəkə, obrazların
zəngin naxışlı geyimi bunu bir daha sübut edir.
Beləliklə, əminliklə deyə bilərik ki,
M.Q.İrəvani Azərbaycan təsviri sənətində
realist dəzgah və monumental boyakarlığın
inkişafında böyük rol oynayıb. O, həmçinin
öz yaradıcılığı ilə rəssamlıq sənətimizdə,
xüsusilə portret janrında şərti dekorativlikdən
yeni keyfiyyətli realist sənətə keçidin əsasını
qoyub. Rəssam bir-birindən dəyərli, yüzdən
artıq əsər ərsəyə gətirib. Təəssüf
hissi ilə qeyd etməliyik ki, bu əsərlərin
yalnızca bir hissəsi günümüzə gəlib
çatıb. Şüşə, parça, kağız kimi
müxtəlif materiallarda işlənən bu əsərlər
hazırda Azərbaycan Milli İncəsənət Muzeyində,
Gürcüstan Dövlət İncəsənət Muzeyində,
Sankt-Peterburqda Dövlət Ermitajında mühafizə olunur.
Filologiya elmləri doktoru, professor Əsgər Zeynalov
"İrəvan ziyalıları" adlı kitabında
yazır: "M.Q.İrəvaninin nəticəsi Gülşən
xanımın verdiyi məlumata görə, Ermitaj Muzeyində
iki otaq yalnız rəssamın orijinal və fotokopiya rəsmlərinə
ayrılmışdı (təxminən 1970-72-ci illərdə).
Rəssamın digər nəticəsi, Əməkdar incəsənət
xadimi, rəssam İsmət Axundov isə Parisdə, heykəltaraş
Rodenin ev-muzeyində Mirzə Qədimin bir əsərinin
saxlandığını söyləyir. Göründüyü kimi, tarixi ərazimiz
olan İrəvanı bizdən qoparıb, ona qanunsuz şəkildə
sahiblənənlər rəssamın əsərlərini də
doğma şəhərindən didərgin salıb. Rəssamlıq
sənətimizdə xüsusi yeri olan, doğulduğu
torpağın adını özünə təxəllüs
götürən M.Q.İrəvaninin bəlkə də
neçə-neçə rəsm əsəri bugün,
haradasa öz tədqiqatçısını gözləyir.
Şəmsiyyə ZALOVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan
MR Rəssamlar Birliyinin üzvü
525-ci qəzet .- 2025.- 15 aprel(№62).- S.15