Reinkarnasiya - ruhun təcallası
YAXUD ÖLÜMDƏN SONRAKI HƏYAT
(Kamal Abdullanın "Sehrbazlar dərəsi"
romanı barədə düşüncələr)
"Sehrbazlar dərəsi" əsəri ruhu, bədii-fəlsəfi
pafosu ilə Kamal Abdullanın yaradıcılığı
üçün səciyyəvi olan məhrəm duyğularla
süslənmişdir. Ölüm və olum barədə
düşüncələr, ölümdən sonrakı həyatın
simptompları, cizgiləri, sirləri, insan həyatının
əbədiliyi, yaxud fənalığı, paralel dünyalar,
reinkarnasiya kimi mistik-fəlsəfi görüşlər bu
romanda da əsas leytmotivdir. Lakin qeyd edək ki, bu əsər
istedadlı nasirin yaradıcılığında xüsusi,
parlaq bir yer tutur. Mistik düşüncələrlə real
vaqiələrin culğalaşması fonunda, uzaq-yaxın hadisələrin
qovuşuğunda insan həyatının və taleyinin ələk-fələk
edilməsi kimi dinamik və rasional nəticələr romanda
çox obrazlı, bədii mükəmməllik, fəlsəfi
dərinliklə həllini tapmışdır. Kamal Abdulla bu
romanda ölümün sirri və fani dünya barədə
söz açır. Ruhun əbədiliyinə və ilahi təyinatlara
toxunur. Roman Allahaxtarıcılığında
yazıçının ciddi addımıdır.
N.F.Qısakürək sənətin məqsədini Allahı
aramaqda görürdü. Bu mənada Kamal Abdulla Allahı
axtarır və tapır. Allaha tapınmaq isə romanın hər
sətrində ürək ritmi kimi döyünür.
Romanı oxuyarkən ilk növbədə onun
janrını müəyyənləşdirməyə
çalışırsan. Magik realizm barədə
düşünürsən, fantastik və utopik üslub
haqqında fikirləşirsən, realist lövhələr, təbii
insan hissləri və duyğuları səni realizm fəlsəfəsi
tərəfə çəkir. Əsərdə bu janrların
hər birinin elementləri, cizgiləri, ştrixləri
mövcuddur. Əsas odur ki, bu olaylar təbii şəkildə
bir-birinə kip oturdulmuşdur. Hər şey təbii
axınla, real stixiyada cərəyan edir. Əsərdə zaman
keçidləri - keçmiş və müasir dövr, o
dünya, bu dünya ölçüləri, paralel
dünyalar, bir-birindən xəbərsiz, yanaşı
mövcud olan və bir-birini tamamlayan məkanlar zəncir
halqaları kimi o qədər təbii şəkildə
hörülüb ki, onların yaratdığı assosiativ
duyğular sənə bu aləmləri bütövlükdə
qəbul edib qavramaqdan başqa yol qoymur. Bütün bunlar Kamal
Abdulla tərəfindən dahiyanə həssaslıqla bir-birinə
hopdurulub, vahid düşüncə və duyğuda
qovuşdurulub.
Əsər virtual hisslər, qeyri-adi duyğular,
fantastik düşüncələr təlqin edir. Virtual
konturların əsasında reinkarnasiya - yenidən doğulma,
yenidən yaranma, yenidən dünyayagəlmə dayanır.
İnsan ölmür, ruhən yaşayır və ruhun təcallası
ilə yenidən dünyaya qayıdır. Bu fikir və
düşüncə bəşər mədəniyyətinin
lap ilk çağlarından insan inamı və ümidi kimi
yaranıb. Bu ideya kelt və Skandinaviya xalqlarında, Mayya və
Astek qəbilələrində, Qrenlandiya eksimoslarında hələ
qədim zamanlardan bir inanc kimi formalaşmışdır. Hətta,
bu inancın izləri daha dərinlərə, ibtidai insanlara
gedib çıxır.
Eksimoslar insanın üçlükdən - vücud,
ruh və addan ibarət olduğunu düşünürdülər.
Onlar inanırdılar ki, insan öləndən sonra vücud
çürüyüb yox olsa da, ruh başqa bədəndə
yenidən dünyaya qayıda bilər. Həmin insanın
adını yeni dünyaya gələn körpəyə
qoyduqda isə, onun adı da dirilmiş olur. Hinduizm inancına
görə, kastalar yaradıcı tanrı Brahmanın insan
şəklində təsəvvür edilən vücudunun
müxtəlif yerlərindən yaradılmışdır.
Bundan başqa, həyatda Karma qanunu hökm sürür. Bu, bir
səbəb-nəticə qanunudur. Yəni insan keçmişdə
nə etmişsə, gələcəkdə onunla
rastlaşacaqdır. Buddizmdə bu, tənasühlə izah
olunur. Tənasüh qurtarmaq bilməyən bir yenidən
doğuş silsiləsidir və özündə əzab-əziyyət
mahiyyəti daşıyır. İslamda isə bu, vəhdəti-vücud-panteizm
şəklində (pan - bütün, teos - Tanrı deməkdir)
"hər şey Tanrıdır" mənasında
alınır. İnsan Tanrının yer üzünə səpələnmiş
zərrələridir, son anda ruh Tanrıya qovuşur, onda əriyib
yox olur. Bunu sufilər fəna-fillah adlandırır. Sufiliyə
meyl göstərən İbn Səbinə (XIII əsr)
adlı bir ərəb filosofunun verdiyi mənalı tərifə
görə qədim filosoflar özlərini Allaha bənzətmək
istədikləri halda, sufilər Allaha qovuşmaq istəyirlər.
Bütün bu ibtidai insan təsəvvürləri və
dini görüşlər sonradan elmi təlimlərdə də
yer aldı, yəni ruhun varlığı, ölməzliyi, bir
şəkildən başqa şəklə düşmə
xüsusiyyətlərini elm də təsdiq etdi. Ruh haqqında
söhbət elmlə fantaziyanın qovuşuğuna baş
vurmaq, fantastik düşüncələrin elmi
araşdırılmalarla təsdiqinə varmaq deməkdir. Kamal
Abdulla "Sehrbazlar dərəsi" romanında bu nəhəng
bəşəri problemlərin çözülüb
konsepsiya şəkilində (həm elmi, həm də təxəyyül
formasında) həllinin bədii müstəvidə şərhində,
özü də fundamental şərhində bir sıra
düşüncə subyektlərini qabaqlamışdır.
Əsərin dili son dərəcə poetik və təsirlidir.
Doğrudan da bu əsəri Kamal müəllim "Azərbaycan
dilinin potensialında" yazıb. Dil mətnin ruhudur.
Romanın dili mətnin içində hopub qalmış gizli
sirlərə aparan etibarlı bələdçidir. Bu, ruh
dilidir, ruhun dilidir, gizli mətləblərə qovuşduran
sehrli yoldur. Əsər başdan-başa zikri xatırladır.
Hər ifadə, hər söz, hər ləfz, hər cümlə
zikr intonasiyası ilə gizli, sirli halətlər
pıçıldayır, insan ruhunun və mənəviyyatının
şəklini çəkir. İnsanlar danışmır,
hisslərini bir ah, bir nəfəs kimi çəkirlər,
sirlərini iç-içə, nəfəs-nəfəsə
virtual bir pıçıltı kimi bəyan edirlər.
Dialoqlar, dinləmələr, həsb-hallar
pıçıltı kimi mistik bir sehr libasına
bürünüb. Çılpaq ifadə, yalxi deyim, quru təsvir
tapmazsan. Hər şey bədii ilmələrlə sehrlənmişdir.
Romandakı dialoqlar dərin düşüncəli, zəngin
mündəricəlidir, hədis təfsirlərini
xatırladır. Sözlər, ifadələr ilğım kimi
qıvrılır. Bu söz və ifadələrin, dolu
cümlələrin yaratdığı bədii mənzərə,
nominativ və məcazi mənalar reallıqdan uzaq virtual aləmin
gözəgörünməz konturlarını, eləcə,
real təəssürat kimi təqdim edir. Bu dil mistik özəlliklərə
bürünmüş başdan-ayağa poeziya dilidir.
Bütövlükdə birnəfəsə oxunan roman ahəng
və ritmi ilə bir şeir parçası kimi ruhuna hopur.
Dünya, zaman, insan taleyi, ruhun təcallası barədə
olan bu təfsirlər adamı yaşadığı
dünyanın içindən çıxarıb mistik bir aləmdə
qərarlaşdırır. İnsan bu yerdəyişimini təkcə
ruhən, duyğusal aləmdə deyil, fiziki mənada da
yaşayır. Bu, təlqin deyil, təbəddülat deyil, bu,
qarabasma da, təxəyyül də deyil, bu, əsl, real
yaşantıdır. Bu dünya Kamal Abdullanın intelekti və
fitri istedadı ilə yaradılmış virtual aləmin
fizikəl görüntüləridir. Bu aləmdə Kamal
Abdulla sir dolu bir ruh adamı kimi, müxtəlif paralel
dünyaların sirrinə vaqif bir dərviş kimi sənə
bələdçilik edir, yol göstərir,
çaşmış əhvalını sahmana salır,
qaranlıqdan işığa çıxarır, sənə
fikir aydınlığı, düşüncə
saflığı bəxş edir. Kamal Abdullanın
yaratdığı bu aləm öz sir
dağarcığı, gözəgörünməz və dərkolunmaz
mistikası ilə sənə çox doğma gəlir, sən
özünü bu sirli aləmdə azad və asudə hiss
edirsən. Durulursan, təmizlənirsən, özünə
qayıdırsan, özünü və ətrafını daha
yaxşı dərk edirsən, daha doğrusu, daha dərindən
hiss edir, duyursan. Çünki Kamal Abdulla hamının taleyindən
yazır: sənin, mənim, onun, bir sözlə, bütün
insanlığın. Odur ki, bu insancıllıq, bu bəşəri
duyğusallıq onu hamının doğma
yazıçısına çevirir.
"Sehrbazlar dərəsi" hisslər və
duyğular, insan və insanlıq, inanc və etiqad haqqında
poetik bir bəyənnamədir. Oxuduqca, yaşadığın
həyatı unudursan, başqa dünyalara lağım
atırsan, özü görünməyən, sirri bilinməyənə
aləmlər içində sayrışırsan. Bu hissləri,
duyğuları Kamal Abdulla bir dərviş təlqinilə
poetik avazla sənin vücuduna yerləşdirir, sənin qəlbini,
şüurunu mistik duyğularla kökləyib şəxsiyyətini
zənginləşdirir, səni zərrələrə
bölüb kainatın sirli guşələrinə səpələyir.
Bir idin, min olursan, hər zərrən bir möcüzəli aləmin
vətəndaşına çevrilir. Sən, beləcə,
yaşayırsan - dərvişlər aləmində, ruhlar səltənətində,
sirlər içində... Bu roman sırf təsəvvüf
yaddaşıdır, sufi təcallasıdır, könül
dünyasından soraq verən qəlbnamədir.
Roman dilinin başqa bir keyfiyyəti onun ritmik
olmasıdır. Bulud qatından sıyrılan Günəş
işığı kimi bu dil səni ahəngrüba kimi
bürüyür, özünə bələyib ruhlar
dünyasının ilğım dolu aləminə
qovuşdurur. Məhz, bu dil, bu leksik ahəng, bu dərviş
virdini xatırladan yumşaq, çeşidli və lirik ləfz
ruhlar aləminin mistikasını, örtüyünü
bir-bir açıb bu dünyanın möcüzələrini
xırıd eləyir. Bu dilsiz, bu ifadə qaynağı olan
nağılvari təhkiyəsiz ruhlar dünyasına gedən
yolda bələdçi tapa bilməzsən. Məhz, bu dil, bu
intonasiya, bu duanı xatırladan təhkiyə
yazıçının qarşıya qoyduğu məqsədə
doğru aparan yeganə vasitədir. Bu türlü təhkiyə
olmasa, K.Abdullanın oxucuya təlqin elədiyi ruhlar aləmi və
mistik düşüncə tərzi şifrəsiz qalar,
qıfıl sındırıla bilməz. Bəzi misallara nəzər
salaq:
"...Karvan ləhləyə-ləhləyə gecənin
səssizliyinə batırdı... uzaqdan ya köpək, ya qurd
səsi idi - qərib-qərib gəlib dürtürdü
özünü adamın qulaqlarına. Dəvələr yerə
çöküb, bir-birinə qısılıb
üstünü mamır basmış daş kimi hərəkətsiz
qalmışdı..." "...Məmləkət
torpağına ki, yetişəckdilər, inşallah, daha
qaçaq-quldur qorxusu da qalmayacaqdı. İndi az da olsa
çöldə tənha cəsəd kimi çürüyən
bu qorxu hələ var idi…" "...Bu vaxtın adına təkcənəlik
vaxtı deyilərdi... Hər bir sehrbaz öz sehrini
soyunurmuş bu vaxtın içində. Sonra da uşaq kimi
gücsüz, heysiz qalırmış..." "...Xacə
İbrahim ağanın ürəyinə sərinlik suyu bir
dağ şəlaləsindən süzülən kimi
süzülüb töküldü..." "...Bu
otağın hər bir küncündən ilıq və
tanış bir yuxunun məstedici qoxusu gəlirdi..."
İlahi, bu nə obrazlı mükalimələrdir, bu nə bədii
bənzətmələrdir, bu nə söz butasıdır?..
Əsər başdan-başa belə obrazlı deyimlər, bədii-poetik
ibarələr üzərində qurulub. Mükəmməldir,
şedevrdir.
Bir yazıçı kimi Kamal Abdulla adi həyat hadisələrindən
yazmır: o dünyadan, bu dünyadan xəbər verir,
başqa, bizim bilmədiyimiz, agah olmadığımız aləmlərin
sirlərindən danışır, yerlə-göy arasında
əndişələrlə yaşayır, oxucunu
seyri-sülükə aparır. "Sehrbazlar dərəsi"
bu mistik hadisələr və ovqat üzərində qurulub.
Roman görünməzlər, bilinməzlər, sirr içində
sirlər haqda bilgi verən hekayətdir. Bilinməyən,
duyulan, görünməyən, hiss edilən nəsnələr
dastanıdır. Dünyanın sirli, sirr dolu olayları
insanın bütün hüceyrələrinə hopur və
son anda insanın özünü də sirr dolu aləmə
çevirir. Oxuduğun əhvalatlar, şahidi olduğun hadisələr
sənə sonadək sirr içində qalır,
açılıb-görünmür, dərk olunmur. Sirlər
aləmində xəyala gedirsən. Bu xəyallar səni
haralara aparmır, özünü-özündən alıb
görünməz aləmlərə səyahətə
çıxarır. Həyatın qaranlıq, görükməyən,
bilinməyən tərəflərinin gizli, naməlum istəklərinin
simvolu olan sirr dağarcığı "Görünməz təpə"yə
seyrə çıxırsan, Ağ dərvişin macəra
dolu həyatına enirsən, Sehrbazlar dərəsinə varid
olub bu cənnət guşənin özvayı ilə
tanış olursan, cəllad Məmmədqulunun həyat yoluna
nəzər salırsan. Amma çifayda, xəbərsiz, məlumatsız,
sirr içində sirlərə vaqif ola bilmirsən. Sirr dolu
aləm sonadək sənə qaranlıq qalır. Bütün
deyilənləri, yazılanları, təsvir edilənləri
sonadək dərk etmək üçün Kamal Abdulla
dünyasına girməlisən, onun intellektinə bələd
olmalısan, onun ruh aləminə qovuşmalısan. Hadisələrin
içinə hopub təsvir edilənlərə yol
yoldaşı olmaq üçün Kamal Abdulla
duyğularına köklənməlisən, bir sözlə,
onun mərtəbəsinə qalxmalısan. Bu da çətin
məsələdir. Kamal Abdulla görünməzliklərini
görmək, hiss olunmazlıqlarını hiss etmək,
duyulmazlıqlarını duymaq, ürəyindən
keçirdiklərinə köklənmək, şüurunda
yaşatdıqlarını dərk etmək üçün
onun aləminə, sirr dolu, təkçənəlik
yaşadan ürəyinə girməlisən. Bu da zor işdir,
hər oxucunun bacarmadığı bir olaydır.
Əsərin obrazları, qəhrəmanları da sirr
dolu bir həyat yaşayırlar. Əslində, əsərin
baş qəhrəmanı ruhdur, virtual aləmdə "təkçənəlik
vaxtında" yaşayan, əbədilik simvoluna
çevrilmiş, ilğımlaşmış xəyalı
varlıqdır. Bu varlıq nə o dünyadadır, nə bu
dünyada, yerlə göy arasında özünün
olar-olmazlığı, varlığı-yoxluğu ilə
mücadilədə olan, insanın gerçək
inamını yaşadan xəyali
anlaşılmazlıqdır. Dünya bu xəyalı
vücudda təcəlla edir, dalğa-dalğa, aram-aram gah
görünür gah da qeyb olur, bir avaz, bir ah, bir nəfəs
kimi gah gəlir, gah çəkilir. Romanın bədii ritmi də
bu ahəng üstdə qurulur. Və əsər insan qəlbinin,
ruhunun mənəviyyatının daxili enerjisinin heroqlifləri,
mozaikası təsiri bağışlayır.
Əsər ilahi ədalətə inam təlqin edən
qəlbnamədir desək, səhv etmərik. Müəllif
hadisələri bir irfan aşiqi kimi təsvir edir, qəzavü-qədərin,
axirət sevdasının dərin həyati, vacib
çalarlarını gerçək insan taleyinin qaranlıq və
mistik hekayəti qovuşuğunda yaradır. Bu irfanı
duyğuların mayasında eşq dayanır, bəşəri,
ilahi eşq! Şərqdə mistik hisslər poeziya vasitəsilə,
şeirlə bəyan edilmişdir. Sevgi və sevmək hissi
Allaha məxsusdur. Hər bir əşyaya məhəbbətdə
Allaha sevgi yaşayır. Kamal Abdulla da bu romanında eşqi
qabardır, hər sözü, hər cümləsi, hər ləfzi
ilə insanların qəlbində Allah sevgisi oyadır. İbn
əl-Ərəbi deyirdi: "Allahın gözəlliyi ilə
(zinət əl-lah) bu dünyanın gözəlliyi (zinət əl-həyat
əd-dünya) arasında bir fərq var: məqsəd (qəsd)
və niyyət (niyyə) fərqi. Gözəlliyin özü
isə həmindir (əyn əz-zina), ayrı birisi deyil".
Bu, həyatda hər bir gözəlliyin Allaha məxsus
olması deməkdir. Allaha sevgi də burdan qaynaqlanır.
İbn əl-Ərəbi "Tərcüman" divanında
"mənim dinim sevgidir" ləfzini qabardır və bu
ideyanın "Quran" əsasında şərhini verir.
İbn əl-Ərəbiyə görə, həqiqi hər
şeyi əhatə edən sevgi, insanın özünü rədd
edir və onu Allahın varlığında əridir. İbn
Teymiyyəyə görə: "Xəlq edilmiş şeylərin
varlığı xaliqin varlığından başqa bir
şey deyildir, hər şey ilahi vücuddan xəlq olur ki, ən
nəhayət, bu vücuda qayıtsın". Bizim ədəbiyyatın
bel sütunları sayılan Nizami, Füzuli
yaradıcılığında da belədir. Nəimi, Nəsimi
şeirlərində bu meyl daha qabarıqdır. Kamal
Abdullanın "Sehrbazlar dərəsi" əsərinin
ideyası da bu klassik ideologiyadan nəşət tapır,
başdan-başa Allaha sevgi və ona qovuşub ərimək,
onda itmək arzusuna söykənir.
Kamal müəllimə görə eşq insanın mənəviyyatının,
daxili aləminin, duyğu və hisslərinin tərbiyəçisidir.
Bu eşq sentimental deyil, ruhanidir, irfani və sakraldır.
İnsani dəyişə bilən, onu ruhi-irfanı mükəmməlliyə
gətirib çıxaran, eşqdir. Bu eşqdə
insanların bir-birinə tuşlanmış saf
duyğuları son anda Allaha yönəlir və bu qovuşuqda
aram tapır. Qan iyindən bihuş olan cəllad Məmmədqulu
eşq uğrunda yolunu dəyişib fəda olmadımı?
Oldu! Bu yol onu gözəl Pərnisə ilə Şahverən
məhəbbətində birləşdirmədimi? Birləşdirdi!
Şaha üsyana qaldırmadımı? Qaldırdı!
Bütün bunlar Allaha yönəlik hisslər deyilmi? Elədir!
Bundan başqa, Ağ dərvişin yolunda canını fəda
edən müridlərin məhəbbəti Allaha yönəlməyibmi?
Yönəlib! Zahirən Səyyah sehrbazı qınayan, daxildə
ona məhəbbət bəsləyən Seyid Sarınin bu
sevgisi aşikar deyildimi? Aşikar idi! Xacə İbrahim
ağanın Karvanbaşıya olan sevgisi həqiqi deyildimi? Həqiqi
idi! Bütün bunlar gizli, sirli bir şəkildəydi, hicab
altında gizlənmiş sifət kimi idi. Bunu yalnız həssaslıqla
duymaq, daxili baxışlarla görmək olardı. Necə ki,
Səyyah sehrbaz Xacə İbrahim ağanın sirrini beləcə
açmışdı:
"- Bu yorğunluq bir başqa şeydir. Sən gecə
yatıb dincələndən sonra da sabah-sabah yuxudan
yorğunluq içində durursan. Elə bil döyüblər
səni yuxunda. Bu, bir başqa yorğunluqdu. Eşq, məhəbbət
yorğunluğudu bu.
- Səyyah, mən bir Xacəyəm. Sən hansı
eşqdən danışırsan?!"
Səyyah, Xacə İbrahim ağanın öz
başının böyüyü Karvanbaşına olan irfani
məhəbbətindən danışırdı. Necə ki, əvvəlki
təəccübünə rəğmən, əsərin
sonunda Xacə özü də bunu etiraf edir: "Necə
doğru söylədi Səyyah sehrbaz Düzəngah yolunda ki,
səninki bir başqa eşqdir. Mən indi buna bir şey olsa,
nə cürə yaşayacam?"
Əsərin başlıca məramı cəllad Məmmədqulunun
ruhuyla söhbətdə çözələnir.
Ruhçağırma səhnəsi mistik pafosuyla misilsizdir,
şedevrdir. Əvvəla, ruhu çağırmaq
üçün göyün rənginin münasib olması,
ideyası... Nədir bu münasiblik? Mavidirmi, qaradırmı,
boz-bulanıqdımı, yaxud
qırmızı-narıncımıdı? Nə o, nə də
bu. Heç biri. Əsərdə bu rəngdən soraq verilmir.
Əslində, bu rəng, ruh rəngidir. Burada da mistika
yaşayır, həqiqət sirli, söz oyunu, fikir pərdəsi
altında gizlənir. Bu da yazıçının yeni
mistisizmi, gizli hissi-emosional oyunu, virtual versiyasıdır.
Romanda hər şey sirr içində olduğu kimi, bu məqam
da gizli və örtülü qalır, ruhun özü qədər
anlaşılmaz bir dona bürünür.
Ruhçağırma prosesində sözlər, ifadələr,
onların büründüyü ahəng bir ah müstəvisində,
yanıqlı nida şəklində, pıçıltı
avazında göyərir. Çağırış poetik dillə
səslənir, son dərəcə zərif və nəvaziş
dolu ifadələrdən qurulur, vahiməli
pıçıltını xatırladır: "- Gözlərimə
görünmə, gəl. Ağlamışam, dirənmə gəl.
Sən ölmüsən, ərinmə, gəl. Gəl... gəl...
gəl... gəl..." Pıçıltını
xatırladan nəzakətli avazı hiss eləyirsinizmi? Son
anda: "Birdən Səyyah sehrbaz tərəfdən
otağın ortası ilə ikicə kəlmə söz
fırlana-fırlana gəlib özünü saldı
Karvanbaşının heyrətdən şəklənmiş
qulaqlarına".
Yeri gəlmişkən, fırlana-fırlana məntiqinə
münasibət bildirək. Kamal müəllimin bütün əsərlərində
bu dairəvi hərəkət, bu fırlanma mexaniki bir
anlayış kimi qəbul edilmir. Bu çərxi-fələyə
tuşlanır, insanların fırlana-fırlana yeriməsi,
dairəvi hərəkət, dünyanın gərdişinə
işarədir. Yerin, Günəşin, ulduzların dövrləmə
hərəkəti - həm fiziki, həm də metafiziki
qanunlarla təsbit edilir. Biz irəli doğru hərəkət
edirik. Əslində bu, zahiri təəssüratdır. Fiziki mənada
irəli hərəkət dairəvi xarakterdədir (Avtomobilin,
arabanın təkətlərinin fırlanaraq irəli hərəkətini
xatırlayaq). Yer kürəsi fırlanır, biz də bu
fırfıranın iradəsinə tabe oluruq. Kamal müəllim
buna, həm də çərxi-fələk, tale, qəzavü-qədər
xarakteri verir. Yazıçıya görə dünya
çevrə şəklindədir. Hər şey də bu
çevrə müstəvisində baş verir, hərəkət,
yaşayış, ömür yolu, hamısı dairəvidir.
Tale də, qəzavü-qədər də, ömür
yazısı da kürəvidir. Nə əməl sahibisənsə,
yaşam boyunca dünya hərlənib-fırlanıb səni
ona tuş gətirəcək. Yaxud onu sənə yenidən
calayacaq. Bundan qaçmaq olmaz. Qəzavü-qədərə
tabe olmalısan. Hər şey bumeranqdır. Həyatda nə
etdiyin, nə fikirləşdiyin, hətta düşüncələrin,
ürəyindən keçənlər bumeranq olub özünə
qayıdır (Karma qanunu). İntiqam hissi də.
Qayıdır, özü də cəza kimi. Bunu Məmmədqulunun
ruhu söyləyir, tövsiyə, nəsihət kimi:
"Karvanbaşı bu sözləri qulaqardına
vurdu:
- Sən bəs öz ağanın intiqamını
almadın? Aldın axı...
- Elə ona görə də bütün ömrüm
boşuna getdi: - Ruh asta-asta cavab verdi. - İntiqam deyib
yaşamaq olmaz. Gücün yetməz yaşamağa".
Yazıçı bu virdlə də mifik yaşam tərzinə
işarə vurur. Bu humanist düşüncələrlə
bildirir ki, insan ömrü boyu öz həyatını
yaşamalıdır. İntiqam hissi özgə həyatı
yaşamaq, özgə duyğuları cücərtmək,
olar-olmaz arasında bir ömrü payimal etməkdir. İntiqam
hissi səni özündən alıb aparır, görünməz,
bilinməz duyğular qoynunda tapıb tapmadığın nəsnələrə
qovuşdurur. Sən öz ömrünü yaşamırsan, sən
öz duyğularına, hisslərinə, ruhi aləminə
köklənmirsən: özgə həyatı yaşayır,
özgə nəfəsilə nəfəs alır, özgə
baxışları ilə görür, özgə
şüuru ilə düşünür, özgə qəlbi
ilə hiss edirsən. Olmaz! Nəticə nədir? Nəticə
Allahın işinə əl aparmaq, Tanrı əməlinə
qarışmaqdır. İntiqam Allaha məxsusdur. İş,
onun işidir! Özü bilər. Haqqı bilən yalnız,
odur! Hökm onundur! Adil və Qadir odur! Nəyi necə etmək,
nəyi nə vaxt yerinə yetirmək yalnız ona məxsusdur.
Bəndənin işi yalnız başını
aşağı salıb yaşamaq, öz ömür
payını Allah kölgəsində başa vurmaqdır. Təşəbbüs
göstərmək, Allaha aid işləri öz üzərinə
götürmək, yasaqdır. Belə olanda ömür məşəqqətə
çevrilir, yaşamaq əzab-əziyyətdən başqa
bir şey olmur. Bu, haradasa, mistika deyil, fanatik ruhi əndişələrə
də işarə deyil. Bu, real həyatdır. Hər an, hər
gün yaşadığımız, başımıza gələn
və gələcək gerçəkliklərdir. Cəlladın
ruhu demişkən, belədə bütün ömür
boşuna gedir. Karvanbaşını şaha qəsddən
çəkindirəcəyinin zor olduğunu düşünən
Məmmədqulunun ruhu bir az da qəzəblənir: "Sən
özgəsinə cəza verə bilməzsən, gədə,
cəzanı Allah verir. Qoy kimə nə verir, qurban olduğum
özü versin. Sən qarışma Allahın işinə,
bala..."
Nəhayət, cəllad Məmmədqulunun təhrikilə
Karvanbaşı Allahverən özünü xəncərləyib
həyatını bitirir. Hadisələr sonuçlanır.
Burda ruhçağırma, ruhla təmas qəzavü-qədər,
həyatın bədəli kimi simvolizə edilir. Beləliklə,
çevrə qapanır. Qapanırmı? Xeyr! Çərxi-fələk
işindədir, dövrə vurur, fırfıra
fırlanır. Karvanbaşının ölüm səhnəsi
romanın sonu da ola bilərdi. Lakin bu, yanlış və
natamam görünərdi. Həyat təsbeh dənələri
kimi bir-birinə düzülüb davam eləməliydi. Odur
ki, Səyyah sehrbaz Karvanbaşının nəslinin yeganə
varisi olan uşağı əbası altında köksünə
sıxaraq xilas etməli, onu sehrbazlar dərəsinə gətirməliydi.
Dünyanın ən təmiz, müqəddəs, qutsal bir məkanına.
Belə olmasaydı, həyat dayanar, yarımçıq kəsilər,
hər şey donardı. Karvanbaşının sağ qalmış
balaca oğlu böyüməli, yeni intiqam həvəsilə
yaşamalı və ölməliydi. Ondan yadigar qalacaq
başqa bir oğlan uşağı da bu həvəslə -
intiqam şövqü ilə yaşamalı və
dünyasını dəyişməliydi. Yenə ondan qalan
uşaq böyüməli... və nəhayət çevrə
dayanmadan fırlanmalıydı. Həyat öz yeni donunu
biçməli, yeni görüntüdə davam etməliydi. Təsadüfi
deyil ki, Səyyah sehrbaz da uşaq çuxasının
altında yolu çərxi-fələk təriqilə,
fırlan-fırlana gedirdi.
"Sehrbazlar dərəsi" romanını
bütövlükdə, Azərbaycan ədəbiyyatının
uğuru adlandırmaq olar. Romanın hər sətrində
ilğım dolu söz havası adamı məst edir. Hər
sözün arxasında məhzun bir ruhani halət, hər ifadənin
içində buxovsuz humanizm, insana məhəbbət, ah kimi,
fəryad kimi iztirab dolu simvollar, hisslər dünyasına bələdçilik
edən ovqat... Bu təhkiyə yazıçının
özü-özüylə həsb-halına bənzəyir,
düşündüklərini özü-özünə
danışan həmsöhbəti andırır. Bu dildə
heç bir pedantlıq, şitlik, quramalıq yoxdur. Əksinə,
insanın daxili aləmini ələk-fələk edən
ruhani bir coşğunluq vardır.
P.S. Kamal Abdullanın "Sehrbazlar dərəsi" əsəri
Azərbaycan Dövlət Dram Teatrında səhnələşdirilib.
Əlbəttə, səhnə və ekran təcəssümündə
bədii mətn tamlıqla alınmır. Təsadüfi deyil
ki, Q.Markes "Yüz il tənhalıqda" əsərinin
ekranlaşdırılmasına icazə verməyib, uzun
müddət tərəddüd edib. Mən tamaşaya
baxmamışam. Təbii ki, baxacam. Amma bəri başdan deyim
ki, əsərin möhtəşəm və mürəkkəb
fəlsəfəsinin səhnədə tam
canlandırılmasına da şübhəm var...
Loğman RƏŞİDZADƏ
yazıçı-publisist
525-ci qəzet .- 2025.- 15 aprel(№62).- S.10-11.