Əhməd Cavadı Şükriyyə
xanımla xatırlamaq...
UNUDULMAZ ŞAİRİN FƏDAKAR ÖMÜR
YOLDAŞI İLƏ 40 İL ƏVVƏLİN
SÖHBƏTİ
1985-ci il, iyunun 17-si idi, Bakıdaydım. Unudulmaz
şair Əhməd Cavadın
yaradıcılığını çox sevdiyimdən onun həyatı
ilə bağlı məsələləri ətraflı
öyrənmək istəyirdim. Ancaq elə dövr idi ki, oxucu
suallarına cavab verə biləcək yazılar yox dərəcəsində
idi. Çünki Əhməd Cavad 1937-ci ildə Stalin
repressiyasının qurbanı olmuşdu. Unudulmaz maarifçi
və yazıçı Əli Səbri Qasımovun məlumatlarından
bilirdim ki, Şükriyyə
xanım sağdır və Şamxor (indiki Şəmkir)
rayonunun Leninkənd (indiki Çinarlı) kəndində
oğlu Aydının yanında yaşayır. Arada bir
Bakıya gəlib nəvəsi Qabilgildə qalır. Sonradan
bildim ki, keçmiş H.Hacıyev küçəsində
yazıçıların və şairlərin
yaşadığı bu binada şair Əhməd Cavadın həyat
yoldaşı Şükriyyə xanıma da mənzil
verilibmiş.
Bakıda olduğum günlərdə Şükriyyə
xanımla (əgər Bakıda olardısa) görüşməyi
qərara aldım. O vaxtlar Azərbaycan Daxili İşlər
Nazirliyində "Ünvanlar bürosu" xidmət göstərirdi.
Səhv etmirəmsə, o vaxtkı Leytenant Şmidt
küçəsində də "Ünvanlar bürosu"
var idi. Hər ikisində olsam da, Şükriyyə Axundzadənin
Bakı qeydiyyatında olmadığını bildirmişdilər.
Şükriyyə Bejanoğlu, Bejanidze familiyaları ilə
sorğulamışdım. Yenə də eyni cavablı
qeydiyyat vərəqini mənə vermişdilər. Paşa Əlioğluya bu haqda
dedim. Məsləhət gördü ki, Turan Caviddən
soruşum. O vaxtlar Turan xanım Nizami Muzeyində olan arxivdə
işləyirdi. İş yerinə getdim. Naxçıvanda
onunla tanış olmuşduq. Görəndə sevindi. Fikrimi
biləndə, onların ünvanını bilmədiyini dedi.
Baxmayaraq ki, aşkarlıq deyilən illər idi. Amma 1937-ci
ilin kabusu qalmaqdaydı. Dedi ki, saat 5 tamamda gələrsən,
öyrənə bilsəm, deyərəm. Və nəhayət,
təkrarən onun iş yerinə gələndə
Şükriyyə xanımın nəvəsi Qabilin
yaşadığı ünvanı dedi: H.Hacıyev
küçəsində "Yazıçılar
binası"na gedərsən, orada axırıncı
giriş qapısından lap axırıncı mərtəbəyə
çıxarsan. Orada soruşarsan, mənzili sənə
göstərərlər. Şükriyyə xanımınsa
Bakıda olub-olmamasından xəbərim yoxdur.
İyunun 18-i olsa da, Bakıda havalar hələ
çox istiləşməmişdi. Şair Rəsul Rza ilə
Nigar xanım Rəfibəylinin yaşadıqları binanın
Fəvvarələr meydanına baxan tərəfində
xoşuma gələn bir gül-çiçək
mağazası vardı. Orada yaxşıca bir gül dəstəsi
bağlatdırdım. Həmin binanı tapıb pillələri
sürətlə qalxdım. Axırıncı mərtəbənin
foyesində bir qadın stulda əyləşmişdi.
Naşı adam olduğumu görüb soruşdu ki, kimi
axtarırsan? Dedim ki, Şükriyyə xanımgilin mənzilini.
Cavab verdi ki, Şükriyyə xanım mənəm. Bir
anlığa donub qaldım. Bunu görən Şükriyyə
xanım əlüstü soruşdu: - Bəs o gözəl, ətirli
buket kimin üçündür?
Cavabım yubanmadı:
- Yaradıcılığım çox sevdiyim şair
Əhməd Cavadın sədaqətli ömür-gün
yoldaşı Şükriyyə xanım
üçündür.
Və bir qucaq gül buketini Şükriyyə
xanıma təqdim etdim. Bu günə qədər onun
cavabını olduğu kimi, kədərlə
xatırlayıram:
- Ay oğul, nə danışırsan? Mənə,
Şükriyyə xanıma - Əhməd Cavadın həyat
yoldaşına onun oxucularından gül buketi?! İnana bilmirəm.
Ömrümdə ilk dəfə Əhməd Cavadın
oxucularından mənə gül buketi təqdim olunur.
Şükriyyə xanımın dəvətilə
onun qaldığı mənzilə daxil olduq. Qabilin həyat
yoldaşı çox səmimi qarşıladı.
Şükriyyə xanımın kiçik oğlan nəticələrinin
səsləri mənzili daha da şənləndirirdi.
Şükriyyə xanımın dediklərindən:
- 1902-ci ildə Rusiya imperiyasının tərkibində
olan Acarıstanda, Batumidə anadan olmuşam. Atam Süleyman bəy
Bejanoğlu acar türkü və nəinki Batumi şəhərinin,
bütün Acarıstanın varlı zadəganlarından biri
idi. Sonralar familiyamızı Bejanidze eləmişdilər.
Atamın Çakvada və Kobuletidə malikanələri və
çay fabrikləri vardı. İndi sovet hökumətinin
çay istehsal etdiyi fabrik mənim atamın idi. Orta məktəbi
Batumidə bitirmişəm. Əhməd Cavadla 1914-cü ildə
tanış olmuşam. Onda 12 yaşım vardı. Əhməd
Cavadsa 22 yaşında yaraşıqlı cavan şair idi.
İlk tanışlıqdan bir-birimizə bağlandıq.
Kitabların dili ilə desək, bir-birimizi ürəkdən
sevməyə başladıq.
Əhməd Cavad o vaxt Batumidə yaşayırdı.
Türkiyə ordusuna yardım edən bir fondun katibi idi. Bir
dostu da vardı: Əli Səbri Qasımov. Birlikdə gəzirdilər,
həm də eyni yerdə işləyirdilər. Atam
Süleyman bəy artıq "Knyaz" titulunu almış
şəxs olsa da, bizə gələn Əhməd Cavada və
onun dostu Əli Səbriyə dərin hörmət bəsləyirdi.
Əhməd Cavadın şeirlərini çox
xoşlayırdı. Deyirdi ki, cavan olasan, amma belə incə
ruhlu şeirlərin ola. Amma atam bilmirdi ki, gənc şair
vurğunluqla onun qızını sevir. Şükriyyə
xanım gülümsəyərək əlavə edir ki, mənlə
Cavadın evlənməsini Əli Səbri çox
yaxşı bilirdi və qələmə də alıb. Xatirələrində
yazıb bizim haqqımızda. Tapıb oxuyarsan.
Haşiyə: Unudulmaz maarifçi və
yazıçı Əli Səbri Qasımov vəfatından
iki il əvvəl, yəni 90 yaşında xatirələrini qələmə
alıb və 1983-cü ildə çap etdirib
("Ömürdən yarpaq düşür, Bakı,
1983"). Müəllif yazır: "Mən bu xatirələri
10 il, 15 il, 20 il əvvəl də qələmə ala bilərdim.
Amma nə fərqi! Xatirimdən ki, heç nə
çıxmayıb".
Əli Səbri Batumidə tanış olub
dostlaşdığı şair Əhməd Cavad haqqında
yazır: "Batumidəki dəstəmizdə şair Əhməd
Cavad da var idi. Bizim dostlaşmağımız çox tez
başa gəldi. Bir gün Trabzondan Batumiyə gələndə
Əhməd Cavadı çox dilxor və pərişan
gördüm. Səbəbini soruşdum, amma sirrini o dəmdə
mənə açmadı. Müəyyən münasibətlə
Bakıya gəldim, işimi görüb yenidən Batumiyə
qayıtdım. Nəhayət, məlum oldu ki, Əhməd
Cavad Süleyman bəy Bejanoğlunun (o, varlı türk idi)
qızını sevir, özü də bu münasibət
qarşılıqlıdır. Lakin kimi elçi göndərək?
Mahmud bəy Əfəndiyev qəti imtina etdi.
Əlacsızlıqdan elçiliyə getməyə
razılıq verdim. O zaman 22-23 yaşım var idi.
Süleyman bəy boylu-buxunlu kök adam idi.
- Süleyman bəyə salam!
- Salam, oğlum, xoş gəlmisən. Mənə dair
qulluğun?
- "Yük əyməsə, daş qəribliyə
düşməz" - dedim.
- O nə yükdür?
- Siz mənim dostum Cavadı
tanıyırsınızmı?
- Bizə bir-iki dəfə gəlib. Pis oğlan deyil,
Şeirlərini mənə oxuyub.
"Sağ ol, Cavad!" - ürəyimdə ona əhsən
dedim.
- Sizin qızınız Şükriyyə xanımla
bizim Cavad bir-birini sevirlər. Gəlin, onlara xeyir-dua verək.
- Nasıl? Nasıl? - o, yerindən qalxdı.
Qorxumdan mən də qalxdım. Mənə tərəf
gələndə bayıra qaçdım.
- Mən şiəyə, qızılbaşa qız
vermərəm.
Mən də pilləkanlardan qaça-qaça
qışqırırdım.
- Verməzsən, biz də götürüb
qaçarıq!
- Baxalım! - deyə o bağırdı.
Dediyimizi etdik. Əhməd Cavad Şükriyyəni
götürüb qaçdı. Düz 20 ildən sonra
(1935-36-cı illər idi) Süleyman bəy Şamxora gəldi.
Nəvələrini, qızını, kürəkəni
Əhməd Cavadı gördü. Bir müddət qonaq da
qaldı".
Şükriyyə xanımla söhbətimizə
qayıdaq.
- Əhməd Cavadla mən 1915-ci ildə ailə
qurduq. Gəncədə yaşayırdıq. Bizim 5
uşağımız oldu. Niyazi, Aydın, Tukay, Yılmaz
adlı oğlanlarımız və Almaz adlı
qızımız. Almazı 1936-cı ildə itirdik.16
yaşında, xəstəlikdən dünyasını dəyişdi.
Atasının ona ithaf etdiyi şeirləri də var.
Sən Batumiyə gedərsən. Sovetski prospektini
taparsan. Orada mənim doğmalarım yaşayırlar. Onlar sənə
çoxlu məlumatlar verəcəklər. Mənim
babalarım Zendidi kəndindəndir. Bir hissəsi Türkiyə
ərazisində qalıb. Orada mənim babalarımın
nekropolu var. Mülkləri, limanları var Qara dəniz sahilində
1920-ci ildə Azərbaycanda Sovet hökuməti quruldu.
Əhməd Cavadı Qusara, Xuluq kəndinə müəllim təyin
etdilər. Şükriyyə xanım Əhməd Cavadın
"Xuluq" şeirini əzbərdən söyləyir. Onu
sonralar bu şeirə görə də çox incitdilər.
Onu da deyim ki, Mir Cəfər Bağırov da Qusarda müəllimlik
edirdi. Əhməd Cavadı o illərdən
tanıyırdı və paxıllığını çəkirdi.
Bu paxıllıq o qədər güclü idi ki, axırda
qisasa çevirdi Mir Cəfər Bağırov. 1922-ci ilədək
Xuluqda yaşadıq və həmin ildə Bakıya
köçdük.
1937-ci ilin 3 iyununda Əhməd Cavadı və məni
həbs elədilər. Hər ikimizi millətçilikdə və
müsavatçılıqda günahlandırırdılar.
Bizim ocağımız söndü. Balalarım pərən-pərən
düşdü. Nə yaxşı ki, Əhməd Cavadın
anası vardı. Qoca olsa da, onlara həyan olacaqdı. 2
yaşlı Yılmazımı heç unuda bilmirdim.
Bütün günü ağlayırdım. Mənə təklif
edirdilər ki, Əhməd Cavaddan boşanım. Onda məni
buraxacaqlar. Mən onların təklifini qətiyyətlə rədd
edirdim. Əhməd Cavad kimi mərd bir həyat
yoldaşıma xəyanət edə bilməzdim. Var gücümlə
çalışırdım ki, onun namusunu qoruyum. Mənə
8 il sürgün həyatı yaşatdılar. Sürgün
elan ediləndə dekabrın 9-u idi. Məni 1938-ci il
fevralın 2-də Qazaxıstana Akmolaya sürgünə
göndərdilər.
14 oktyabr 1945-ci ildə həbsdən
çıxdım. Azərbaycana döndüm. Amma mənə
Bakıda yaşamağa icazə vermədilər. Ona görə
də Əhməd Cavadın ata vətəni Şəmkirə
getdim. Öyrəndim ki, bizim həbsimizdən sonra 16
yaşlı Aydını Keşlədə həbsxanaya
salıblar, 14 yaşlı Tukayı çətin tərbiyə
olunan uşaqlar üçün uşaq evinə veriblər. 2
yaşlı Yılmazı bir ailəyə oğulluğa
veriblər. Balalarımı bir yerə
yığmalıydım...
Həm də Əhməd Cavadın ölümünə
inanmırdım. Onu hər yerdə axtarırdım. Müxtəlif
dövlət idarələrinə məktublar göndərirdim.
Onun ölümünə heç indi də inanmıram. Yolunu
gözləyirəm. Akmolada bir dustaq qadın mənə
demişdi ki, onu dustaqxanada görüb. Başı
sırıqlı idi, üzü qançır imiş.Bildim
ki, onu lənətə gəlmiş Mir Cəfər
Bağırov döyürmüş. Tanıdığı məşhurları
döyməkdən ləzzət alırdı. 1955-ci ildə mənə
yazılı məlumat verdilər ki, Əhməd Cavadı
1937-ci ildə dənizkənarı məşhur binanın zirzəmisində
güllələyiblər. 1955-ci ldə ona bəraət versələr
də, haqqında çox az yazırdılar, ya heç
yazmırdılar. Mir Cəfər Bağırovun məhkəməsinə
məni də çağırmışdılar şahid
kimi. Rusca danışdım. Elə sözlər dedim ki,
Bağırov müttəhimlər kürsüsündə
daşa dönmüşdü. Əhməd Cavadı
Yazıçılar İttifaqından çıxaran yaramaz
da orada idi. Eninə-uzununa döşədim. Nə qədər
utanmazdılar ki, 1958-ci ildə Əhməd Cavadın çap
edilən kitabına rəy yazırdılar, ön söz
yazırdılar. Yəqin ki, mən olmayanda xatirə də
yazacaqlar. Orada onun şeirlərini oğurlayıb öz
adlarına çıxanları bir-bir sadaladım. Mən
Əhməd Cavadın yaradıcılığını əzbər
bilirəm, oğul. Bax, mənim üzümə vurulan
qamçıların yerinə bax, oğul. Mən həmişə
Əhməd Cavada sədaqətli qaldım...
2 saata yaxın söhbət elədik deməzdim
Şükriyyə xanımla. Əməllicə dərdləşdik.
Sağollaşanda dedi:
- Oğul, Şəmkirə, Çinarlıya da gəl,
Batuma da get. Ünvanlari sənə vermişəm. Orada Fuadla,
Ziya ilə görüş. Onlar sənə ətraflı məlumat
verəcəklər. Yazarsan hamısını. İndi imkan
verməzlər çap edəsən. Yazarsan, nə vaxt istəsən,
çap etdirərsən...
Şükriyyə xanım 1993-cü ilin oktyabrında
Şəmkirin Çinarlı kəndində
dünyasını dəyişdi. Dünyalarca sevdiyi,
ömrü uzunu yolunu gözlədiyi istiqlal şairi, incə,
lirik şeirlər müəllifi olan ömür-gün
yoldaşı Əhməd Cavada o dünyada qovuşmaq
üçün!
Musa RƏHİMOĞLU-QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı
elmi işçisi,
tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet .- 2025.- 16 aprel(№63).-S.15.