İki şair, bir ruh: Bəxtiyar
Vahabzadə və Hüseyn Razi
Totalitar sovet rejiminin amansız məngənəsində
sıxılaraq mərkəzdə - Bakıda yaşayan Xalq
şairi Bəxtiyar Vahabzadə də, qədim elm və mədəniyyət
mərkəzi olan Naxçıvanı yaşayış məskəni
seçən Hüseyn Razi də rus imperiya siyasəti və
kommunist ideologiyasının məkrli niyyətlərinə
yaxşı bələd idi. Onlar fürsət tapdıqca bu mənfur
siyasətə və ideologiyaya etiraz, nifrət və lənətlərini
sandıq şeirlərində açıq, mətbu əsərlərində
isə eyham və sətiraltı mənalarla münasibət
bildirmişlər.
Müşahidələri, əqidə və
düşüncə yaxınlığı bu şairlərin
bir-birindən xəbərsiz yazdıqları bəzi
misraları, ifadələri və fikirlərinin səsləşməsinə,
hətta eyniliyinə gətirib çıxarmışdı.
Bir nümunəyə diqqət edək. H.Razi "Dedilər"
adlı şeirini B.Vahabzadənin "Səbr elədik" şeirindən
15 il əvvəl - 1966-cı ildə yazıb:
Dedilər, ömrümüz gözəldir, fəqət,
Gedirik daha xoş, gözəl sabaha.
Qalınca gözdə nur, qollarda qüvvət,
Əlləşib-çalışın ürəkdən
daha.
Daha şən, daha xoş, daha da yüksək
Günlərin eşqiylə coşdu ürəklər.
Dahalar sıxlaşdı məngənələr tək,
Düzüldü beşikdən məzara qədər.
Dəryalar adladıq daha sərt, dərin
Getməyi məsləhət görən çox oldu.
"Daha da irəli" söyləyənlərin
Səsini eşitdik, özü yox oldu.
Fəth etdik dağların zirvələrini,
Arxadan səs gəldi: "Daha da qəlbi!"
"Daha da, daha da" kəlmələrini
Bəzən xoş dedilər, bəzən əsəbi.
Gözəli tapmamış, ən gözəl deyə,
Ən böyük bir eşqin izinə
düşdük.
Qanadsız şığımaq istədik göyə,
Sıldırım daşlardan yerə
sürüşdük.
Hər gün plov yedik söz qaşığıyla,
Fəqət çörəyə də qənaət
oldu.
Həyatın ən böyük
yaraşığıyla
Görüşmək xəyali bir qismət oldu.
Qopdu dizlərimiz, dirsəklərimiz,
Dedilər, daha da dözümlü olun.
Daha da səbrlə addımladıq biz
Sonu görünmədi başlanan yolun.
Bəzən zəfər çalıb getdik irəli,
Bilmədik rahatlıq dinclik hardadır.
Dedilər, xoş günün daha gözəli,
Daha fərəhlisi sabahlardadır.
B.Vahabzadənin 1981-ci ildə qələmə
aldığı şeirin bir parçası isə belədir:
Bizə ancaq "döz", dedilər.
Elə bildik, düz dedilər.
Hər gecənin gündüzü var,
Gələcək gündüz, dedilər,
Biz gözlədik,
Qəlbimizdə baş qaldıran
ümidləri əzizlədik.
Hey izlədik,
Uca-uca kürsülərdən
vəz olunan nitqləri.
Həyatda yox
Qəzetlərdə göstərdilər
Bizə yalnız xeyri-şəri.
Şirin-şəkər yalanları yeyə-yeyə
Biz inandıq gələcəyə.
O gəlmədi,
Düz əyildi,
Əyriliklər düzəlmədi.
Arzumuzun əvəzinə
Bizə yenə söz verdilər.
Həqiqəti görməməkçün
Dəyişdirib gözümüzü
Bizə başqa göz verdilər.
Baxıb saxta gözümüzlə
Hamar gördük çuxuru biz,
Saray bildik axuru biz.
Şeirlər arasındakı yaxınlıq, az qala
eynilik göz qabağındadır. Nə B.Vahabzadə, nə
də H.Razi adı çəkilən şeirlərini yazarkən
bir-birinin şeirindən xəbəri ola bilməzdi.
Çünki bu əsərlər onların sandıq şeirlərindəndir
və SSRİ dağılandan sonra çap olunan kitablarına
daxil edilib.
Bəs bu yaxınlıq haradan qaynaqlanır? Bu suala
cavab vermək üçün əvvəlcə B.Vahabzadə
ilə H.Razinin şəxsi tanışlığı və
münasibətləri məsələsinə nəzər
salmaq lazımdır.
B.Vahabzadə ilk dəfə Naxçıvana 1959-cu ildə
gəlib: "1959-cu ildə C.Məmmədquluzadə adına
Naxçıvan Dövlət Dram Teatrı (o vaxt həmin teatr
M.F.Axundovun adını daşıyırdı - F.X.)
"Ədalət" pyesimi tamaşaya hazırlayırdı.
Bu münasibətlə Naxçıvana getmişdim...
Naxçıvanın böyük yüksəliş və tərəqqisini
mən 1973-cü ildə "Yağışdan sonra"
pyesimin tamaşasına getdiyim zaman - bu diyara ikinci gəlişimdə
daha böyük bir anlayışla gördüm".
Xatırlatma: O vaxtlar H.Razinin hər iki tamaşaya həsr
olunan "Ədalət" və "Yağışdan
sonra" sərlövhəli resenziyaları "Şərq
qapısı" qəzetində dərc olunub.
B.Vahabzadə H.Raziyə yazdığı 4 dekabr
1984-cü il tarixli məktubunda Naxçıvana hər iki gəlişindən
razı qaldığını belə ifadə edir: "Azərbaycanda
mən ilk dəfə Naxçıvanda sevilmiş, şair
kimi naxçıvanlılar tərəfindən qəbul
olunmuşam. Son gəlişimdə də mən bu məhəbbəti
hiss etdim. Çox sağ olun. Camaata mənim salamlarımı
yetirin. Sizə bir daha təşəkkür edirəm".
B.Vahabzadənin Naxçıvana ilk gəlişində
H.Razi onunla şəxsən tanış olub, sonralar bu
tanışlıq məktublaşma, Bakıda və
Naxçıvanda görüşüb "dərdləşməklə"
səmimi münasibətlərə və əqidə
dostluğuna çevrilib.
H.Razinin "Gündəliy"indən: "8 aprel
1973. Yağışlı gündür. Bəxtiyar Vahabzadəni
qarşılamağa getdim. Bir az söhbətdən sonra
ayrıldım. Onun Mehmandarov haqqında söhbəti mənim
üçün təzə idi.
9 aprel 1973. İnstitutda Bəxtiyarla görüşdə
oluram. Axşam onun "Yağışdan sonra"
tamaşasına baxıb xeyli söhbət etdik. Söhbətimiz
çox tuturdu, fikirlərimiz uzlaşırdı.
10 aprel 1973. Bəxtiyarla söhbət etdim. Şeirlər
oxuduq, dərdləşdik".
B.Vahabzadənin H.Razinin anadan olmasının 60 illiyi
münasibətilə ona göndərdiyi təbrik sözləri
də bu şairlərin arasındakı səmimiyyətdən
xəbər verir: "Sənə Azərbaycan SSR Əməkdar
incəsənət xadimi adının verilməsini
Naxçıvanın 60 illiyi təntənəsində
eşitdim. Çox şad oldum. Hamımız
üçün doğma və kövrək səslənən
Arazın sahilində yazıb-yaradan şairimizə daha xoş
günlər, tükənməz sevinc qaynaqları, bir-birindən
gözəl əsərlər arzu edirəm".
1984-cü ildə H.Razinin "Sovet
Naxçıvanı" qəzetində B.Vahabzadənin
yaradıcılığına həsr olunan "Yüksək
fikirlər poeziyası" sərlövhəli məqaləsi
dərc olunur. B.Vahabzadə ona ünvanladığı 4 dekabr
1984-cü il tarixli məktubunda yazır:
"Salam, əzizim Hüseyn Razi!
Göndərdiyin qəzeti aldım. Məqaləni
oxudum. Ürəklə yazmısan, çox təşəkkür
edirəm, zəhmət çəkmisən".
H.Razi 1986-cı ildə M.Əzizbəyov adına Azərbaycan
Dövlət Akademik Dram Teatrının Naxçıvanda
göstərdiyi B.Vahabzadənin "Fəryad" pyesinin
tamaşasına yazdığı "Fikirlərin
üsyanı" adlı rəydə onun
yaradıcılığını çox yüksək qiymətləndirmişdir.
B.Vahabzadə də H.Razinin
yaradıcılığı ilə yaxından tanış
idi və onu layiqincə dəyərləndirirdi.
"Hörmətli Hüseyn, salam!
"Sovet Naxçıvanı"nda çıxan məqaləni
("Fikirlərin üsyanı" məqaləsi nəzərdə
tutulur - F.X.) və kitabını (Sahil həsrəti. Bakı:
Yazıçı 1985 - F.X.) oxudum. Hər ikisinə görə
çox sağol. Məqalədən aydın olur ki, "Fəryad"ın
fəryadı sənin də ürəyində əks-sədasını
tapıb.
"Keçəl Həmzə" misilsiz dərəcədə
gözəl şeirdir. Dərdimizin ifadəsidir...
O zaman başımıza kül olub ki, dəlilər dəliliyindən
çıxıb müasir havaya uyğunlaşıblar.
Koroğlunun, Giziroğlunun başında şapka, boynunda
qalstuk gördüyümüz gün evimiz yıxılıb.
Nə isə... Bu şeirə görə çox sağ ol.
Poemada ("Sahil həsrəti" - F.X.) fikirlər
çox gözəldir..."
Bütün bunları nəzərə alaraq belə qənaətə
gəlmək olar ki, yuxarıda adlarını çəkdiyimiz
bir-birindən xəbərsiz yazılan və qələmə
alınmalarının arasında 15 illik fasilə olan
"Dedilər" (H.Razi) və "Səbr elədik"
(B.Vahabzadə) şeirlərində, həmçinin sandıq
şeirlərindəki bəzi misraların səsləşməsi müəlliflərin müxtəlif
vaxtlarda görüşləri zamanı ətraflı fikir
mübadilələrindən, necə deyərlər, "dərdləşərkən"
bir-birinə ötürdükləri ideyalardan qaynaqlanır.
Burada bir məsələnin də üzərində
dayanmağa ehtiyac duyuruq. İstər B.Vahabzadə, istərsə
də H.Razi yaşadıqları sovet dönəmində
kommunist ideologiyasının diktə etdiyi mövzulardan yaxa
qurtara bilməmiş, həmin mövzularda bəzi şeirlər
yazmağa məcbur olmuşlar. Hər iki şair belə şeirləri
boğazdan yuxarı yazdıqlarını yaxşı bilirdilər.
H.Razi - "Gündəlik"dən: "3 noyabr 1966.
Hər anın bir hökmü olur ki, o hökmün
qılıncına baş əyməmək olmur".
B.Vahabzadə 2004: "Ömür yollarında büdrəmələrim
olmuş, duyğu və fikirlərimi açıq-aşkar və
tam dəqiqliyi ilə yaza bilməmiş, zamanın
tufanlarından ehtiyat etdiyim hallar da olmuşdur".
Bu acı gerçəklik sovet rejimində
"zamanın tufanlarının" burulğanına
düşərək diktə olunan "hökmlərin
qılıncına baş əyməyə" məcbur olan
milli ruhlu şairlərimizin faciəsi idi
Fərman XƏLİLOV
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun
baş direktoru,
filologiya üzrə elmlər
doktoru
525-ci qəzet .- 2025.- 17 aprel(¹64).-S.15.