"Ədəbiyyat artıq
yükü sevmir..."
YAZIÇI-DRAMATURQ HÜSEYNBALA MİRƏLƏMOV
İLƏ SÖHBƏT
Müstəqillik dönəmində dramaturgiya sahəsində
müəyyən vaxtlarda durğunluq nəzərə
çarpsa da, bu sahədə əsərləri
tamaşaçılar tərəfindən sevgi və rəğbətlə
qarşılanan xeyli diqqətəlayiq, parlaq imzalar da
formalaşıb. Həmin imzalardan biri də
yazıçı-dramaturq Hüseynbala Mirələmovdur.
"Ədəbiyyat artıq yükü sevmir. Ədəbiyyat
süjetə, qarşıya qoyulan məqsədə yüksək
səviyyədə xidmət etməlidir. Belə olanda əsərlər
oxunaqlı, maraqlı və əgər pyesdirsə - səhnədə
tamaşaçının qəlbini fəth edir" - fikirləri
yazıçı, dramaturq Hüseynbala Mirələmovun ədəbiyyata
baxışını lakonik və dəqiq şəkildə
ifadə edir. Onun bu mövqeyi təkcə şəxsi estetik
zövqün deyil, həm də müasir ədəbiyyatın
və dramaturgiyanın tələblərinin ifadəsidir.
Dramaturgiyasız milli teatr ola bilməz və bu sahənin
dirçəlişi zərurətdir. Hüseynbala Mirələmovun
pyeslərindən ibarət kitabına professor İslam Qəribli
"Xarakterlər dramaturgiyası" adlı ön söz
yazıb. Bu başlıq təsadüfi seçilməyib,
çünki Hüseynbala müəllimin pyeslərində
obrazlar sadəcə rollar deyil - onlar daxili aləmi olan,
psixoloji dərinliyi ilə seçilən xarakterlərdir. Onun
"Gəncə qapıları", "Pənah xan
Cavanşir", "Xəcalət", "Vicdanın
hökmü", "Ləyaqət", "Cəza
quyusu", "Miras", "Axirətdən gələn zəng",
"Gəlinlik paltarı" və "Sara xatun" kimi
pyesləri həm ideya, həm konflikt, həm də səhnə
həlli baxımından olduqca maraqlıdır. Bu əsərlərdə
cəmiyyətin ağrılı mövzuları, insan
münasibətləri, vicdan, ləyaqət, ailə və mənəviyyat
kimi dünyəvi dəyərlər
işıqlandırılır. Dialoqların qısa, tutumlu və
mənalı olması, komik və dramatik vəziyyətlərin
təbii axarda təqdim edilməsi rejissor və aktyorlar
üçün də geniş imkanlar yaradır.
Hüseynbala Mirələmovun pyesləri istənilən
teatr üçün hazır materialdır. Bu əsərlər
üzərində əlavə işləməyə ciddi
ehtiyac olmadan maraqlı, dərin və peşəkar səviyyəli
tamaşalar hazırlamaq mümkündür
Vaxtilə onun pyesləri Milli Akademik Dram Teatrında, Gənc
Tamaşaçılar Teatrında, Gəncə, Lənkəran,
Şuşa, İrəvan, Qazax və Qusar Dövlət dram
teatrlarında uğurla səhnələşdirilib və
tamaşaçılar tərəfindən böyük maraqla
qarşılanıb. Bəs son illərdə teatrların
repertuarında niyə bu əsərlərə müraciət
azalıb? Bu kimi suallarımıza cavab tapmaq üçün
bu yaxınlarda Hüseynbala Mirələmovla həmsöhbət
oldum.
- Xoş gördük, Hüseynbala müəllim, əhval-ruhiyyəniz
necədir?
- Çox sağ olun, Ağalar müəllim. Diqqətinizə
görə təşəkkür edirəm. Şükürlər
olsun, əhvalım yaxşıdır. 2020-ci ildən etibarən
Qarabağımız erməni
işğalçılarından tamamilə azad edilib. 30 illik
yurd həsrətindən sonra bu Zəfərin
qazanılmasında başda Ali Baş Komandanımız cənab
İlham Əliyev olmaqla, igid əsgərlərimizin misilsiz qəhrəmanlığı
dayanır. Bu, mənim fikrimcə, Nadir şah dövründən
- yəni 220 ildən sonra qazanılan ən böyük qələbədir.
Bundan böyük xoşbəxtlik ola bilərmi? Arzum budur ki,
müstəqil Azərbaycan daha da güclənsin, inkişaf
etsin. Ulu öndərimiz Heydər Əliyevin xalqımız
üçün arzuladığı bütün məqsədlər,
inanıram ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçiriləcək. Qarabağda bu gün
aparılan genişmiqyaslı quruculuq işləri buna əyani
sübutdur. Sevindirici haldır ki, artıq orada salınan
müasir kənd və şəhərlərə
soydaşlarımız böyük sevinc və həvəslə
geri dönürlər. Mən də Qarabağda olmuşam, bu
quruculuq işlərini öz gözlərimlə
görmüşəm. Oradakı dəyişikliklər insana
həm qürur verir, həm də gələcəyə inam
aşılayır. Bir ziyalı kimi fürsətdən istifadə
edib cənab Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümü
bildirirəm. Çünki onlar bu bölgəni təkcə bərpa
etmirlər, həm də tariximizi, mədəniyyətimizi,
milli qürurumuzu yenidən ayağa qaldırırlar.
- Oxucular, əlbəttə, sizi tanıyırlar. Ancaq
yenə də yaddaşı təzələmək
yaxşı olardı.
- Əlbəttə. Mən lənkəranlıyam,
orada 2 nömrəli orta məktəbi gümüş medalla
bitirmişəm. Hələ
üçüncü-dördüncü siniflərdə
oxuyarkən, artıq respublika miqyasında tanınan "Azərbaycan
pioneri" qəzetinin ştatdankənar müxbiri idim. Həmin
qəzet həftədə iki dəfə, təxminən iki
milyon tirajla çap olunurdu və ölkədə ən
çox oxunan mətbu orqanlardan biri idi. Elə bir həftə
olmurdu ki, orada mənim yazılarım dərc olunmasın. Bu,
mənim ədəbiyyata marağımın əsas
başlanğıcı oldu. O qəzetdə yazı, hekayə
çap etdirmək müəllif üçün həm
böyük uğur, həm də məsuliyyət demək
idi. Mən artıq yeddinci sinifdə oxuyarkən hekayələr
yazırdım. İlk yazdığım hekayə "Bir tikə
çörək" adlanırdı. O dövrdə bu
cür yazılar həm məzmun, həm də tərbiyəvi
baxımdan yüksək qiymətləndirilirdi.
Allah rəhmət eləsin, bir gün məktəbimizin
direktoru mərhum Aliya xanım Kələntərli məni
kabinetinə çağırıb dedi ki, xeyir ola, səni
"Leninçi" qəzetinin baş redaktoru Tofiq Həsənov
çağırır. Mən də dedim ki, ora bir hekayə
göndərmişəm. Yəqin ki, ona görə
çağırıblar. Məktəb dostlarımdan birini də
götürüb redaksiyaya getdim, inanın, onun kabinetinə
girən kimi ayağa qalxdı. Mən də özümü təqdim
etdim. Diqqətlə və maraqla üzümə baxdı,
soruşdu: - Oğlum, həmin hekayəni sən yazmısan? -
Bəli, Tofiq müəllim, mən yazmışam. Məhəbbətlə
başımı sığalladı və dedi: - Oxudum.
Xoşuma gəldi. Bu hekayəni çap edəcəyik.
Çox maraqlıdır. Bundan sonra da belə hekayələr
yaz və bizə göndər, biz də dərc edək.
Bax, görürsünüzmü, o vaxtlar elə
insanlar vardı ki, mənim kimi yeniyetmələrə, ədəbi
yaradıcılığa yenicə başlayan gənclərə
bu cür yüksək qayğı göstərirdilər.
Maraqlananlar Milli Kitabxanadan həmin sayı axtarıb tapa bilər:
7 noyabr 1961-ci il. Beləcə, "Leninçi" qəzetində
çap olunan kiçik hekayə və məqalələrim mənim
ədəbiyyata ilk cığırımı açdı.
Həmin vaxt Lənkəran cənub bölgəsinin mədəniyyət,
ədəbiyyat, incəsənət və idman mərkəzi
sayılırdı. Biz tez-tez Lənkəranda fəaliyyət
göstərən Xalq Teatrının və Bakıdan, Gəncədən,
Naxçıvandan gələn Dövlət teatrlarının
tamaşalarına böyük həvəslə
baxırdıq. Eyni zamanda yerli və paytaxtdan gələn məşhur
müğənnilərin konsertlərinə də gedirdik. Bu tədbirlər
sonradan dostlar arasında böyük həvəslə
müzakirə olunurdu.
1973-cü ildə Lənkəran Dövlət Dram
Teatrı yenidən fəaliyyətə başlayandan sonra demək
olar ki, bütün yeni tamaşalara baxırdım. Həmçinin
teatrın bədii rəhbəri və direktoru, dəyərli
ziyalı, Əməkdar incəsənət xadimi Məbud
İsmayılzadə ilə yaxın dost idik. Onun teatrla
bağlı maraqlı söhbətlərini diqqətlə
dinləyirdim. Oradakı aktyorlar və rejissorlarla da səmimi
münasibətim vardı. Yəqin ki, teatra olan bu
bağlılıq gələcəkdə dram əsərləri
yazmağıma böyük təsir göstərdi. Ali məktəbdə
oxuyanda da teatr tamaşalarına gedirdim. Bu tamaşalar mənim
həyata baxışımın formalaşmasına, dərin
müşahidə aparmağıma böyük töhfə
verirdi. Orta məktəbi bitirəndə jurnalist, ya da filoloq
olmaq istəyirdim. Fizika müəllimimiz Dilruba xanım Camalova
- sonralar Lənkəran rayonunun birinci katibi və İcra
Hakimiyyətinin başçısı olmuşdu -
istedadıma görə məni çox sevirdi. Mənə
dedi, orta məktəbi bitirəndən sonra hara qəbul olmaq
istəyirsən? Dedim - Azərbaycan Dövlət Universitetinin
jurnalistika və ya filologiya fakültəsinə. O isə təklif
etdi: - Sənin istedadın var, gələcəkdə
yazılar da yaza bilərsən. Məsləhət
görürəm ki, texniki və ya səhiyyə sahəsində
təhsil al. Mühəndis və ya həkim ol. Bədii
yaradıcılığı isə davam etdir. Beləliklə,
onun təklifi ilə Azərbaycan Dövlət Politexnik
İnstitutuna sənəd verdim. Orta məktəbi gümüş
medalla bitirdiyim üçün iki "5" alıb qəbul
oldum. Birinci kursun ikinci semestrində düşündüm ki,
"Azərbaycan pioneri" mənim doğma qəzetimdir və
gedib kollektivlə görüşüm. Baş redaktor
Əmrah Əmrahov idi. Katibə ona dedi ki, ştatdankənar
müxbir Hüseynbala Mirələmov gəlib. Elə həmin
dəqiqə məni qəbul etdi, çox səmimi
qarşıladı. O vaxt qəzetdə tanınmış
jurnalistlər işləyirdi: Əmir Mustafayev - məktublar
şöbəsinin müdiri, Svetlana Nəcəfova - elm və
həyat şöbəsinin rəhbəri, Akif Quliyev - idman
şöbəsində. Əmrah müəllim məni onlarla
tanış etdi və dedi: - Hüseynbala Mirələmov indi
Azərbaycan Dövlət Politexnik İnstitutunda oxuyur.
Sonra mənə sual verdi: "Bizim qəzetdə
işləmək istəyirsənmi?"
Açığı, bu sualı gözləmirdim. Dedim ki,
Əmrah müəllim, mən gündüz şöbəsində
oxuyuram.
- Eybi yoxdur. Ədəbiyyat şöbəsinin
müdiri Hikmət Ziya şəkər xəstəsi
olduğuna görə günortaya qədər işləyir,
sonra gedir. Sən də dərsdən çıxandan sonra gəlib
işi davam etdirərsən. Elə ordaca ərizəmi
alıb, əmrimi verib məni işə qəbul etdi. Beləcə,
"Azərbaycan pioneri" qəzetinin ədəbi
işçisi oldum. Üç aydan sonra baş ədəbi
işçi, ali məktəbi bitirəndən sonra isə ədəbiyyat
şöbəsinin rəhbəri oldum. Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsində oxuyan tələbələr
bizə təcrübəyə gəlirdilər, onlara xəbər
və məqalə yazmağı öyrədirdim. Həmin
şəxslər sonradan tanınmış jurnalistlər
oldular. Beş il bu qəzetdə işlədim,
yaradıcılığım püxtələşdi.
Artıq təkcə məqalələr deyil, hekayələr,
povestlər, romanlar və pyeslər yazmağa başladım.
Həmin vaxt tanınmış müəlliflər əsərlərini
mənə oxumağa verirdilər ki, oxuyub fikrimi deyim. Əmir
Mustafayev romanlarını mənə oxumağa verirdi. Bir dəfə
kitabından bir fəsli ixtisar elədim və bu barədə
özünə dedim. Səhəri gün gələndə
dedi ki, o fəsli kitabdan çıxarmaqla elə bil heç
bir cümləni çıxartmamısan. O vaxt
yazıçılara deyirdim: "Ədəbiyyat artıq
yükü sevmir. Ədəbiyyat süjetə və ideyaya
yüksək səviyyədə xidmət etməlidir". Beləliklə,
həyat elə gətirdi ki, həm mühəndis, həm də
yazıçı oldum...
- Son dövrlərdə
yaradıcılığınızda hansı yeniliklər var?
- Mən özümü ədəbiyyatsız təsəvvür
edə bilmirəm. İndi də təqaüddəyəm, demək
olar ki, hər gün yazıram. Keçən il "Bəyaz
buludlar üstündə" adlı romanım çap olunub,
bu gün əldən-ələ gəzir. Bu il isə
Cümhuriyyət dövrünün ilk daxili işlər naziri,
daha sonra neft və qaz sənayesi naziri olmuş Behbud xan
Cavanşir haqqında roman yazmışam. Son variantını
redaktə edirəm.Ümid edirəm ki, kitab şəklində
və ya ədəbi jurnallarda çap etdirəcəyəm.
Bir vaxtlar yazdığım və çox maraqla
qarşılanan "Gəlinlik paltarı" romanım əsasında
sizin məsləhətinizlə bir pyes yazmışam. Lənkəran
Dövlət Dram Teatrına təqdim etmişəm. Teatrın
direktoru, Azərbaycanın Əməkdar mədəniyyət
işçisi və Dağıstanın Əməkdar artisti
Laləzar Hüseynova bu pyesi səhnəyə hazırlayacaq.
O, Qusar Ləzgi Dövlət Dram Teatrında mənim "Xəcalət"
və "Vəsiyyət" pyeslərimə də uğurlu
səhnə quruluşları vermişdi...
- Sizin romanlarınız, povestləriniz və hekayələriniz
var ki, onları rejissorlar və dramaturgiyanı yaxşı bilən
insanlar çox asanlıqla səhnələşdirə bilər.
Bunlar əsasında kinossenarilər yaza bilərlər.
Çünki sizin romanlarınızda, povestlərinizdə və
hətta hekayələrinizin çoxunda çox ciddi konfliktlər,
maraqlı hadisələr var. Mənimçün və
oxucular üçün də çox maraqlıdır ki,
sizin məhz dramaturgiyaya marağınız necə yarandı?
- Mən əvvəldə dediyim kimi, hələ orta məktəbdə
və ali məktəbdə oxuyanda teatr tamaşalarına
çox gedirdim və bu sahədə çalışan
çoxlu dostlarımız vardı. Artıq
torpaqlarımız işğal olunandan sonra qəlbimə
qeyri-adi, ünvansız bir zərurət çökdü və
öz-özümə dedim: "Hüseynbala, sən pyes
yazmalısan. Bu pyeslər də teatrlarda oynanılmalı və
xalqa ümid, inam aşılamalıdır". Beləliklə,
ilk pyesim olan "Vicdanın hökmü" əsərini
yazdım. Rəhmətlik Hüseynağa Atakişiyev həmin
pyesi ilk dəfə Dövlət Gənclər Teatrında
tamaşaya qoydu və böyük uğurla
qarşılandı. Bu da məni yeni pyeslər yazmağa
çox həvəsləndirdi.
- Yadımdadır həmin tamaşa. Hüseynağa mənim
tələbə yoldaşım idi və 2001-ci ildən də
mən onun hələ 1989-cu ildə yaratdığı
Dövlət Gənclər Teatrında işləyirdim və
həmin tamaşada da necə anşlaq olduğunun şahidi
olmuşdum. Pyes də, rejissor işi də, aktyor oyunu da
yaxşı idi...
- Xocalı işğal olunandan sonra mən "Xəcalət"
adlı bir povest yazdım və sonra qərara gəldim ki, bu
povesti səhnələşdirim və Milli Akademik Dram
Teatrına təqdim edim. Bu pyesə də çox istedadlı
rejissorumuz, Azərbaycanın və Kalmıkiyanın Əməkdar
incəsənət xadimi Bəhram Osmanov Milli Akademik Dram
Teatrında quruluş verdi. Həmin tamaşada oynayan Xalq
artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Zərnigar
Atakişiyeva, əməkdar artistlər Əlvida Cəfərov,
Ələsgər Məmmədoğlu və başqaları da
çox yüksək, peşəkar səviyyədə öz
rollarını oynayırdılar. Nurəddin Mehdixanlı Vətən
obrazını canlandırırdı. Bu obraz da Azərbaycanın
simvolik obrazı idi. Bu tamaşa on dörd il həmin teatrda
oynanıldı, üç dəfə yüksək dövlət
mükafatına layiq görülüb - bunlardan ikisi
"Qran-Pri", biri isə "Qızılgözlü mələk"
mükafatı idi. Bu, "Qran Pri" dünya teatr aləmində
çox böyük mükafat sayılır. Bir neçə
Dövlət Dram Teatrları da bu tamaşaya quruluş verdi.
Dünya şöhrətli, mənim dostum Çingiz Aytmatov da
həmin tamaşaya Bakıda olanda baxmışdı.
Tamaşadan sonra səhnəyə çıxıb
hamını təbrik etdi və bu tamaşa haqqında
çox maraqlı fikirlər dedi. Həmin tamaşadan məndə
onun çoxlu şəkilləri var. Sonra da jurnalistlərə
müsahibə verəndə belə dedi: "Hüseynbala ruhən
mənə elə yaxındır ki, mən bu tamaşaya
baxanda dəhşətə gəldim. Özümü unutdum.
Elə fikirləşdim ki, bu əsəri mən özüm
yazmışam. Bu tamaşada Hüseynbala müəllim
altı nəfərlə böyük bir xalqın, böyük
faciəsini elə gözəl yazıb ki, aktyorlar da
rollarını çox yaxşı oynayırlar və
tamaşanı tamaşaçılara çox yaxşı
sevdirə bilirlər". Onun bu müsahibəsi çox
geniş formada Azərbaycan Televiziyasının qızıl
fondunda var. Ondan sonra da "Gəncə qapıları"
pyesimi yazdım. Bu pyesim də Cavad xanın həyatındandır.
Bu pyes də Milli Akademik Dram Teatrında oynanıldı. Sonra
"Vəsiyyət" pyesimi yazdım və çox
istedadlı rejissorumuz, Xalq artisti Firudin Məhərrəmov
Milli Akademik Dram Teatrında tamaşaya qoydu. Bu tamaşa da anşlaqla
gedirdi. Elə adam var ki, on dəfə həmin tamaşaya
baxıb. İndi də insanlar məndən soruşurlar ki, niyə
həmin tamaşalar oynanılmır? Mən də deyirəm
ki, gedin Milli Akademik Dram Teatrının rəhbərliyindən
soruşun... Sonra "Pənah xan Cavanşir" pyesimi Lənkəran
teatrında Əməkdar incəsənət xadimi, həmin
vaxt teatrın baş rejissoru olan rəhmətlik Baba Rzayev
tamaşaya hazırladı. "Həyat eşqi" əsərimi
də Bəhram Osmanov Gəncə Dövlət Dram
Teatrında tamaşaya qoydu. Qusar Ləzgi Dram teatrında Laləzar
xanım yuxarıda dediyim kimi, "Xəcalət" və
"Vəsiyyət" tamaşalarıma quruluş verdi.
Şuşa Dövlət Musiqili-Dram Teatrında "Güllələnmiş
heykəllərin fəryadı" pyesimi Əməkdar artist
Nazir Rüstəmov hazırladı. Qazax Dövlət Dram
Teatrında oynanılan "Xəcalət" pyesimi də
teatrın kollektivi on dörd il böyük anşlaqla
oynadı. Bu tamaşanın da çox istedadlı rejissor, o
vaxtlar teatrın quruluşçu rejissoru işləyən və
artıq on bir ildir ki, teatrın baş rejissoru olan Əməkdar
artist Musa Eyyubov hazırlamışdı. Onu da
vurğulayım ki, son vaxtlar bu teatr respublikada
özünün maraqlı tamaşaları ilə çox
böyük hörmət və uğur qazanıb. Elə
keçən ilin oktyabr ayının 27-dən noyabrın 3-nə
kimi onların Qazaxıstanda oynadıqları qazax dramaturqu Roza
Mukanovanın "Bir çətir altında-mən"
tamaşasına görə orada böyük mükafat
almalarını da mən mətbuatdan oxudum.
Beləliklə də, mən səhnəyə daha
çox bağlandım. Yeri gəldiyinə görə sizə
özümün subyektiv bir fikrimi deyirəm. Milli Akademik Dram
Teatrı özünün ikinci intibah dövrünü Həsənağa
Turabovun, Əliabbas Qədirovun və İsrafil İsrafilovun
vaxtında yaşayıb. İsrafil İsrafilov haqqında
öz ürək sözlərimi daha geniş demək istəyirəm.
O, filologiya üzrə elmlər namizədi və sənətşünaslıq
üzrə elmlər doktorudur. Deməli, həm ədəbiyyatı,
həm də teatrı mükəmməl bilir. İsrafil
müəllim pyesi oxuyan kimi bilirdi ki, bu pyesdən maraqlı
tamaşa hazırlamaq olar, ya yox. Özü də çox
obyektiv insan idi və heç kimin
tapşırığına, ya da hansısa vəzifədə
olmasına belə fikir vermirdi. Əgər pyes zəif idisə,
dramaturqa deyirdi və pyesin bütün məziyyətlərini
də açıqlayırdı. Dramaturq da onun bu fikirləri
ilə tam razılaşırdı. Əslində bu gün
teatrlara İsrafil İsrafilov kimi istedadlı filoloqlar, sənətşünaslar,
teatrı dərindən bilən insanlar, çox istedadlı
rejissorlar cəlb olunmalıdır.
- Siz ömrünün uzun illərini ədəbiyyata,
dramaturgiyaya sərf eləyən mütəxəssis kimi,
teatrlarımızı dirçəltmək üçün
nələri təklif eləyərdiniz?
- Öncə onu deyim ki, teatrın direktoru və
baş rejissoru ədəbiyyata dərindən bələd
olmalı, dramaturgiyanı yaxşı bilməlidir. Zamanın,
dövrün nəbzini yaxşı duymalıdır. Dünya
teatr sənətindən yaxşı xəbəri
olmalıdır. O, hər hansı bir pyesi oxuyanda onu
yaxşı təhlil eləməyi bacarmalıdır. O, həmin
pyesi oxuyandan sonra görməlidir ki, bu əsər teatra və
tamaşaçılara nə verə bilər, bu əsər
hansı dəyərlərə malikdir. Teatrın rəhbəri
bu pyesi özü bəyənəndən sonra bədii
şuraya təqdim etməlidir. Teatrın bədii
şurasında çox tanınmış filoloqlar, tənqidçilər,
tanınmış aktyorlar, rejissorlar, teatr sənətini
yaxşı bilən insanlar olmalıdır. Əslində
teatrda hər bir tamaşa çox böyük diskussiya, fikir
mübadiləsində keçməli, orada iştirak edən
insanların maraqlı fikirləri həm teatr rəhbərliyi,
həm quruluşçu rejissor, həm də aktyorlar tərəfindən
qəbul olunmalıdır. Mənimlə razılaşın
ki, tamaşaçı rəyi də teatr tamaşalarında
çox lazımdır və vacibdir. Axı teatr
tamaşanı tamaşaçı üçün
oynayır. Onu teatra cəlb etmək, onun ürəyinin dərin
qatlarına təsir etmək üçün oynayır.
Tamaşaçılar tərəfindən yaxşı
qarşılanan dəyərli əsərlər repertuardan
çıxarılmamalıdır, əsər müəlliflərinə
də ədalətsiz davranılmamalıdır.
- Sizin demək olar ki, bütün əsərlərinizdə
ədalətsizliklə, haqsızlıqla mübarizə motivləri
güclüdür... Həyatda ədalətsizliklərlə
çox rastlaşıbsınız?
- Maraqlı sualdır. Həzrəti Əbu Bəkr
deyib ki, "Ədalət yer üzündə Allahın tərəzisidir".
Hamı ədalətsizliklərlə qarşılaşır,
mən də çox haqsızlıqlarla üzləşmişəm.
Amma bu yaxınlarda mənə qarşı edilən bir ədalətsizliyi
sizə deyim. Təqribən bir il bundan qabaq, xəbər verdilər
ki, keçmiş Dövlət Tərcümə Mərkəzi
tərəfindən İspaniyada mənim Viktor Andrianovla birlikdə
yazdığımız görkəmli insanların həyatı
(JZL) seriyasından olan "Heydər Əliyev"
kitabımız ispan dilinə tərcümə edilib və
orada da çap olunub. Ən maraqlısı budur ki, orada həmmüəllif
kimi mənim adım yazılmayıb. Baxmayaraq ki, həmin
kitabın çox böyük bir hissəsini mən
yazmışam və o biri hissəsini də Andrianova
yazmağı mən məsləhət bilmişəm. Bu xəbəri
eşidəndə rəhmətlik dostum, uzun illər millət
vəkili olan Hadı Rəcəbli ilə bir yerdə idik. O, mənim
çox pərişan olduğumu gördü. Mən buna
görə nəsə demədim, ancaq təbii ki, bu ədalətsizliyə
görə incimişdim. Elə həmin dəqiqə Hadı
müəllim Dövlət Tərcümə Mərkəzinin
direktoru Afaq xanıma zəng vurub, onunla ciddi şəkildə
danışdı. Hadı müəllimin reaksiyasından sonra
həmin kitab məhdud nüxsə ilə yenidən mənim də
adım qeyd edillməklə çap olundu. Gec-tez ədalət
öz yerini tapsa da, insanın qəlbində ədalətsizliyin
yarası qalır. Ancaq əlbəttə, həyat ancaq ədalətsizliklərdən
ibarət deyil. Gözəl hadisələr də olur. Belə
bir xoş xatirə Xalq şairi Qabillə bağlıdır.
Bir dəfə xəbər verdilər ki, Qabil məni
axtarır. Nömrə də verib ki, zəng edim.
Düşündüm, yəqin hansısa əsərimi bəyənməyib.
Zəng vurdum. Dəstəyi özü götürüb dedi
ki, Hüseynbala, girişsiz deyirəm və sənə minnət
qoymuram. Mən heç bir yazıçının əsərini
oxumuram. Amma indi bizim evdə "Gəlinlik paltarı"
romanını növbə ilə oxuyurlar. Ancaq mənim sənə
bir iradım var. Təəccübləndim. Dedi ki, televiziyada
çıxışında dedin, ədəbiyyat sənin
hobbindir. Xahiş edirəm, ağsaqqal kimi tələb edirəm,
belə demə. Sən de ki, mühəndislik, neft və qaz sənin
hobbindir. Ədəbiyyat isə sənin peşəndir. O
vaxtdan bu sözləri demirəm. Arada dilimə gələndə
isə Qabil müəllimin səsi qulağımda səslənir
və dərhal fikrimi dəyişirəm.
- Sonda söhbətimizə yekun olaraq nələri əlavə
etmək istərdiniz?
- Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki,
"Azərbaycan xalqının bir çox nəsilləri
teatr və kino ilə tərbiyələnib, teatrın və
kinonun təsiri altında formalaşıb, inkişaf edib.
Böyük, ulu mədəniyyətə qovuşubdur".
Ürəkdən arzulayıram ki, Azərbaycan ədəbiyyatı,
dramaturgiyası, teatrı, kinosu dirçəlsin və
bütün dünyada tanınsın, layiq olduğu ədalətli
qiymətini alsın. Fikrimi cənab prezidentimiz İlham
Əliyevin Azərbaycan teatrları ilə bağlı dediyi bu
kəlamla tamamlamaq istəyirəm: "Azərbaycan, dövlət
müstəqilliyinin bərpa edilməsi ilə
qarşısında geniş üfüqlər açılan
milli teatr bu gün dövlətçilik naminə mədəniyyətimizin
inkişafına töhfələr vermək
iqtidarındadır". Cənab Prezidentimiz indiyədək Azərbaycan
ədəbiyyatı, mədəniyyəti, incəsənəti,
teatrı və kinosunun inkişafı ilə bağlı
yüzlərlə fərman və sərəncam imzalayıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın muğam,
aşıq sənəti və mədəniyyətimizin bir
çox sahələri ilə bağlı gördüyü əvəzsiz
işləri də xüsusilə qeyd etmək lazımdır.
Arzu edərdim ki, teatrlarımız və onların rəhbərləri
də öz işlərində Prezidentimiz İlham
Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
cahanşümul fəaliyyətlərini örnək alıb
Azərbaycanda teatr sənətinin inkişafına öz
töhfələrini versinlər. Bax, onda Azərbaycan ədəbiyyatı,
mədəniyyəti yeni bir intibah dövrünə qədəm
qoyar və biz də bununla fəxr edərik. Bu məqamda dahi
Hüseyn Cavidin kəlamı tam mənada yerinə
düşür: "Turana qılıncdan daha kəskin, ulu
qüvvət, Yalnız mədəniyyət, mədəniyyət,
mədəniyyət!"
Ağalar İDRİSOĞLU,
Yazıçı, dramaturq, rejissor,
Əməkdar incəsənət xadimi
525-ci qəzet .- 2025.- 17 aprel(№64).-S.12-13.