Qarabağa həsr
olunan rəsm əsərlərinin sərgisi
açılıb
Bakıda gənc rəssamların Qarabağa həsr
olunan rəsm əsərlərindən ibarət sərgi
açılıb.
Bu barədə AZƏRTAC-a Qarabağ Dirçəliş
Fondundan məlumat verilib.
Tədbirdə QDF-nin İdarə Heyətinin sədri
Rəhman Hacıyev çıxış edərək bildirib
ki, Qarabağın əsrarəngiz təbiətinə, tarixi
abidələrinə, eləcə də Prezident İlham
Əliyevin rəhbərliyi ilə işğaldan azad
olunmuş ərazilərdə aparılan bərpa-quruculuq
işlərinə həsr edilən 38 rəngkarlıq əsəri
gənc rəssamların inkişafına töhfə vermək
məqsədilə dünyaşöhrətli almaniyalı rəssam,
Berlin Rəssamlıq Akademiyasının professoru İnqa
Şmidtin Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının (ADRA) və Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin (ADMİU) tələbələri
üçün Fondun dəstəyi ilə keçirdiyi
master-klas çərçivəsində hazırlanıb.
O diqqətə çatdırıb ki, QDF və
ADRA-nın birgə təşkilatçılığı ilə
artıq “Qarabağın rəngləri–2025” layihəsinin
icrasına start verilib. Belə ki, layihədə iştirak edəcək
finalçıların seçim mərhələsi
yekunlaşıb, onların ərsəyə gətirəcəyi
əsərlərin eskizlərinin hazırlanması prosesi isə
davam edir.
Qeyd olunub ki, rəssam İnqa Şmidtin
master-klasında iştirak edən gənclərin əksəriyyəti
yüzlərlə digər tələbələr arasından
seçilən, “Qarabağın rəngləri–2025” layihəsinin
final mərhələsində iştirak etmək hüququ
qazanan ADRA və ADMİU-nun tələbələridir.
R.Hacıyev xatırladıb ki, ötən il
keçirilən “Qarabağın Rəngləri-2024” layihəsi
çərçivəsində ADRA-da təhsil alan 23
istedadlı gənc tərəfindən hazırlanmış
19 rəsm əsərinin və 4 heykəltaraşlıq
nümunəsinin satışından əldə olunmuş 90
min 200 manat vəsait Ağdam rayonu ərazisində yerləşən
İmarət kompleksinin bərpasına yönəldilib.
Tədbirdə, həmçinin Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev,
akademiyanın prorektoru, Xalq rəssamı Salxab Məmmədov
və Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova
çıxış edərək layihənin əhəmiyyətindən
danışıb, onun gənc rəssamların gələcək
yaradıcılıq fəaliyyətinə böyük
töhfə verəcəyini vurğulayıblar.
Çıxışlardan sonra rəsm əsərlərinin
müəlliflərinə xüsusi sertifikatlar təqdim olunub.
Sonda sərgi iştirakçıları
nümayiş olunan əsərlərlə tanış olub,
xatirə şəkli çəkdiriblər.
525-ci qəzet .- 2025.- 17 aprel(№64).-S.9.