Bizim Eyvaz
YAZIÇI EYVAZ ZEYNALOVUN "NADİR ŞAH" ROMANI
HAQQINDA QEYDLƏR
"Nadir şah"ın ilk səhifələrindən
hiss etmişdim ki, belə məsuliyyətli bir mövzuya
girişməkdə, deyəsən, yazıçı dostumuz
Eyvazın bir məqsədi də Nadir şah barədə
indiyədək yazılmayanları yazmaq olub. Əsərin
sonunda isə bir ayrı təəssürat yarandı məndə,
hiss etdim ki, tarixi romanlar düzülən rəfdə
"Nadir şah"ın gəlişi ilə mütləq
bir təzələnmə, yer dəyişikliyi olacaq. Bu məsuliyyəti
üzərinə götürmək, onların hər birini
öz layiq olduğu yerə qoymaq, əlbəttə ki, dost
sayılan bir redaktorun yox, borcu ədəbi prosesi sərf-nəzər
edib də qiymət vermək olan ədəbi tənqidin
işidir. Mənə sadəcə onu yada salmaq qalır ki,
Eyvaz bunu haqq edir.
Fakt bolluğu və material zənginliyi
baxımından "Nadir şah"da indiyədək ədəbi-elmi
ictimaiyyətə məlum olmayan saysız-hesabsız məlumat
var və bir toplu olaraq hazırda artıq romanın özü
bir məxəz rolu oynayır, düşüncəsindəyəm. "Herata doğru", "Həmədanın
alınması", "Nadir İsfahanda",
"Türküstan yürüşü" "Xarəzm -
Günəş ölkəsi", "Əlvida, Dehli" və
s. əhatə və əhəmiyyət baxımından,
düşünürəm ki, ayrıca bir roman mövzusudur. Fərman
Kərimzadənin "Çaldıran
döyüşü"nü ehtiramla
xatırlamağımız yetər.
Eyvaz o faktların böyük əksəriyyətini
uzun illər Türkiyə, İran, Rusiya və Orta Asiya
ölkələrinin arxivlərindən əldə etdiyi
Türkiyə türkcəsi, rus və fars dillərindəki rəsmi
sənəd və məlumatlara söykənərək
araşdırıb-tutuşdurub qələmə
aldığını deyir. Doğrusu, bir roman
üçün bu qədər
informasiya bazası yaratmaq, onu vahid süjet xətti ətrafında
birləşdirməklə dastan estetikasına xas
cilalanmış, rəvan və oxunaqlı dillə təsvirə
çəkib də mükəmməl roman şəklinə
salmaq, yetmiş beş yaşda da öz işini heç bir
iddia güdmədən sakit, səssiz və
başıaşağı görən ağsaqqal nasirimizin
sağlamlıq imkanları ilə müqayisədə bu
saatın özündə də mənə olduqca təəccüblü
görünür. Dolayısı ilə bu, bir tərəfdən
yaradıcılıq nəşəsinin ömrün heç
ahıl çağında da sönmədiyinə işarədirsə
(Varqas Lyosanın Nobel mükafatı alarkən səksən doqquz yaşda
olduğunu yada salaq) digər tərəfdən,
yaradıcı insanın ona səbr və hövsələ bəxş
edən Tanrıya şükranlarının da nişanəsidir.
Romanın istər tarixdə ad qoyub getmiş Səfəvilər
dövlətinin tənəzzülü, onun acınacaqlı
süqutundan sonra xərabələr üzərində yeni bir
dövlətin - Əfşar imperiyasının intişar
tapması, öz hərbi uğurlarına İrəvan, Tiflis,
Dağıstan və Bağdadın istilası ilə
başlayan yarımköçəri avşar
tayfalarının möhkəmlənib dövlət halına
gəlməklə zamana və tarixə hökm etməsi, istərsə
də odövrkü ictimai-siyasi proseslərin əksi
baxımından yaxın coğrafiyada baş verən
Rusiya-Osmanlı münasibətləri, erməni elçilərin
təzyiqi ilə I Pyotrun Şamaxıya ordu göndərmək
cəhdləri, Rusiya ilə digər tarixi gəlişmələr,
çarın Xəzəryanı bölgələrə
yürüşü,
Bakının ruslar tərəfindən ilk məşum
istilası (1723), ermənilərin Gilan, Mazandaran, Bakı və
Dərbənddə məskunlaşması
barədə çarın 10 noyabr 1724-cü il tarixli bəduğur
fərmanı, Nadirin Fars körfəzində donanma yaratmaq cəhdləri,
Krıma yol açmaq arzusu və s. haqda uzun-uzadı
danışmaq olar. Ancaq məqsədim bu deyil, bu, xronoloji
xatırlatmanın sadəcə təkrarı olar. Ona dörə
də Azərbaycan oxucusunun tarixi və ictimai düşüncəsində
oturuşmuş Nadir şahla bağlı bəzi məqamlara nəzər
salmağı bundan daha vacib və məqsədəuyğun
hesab edirəm.
Romanın, təbii ki, ozamanlar adı
turançılıq və türkçülük olmasa da,
mahiyyət etibarı ilə yalnız buna xidmət edən bir
siyasi düşüncə sistemi mövqeyindən
yazıldığı artıq bu gün fakt olaraq
ortadadır. Eyvazın müəllif kimi ən böyük
uğurlarından biri də, məncə, budur. Bir dəriçi
oğlunun şah səviyyəsinə çatana qədər
içində gəzdirdiyi olduqca mübhəm hissi
ölümündən bir il qabaq (1746), Osmanlı
İmperiyası ilə müqavilə bağlamaq ərəfəsində
ikən "Muradım iki türk dövlətinin birliyidi"
şəklində ifadə etməsi Çaldıran kimi tarixi
döyüşdən sonrakı dönəmdə iki
qardaş arasında iki yüz ildən də artıq hökm
sürən düşmənçiliyə, nifaq və ədavətə
son qoymaq istəyinin təcəssümü anlamına gəlir. Onun bunu bir
döyüşçü və sərkərdə yox,
Əfşar dövlətinin başçısı kimi bəyan
etməsinin isə, söz yox ki, tamam ayrı mənası var.
Əslində Nadirin Azərbaycan türkcəsinin hökmfərma
olduğu coğrafiyadan şimal-qərbə, yəni
Osmanlı imperiyasının bərqərar olduğu torpaqlara
yox, Herat və Kabuldan keçərək indi Orta Asiya kimi
tanıdığımız qədim Türküstan ellərinə
- Xarəzm, Xivə və Səmərqəndə doğru
üz tutub həm o yerləri, həm də uzaq Dehlini öz
itaətinə gətirməsi və Çin səddinə qədər
irəliləməsi də Nadirin məhz o gizli istəyindən
xəbər verirdi. Bu, bir dəliqanlının adını
tarixə yazdırmaq istəyindən də çox, qandan və
şəcərədən gələn məsələ idi.
Onun Türkün böyük oğulları Çingiz xan və
Əmir Teymura aşırı sevgisi də əslində
burdan, soy-kökə bağlılığından
qaynaqlanırdı.
Şərqin bu iki nəhəng sərkərdəsi
dura-dura ona "II İskəndər" (Makedoniyalı) deyilməsinin
də qərbyönlü tarixi-siyasi araşdırma və tədqiqatların
tək türkün tarixinə deyil, eyni zamanda adına da
qısqanclıqla yanaşmasını burda necə
xatırlatmayasan?
Nadir həmçinin sünni-şiə məzhəbinin
olmadığı bir məmləkətə sahib olmaq arzusunu
da gizlətmirdi: "Allah mənə ömür, vaxt versin, bu
ixtilafları, ayrı-seçkilikləri aradan qaldıracaq,
hamının tabe olacağı bir din yaradacam. Tanrı birdirsə,
din, məzhəb də bir olmalıdır. Mən məzhəb
ayrıntısının məhvinə
çalışıram. O qaldıqca türkün birliyi
mümkün deyil".
Türkün birliyi!.. Nəzərə alsaq ki, Nadir kitab nə olduğunu bilməyən
elmsiz bir şah idi və yazıb-oxumağı az-çox 40
yaşdan sonra öyrənmişdi, onda məzhəb
ayrılığının fatehlik missiyasından heç də
az şərəfli olmadığı barədə
ömrünün sonuna yaxın belə bir fikrə gəlməyinin
əsl dəyəri ikiqat artmış olar.
Bu məqamda Roma Papasının hələ o dönəmlərdə
Avropa liderlərinə gözaydınlığını
xatırlamaq bu günün özündə də çox
böyük mətləblərə işıq tutur. Nə
deyirdi o? "Çaldıran döyüşü Allahın
xristianlara lütfüdür". Tarixi bu günə, bu
günü isə keçmişə ustalıqla calayan Eyvaz
Zeynalovun müəllif traktovkası da o acı gerçəyi
"Nadir şah"da bir daha bizlərin yadına salır:
"Türk birliyinə ilk zərbəni
Şah İsmayıl, ikinci zərbəni isə Yavuz Səlim
vurdu".
Yaxud götürək Nadirin Dehlidə ələ
keçirdiyi yüzlərlə, minlərlə qənimətdən
daha dəyərli sandığı 60 min əlyazmanın
içində rast gəldiyi cünglərdən birinin Azərbaycan
türkcəsində olduğunu bildiyi zaman
qarşılaşdığımız səhnəni!
"Bayındırlı əlindəki qədim əlyazmanı
göstərib sevincindən az qala qışqırdı:
- Şahım, görün nə tapmışam?
- Nə tapmısan? - Nadir şah ona tərəf
çöndü.
- Bombeydə tərtib olunub, adı "Ruzi-Revşən"di.
Burada azərbaycanlı şairə Zibeydə xanımın
şeirləri verilib.
- Şeirlər hansı dildədir? - Nadir şah
maraqla soruşdu.
- Türk dilində.
Nadir şah kitabı alıb ordan bir neçə
şeir oxudu.
- Yaxşı saxla. Buna görə sənə
mükafat düşür".
Əlyazmadan söhbət gedərkən, İzəddin
Həsənoğlunun qəzəllərinin də yer
aldığı iki dəvə yükü başqa bir məxəz-toplunu
Nadir şahın Məşhədə gətirərək
öz əlləri ilə İmam Rza məscidindəki
kitabxanaya bağışlaması onun ömrün sonuna
yaxın tamam-kamal başqa bir insana çevrilməsindən xəbər
verir.
Daha bir misal: səmavi kitabların tərcüməsi
üçün müsəlman, xristian və yəhudilərdən
ibarət nüfuzlu elm və bilim adamlarını bir araya gətirməsi,
aylarla çəkən bu iş üçün xəzinədən
yüksək məbləğ ayırması, illah da Dehlinin fəthindən
sonra dünyada heç nəyin baqi olmadığına, əksinə,
onun puç, fani və bihudəliyinə bilmərrə
şübhəsinin qalmadığı ömrünün
sonlarına yaxın Nadir şahda böyük təbəddülatların
yarandığının çox ciddi bəlirtiləri idi.
"İnsan əbədi olmadığı kimi,
şahlıq da əbədi deyil" - Nadir şahın
sözləridir. İnsanları dinə, itaətə səsləyən
qardaşı İbrahimə İmam Mehdinin zühuru ilə
bağlı dedikləri də az maraq doğurmur: "Mehdi-zad
yoxdur. Olmayıb, olmayacaq da. Yetər bu nağıllara
inandın. Peyğəmbər düzəltməyən
dünyanı yeddi arxadan dönən şübhəli törəməsi
düzəldəcək?"
1736-cı ildə Azərbaycan tarixində (Kürlə
Arazın qovuşduğu yerdə, indiki Sabirabad rayonunun
Qalaqayın kəndində) bəlkə də, bir ilk
yaşandı: Nadir iyirmi mindən çox nümayəndənin
iştirakı ilə təntənəli şəkildə,
Çingiz xan və Əmir Teymurdan sonrakı nəsillərə
yadigar qalan tarixi Qurultay keçirdi, qılıncının qəbzəsindən
qan dammasına baxmayaraq, şahlığını seçim
yolu ilə qanuni hala gətirməklə həm də yeni bir ənənənin
əsasını qoymuş oldu. Bu faktın özü göstərir
ki, hələ o dönəmlərdə, daha dəqiqi, on səkkizinci
əsrin ilk yarısında Azərbaycanda necə ciddi tarixi
proseslər baş verməkdə idi. Ancaq nə edəsən
ki, Şərq tiranlarına xas tale tək mübarizə əzminə
deyil, həm də fatehlik qabiliyyəti və sərkərdəlik
məharətinə görə "Şərqin
qılıncı" kimi adla şərəfləndirilən
Nadir şahdan da yan keçmədi. Cəhalət və
nadanlıq ucbatından hakimiyyətinə ciddi təhdid
yarandığını düşünərək oğlu
Rzaqulu Mirzənin gözlərinə mil çəkdirməklə tək özünün və ailəsinin
deyil, Əfşar xanədanının da hüznlü sonunu gətirdi.
Bu proses ona görə belə sürətlə, necə deyərlər,
bir anda baş verdi ki, sərkərdəliyi şahlıqdan
çox-çox yaxşı bacaran bu adamın gücü və
qüdrəti elm və idarəçilik sistemində yox,
yalnız qılıncında idi. O, sarayın və dünyaya
meydan oxuyan möhtəşəm bir məmləkətin
taleyini nadan və yarıtmazlara tapşırmışdı.
Bu gün Nadiri həm şah, həm də ədəbi
obraz kimi yaddaşlara və
ictimai-siyasi düşüncənin üst qatına
qaytarmaqla Eyvaz Zeynalov əslində bu əsəri ilə
zamanın nəbzini tutmaq baxımından vaxta
hesablanmış uğurlu bir işə imza atıb. Əslində
Nadir şahı ədəbiyyatın predmetinə çevirən
gün kimi aydın səbəb var ortada. Şahın
ölümündən sonra Azərbaycanın xəritədə
dırnaq boyda qalana qədər kiçildiyinə tarix məgər az şahidlik edib?
Dəmirqapı Dərbənd gedib, Qarayazı -
Borçalı gedib, İrəvan, Dərələyəz, Göyçə, Zəngəzur da
onun kimi, Güney Azərbaycanın isə yalnız adı
qalıb. Biz öz dədə-baba torpaqları ilə həmsərhəd
olan yeganə ölkəyik indi...
Nə qədər də desək ki, XVIII əsrdə
Qəndəhardan, Heratdan, tutmuş içi Xivə, Xarəzm,
Səmərqənd qarışıq düz Dehliyə qədər
qəsb olunan on minlərlə ağac bu gün igid
oğullarımızın qanı hesabına geri alınan dədə-baba
torpaqlarımızın bir qarışına belə dəyməz,
bu, söz olaraq qalardı... Amma 44 günlük savaşı
başladıb onu Müəzzəm Qələbə ilə
başa çatdıran xalqın Zəfər salnaməsi
yazılana qədər! Azərbaycan Ordusu Nadir şahın
ölümündən sonra ilk dəfə öz torpaqlarına
sahib çıxmaqla tarixin yenidən təkrarlandığını
bütün dünyaya sübut etmiş oldu.
Xalqımızın yaddaşına qızıl hərflərlə
yazılan Qələbənin bir əzəməti də
bundadır. Öz janrının ustası Eyvaz isə ədəbiyyatın
millətin yaddaşı olduğunu "Nadir şah"la bir
daha təzələməyi bacardı.
Əgər Murakami, Xalid Hüseyni, ya elə Orxan Pamuk
öz xalqının qəhrəmanlıq tarixindən, onun
keçdiyi keşməkeşli, eyni zamanda şərəfli
yoldan bəhs edən belə bir roman ortaya qoymuş olsaydı,
Azərbaycan oxucusu olaraq elə biz özümüz onları
göylərə qaldırardıq. Nə edəsən ki,
Eyvaz bizim yazıçıdır, əcnəbi deyil,
özümüzünküdür...
Bu yazıda bir məqsədim də Eyvaz Zeynalovun Azərbaycan
ədəbiyyatına təqdirəşayan xidmətlərini
yığcam halda sadalamaqla belə bir
yazıçımız olduğunu səlahiyyəti
olanların yadına salmaqdır. Belə şeylər 75
yaşda da olmayıb, nə vaxt olasıdır?
ƏLABBAS
525-ci qəzet .- 2025.- 18 aprel(№65).-S.14.