"İçimdə
fırtınalar qopsa da, hər zaman pozitivəm" - "Səsin
izi ilə"
GƏNC MÜĞƏNNİ ELYANƏ ARSLANIN
FİKRİNCƏ, GÖVHƏR HƏSƏNZADƏNİN
TƏLƏBƏSİ OLMAQ SƏNƏTƏ BİR ADDIM
ÖNDƏ BAŞLAMAQDIR
Hər səsin bir ünvanı var. Bəziləri dərhal
eşidilir, bəziləri isə kütlə səs-küyünün
arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində
yaranan gurultu içində bəzən o səslər
eşidilmir, zövqlər qarışır, istedadlar isə
kölgədə qalır. Amma gələcəyə ümid
sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni
səslər doğulur. Biz də həmin səslərin izinə
düşürük. Azərbaycan musiqisinə yeni nəfəs
gətirən, amma hələ geniş auditoriya tərəfindən
kifayət qədər kəşf edilməmiş gəncləri
"525-ci qəzet"in yeni - "Səsin izi ilə"
rubrikasında oxuculara təqdim edəcəyik. Hər şənbə
bir gənc, bir səs, bir hekayə, bir ümid...
Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika
istedadın ünvanıdır.
lll
"Səsin izi ilə..." rubrikasının ilk
qonağı gənc və istedadlı müğənni Elyanə
Arslandır. Estrada musiqisinin yeni və maraqlı simalarından
biri - Elyanə Arslan sənət yolunda ilk
addımlarını atsa da, artıq diqqət çəkməyi
bacarıb. Uzun illər Türkiyədə fəaliyyət
göstərən Elyanə xanım hazırda Azərbaycan
musiqi sektoruna daxil olmağa hazırlaşır. O,
tanınmış bəstəkar Gövhər Həsənzadənin
yetirməsi kimi sənət yolunda zəhmət və zənginlik
axtarışını bir araya gətirir. Səmimi, emosional və
eyni zamanda məqsədyönlü biri kimi, o, musiqidə təkcə
səs deyil, ruh yaratmağın vacibliyinə inanır. Onunla həm
sənət, həm də həyat barədə
danışdıq:
- Elyanə xanım, musiqiyə gəliş yolunuz necə
başladı? Bu sahədəki ilk addımlarınızı
necə xatırlayırsınız?
- Musiqiyə gəlişim 2005-ci ildə "Yeni ulduz
4" müsabiqəsi ilə olub. Ondan sonra Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinə daxil oldum. Əslində vokal ixtisasını
istəyirdim, ancaq ailəm oxumağıma qarşı
olduğu üçün məcburən rejissorluq
ixtisasını seçdim. 2011-ci ildə "Avroviziya"
mahnı müsabiqəsinin Azərbaycan seçim turlarına
qatıldım. Elə həmin il Türkiyədən gələn
dəvətlə "Star Akademi" müsabiqəsində də
iştirak etdim. Onunla da Türkiyədəki fəaliyyətim
başladı. "Star Akademi"də Ajda Pekkan, Sertab Ərənər,
Samsun Dəmir kimi münsiflər heyətindən dəstək
gördüm. Orada müəllimim Sezen Aksunu ilk dəfə səhnəyə
çıxaran çox gözəl bəstəkar və
musiqiçi Atilla Özdəmiroğlu oldu. Allah ona rəhmət
eləsin! 13 il Türkiyədə yaşadım, fərqli
televiziyalarda musiqi verilişlərinin aparıcısı oldum.
Həmçinin, müxtəlif məkanlarda səhnəyə
çıxdım, böyük konsertlərdə iştirak elədim.
İndi isə ailəmin rəsmi işlərilə əlaqədar
Azərbaycana qayıdaraq fəaliyyətimi burada davam etdirmək
qərarına verdim. Bu yolda da ən böyük dəstəkçim
Türkiyə sənət cameəsi ilə sıx əməkdaşlığı
olan hörmətli bəstəkarımız Gövhər Həsənzadədir.
- Gövhər Həsənzadə ilə
tanışlığınız necə başladı? Onun
yetirməsi olmaq sizin üçün nə ifadə edir?
- Bu tanışlıq Azərbaycanda ilk işbirliyi
1995-ci ildən Gövhər xanımla başlayan,Türkiyənin
tanınmış şairi Ayşə Birgül
Yılmazın vasitəsilə oldu.
Türkiyəyə getdiyim ilk vaxtlardan Ayşə
xanım mənə çox dəstək olub, mənəvi
anam kimi idi. Məni Gövhər xanımla tanış edən
də Ayşə xanım oldu. Mən buna da inanıram ki, kimsə
kimisə tanış edə bilər, amma Gövhər
xanım istedadına, səsinə inanmadığı
heç kimi yaxına buraxmaz. Gövhər xanım bizim
üçün bir məktəbdir. Mən
bacardığım qədər daha çox onun yanında
olmağa çalışıram ki, yenə də nələrsə
öyrənim. Onunla tanışlığımdan və
çıxdığımız yoldan çox xoşbəxtəm.
Çünki Gövhər Həsənzadə məktəbinin
tələbəsi olmaq sənətə bir addım öndə
başlamaq deməkdir.
- Özünüzü şanslı insan hesab edirsiniz?
- Bəli, çox şanslı insanam. Amma onu da deyim
ki, həyatımda baş tutmayan heç nə
üçün təəssüflənmirəm.
Düşünürəm ki, əgər bir şey olmursa,
gecikirsə, demək ki, Allah onun ən gözəlini
hazırlayır mənim üçün, ona görə
gecikir. Həmişə buna inanmışam. İndi də elə
hiss edirəm ki, hər şey gözəl olacaq.
- Türkiyədə qazandığınız təcrübə
və səhnə həyatı sizə nələri öyrətdi?
- Biz Türkiyə şou-biznes təcrübəsini hər
zaman özümüzə örnək
götürürük. "Star Akademi"də biz çox
gözəl yetişdirildik. Hətta səhnədə
duruş, baxış, yeriş belə, bir sözlə, əsl
səhnə mədəniyyəti öyrədilirdi. Ancaq mənə
orada da hər zaman münasibət fərqli idi. Müəllimlərim
məni hər kəsdən fərqləndirirdilər, mənimlə
özəl məşğul olurdular. Çünki mən
yaradıcı emosiyalarımla çərçivələrə
sığmayan bir ifaçı idim. Hər şey ruh
halımdan asılı idi. İndi də elədir. Fikrimcə,
yaradıcı insan elə bu cür olmalıdır. Bu gün
Gövhər xanımın hər ifaçıya individual
yanaşması inkişafımda mənə çox
böyük dəstək verir. Məhz səhnədə
hansı obraz olduğumu da o kəşf edərək,
tamaşaçının qəlbinə aparan o şərəfli,
keşməkeşli və çox uzun yolu fəth etməyimə
dəstək verir. Sözləri və musiqisi Gövhər
xanıma aid olan "Bezmişəm" adlı ilk
mahnımız, düşünürəm, çağdaş
estradamızda fərqliliyimi nümayiş etdirəcək. Bu
mahnı ilk Ayşə xanımın "Dönəməm,
yeminliyim" sözlərinə bəstələnmişdi.
Daha sonra həmin sözlərlə də ifa edəcəyik. Fərqliliyi
sevirəm. Qatıldığım müsabiqələrdə
ifalarımdan əlavə, geyimlərimlə də yadda
qalmışam. Hətta kibrit çöpündən,
"butulka" qapaqlarından səhnə geyimləri
hazırlamışdıq mənə. Demirəm ki,
açıq-saçıq geyinmişəm, yox, fərqlilik
açıq-saçıqlıq deyil. Universitet illərində
də öz rəngli, fərqli geyimlərimlə
seçilirdim. Hətta buna görə rektorumuz tərəfindən
dəfələrlə danlanırdım, amma səhnə
danışığı müəllimim Könül Axundova
məni hər zaman müdafiə edirdi ki, o, yaradıcı
insandır və özünü bu cür ifadə edir.
- Türkiyə və Azərbaycan musiqi mühiti
arasında hansı fərqləri hiss etdiniz? Bu fərqlər
sizin yaradıcılığınıza necə təsir edir?
- Türkiyədə bayağı və səviyyəli
musiqi anlayışları yoxdur. Orada ancaq janrlara önəm
verilir, vəssalam. Hər kəs öz janrında oxuyur, hər
kəsin də öz dinləyicisi var. Amma kim nə oxusa da,
onun ən peşəkarını eləməyə
çalışır. Orada müğənnilər əlçatmazdır.
Hər kəs gözləyir ki, müğənninin konserti
olsun, gedib bilet alsın, diski çıxsın, onu əldə
etsin və sair. Müğənnilər də peşəkarlara
öz işlərini həvalə edərək
formalaşırlar və maddi qazanırlar. Bizdəki kimi
yarımçıq iş görərək, məhdud şərtlərlə
musiqi materiallarını efirlərdə nümayiş etdirmirlər.
Məclis - əyləncə ifaları ilə efir - konsert
ifalarının fərqinə varmaq lazımdır. Türkiyə
efirlərinə çıxmaq, nə isə etmək heç
də asan deyil. Şükürlər olsun ki, mən
İstanbul kimi nəhəng şəhərdə təkbaşıma,
cüzi də olsa, nəsə etməyi bacardım.
- Oradakı ən böyük uğurunuz nəyi hesab
edirsiniz?
- Oradakı ən böyük uğurum Atilla Özdəmiroğlu
kimi dahi bir bəstəkarla tanış olub, ondan dərs
almağım oldu. Mən illər öncə qarmon təhsili
almışdım, sonra isə akardeon ifa edirdim. "Star Akademi"yə
də öz akardeonumla getmişdim. Elə oldu ki, Bakıya gələrkən
akardeonu özümlə gətirə bilmədim və verdim
Atilla bəyə. O niyyətlə verdim ki, apara bilmirəm, siz
hansısa musiqiçinizə, ya kiməsə verərsiniz. Təxminən
iki il sonra - Atilla müəllimin vəfatından bir neçə
ay öncə yenidən Türkiyəyə qayıdanda onu
ziyarətə getdim və o, sürpriz kimi həmin akardeonu mənə
təqdim etdi. Sən demə, mənim akardeonumu
saxlayıbmış. Bu, mənim üçün unudulmaz bir
xatirədir. Fikrimcə, mənim Türkiyədəki ən
böyük uğurum gözəl insanlarla yolumun kəsişməsidir.
- Öz musiqi üslubunuzu necə xarakterizə edərdiniz?
Hansı janr sizə daha doğmadır?
- Əslində, pop janrında başladıq, amma indi
Gövhər xanımla pop-rok janrı üzərində qərarlaşdıq.
Mən öz aləmimdə bu ifaya melodik axarına və milli
vokal çalarlarına görə "incə rok"
adını qoymuşam.
- Sizcə, Azərbaycan tamaşaçısı, dinləyicisi
sizi nə ilə fərqləndirəcək?
- Dünyanın ən tələbkar və incə
ruhlu dinləyiciləri Azərbaycandadır. Hələlik ilk
fərqim adımdır. Səhnədə tək Elyanə mənəm.
İkincisi, illər ərzində mən də yox idim,
Gövhər Həsənzadə də müğənnilər
yetişdirmirdi və elə buna görə də indi hər kəsin
qınağına tuş gəlir. Düşünürəm,
illər sonar onun mənimlə yaradacağı musiqi məhsulları
mənim də fərqimi üzə çıxaracaq
inşallah. İllər sonra Gövhər xanımın səhnəyə,
musiqiyə təqdim etdiyi adlardan olmaq özü fərqlilikdir.
- Musiqidən kənarda necə bir insansınız?
Dinləyicilərinizə sizi daha yaxından tanıdacaq
hansı xüsusiyyətinizi bölüşmək istərdiniz?
- İnsanları çox sevirəm. Mənə
qarşı edilmiş ən betər pisliyə belə
öz-özlüyümdə səbəb tapmağa,
qarşımdakına haqq qazandırmağa
çalışıram. İnsanların pis ola biləcəyinə
inanmaq istəmirəm. Bəzən bu xasiyyətim həm həyatda,
həm də sənətdə mənə mane olur, amma dəyişə
bilmirəm. Çünki başqa cür yaşamaq çox
çətindir.
İçimdə nə qədər fırtınalar
qopsa da, hər zaman pozitiv, çılğın və
enerjiliyəm. Müəllimim Könül xanım deyirdi ki, sən
harada yoxsansa, orada olmaq istəyirsən. Bu cümləni
çox sevirəm. Bəli, harada yoxamsa, orada olmağa can
atıram.
Eyni zamanda, ta uşaqlığımdan öz cəsarətimlə
seçilmişəm. Hətta evdə bacılarımın səhvlərini
belə həmişə öz üstümə götürərdim,
özümü qabağa verərdim. Dostluqda sədaqətli və
fədakaram. İnanıram ki, qarşıma çıxan
yaxşı insanlar, qazandığım uğurlar da bu
xüsusiyyətimin, bu addımlarımın cavabıdır.
Çünki mən heç zaman heç kimsəyə
qarşı içimdə pis niyyət
daşımamışam.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 19 aprel(№66).- S.16.