"Onsuz illərdə çox
mübariz olmağı, haqlarımı tələb etməyi
öyrəndim"
ŞƏHİD PİLOT POLKOVNİK-LEYTENANT
RƏŞAD ATAKİŞİYEVİN XANIMI,
PİANOÇU-BƏSTƏKAR, BAKI MUSİQİ
AKADEMİYASININ PROFESSORU KÖNÜL HÜSEYNOVA İLƏ
SÖHBƏT
Hər dəfə incəsənətin musiqi sahəsindən
yazmaq lazım gələndə Seyid Əzimin məşhur
"Guş qıl, ey ki bilirsən özüvi vaqifi-kar" qəzəlindən
bir misra yadıma düşür: "Fəhm qıl, gör
ki, nədir musiqiyü müsiqar". Əsrlərlə yol gələn
Azərbaycan musiqisi zamanı adlaya-adlaya, özəlliyini qoruya-qoruya,
dahi musiqiçilər yetirə-yetirə elə bir zirvəyə
çatıb ki, bu gün onun muğamı UNESCO-nun Bəşəriyyətin
Qeyri-maddi Mədəni İrsi üzrə Reprezertativ
Siyahısına daxil edilib. Musiqi ilə bağlı olan
insanlarla söhbətlərimiz az olmayıb. Amma bu gün
növbəti yazıya başlamaq istəyəndə, birdən
düşündüm ki, indiyə qədər musiqiyə
verilən tərifi heç araşdırmamışam. Lakin:
"Yanlış da bir naxışdır" deyib səhvi
düzəltməyə cəhd etdim. Deməli: "Musiqi səsli,
bədii obrazların gerçəklikdə əks etdirən,
insanın psixikasına fəal təsir edən incəsənətin
növlərindən biridir. Musiqi forma, harmoniya, ritm və ya
başqa cür ifadəli məzmunun birləşməsidir".
Bu, musiqinin elmi tərifidir. Yaradıcılıq
baxımından yanaşsaq, musiqi ruhun səsi, hisslərin
dilidir. Musiqidə sevinci də, kədəri də, sevgini də,
həsrəti də, ümidi də tapmaq olar. Bəzən bir
baxışın, bir yaddaşın, ani bir məqamın
davamıdır musiqi. İnsanı həm ağladar, həm də
sağaldar.
Hər bir məktəbdə olduğu kimi musiqi sahəsi
də əlifbadan başlayır. Bu əlifbada yer alan cəmi
yeddi səsin harmoniyası elə möcüzələr
yaradır ki, dünyanı vəcdə gətirir, irqindən,
dilindən, mənsubiyyətindən asılı olmayaraq bəşəriyyəti
ovsunlaya bilir.
Bu dəfə uşaqlarımızın musiqi
zövqünün, duyumunun əsasını qoyan bir mədəni
ocağın qapısını döymək istədik. Gəldiyimiz
ünvan Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbi oldu. Müsahibimiz isə şəhid hərbçi
pilot polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı, məktəbin
direktoru, pianoçu-bəstəkar, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Bakı Musiqi
Akademiyasının professoru Könül Hüseynovadır.
- "Yaşa xalqım, canım, qanım,
Bölünməzsən Azərbaycan". Vətənpərvərlik
silsiləsindən olan bir bəstənizə
yazdığınız şeirin iki misrasıdır. Zənnimcə
ilk addımlardan başlasaq, yerinə düşər...
- Bir yaşım olanda atam evimizə fortepiano alıb və
anamın dediyinə görə, ayaq tutub yeriməyə
başlayandan bu alət məni özünə cəlb edib.
Tez-tez ona yaxınlaşıb dilləri səsləndirərmişəm.
Artıq 4-5 yaşım olanda televizor və radioda eşitdiyim
musiqiləri yavaş-yavaş çalmağa
başlamışam. Beləcə, evdə musiqiyə olan
marağımı hiss edib beş yaşlı balaca
qızı musiqi məktəbinin hazırlıq sinfinə
verdilər və notlarla tanışlığım
başladı. Məktəb yaşım çatanda evimizə
yaxın 1 saylı ümumtəhsil məktəbində də
artıq yerlər dolduğundan anamın məsləhətilə
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gətirdilər
məni. Amma həmin məktəbə qəbul
üçün uşaqlar dörd qabiliyyət mərhələsi
keçməli idi. Anam buna tam arxayın olmasa da, həmin
imtahanlara qatıldım və yüksək balla məktəbə
qəbul oldum. Peşəkar müəllimlərdən dərs
aldım. Fənn müəllimlərim məni humanitar sahələrə
yönəltmək istəsələr də, ixtisas müəllimlərimin
mənə sərf etdiyi zəhməti daha çox dəyərləndirdiyimdən
elə bu yolun axırı ilə getməyə qərar verdim.
Əslində özlüyümdə uğur
qazanacağıma əmin idim və zaman göstərdi ki,
bunda heç yanılmamışam da. Məktəbi fərqlənmə
ilə bitirdim, yüksək balla Bakı Musiqi Akademiyasına
daxil oldum. Akademiyadan sonra aspirantura pilləsi gəldi və
hamısını əlimdə fərqlənmə diplomu ilə
başa vurdum, vaxtından əvvəl müdafiə də
etdim. Həyatımın musiqili dinamikası məni
bugünkü mərhələyə gətirib
çıxardı.
- Sizin üçün ata, ictimaiyyət
üçün tanınmış sima Qabil Hüseynli...
- Deyərdim ki, təhsilimizlə bağlı həm mənə,
həm qardaşıma qarşı atamın tələbkarlığının
sərhədi olmayıb. Evdə elə bir ciddi mühit
yaratmışdı ki, onun yanında televizorda hansısa bir
proqrama baxmağa çəkinirdik. O gələndə əlimizdə
ya kitab olmalı idi, ya da dərslərimizlə məşğul
olmalı idik. Zamanında bu, içimizdə
narazılıqlara səbəb olsa da, indi hər ikimiz
atamıza çox minnətdarıq. Aspirantura təhsili
dönəmində hər günüm nəzarət
altında idi. Tapşırıq verirdi ki, məqalənin bir
hissəsi bu gün yazılmalıdı və sonra onu məndən
tələb edirdi. Musiqi ilə əlaqəsi olmasa belə,
yazdıqlarıma göz gəzdirirdi,
tapşırdığı işin yerinə yetirildiyini
görəndən sonra razılığını bildirirdi.
Bilirsiniz, musiqi elə bir sahədir ki, burada valideynin ciddi nəzarəti
mütləq olmalıdır. Həm yaşın elə bir
dönəmi, həm bu sənətin elə çətin məqamları
var ki, təhsilin ilk pillərində təhsildən
uzaqlaşmaq kimi bir fikir də əmələ gəlir.
Cansıxıcı məşğələlər, mükəmməl
çala bilməmək, evdə gərgin hazırlıqlar
fikir çaşqınlığı yarada bilir. Bu
nöqteyi-nəzərdən atama çox borcluyam.
- Adınızın qarşısında şəhid
xanımı kimi ağır olduğu qədər şərəfli
kəlmə var. Kiçik ailənin qısa ömrünün
tarixçəsinə üz tutaq. Qurulan hər yuva
tanışlıqdan başlayır...
- Həyatımın ən böyük xoşbəxtliyi
Rəşadla tanışlığım və iki
övladımızdır. Tanışlığımız
2010-cu ilin isti avqust günlərinin birində olub. Rəşad
və onun xalasının Gəncədə həkim işləyən
bibimqızı ilə ailəvi dostluqları vardı. Əvvəldən
həkim-pasiyent kimi başlayan münasibət sonda yaxın
dost münasibətinə çevrilib. Məni görüb, bəyənib,
haqqımda məlumat topladıqdan sonra bibim qızının
vasitəsilə Rəşadla tanış olduq. Səkkiz aydan
sonra ailə qurduq və səkkiz il çox gözəl bir həyat
yaşadıq.
- Gözəl həyat yaşadığınız Rəşad
Atakişiyev...
- Sevgi dolu bir insan idi Rəşad. Həm sənətimdə,
həm bir xanım kimi mənə böyük dəyər
verirdi. Ailəsinin üzərində bir qoruyucu mələk
idi. Çalışardı ki, boş vaxtlarını ailəsilə
keçirsin. Qayğısı ilə uşaqları elə əhatə
edə bilmişdi ki, işdən yorğun gəldiyini belə,
hiss etdirmirdi. O məşum hadisədən bir gün əvvəl
bizim ailəvi bir gəzintimiz oldu, gözəl bir gün
keçirdik. Heç demə, bu, son vida gəzintimiz imiş.
- Tanışlığa qədər onun hərbçi-pilot
olduğunu bilirdiniz...
- Etiraf edim ki, o haqda artıq məlumatım olanda
hardasa narahatlıq özünü göstərə
bilmişdi. Bununla belə, bu, məni onunla görüşməkdən
çəkindirmədi. Tanışlığımızdan
sonra isə həmin hissin mənim üçün heç
bir əhəmiyyəti olmadı. Rəşadın mədəniyyəti,
mənəvi zənginliyi, əxlaqı, etik
davranışı o qədər mükəmməl idi ki,
özüm belə mat qalmışdım. Həmin bu
münasibəti bu gün onun ata-anası, yaxın
qohumlarından da görürəm. Bizi o qədər isti, səmimi
qayğı ilə əhatə ediblər ki, bu bağların
Rəşadsız davam etdiyinə çox üzülürəm.
Bəzən deyirlər ki, ideal deyə, bir anlayış
yoxdur. Amma onların timsalında əminliklə deyə bilirəm
ki, ideal ailə var.
- Hərbçi xarakterində sərtlikdən
qaçmaq olmur. Bununla belə, onlar həm də isti bir
ocağın başçısıdır...
- Təbiət etibarilə Rəşad çox
mülayim insan idi. Bunu özü də vurğulayırdı
ki, işdə mən tamam başqayam. Ciddiliklə
yanaşı, əsgərlərinə qarşı çox
diqqətcil, həssas idi. Kimin nəyə ehtiyacı
olduğunu həmişə müşahidə edər və
sıxıntı çəkməsinə imkan verməzdi.
Bununla belə, evdə iş söhbətlərinə
heç vaxt yer ayırmazdı. Çox təvazökar biri
idi. 2019-cu ilin əvvəlində Rəşada polkovnik-leytenant
rütbəsi verildi. Evdə bu haqda heç söz də
açmamışdı ki, bir xəbərimiz olsun.
Böyük oğlum çox diqqətcildi. Səhər mayor
paqonu ilə işə gedən Rəşad axşam evə gələndə
Turqut dərhal dedi ki, ata, paqonun dəyişib. Rütbə ilə
yanaşı, onun vəzifəsi də
artırılmışdı. Çox sevindik, onu təbrik
etdik və dedim ki, bunu qeyd etməliyik. İsrarla dedi ki, qətiyyən
belə bir iş görməyin, bu, mənim işimdir,
dövlətin mənə göstərdiyi etimaddır və
bunu nümayiş etdirməyə ehtiyac yoxdur.
- İnsan həyatı "kaş ki" demədən
ötmür. Kaş ki Rəşad hərbçi olmazdı...
- Mən Rəşadla həmişə qürur
duymuşam və inanırdım ki, general rütbəsinə
qədər yüksələcək. Yalnız bu qəza
baş verəndən sonra dedim ki, kaş ki Rəşad təqaüdə
çıxa biləydi, çünki özü onu gözləyirdi.
Amma hərbçi olduğuna heç vaxt təəssüflənməmişdim,
çünki onu həyatıma elə qəbul etmişdim.
İndi isə Rəşadın şücaətilə fəxr
hissi duyuram. Kiçik yaşlarından onda həkim olmaq həvəsi
olub. Lakin tale elə gətirib ki, C.Naxçıvanski adına
Hərbi Liseyə qəbul olub və oranı müvəffəqiyyətlə
bitirib. Daha sonra pilot kimi H.Əliyev adına Hərbi
İnstitutda təhsilini davam etdirib. Rəşad həmin
institutu uğurla bitirən və seçilən beş
pilotdan biri olub. Çünki oranı bitirən hər hərbçi
məzun pilot ola bilmir. Pilot olmaq üçün müəyyən
meyarlar var ki, onlar Rəşadda yüksək dərəcədə
olub. Azərbaycan Ordusunun 100 illiyilə bağlı paradda Rəşad
Atakişiyev səmada məharətlə
bacarığını nümayiş etdirib. "Turaz
Qartalı" devizi altında Azərbaycan və Türkiyə
Hərbi Hava Qüvvələrinin birgə keçirdiyi təlimlərdə
iştirak edib. Konyadakı hərbi təlimlərə Azərbaycandan
Türkiyəyə uçan hərbçilərin
sırasında Rəşadın təyyarəsi həmişə
öndə gedib.
- Rəşad Atakişiyev Aprel döyüşlərinin
də iştirakçısı olub...
- Bəli, olub, lakin biz bunu döyüşlər bitəndən
sonra bilmişik. Dedi ki, işdə olacağam, biz də onun hərbi
hissəsində olduğunu zənn etdik. Yalnız qayıdandan
sonra məsələni bizə söylədi.
- Sizin nəzərinizdə onun xarakterinə uyğun
başqa bir səhə...
- Rəşad gözəl rəsmlər çəkə
bilirdi, riyazi bilgisi çox güclü idi və ondan mükəmməl
riyaziyyatçı olardı. Dülgərliyi bacarırdı,
evdə hansısa bir əşyaya təmir lazım olsaydı,
öhdəsindən mütləq şəkildə gələ
bilirdi.
- Və həmin acı gün...
- Həmin gün Rəşadı anası yola saldı.
Bir həftə idi ki, onu Gəncədən gətirmişdik
ki, bir qədər bizimlə olsun. Planımız belə idi
ki, Qəbələyə gedək, həm oradakı festivalda
iştirak edək, həm də bir neçə gün gəzək.
Lakin çox keçmədən bir telefon zəngi bir anın
içində həyatımızı dəyişdi. Xəbər
sürətlə bütün ölkəyə yayıldı.
Son ana qədər Rəşadın sağ qalma ehtimalına
ümidim vardı, baxmayaraq ki, hərbçi yoldaşları
bunun mümkün olmadığını söyləmişdilər.
Hadisənin səhəri günü Rəşadın
anası və mən qəza yerinə getdik. Beş barmaq
dağı ilə üzbəüz ərazi idi. İki
qadın böyük bir ərazidə Rəşadı
axtarırdıq. Kiçik bir ehtimalın
olmayacağını bilə-bilə, yenə də
düşünürdük ki, bəlkə rastımıza nəsə
bir iz çıxar. Dənizə düşən təyarədən
nə iz tapmaq olardı ki... 27 gün çəkən
axtarışlarda ən çətin dönəmi
yaşadıq. Nəşi tapılandan bir gün sonra Rəşad
II Fəxri xiyabanda dəfn edildi.
- O zaman Turqutun yeddi, Qalibin iki yaşı vardı...
- Axtarışlar gedən dönəmdə çox gərgin
günlər yaşayırdıq. Bu baxımdan Turqutu müəyyən
bir vaxta yaxınlarımızın evinə göndərdik.
Bir müddət bunu ondan gizlədərək atasının
döyüşlərdə olduğunu dedik. Dəfndən
sonra bir həftə ailə dostlarımızın
qayğısı altında qaldı. Evə qayıdandan sonra
telefonda qarşısına Rəşadın dəfn mərasimindən
görüntülər çıxıb. Cənazənin
önündə onun şəklini görəndə elə dəhşətlə
qışqırdı ki, o səs hələ də
qulaqlarımdadır: "Ana, bu mənim atamdır?" Onu
sakitləşdirmək üçün dedim ki, yox, bu
atanın geyimləridir, özü döyüşlərdə
şəhid olub. Şəhidlər isə heç zaman
ölmür. Sən böyüyəndə o qayıdacaq. Bir
il yarıma kimi onu buna inandırmağa
çalışdım. Turqut ciddi xarakterə malik, hər
şeyi içində saxlayan uşaqdır, bəlkə də
onda olanları anlamışdı. Bir dəfə ikilikdə Rəşadla
bağlı xatirələri yada salırdıq.
Üzünü mənə tutub dedi: "Ana, sən elə
bilirsən dediklərinə inanmışam? Ata heç vaxt
qayıtmayacaq, mən bunu bilirəm". Onun bu sözlərindən
sonra bir daha Turquta söylədiklərimin üstünə
qayıtmadım. Bir hadisəni də unuda bilmirəm.
Əhvalımın çox pis vaxtı idi. Mənə
yaxınlaşıb belə dedi: "Elə bilirsən ki, sən
ağlayanda mən yaxşı oluram? Bəyəm mən onu
istəmirəm? Sadəcə istəyimi büruzə vermirəm".
Rəşadın bütün xüsusiyyətləri Turqutda cəmlənib.
Kiçik oğlum isə başlanğıcda atasını
çox soruşurdu. Ona da atasının uzaqda
döyüşlərdə olduğunu deyirdim. Bir müddətdən
sonra niyə gəlmədiyini soruşdu. İndi isə
artıq heç nə soruşmur, yəqin onun yoxluğuna bəlkə
də alışıb.
- Rəşadsız illərdə həyatda öyrəndikləriniz...
- Çox mübariz və güclü oldum. Daha əzmli,
daha möhkəm olaraq daxilən başqa bir insana
çevrildim, haqlarımı tələb etməyi öyrəndim.
Kənardan baxanlar mənə: "Nə qədər möhkəm,
əzmli, zərif çiyinlərinizdə ağır yük
daşımaq gücündəsiniz" deyəndə,
düşünürəm ki, kaş əvvəlki tək zərif
bir xanım olaraq qalardım. Təəssüf ki, həyat belə
gətirdi...
- Amma bu əzmkarlıq sizin vətənpərvər
ruhunuzu daha da gücləndirdi...
- 44 günlük müharibənin gətirdiyi qələbə
mənə güclü təkan verdi. Sənətindən,
peşəsindən asılı olmayaraq, hər bir azərbaycanlının
illərlə aşağı dikilən başı qalxdı
və dünya gördü ki, həqiqətən də haqq
incəlsə də, üzülməz. Mən bir sənət
adamı kimi öz sahəm üzrə layihələrə
qoşulmağa qərar verdim. "Zəfər" Şəhid
ailələrinə dəstək İctimai Birliyinin rəhbəri,
Sevinc Orucovanın dəstəyilə ilk layihəmə birlikdə
imza atdıq. Uzağa getmədən son layihəmizi
vurğulamaq istərdim. Layihə "Şəhid
övladlarının incəsənət akademiyası"
adlanırdı. Bu layihədə uşaqlar musiqi və rəssamlıq
sahələri üzrə təlimlərə qoşularaq
üç ay müddətində müəllimlərdən dərs
aldılar. Həmin müəllimlərin sırasında mən
də vardım. Artıq neçənci layihədir ki, bu
balalara musiqi sahəsində öz köməyimi ürəklə
göstərirəm. Həmin uşaqlar üçün
mahnılar bəstələyirəm və bizim musiqiçilərimiz,
texniki heyət böyük məmnuniyyətlə, təmənnasız
olaraq bu əmanətlərin yanında olur. Xalq artistlərimizdən
tutmuş digər görkəmli sənət adamları bu
uşaqlarla birlikdə konsertlərdə çıxış
edir. Məhz bu layihələr musiqi sahəsində şəhid
övladlarının cəmiyyətdə tanınmasında
böyük rol oynayır.
- Yəqin ki, azad Qarabağla bağlı layihələr
olmamış deyil...
- Üç il əvvəl Şuşada bir layihəmiz
həyata keçdi. Hələ orada konsertlər yeni-yeni
başlanğıc alanda biz Şuşada bir saat
yarımlıq konsert proqramı ilə çıxış
etdik. O uşaqlarla birlikdə vətənpərvərlik
ruhunda 15 mahnı hazırlamışdıq, pianoda onları
özüm müşayiət edirdim.
- Bildiyim qədər mahnıların müəllifi də
özünüzsünüz...
- Şəhidlərimizin xatirəsinə həsr
etdiyim xeyli sayda bəstələrin müəllifiyəm.
İlk mahnımın qəribə bir tarixçəsi var. Həmin
mahnını gömrük orqanlarının yeganə şəhidi
Ülvi Hacıyevə həsr etmişdim. Ülvinin nəşi
uzun müddət tapılmadığından bu mənə Rəşadın
axtarışlarını xatırlatdığı
üçün çox təsirləndim. Beləcə,
sözləri Vahid Əzizə məxsus olan "Şəhidlik
zirvəsində" mahnısı ərsəyə gəldi.
Təsadüf isə elə gətirdi ki, mahnını onun
döyüş yoldaşı ifa etdi. Ülvi həmin
döyüş yoldaşının gözləri
qarşısında şəhid olmuşdu. Mahnı Akademik
Opera və Balet Teatrının solisti, qazi Atəş Qarayevin
ifasında səsləndi.
- Yəni bu, bir təsadüf idi...
- Bəli, sırf təsadüf... Hər ikisi bir-birini
tanımadan eyni manqada döyüşüb. Mahnının
ifası üçün Xalq artisti Fidan Hacıyeva məni Atəş
Qarayevlə tanış etdi. Mahnının kimə həsr
edildiyini biləndə Atəş haldan-hala düşdü və
dedi ki, on iki nəfər döyüş yoldaşlarımın
içində yeganə onun şəhid olduğunun şahidi
olmuşam. Təsadüfdən əlavə, mən ruhların hər an biz insanları
izlədiyinə əminəm və onu da bilirəm ki, kainatda
hərlənib-fırlanan nə varsa, sonunda öz nöqtəsinə
çatır. Bax, beləcə şəhidlərin xatirəsinə
həsr olunan mahnılar yaranmağa başladı. Hər
birinin ailəsilə isti, səmimi münasibətlərimiz
yarandı. Onlarla birlikdə çox layihələrdə
oluruq. Elə biri ötən ilin avqust aynda Türkiyədə
baş tutdu, cənab Rəcəb Tayib Ərdoğanla
görüşümüz oldu. Yəni bu səpkili layihələr
şəhidlərimizin ruhuma ehtiramla yanaşı, onların əbədi
yaşarlığı deməkdir.
- Könül Hüseynova həm pianoçu-pedaqoqdur,
həm də musiqişünas...
- Elədir, ilk layihəyə qədər işim
yalnız bu idi. Ölkəmizdə və xaricdə nəşr
olunan 40-dan artıq elmi məqalələrin, monoqrafiyaların
müəllifiyəm. Dissertasiya işim əsasında
yazılan "Musiqimizin Fərhadı" kitabı
"Humay" mükafatına layiq görülüb. Bu
yaxınlarda "Robert Şumanın yaradıcılıq
nümunələrinin ifaçılıq və təfsir
xüsusiyyətlərinin özəlliklərinə dair" dərs
vəsaitim işıq üzü görüb. Elmi fəaliyyətimi
də davam etdirirəm. Əslində bəstələrim elə
tələbəlik dövründən yaranmağa
başlayıb. Lakin bunu üzə çıxarmadan müəllimlərimə
göstərirdim. Onlardan mənə tövsiyələr gəlsə
də, mən əsas peşəmin pianoçu olduğundan
bir növ çəkinirdim və bu bəstələr
artıq hobbiyə çevrilmişdi. Lakin Rəşadın
itkisi, ardınca müharibə içimdəki hisslərin
notlara çevrilərək insanlara
çatdırılmasına sövq etdi. Sevinc Orucova
"Yenilməzsən Azərbaycan" mahnısını dinlədikdən
sonra çox bəyəndi və məni ruhlandırdı.
Mahnı Xalq artistlər Fidan Hacıyeva və Samir Cəfərovun
ifasında səsləndi, bəyənildi. Bununla da həyatımda
yeni bir yaradıcılıq səhifəsi açmış
oldum. "Şəhidlik zirvəsində", "Murov
qartalı", "Şuşam mənim", "Zəfər",
"Qoruyaq dünyamızı", "Azərbaycan əsgəri"
və digər mahnılar səslənməyə
başladı. Bir çox mahnılarımın sözləri
Xalq şairi Vahid Əzizə məxsusdur, onunla
yaradıcılığımız davam edir. "Vətən
övladları" adlanan son mahnı şəhid
balarının bizə onlardan qalan əmanət olduğu
ehtiva edir.
- Bəstələriniz içində Rəşad
Atakişiyevə həsr etdiyiniz mahnı yəqin ki var...
- "Yenilməzsən Azərbaycan"
mahnısında da belə bir misra var: "Rəşadətli
Rəşadların, Raquf ruhlu qartalların". Ümumiyyətlə,
yaradıcılığımda vətənpərvərlik
motivlərimin əsas hissəsini Rəşad tutur, onun qələbəmizi
görmədiyinə çox üzülürəm.
Bütün şəhidlərimizin bu tarixi zəfəri
görməyə haqqı vardı.
- Həyatda itirdiklərimizlə yanaşı,
qazandıqlarımız da olur...
- Hər bir kəs adını da, hörmətini də,
dəyərini də özü qazanır. Azdan-çoxdan buna
nail olmuşam. Lakin mən şəhid xanımı
adını da daşıyıram. Bu şərəfli ad mənə
Rəşad Atakişiyev kimi bir vətənpərvər
insanın sayəsində nəsib olub. Acı həqiqət də
olsa, qazandığım budur. Və bu adı şərəflə,
ləyaqətlə daşımaq Rəşadın və
övladlarımızın qarşısında ali borcumdur.
SÖZARDI: Nədənsə mənə elə gəlir
ki, şəhid ruhları narahat yox, daha çox nigaran olur.
Onlardan geridə qalan yarımçıq ailəyə görə
daha çox nigarandır onlar. Həyat bütün
ağrısı-acısı, sevinci, xoş günlərilə
ömrümüzə düşən bir paydır. İnsan
yıxıldığı kimi qalxmağı,
ağladığı kimi göz yaşını silməyi,
üzüldüyü kimi ruhdan düşmməyi də
bacaran bir varlıqdır. Və bu gün biz bunları şəhid
xanımlarının timsalında görürüksə, deməli
ki, yenilməzsən, Azərbaycan!
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.- 22 aprel(№67).- S.12;13.