Vyanada Məhəmməd
Əsəd bəyin xatirəsi anılıb
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində
Azərbaycan ədəbiyyatında özünəməxsus yerə
malik, müxtəlif imzalar altında bənzərsiz əsərlər
yaratmış Məhəmməd Əsəd bəyin (Qurban Səid
və ya Lev Nussimbaum) anadan olmasının 120 illiyi münasibətilə
onun həyat və yaradıcılığına həsr
olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş
sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin
rəhbəri Leyla Qasımova yazıçının ədəbi
irsinin əhəmiyyəti və onun
yaradıcılığına marağın
böyüklüyü barədə danışıb.
Bildirilib ki, keşməkeşli həyat yaşamış Məhəmməd
Əsəd bəyin kimliyi və onun ən məşhur əsəri
“Əli və Nino“ romanının müəllifliyi ilə
bağlı ədəbi dairələrdə fikir
ayrılığı mövcud olmasına və geniş
müzakirələrin aparılmasına baxmayaraq, məhz bu əsərdə
oxucu ötən əsrin əvvəlində Azərbaycanda
baş verən hadisələrə, milli-etnik münasibətlərə,
ilk növbədə isə tolerant mühitə yaxından nəzər
salmaq imkanı əldə edir.
Vyana Yəhudi Muzeyinin direktoru Barbara Ştaudinqer öz
nitqində Vyana şəhərinin zəngin yəhudi tarixinə
malik olduğunu, bu icmanın mədəni həyatın
inkişafına töhfə verdiyi və bir neçə il
Vyanada yaşamış və bu şəhərdə ən məşhur
əsərlərini qələmə almış Məhəmməd
Əsəd bəyin timsalında daha bir yaradıcı
insanın dünya mədəniyyətini zənginləşdirdiyini
diqqətə çatdırıb.
Vyana Universitetində “Müasir Avropa, yoxsa geridə
qalmış Asiya. Məhəmməd Əsəd bəyin əsərlərində
Şərq və Qərb” mövzusunda dissertasiya müdafiə
etmiş Yaqut Abdalla öz çıxışında bir
zamanlar məşhur olan, daha sonra isə unudulan müəllifin
ən mühüm həyat mərhələləri barədə
danışıb. Y.Abdalla məruzəsində əsas diqqəti
Məhəmməd Əsəd bəyin yaradıcılığının
Vyana dövrü (1933-1938), onun buradakı çevrəsi və
tanışları, xüsusilə də Avstriya
yazıçısı Annemariya Selinko ilə ədəbi əlaqələrinə
yönəldib və “Əli və Nino“ romanı ilə
Selinkonun “Mən çirkin qız idim“ romanı arasında təhlil
aparıb.
Berlin Ədəbiyyat Evinin əməkdaşı, Məhəmməd
Əsəd bəy irsinin araşdırmaçısı
Sebastian Yanuşevski yazıçının on ildən
artıq müddəti əhatə edən Berlin dövründən
(1921-1933) bəhs edib. “Əsəd bəy Berlində - Lev
Nussimbaumun yazıçıya çevrildiyi şəhərdə“
adlı məruzədə yazıçının
Almaniyadakı ədib kimi qurduğu karyerası, eləcə də
nüfuzlu “Ədəbi dünya“ jurnalında çoxsaylı
məqalələri, Rusiyadan mühacirət etmiş incəsənət
xadimlərinin “Çardaqda“ klubunda iştirak və şairlər
klubunda üzvlüyü barədə məlumat verilib.
Almaniyada fəaliyyət göstərən
“Hans-Yürgen Maurer” nəşriyyat evinin sahibi Hans-Yürgen
Maurer isə öz məruzəsində Məhəmməd
Əsəd bəyin həyatının İtaliyada keçən
son illərindən (1938-1942) bəhs edib. Məruzədə təqiblərdən
yaxa qurtarmaq üçün İtaliyanın Positano qəsəbəsinə
sığınan Əsəd bəyin xəstəlik, tənhalıq,
məhrumiyyətlər və əzab içində keçən
son illərindən danışılıb. Məruzədə,
həmçinin ağır xəstəlikdən əziyyət
çəkən yazıçının ağır günlərində
ona qayğı göstərən insanlar, xüsusilə onun
vaxtilə dayəsi olmuş Alis Şulte ilə
yazışmaları, bu insanların onun həyatındakı
rolundan bəhs edilib.
Məruzələrdən sonra
iştirakçıları maraqlandıran suallar ətrafında
fikir mübadiləsi aparılıb, eləcə də Mədəniyyət
Mərkəzində Məhəmməd Əsəd bəyin əsərləri,
onun həyatının müxtəlif dövrlərini əks
etdirən fotoları və öz xətti ilə yazılan məktubları
nümayiş olunub.
525-ci qəzet .-2025.- 26 aprel(¹71).- S.18.