"Səhnə məndən
ötrü sirli-sehrli məkandır"
Gənc müğənni Rövşanə Kərimduxt:
"Hər dəfə səhnəyə çıxanda sanki
içimdəki fərqli bir güc yenidən oyanır"
Hər səsin bir ünvanı var. Bəziləri dərhal
eşidilir, bəziləri isə kütlə səs-küyünün
arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində
yaranan gurultu içində bəzən o səslər
eşidilmir, zövqlər qarışır, istedadlar isə
kölgədə qalır. Amma gələcəyə ümid
sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni
səslər doğulur. Biz də həmin səslərin izinə
düşürük. Azərbaycan musiqisinə yeni nəfəs
gətirən, amma hələ geniş auditoriya tərəfindən
kifayət qədər kəşf edilməmiş gəncləri
"525-ci qəzet"in yeni - "Səsin izi ilə"
rubrikasında oxuculara təqdim edəcəyik. Hər şənbə
bir gənc, bir səs, bir hekayə, bir ümid...
Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika
istedadın ünvanıdır.
Azərbaycan estrada musiqisinə yeni nəfəs gətirən
istedadlı simalardan biri - Rövşanə Kərimduxtdur.
Çəkingən və sakit xarakteri ilə seçilsə
də, səhnəyə ayaq basan kimi sanki bir alova
çevrilir. Tanınmış bəstəkar Gövhər Həsənzadənin
yetirməsi olan Rövşanə, 2020-2021-ci illərdə
"Səs Azərbaycan" layihəsində iştirak etməklə
tamaşaçıların diqqətini çəkib. Bu
gün o, musiqiyə olan sevgisini səhnəyə
daşımaq, emosiyalarını mahnılarla paylaşmaq və
dinləyicilərlə ruhən bağ qurmaq arzusundadır. Sənət,
yaradıcılıq barədə söhbətimizdə ilk
sözləri bu oldu ki, musiqi onun uşaqlıq sevgisi,
uşaqlıq arzusudur:
"Özümü hər zaman səhnədə təsəvvür
etmişəm, səhnədə görmüşəm. Ruhən
musiqiyə bağlı insanam. Musiqi mənim üçün
tamamilə başqa bir aləm, başqa bir dünyadır, hər
şeydir - həyatdır, duyğunun dilidir.
2012-ci ildə Asəf Zeynallı adına Musiqi
Kollecinin xanəndəlik ixtisasına qəbul oldum. Orada
gözəl sənətkarımız, Xalq artisti Zabit Nəbizadədən
dərs aldım. Sonra Azərbaycan Televiziyasında Vaqif
Mustafazadə adına "Sevil" Vokal İnstrumental
Ansamblında çalışmışam. Oradakı dörd
qızdan biri mən idim. Əməkdar artist Rəna
Talıbovanın bizim üzərimizdə zəhməti
çox oldu. O ansamblla birlikdə böyük səhnələrdə
çıxış etmişəm.
Daha sonra Azərbaycan Milli Konservatoriyasına daxil oldum.
Burada Xalq artisti Azər Zeynalovun sinfində təhsil aldım.
Həmçinin, hər zaman izlədiyim İrakli, Katie Melua
kimi dünya şöhrətli ulduzların seçimi, eləcə
də milli estrada vokal sənətkarlarımız Sevda Ələkbərzadə,
Tünzalə Ağayeva, populyar ifaçılarımız
Aysel Teymurzadə, Safura Əliyeva və bir
çoxlarının vokal müəllimi olan Miziya
Qambaşidzeydən üç il dərs almışam. O da
çox güclü musiqiçi və pedaqoqdur. Xüsusən,
estrada sahəsində bir pedaqoq kimi öz sözünü
deyib".
Rövşanə Kərimduxt, qeyd etdiyim kimi, dəyərli
bəstəkar, Əməkdar artist Gövhər Həsənzadənin
dəstəklədiyi gənc müğənnilərdən
biridir. Onunla tanışlığı və iş birliyini isə
özü bu cür ifadə edir:
"Gövhər Həsənzadə ilə
çoxdan tanışıq, hətta qonşuyuq. Onunla
tanışlığımdan və işbirliyimizdən
çox şadam. Mənim xəyali musiqi dünyama
reallığı gətirən və işıq salan
insandır. Onun musiqiyə yanaşması, sənətə
verdiyi dəyər sayəsində bu təcrübə mənə
də peşəkarlıq dərsləri kimi
ötürülür. O, təkcə müəllimim deyil, həm
də ruhuma toxunan ilham qaynağıdır. Elə buna
sübut olaraq mənim sənət obrazımı, tərzimi və
zövqümü tənzimləyərək
formalaşdıran, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri,
Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, "Cizgi" brendinin yaradıcısı, dizayner
Gülnarə Xəlilova ilə bir araya gətirməsi
böyük qazancım oldu. Çox fərqli, həm milli həm
də çox müasir, yaradıcı bir insan qazandım.
İllərdir arzusunda olub, amma izah edə bilmədiyim səhnə
performansımı kəşf edən, mənim ifamı dinləyərək
heç bir sual vermədən seçimləri və təklifləri
ilə formalaşdıran bir insan oldu Gülnarə xanım. Hətta
ifa tərzimi də, səhnə geyimimi də,
tamaşaçılarla ünsiyyət quracağım
obrazı da o aşılayır mənə. Qarşıda olan
planların və təkliflərin hər birinin həyata
keçməsi və uğurlu nəticə əldə edə
bilmək üçün Gülnarə Xəlilova
zövqünün və dəstəyinin zəruriyyətindən
əminəm. Danılmaz faktdır ki, bir çox
tanınmış və sevilən incəsənət xadimləri
məhz Gülnarə xanımın zahiri təqdimatı nəticəsində
sənətin yüksək pilləsində hər zaman
qüsursuz parlayıblar.
Biz artıq rəfiqəyə dönmüş bir
neçə həmkarımla birlikdə Gövhər
xanımla iş birliyinə təzə başlamışıq,
amma bu qısa zamanda ondan çox şey öyrənmişik.
O bizə səhnə davranışını, oxumaq tərzini
dərindən öyrədir, üzərimizdə zəhməti
sonsuzdur. Ümumiyyətlə, Gövhər xanım heç nəyi
iş xatirinə etmir. O, hər işinə öz ürəyini
qoyur. Bizimlə də ürəklə çalışır
və istəyir ki, hər şey savadlı şəkildə
olsun. Əsas odur ki, tamaşaçılarımızın
zövqünə və milli musiqimizə layiqli ifaçı
olaq. İnşallah buna nail olarıq".
Azərbaycanlı tamaşaçı Rövşanəni
daha çox "Səs Azərbaycan" musiqi müsabiqəsindən
xatırlayır, yəqin ki… O müsabiqə gənc
müğənninin yaradıcılığında yeni bir səhifə
oldu. Səhnə, musiqi isə onun üçün əvəzedilməz
bir məfhumdur. Bu sevgini təkcə onun sözlərində
deyil, söhbətimiz əsnasında "musiqi"
adının çəkildiyi hər cümlə ilə
gözlərində parlayan işıqdan görmək olurdu:
"Səs Azərbaycan" musiqi müsabiqəsi mənim
bu sənətdə ilk təcrübəm idi. O yarış həm
sınaq, həm də özümə inam
qazandığım bir mərhələ oldu. O səhnəyə
çıxmaqla daxilimdəki səssizliyə qalib gəldim.
İnsanlar məni görməyə, səsimi eşitməyə
başladılar. Bu, mənim üçün böyük bir
keçid nöqtəsi idi. 2021-ci ildə bu yarışmada
ilk səhnəyə çıxanda amerikan pop ulduzu Cyndi
Lauperin repertuarından "Girls Just Want To Have Fun"
mahnısını ifa edərək üç münsifin -
Tünzalə Ağayeva, Brilyant Dadaşova və Murad Arifin
seçim dönüşünü qazandım və hər
biri məni öz komandasına dəvət etdi. Çox
qürurluydum. Pop janrı mənə daha yaxın olduğundan
Murad Arifi seçdim. İkinci turda Xalq artistimiz çox
hörmətli Brilyant xanım Dadaşova məni
komandasında görmək istədiyini bildirdi və mən ikinci
turdan yarışmanın sonuna qədər Brilyant
xanımın komandasında qalaraq yarışmaya davam etdim.
Çox şanslı bir dövr idi mənimçün.
Ümumiyyətlə, səhnə məndən
ötrü sirli-sehrli məkandır. Hər dəfə səhnəyə
çıxanda sanki içimdəki fərqli bir güc yenidən
oyanır. Səhnədəki Rövşanə alovdur, enerji və
duyğularla doludur. Səhnədə mən özüm oluram.
İçi boş danışıqları, nəticəsiz
böyük vədləri sevmirəm. Hər zaman öz sənətimə
köklənmişəm və istəyim odur ki, mənim yerimə
sənətim, istedadım və mahnılarım
danışsın. Bunu nə qədər bacaracağımdan əmin
deyiləm, çünki hər şey dinləyicinin və
tamaşaçının seçimindən
asılıdır. Xaraktercə çox pozitiv insanam. Ona
görə də öz musiqi tərzim kimi dinamikaya
üstünlük verirəm. Çünki dinamika mənəm,
mənim ruhumdur.
Məhz bütün bu potensialımı hiss edən
Gövhər Həsənzadə də elə ilk
çıxış və təqdimat mahnımı sözləri
və musiqisi ona məxsus "Nəyim var" mahnısı
ilə müəyyənləşdirdi. Musiqini ilk duyduğum
an özümü orada eşitdim. Çox işlədik.
Aranjiman Ruhim Məmmədova həvalə olundu, amma həm
yazı, həm də mixmaster işləri Samir Əsədov tərəfindən
yüksək səviyyədə hazırlandı. İlk dəfə
idi ki, mənim üzərimdə bu cür peşəkar və
ciddi mütəxəssislər
çalışırdılar. Yenə də şanslı
dönəm yaşadım.
Mahnımızı televiziya verilişlərinin birində
səsləndirib sosial şəbəkədə yerləşdirdim
və bir neçə gün sonra Böyük Britaniyanın
esccovers.com saytında mənim haqqımda bu
çıxışımla əlaqədar xəbər dərc
olundu. Sanki bütün dünya mənim imiş kimi
qürurlandım.
Hazırda həmin mahnımızın klipinin təqdimatına
hazırlaşırıq. Növbəti şanslı dönəmim
RGA Entertaimant Qafqaz üzrə rəsmi təmsilçisi
"Z-Company" kimi bir şirkətin çox peşəkar
və böyük heyəti ilə işləmək oldu.
İnşallah, nəticəsi dəyərli
tamaşaçılarımız tərəfindən bəyənilər".
Müsahibimin ən böyük arzularından və hədəflərindən
biri də ölkəmizi dünya səhnələrində,
Avropada təmsil etməkdir. Bu mənada da o, özünə
çox güvənir:
"Ümumiyyətlə, biz çox istedadlı və
musiqiyə, sənətə, mədəniyyətə
bağlı bir xalqıq. Mənim kimi gənc
ifaçıların əsas məqsədimiz və hədəfimiz
Azərbaycanımızı beynəlxalq səhnələrdə,
böyük platformalarda uğurla təmsil etməkdir. Bunun
üçün də çox
çalışırıq".
Rövşanə Kərimduxt sakitliyində güc, təvazökarlığında
dərinlik daşıyan gənc sənətçilərdəndir.
Səhnəyə çıxanda isə onun içindəki
hisslər sanki azadlıq qazanır və musiqiyə
çevrilir. Dinləyiciləri ilə ruh əlaqəsi qurmaq,
onları duyğuların dili ilə danışdırmaq onun əsas
niyyətidir. Biz də bu yeni estrada səsini izləyəcəyik
- çünki bu səs səssizliyə deyil, duyğuya
aiddir.
Şahanə MÜŞFİQ
525-ci qəzet .-2025.- 26 aprel(№71).- S.15.