"Tamaşaçı obrazı mənim
üçün efirə çıxan istənilən fərddən
ağıllıdır, zövqlüdür, mədənidir"
Teleaparıcı, diktor, ssenarist, rejissor, əməkdar
artist, Azərbaycan televiziya və radio verilişləri QSC-nin
(az.tv) sədr müavini Rrafiq Həşimovla söhbət
Həyatımızda ilklərin yeri xüsusi olur,
çünki bu, bir başlanğıcdır. İllərin təcrübəsini
qazansaq da, ilk addım həmişə sevilən bir körpə
kimi bizi tərk etmir. Bəzən geri boylananda istər-istəmıəz
həmin ilk nöqtəyə daha isti baxışlarla nəzər
salırıq. Bizdən çox uzaqda olsa da, onu əl
çatacaq qədər yaxında görürük. İlk
yaradıcı addımlarımı atdığım bu məkana
uzun illərdən sonra ayaq basanda, çox qarışıq
hisslər yaşadım. Məqsədim bunun
xırdalığına varmaq deyil. Son yarım ildə isə
mənə çox doğma olan bu məkana daha üç dəfə
üz tutmalı oldum, çünki iş bunu tələb
edirdi, amma hisslər artıq o deyildi. Təqribən ayın əvvəlində
daha bir müsahibdən sonra anladım ki, bu ünvana üz
tutmaq kifayət edər. Ona görə ki, sonuncu
müsahibim peşəkarlığı,
mədəniyyəti, dünyagörüşü ilə son
nöqtəni qoymağı bacardı. Oxucularımızı
isə çox intizarda saxlamayıb, keçək mətləbə...
Beləcə, üz tutduğumuz məkan
hamımızın tanıdığı Azərbaycan Dövlət
Televiziyası, baharın ilk ayının son şənbə
qonağı isə aparıcı, diktor, ssenarist, rejissor,
Əməkdar artist, Azərbaycan Televiziya və Radio
Verilişləri QSC-nin (AzTV) sədr müavini Rafiq Həşimovdur.
- Baharda ilk şənbə qonağımızsınız.
Yəqin əhvalınız da yaxşı olar...
- Yaxşı başlanğıc oldu... Uzun illər
müəyyən yaşantılardan sonra gəldiyim bir qənaət
var. İnsan şükürlü və səbirli olmaqla hər
hansı bir məqama çata bilər. Mən də
şükür və səbirlə yaşamaqla həyatıma
davam edirəm.
- 80-ci illərin ortalarında Bakı Rabitə
Texnikumunu bitirən bir yeniyetmə qarşıda onu nələrin
gözlədiyindən bixəbər öz yolu ilə ilə
yürüyürdü...
- Texnikumun Televiziya-radio fakültəsini bitirib
televiziyaya təcrübə keçməyə gəldim. Araya
hərbi xidmət düşdü və bu borcu ödədikdən
sonra yenə televiziyaya qayıtdım, çünki iş
ürəyimə yatmışdı. Başlanğıcda
texniki işçi, daha sonra video-operator, montajçı kimi
fəaliyyətlərim oldu. 90-cı ildə diktor müsabiqəsi,
182 nəfər arasından seçilən dördlükdən
biri mən oldum, indiyə qədər də bu yolum davam edir.
Müəllif proqramı yaratdım, həm ssenarist, həm
rejissor olaraq filmlər çəkdim. Bu illər ərzində
ən ağrılı mövzularımıza müraciət
etmişəm. Qaçqın uşaqlar, şəhid
mövzusunda 20-ə yaxın filmim var. Uzun illər xəbərlər
proqramını aparmışam. 1996-99-cu illərdə öz
proqramlarım, xəbərlər, səhər verilişləri,
dövlət tədbirlərilə birlikdə həftədə
on dörd dəfə efirə çıxırdım.
Heç yadımdan çıxmır, Valid Sənani
övladının toyunda haqqımda fikir söyləyəndə
dedi ki, Rafiq, arzu edirəm ki, tamaşaçı sənin
üçün darıxsın. İşin
çoxluğundan tamaşaçının
qarşısında tez-tez görünməli olurdum. Bu gün
də öz işimin başındayam.
- Sanki bir göz qırpımında 40 illik fəaliyyətinizi
əhatə etdiniz. Amma texniki işçinin diktorluq
müsabiqəsinə qatılmağının bir tarixçəsi
olmalıdır...
- Kiçik yaşlarımdan televizorda bir hokkeyə
baxırdım, bir də kinofilmlərə, çünki
aktyor olmaq kimi bir istəyim vardı. Artıq televiziyada işləyirdim.
Evdə bacım mənə dedi ki, Rafiq, axı sənin
diksiyan pis deyil. Sizin AzTV-də diktor müsabiqəsi elan edilib.
Bəlkə sənədlərini verəsən? Müsabiqə
ilə ciddi məşğul olan dəyərli sənətkarımız
mərhum Rafiq Hüseynli idi. Ali təhsilim olmasa da, gəldim
onun yanına. Bir texniki işçi kimi mərtəbələrdə
bir-birinə rast gəldiyimizdən məni tanıdı. Gəlişimin
səbəbini soruşdu. Dedim ki, ali təhsilim yoxdur, amma
müsabiqə haqqında eşitdiyim üçün sizə
yaxınlaşdım. Onunla on dəqiqəyə yaxın
söhbətimiz oldu və adımı siyahıya yazdı.
İndiyə kimi yadımdadır, sıra nömrəm 26 oldu.
Sonra məndən soruşdu ki, siz yazırsınız?
Cavabında dedim ki 14-15 yaşından gündəlik
yazıram. Görünür, diqqətini cəlb edə
bilmişdim və üzümə baxıb dedi: "Sizə
indidən deyə bilərəm ki, iki turu keçmisiniz. Amma
üçüncü turu bilmirəm".
- Peşəkar gözü sərraf olur...
- İki tur ilkin danışıq,
görünüş, studiyada müəyyən etüdlər
idi. Onu da deyim ki, komissiyanın çox nüfuzlu üzvləri
vardı. Sədrin rəhbərliyi ilə on altı nəfərdən
ibarət komissiyada SSRİ və Azərbaycan Xalq artistləri,
aktyorlar, bəstəkarlar vardı. Üçüncü tur
telegeniklik idi və Rafiq Hüseynli o turdan necə keçəcəyimi
bilmirdi. Birinci turdan sonra siyahıda ilk mənim adım idi. Beləcə,
bütün turlardan komissiyanın yekdil səsilə
keçdim, lakin heç kəs ali təhsilimin
olmadığını bilmirdi. Təhsil müsabiqənin əsas
şərtlərindən olduğu üçün bir il ərim
verilmədi, həm də on bir ay təcrübə müddəti
keçməli idim. Bu ərəfədə Jurnalistika
fakültəsinə daxil oldum və diktor əmrim verildi. Bu da
tarixçə.
- İlk efir...
- 1 iyul 1990-cı il... Beş dəqiqəlik xəbəri
kağız üzərindən oxumaqla efirə çıxdım. Həmin
o beş dəqiqədə nələr oldu, onu
xatırlamıram. Rafiq Hüseynli dəhlizdə dayanıb ilk
efirimi gözləyirdi. Çıxandan sonra məni
qucaqlayıb ürək-dirək verib otağa apardı. Tarix
bir də ona görə yadımda qalıb ki, oxuduğum
informasiyada belə bir məlumat vardı: "Həmin gün
İraq Küveytə təcavüz etmişdi". Yəni həyəcan
dolu beş dəqiqə...
- Ali təhsil üçün seçiminiz jurnalistika
olduğundan, gəlin bir az jurnalistdən danışaq...
- Jurnalistika demokratik ab-havanın yaratdığı
peşədir, yaşı çox deyil və sadə dildə
desək, yazıçılığın balasıdır.
Jurnalistika peşədən daha çox sənətdir.
Jurnalist olmaq üçün ali təhsil almaq o qədər də
vacib deyil. Bu, mənim düşüncəmdir. Konkret olaraq belə
deyərdim ki, jurnalist doğulmaq lazımdır.
- Söhbətimizə televiziya ilə davam edək...
- Müəyyən mənada işlənmiş pafoslu
sözlər var, onları təkrarlamaq istəmirəm.
İllərini televiziya ilə bağlayan bir adam kimi asan dillə
belə deyərdim ki, digər peşələrdən fərqli
olaraq, insanlar dincəldiyi zaman biz işləyirik, özü də
iş rejiminin qrafiki olmadan. Bu baxımdan ömrünü
televiziyaya həsr edənlər üçün bura ikinci
evdir. Televiziyanın sırf özünəməxsus
ab-havası var, bir filmdə deyildiyi kimi: "Gündə bir
adam görürsən". Əlçatmaz insanları
televiziyada rahat görmək olur. Və bir müddətdən
sonra anlayırsan ki, televiziya artıq sənin
üçün bir havaya çevrilib. İndi ki televiziyadan
danışırıq bunu mütləq deməliyəm.
Tamaşaçı bizi efirdən tanıyır, lakin
televiziyada o qədər şərəfli peşələr
var ki, onlar gözlərdən kənardadır. İstər
operatoru olsun, istər işıqçısı, rəssamı,
montajçısı, lap elə sürücüsü olsun.
Onlar sanki tamam fərqli insanlardır. Bəlkə də öz
başlanğıcım oradan gəldiyi üçün mən
bu dəyəri duyuram və onlara dərin hörmət bəsləyirəm.
- Televiziyanın əsas siması
aparıcıdır...
- Öz təcrübəmdən və gəldiyim qənaətdən
çıxış edərək deyəcəyəm. Mənim
üçün tamaşaçı obrazı var və o, efirə
çıxan istənilən fərddən
ağıllıdır, zövqlüdür, mədənidir.
Aparıcı odur ki, belə bir tamaşaçının
qarşısına çıxdığını hər nəfəsində
hiss etsin və özünü bir şagird kimi görsün.
Çünki qarşısında bir xalq var və o xalqın
içində müxtəlif peşə sahibləri yer
alıb. Ümumilikdə də xalq həm
ağıllıdır, həm zövqlüdür, həm mədənidir,
həm də müdrikdir. Aparıcı odur ki, bu cəsarətdə
bulunub belə bir auditoriyanın qarşısına
çıxa bilir. Aparıcı dayanmadan öz üzərində
işləməli və öyrənməlidir. Aparıcı
peşəkar olmağa borcludur, əks halda deyərlər ki,
bacarmırsansa, deməli, yerində deyilsən. Zamanla
tamaşaçı rəğbətini mütləq
qazanmalıdır. Aparıcı dilini mükəmməl bilməlidir,
boş sözçülüyə yer verməməlidir. Azərbaycan
dilinin zənginliyini görmək və ondan istifadə etməyi
bacarmaq lazımdır.
- Rafiq Həşimov yaradıcı insandan savayı, bu
gün dövlət televiziyasında sədr müavini kimi məsul
vəzifə də daşıyır. Adətən jurnalistlərdən qaçan rəhbər
vəzifə sahiblərindən fərqli olaraq, müsahibimiz
olmağa etiraz etmədiniz...
- Bayaq televiziyadakı fəaliyyətimin 40 ilinə
toxunduq. Bunun 35 ili mənim efir həyatımdır, beş
ildir ki, bu vəzifəyə təyin olunmuşam. Mən
düşünmürəm ki, vəzifə insanı dəyişməlidir.
Yəqin ki, içəri daxil olanda fikir verdiniz, qapı
açıqdır, köməkçi belə yoxdur. Həmin
diktor Rafiqlə küçədə də, dəhlizdə də
əməkdaşlar görüşür, söhbətləşir,
oturub çay içirik. Bura yaradıcı məkandır və
mən də bu ünsiyyəti çox şükür ki,
qoruyub saxlamışam. Düzdür, kollektivdə hamı səndən
razı qala bilməz, bu da təbiidir. Ən azından əvvəldən
məni necə tanıyıblarsa, mən də onlara öz
tamaşaçım, dinləyicim kimi yanaşırdımsa,
çalışıram ki, bu, olduğu kimi qalsın və
bacardığım qədər əməkdaşlara xidmət
edim.
- Azərbaycanın bugünkü efirləri...
- Bu sualla tez-tez mənə müraciət edirlər. Səmimi
və konkret cavab verəcəyəm. Mən özüm efir
adamıyam - aparıcı kimi, diktor kimi, müəllif
proqramlarımın təqdimatçısı kimi, müxtəlif
müsahiblərlə söhbətlər edirəm. Bu
baxımdan mən hansısa kanalı və ya
aparıcını müzakirə etmək istəmirəm. Ona
görə ki, özüm üçün bunu etik hesab etmirəm.
Ümumilikdə isə əlbəttə ki, problemlər var və
bayaq qeyd etdiyim o tamaşaçı bunu gözəl bilir.
- Televiziyanın çox məhsuldar, məsuliyyətli
dövrünü yaşamısınız...
- Klassiklərdən sonrakı dövrünü
yaşamışam. Bir məqam yadıma düşdü.
Rafiq Hüseynli haqqında kitab hazırlanırdı. Mənə
dedi ki, sən də öz fikirlərini yaz. Kiçik bir
yazı yazdım və orada Rafiq müəllimi televiziyanın
klassiki adlandırdım. İstənilən sahənin klassiki
var və onlar daima yaşayırlar. Bax, mən onlardan sonrakı
nəslin nümayəndəsiyəm.
- Və həmin nəslin nümayəndəsinin yəqin
ki çox xatirələr iz qoya bilib...
- Xatirələr hədsiz çoxdur. Yaxın
keçmişdə televiziya bütün acı hadisələrin
içində qaynadı. 1988-ci ildən başlayan
qığılcımdan nələr yaşanmadı... 20
Yanvar faciəsi, Xocalı soyqırımı,
torpaqlarımızın işğalı və bütün bu
hadisələr ilk olaraq məhz Azərbaycan televiziyasında
işıqlandırılıb. Televiziyanın özü faciə
yaşamadımı? 19 yanvar 1990-cı il, saat 19.26 dəqiqədə
televiziyanı susdurmaqla xalqa qorxu gəlmək istədilər.
Bütün bunları biz yaşadıq, gördük və
yaddaş tariximizin ağrılı səhifələridir. Onu
da deyim ki, yaşadığımız bu qısa tarixi
başqa xalqlar bəlkə də iki-üç əsrə
başa vurardılar. Amma biz səbirlə, şükürlə
bu zamanı adladıq və tarixin ədalət təkəri
deyilən həqiqət öz yerini tutdu. Bu il qələbəmizin
ilk yubileyidir. Ərazi bütövlüyümüz,
suverenliyimiz bərpa edilib və bütün bu hadisələr
televiziyanın güzgüsünə həkk oluinub. Bayaq mənə
sual verdiniz ki, televiziya nədir? Zamanında Ulu öndər
televiziyaya çox dəqiq qiymət verərək deyib ki, Azərbaycan
televiziyası Azərbaycan xalqının milli sərvətidir.
Tarix göstərdi ki, bu, həqiqətən də belədir.
44 günlük müharibə dövründə ölkə
başçısı, Ali Baş Komandan Azərbaycan
televiziyası ilə müjdələri xalqa özü
çatdırırdı. Bu da bizim televiziyanın həm bəxtidir,
həm tarixidir, alnına yazılmış bir qədərdir.
Həqiqətən bu qapıdan içəri daxil olan kimi
xatirələr sanki sıralanır. Azərbaycan
televiziyası böyük bir epopeyadır.
- 30-35 ili uzun hesab etməsəniz də, bir xalqın
gözləntisi üçün az da olmadı...
- Səbirli olmağımız bir millət olaraq
müdrikliyimizin göstəricisi idi. Bununla yanaşı, bir
xalq, dövlət olaraq, kimlərlə, hansı qüvvələrlə
vuruşmadıq? Yadımdadır, Ulu öndər səfərlərə
gedəndə özü ilə Azərbaycanın xəritəsini
apararaq informasiya blokadasını yarırdı. Dövlətin
ordusu yox idi, onu yaratmaq üçün güclü iqtisadiyyat
lazım idi. Bütün bunları nəzərdən
qaçırıb səbrimizi itirə bilməzdik. Amma buna rəğmən,
44 günlük müharibənin qələbəsi onu göstərdi
ki, zaman o qədər də uzun olmadı. Bu gün
güclü dövlətlərin hərbi ordu mərkəzlərində
bizim 44 günlük müharibənin həm gedişi, həm
təcrübəsi öyrənilir. Şuşa kimi bir yeri hərbi
texnika olmadan azad etmək misli görünməyən bir qəhrəmanlıqdır
ki, buna görə də şəhidlərimizə, qazilərimizə
borcluyuq. 44 gündə xalqın elə bir təbəqəsi
olmadı ki, müharibəyə kiçik bir qatqısı
olmasın. Bəzən bunu 44 günlük möcüzə
adlandıranlar da olub.
- Təbii ki, qələbə xəbərini iş
başında eşidənlərdənsiniz...
- İki-üç saat çıxmaqla gecə-gündüz
televiziyada olmuşuq. Heç yerdə demədiyim bir məqamı
ilk dəfə sizə söyləyəcəyəm.
Şuşanın alınmasını noyabrın ikisindən
üçünə keçən gecə yuxuda
gördüm. Çox vaxt gördüyüm yuxular çin
olur. Bizim dünyasını erkən dəyişən bir
aparıcımız vardı - Natavan Babayeva. Görürəm
ki, xəbərlərin studiyasıdır. Natavan studiyaya daxil
olub ucadan qışqırır - Şuşanı aldıq.
Oyanandan sonra anladım ki, Şuşa alınıb. Gəlib
işdə yuxumu danışanda bir az qəribə
baxdılar. Niyə digər aparıcılar və ya
özüm deyil, məhz Natavan gəlmişdi yuxuma?
Çünki həmin gecə Xan qızının ruhu
sevinmişdi. Sonradan öyrəndim ki, Şuşa fatehləri
ilk addımı məhz həmin gecə atıblar.
- Diktorluqdan danışanda onun adını çəkdiniz,
amma həmin insanla bağlı ayrıca sual qoymuşam. Rafiq Həşimovun
həyatında Rafiq Hüseynlinin imzası...
- Mən bütün peşəkarlarımızı
öz müəllimim zənn etmişəm, hər zaman onlara
çox böyük hörmətlə yanaşmışam,
indi də anıram. Rafiq müəllimlə
dünyasını dəyişənə qədər
yaxın dostluğumuz olub. Ümumiyyətlə, həyatım
elə gətirib ki, həmişə atam yaşında olan
insanlarla dostluq etmişəm və təbii ki, onlardan çox
şey öyrənmişəm. O məclislərdə həvəslə
iştirak edərdim və adətən son sözü mənim
şərəfimə deyərdilər. Belə məclislərin
birində hələ də xatirimdə qalan bir fikir söyləndi
haqqımda. Artıq dünyasını dəyişmiş
dostlardan biri dedi ki, aramızda bir cavan dostumuz var,
özünün də bir çatışmayan cəhəti
var. Hamı maraqla mənə tərəf baxdı.
Sözünə davam edərək dedi ki,
çatışmayan cəhəti odur ki, çox cavandır,
amma bu, tez keçəcək. Bəziləri məni Rafiq
Hüseynlinin oğlu zənn edib, bəziləri qohum
olduğumuzu düşünüb. Uzun müddət bizi
bir-birimizə çox bənzədiblər və buna ancaq
sevinmək olar.
- Yeniyetməlik vaxtında gündəlik
yazdığınızı söylədiniz...
- İndi də yazıram, lakin artıq telefonda...
- Deməli, o vaxtdan qələmlə dostsunuz...
- Mən uşaqlıqdan təkliyi sevmişəm.
Velosipedimin açar yerinə pomidor, xiyar, bir tikə
çörək, qələm-kağız qoyub
Aşağı Güzdəkdə Ceyranbatan boyu gəzərdim
və görürdüm ki, nələrsə
gəlir, misralar bəndlərə çevrilir. Təqribən
17-18 yaşında yazmışdım:
Bu dünya bir möcüzə, hər insan bir sirr
imiş,
Bu dünyanı yaşadan hər insanın
sirrimiş.
Sirdəki bu gücə, bu qüvvəyə bax,
Özünə aludə edir bu dünyanı,
Yaradır, yaşadır, öldürür, ancaq
Özünə duaçı edir insanı.
- Amma nə qədər yaşasa da, insan bu dünyadan
həmişə gileylidir...
- Bu dünya o qədər gözəldir ki, pis tərəfləri
yox, yaxşını görmək lazımdır. Məşhur
bir proqramda kosmosa uçan bir generalla müsahibə gedirdi. Təəssüratlarını
danışanda belə bir fikir səsləndirdi. Çox uzaq
məsafədən yerə baxanda, belə qənaətə gəldim
ki, mən də daxil olmaqla, bütün insanları qırmaq
lazımdır. Aparıcı təəccüblə ona
baxıb dedi ki, məni də? Dedi: "Bəli, siz də, mən
də daxil hamı qırılmalıdır, çünki
dünya o qədər gözəldir ki, biz onu
korlayırıq". Gözəl nəzərlərlə
baxaq ki, dünyanın gözəlliyini qoyub ondan gileylənməyək.
- Bir peşəkarın KİV-ə demək istədikləri...
- Gənclərə həmişə arzu edirəm ki,
ürəklərinin səsinə qulaq assınlar,
çünki o, heç zaman aldatmır. Peşəmizi əhatə
edən cameəyə isə arzu edərdim ki, qələmlərini
yalana öyrətməsinlər.
SÖZARDI: İlk yaradıcı addımlarımı
atdığım bu məkana uzun illərdən sonra ayaq
basanda, çox qarışıq hisslər yaşadım.
Növbəti gəlişimdə isə hisslər artıq o
deyildi. Bugünkü müsahibimlə görüşdən
sonra anladım ki, bu ünvana üz tutmaq artıq kifayət edər.
Çünki o, peşəkarlığı, mədəniyyəti,
dünyagörüşü, ziyalılığı ilə
son nöqtəni qoymağı bacardı.
Tamilla M-ZADƏ
525-ci qəzet .-2025.- 26 aprel(№71).- S.12;13.