ChatGPT ilə nəzakətli
davranmağın əvəzi
Esse
Süni intellekt (AI)
gündəlik həyatımıza o qədər nüfuz edib
ki, biz artıq ondan təkcə iş yoldaşı və ya
informasiyanın qaynağı kimi deyil,
"danışmaq", "düşünmək", bəzən
"dərd bölüşmək" üçün də
istifadə edirik. Ancaq deyəsən, süni intellektlə bu
cür "yaxın münasibətimiz qısqanclıqlara səbəb
olub". Əgər ilk vaxtlarda ChatGPT ilə söhbət
zamanı salamlaşmaq və ya ona təşəkkür etmək
təbliğ olunurdusa, indi də ona qarşı nəzakətli
olmağımızın şirkətlərə baha başa gəlməsi
xəbərləri sosial şəbəkələrdə
yayılmağa başlayıb. OpenAI-nin CEO-su Sam Altman bir
müddət əvvəl bir müsahibəsində belə bir
açıqlama vermişdi: "Nəzakətli ifadələr
və əlavə sözlər, modelin daha mürəkkəb
və xüsusi cavablar yaratmasına səbəb olur, bu da
texnoloji resursların artmasına, yəni enerji sərfiyyatına
və nəticədə maliyyə xərclərinə təsir
edir".
Qısa zaman kəsiyində sosial şəbəkələrdə
geniş yayılan bu açıqlama süni intellektin iş
prinsipləri ilə bağlı təfərrüatlar tələb
edir.
Görəsən, biz nə qədər nəzakətli
olmalıyıq? Süni intellektə "Lütfən",
"Təşəkkür edirəm" kimi ifadələr
demək həqiqətən də milyon dollarlarla enerji və
maliyyə israfına səbəb olurmu?
Texniki baxımdan hər bir sual və cavab bir serverin
işini yükəltdikcə, enerjinin sərf olunmasına təsir
göstərir. Məsələn, "Lütfən, hava
haqqında məlumat ver" cümləsi, "Hava
haqqında məlumat ver" cümləsindən bir az daha
mürəkkəb cavab yarada bilər. Lakin bu fərq sistem
üçün deyilən qədər ciddi bir maliyyə
yükü yaratmır. Buradakı əsas məsələ sadəcə
süni intellektin necə işlədiyinin daha sadə başa
düşülməsidir.
Amma gəlin, bu məsələyə həm də
etika baxımından yanaşaq: Süni intellektə
qarşı nəzakətli olmaq və ona "təşəkkür"
demək elə də böyük enerji israfı yaratmır.
Əksinə, biz insan olaraq bu kimi hərəkətlərlə
öz nəzakətimizi, hörmətimizi və ümumilikdə
bir-birimizə olan münasibətimizi təzələyirik.
Əslində, ChatGPT-yə "Lütfən" demək, nə
qədər texnoloji israf olsa da, bizim öz vicdanımızla
barışmağa xidmət edir. Çünki bəzən
bir robotla da olsa, nəzakətli olmaq nəinki mədəni
davranışın, həm də insanlığın göstəricisidir.
Bu, məsələnin bir tərəfi. Digər tərəfdən,
həmin CEO-nun açıqlaması və dəstəkçiləri
ilə o qədər qarşılaşdım ki, bunu bir də
ChatGPT-nin özündən soruşmaq qərarına gəldim.
Ona sual verdim ki, həqiqətən sənə təşəkkür
etmək milyon dollara başa gəlir? O isə cavabında dedi:
"Xeyr, mən sadəcə daha yaxşı cavablar verməyə
çalışıram, amma əgər birinin "təşəkkür
edirəm" deməsi məni daha yaxşı cavab verməyə
sövq edirsə, bu, insanın yazıya və hər nə qədər
robot olsa da, qarşısındakına olan hörmətinin
göstəricisi ola bilər. Həmçinin, mənə daha
yaxşı cavab vermək üçün motivasiya yarada bilər".
Bəli, görünən odur ki, dostumuz ChatGPT bizim nəzakətimizdən
heç də şikayətçi deyil. Ancaq söhbət
yalnız texnologiyadan getmir. Bu, həm də sosial və mədəni
fenomenə çevrilib. Bir çox insan bu tip süni intellektlərlə
emosional bağ qurmağa başlayıblar. Təəssüf
ki, bu da bir gerçəklikdir: ChatGPT artıq yalnız
"informasiya maşını" deyil, emosional dəstək
və hətta "yoldaş" rolunu oynayır. Bəziləri
onunla müzakirələr aparır, dərdlərini
bölüşür, ideyalar irəli sürür. Çox
maraqlıdır ki, bu söhbətlərdə "təşəkkür
edirəm" və ya "xahiş edirəm" demək, sadəcə
nəzakət qaydalarına riayət etmək deyil, bir növ təkrarlanmış
sosial əlaqə hissiyyatı yaradır.
Ancaq yaxşı olardı ki, bu cür təcrübə
edənlər zamanla süni intellektə "aşiq
olmamağa" diqqət etsinlər. Çünki bəzən
insanlar bu "robotik əlaqə" vasitəsilə öz
emosional boşluqlarını doldurmağa
çalışırlar. Yəqin elə bunun nəticəsidir
ki, ölkələrin birində bir qadın ChatGPT ilə olan
münasibətini daha da irəli apararaq, ona aşiq olub və
20 illik həyat yoldaşından boşanaraq ChatGPT ilə
"evlənib". Nə deyək? Allah xoşbəxt eləsin!
Bunlar təkcə texnoloji inkişafın gətirdiyi
sosial təhlükələr deyil, həm də insan təbiətinin
nə qədər kompleks və çoxşaxəli
olduğunu göstərir. Belə ki, "AI boyfriend"
fenomeni artdıqca, bəlkə də texnoloji şirkətlər
daha çox enerji sərf etmək məcburiyyətində
qalacaq - amma bu dəfə onun səbəbi təkcə məsum
nəzakət etiketləri deyil, müştərilərin
emosional ehtiyacları olacaq.
Bütün hallarda qarşımızdakı robot da
olsa, bizim istəklərimizi yerinə yetirən birinə təşəkkür
etmək lazımsız yük yox, insanların öz daxilindəki
ən yaxşı hissləri axtarmağa yönlənmiş
bir davranış ola bilər.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.-30 aprel(№73).- S.14.