“Bakı: kainat boyunca”
tamaşasının premyerası baş tutub
“Bakı: kainat boyunca” adlı psevdoimmersiv
tamaşanın premyerası Bakı Musiqi Akademiyası nəzdindəki
Opera Studiyasının səhnəsində uğurla baş
tutub. Tamaşa Lalə Əliyeva-Klıçkova və
Meyxoş Abdullayevin novellaları əsasında səhnələşdirilib
və “İki stul” teatr emalatxanasının yaradıcı
kollektivi tərəfindən həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, tamaşada əsas
rolları İsmayıl Əliyev, Anastasiya Lenkovskaya və
İnqa Baxoldina ifa ediblər.
Tamaşanın quruluşçu rejissoru Rüstəm
İbrahimbəyov Kino Məktəbinin məzunu Lalə
Əliyeva-Klıçkovadır. Layihənin prodüserləri
Zaur Əliyev və Alyona Xarçenkodur.
Tamaşanın süjeti bəşərin
mövcudluğu məsələsini həll edən tale sahiblərinin
ətrafında cərəyan edir. Gələcək Bakı
sakinlərinin adi hərəkətlərindən
asılıdır…
AZƏRTAC-ın müxbiri ilə söhbətində
Lalə Əliyeva-Klıçkova keçirilən premyera ilə
bağlı təəssüratlarını
bölüşüb: “O qədər şadam ki, auditoriyaya
çatdırmaq istədiyimiz əsas fikirlər olan
bir-birimizi və bizi əhatə edən hər şeyi qorumaq
və sevmək, yaşadığımız hər
günü dəyərləndirmək və dünyanı
daha da gözəlləşdirmək eşidildi və qəbul
olundu. Ən qiymətli olan tamaşaçı rəyləridir
ki, onlar da yekdilliklə tamaşanın konsepsiyasının
yeni və çox maraqlı olduğunu, aktyor oyununun və səhnələşdirilən
mövzuların onları dərin emosiyalara qərq etdiyini
deyirlər. Bizim üçün tamaşaçı
zalında gülüş və göz yaşlarından dəyərli
heç nə yoxdur. Bu da o deməkdir ki, qarşıya qoyulan
məqsədə nail olmuşuq. Təəssüf ki, “müstəqil”
statusumuza görə, hələ ki, teatr səhnələrində
tez-tez çıxış etmək imkanımız yoxdur. Amma
bir şeyi dəqiq bilirəm ki, fəaliyyətimizi davam etdirəcək
və tamaşaçıları sevindirməyə davam edəcəyik”.
Müstəqil “İki stul” teatr emalatxanası
2023-cü ilin mart ayında yaradılıb və xaricdəki
rusdilli Teatr Xadimləri Assosiasiyasının
üzvüdür. “Bakı: kainat boyunca” tamaşası “O
dünyadan gələn qonaq” və “Meri Poppins” tamaşalarından
sonra teatrın repertuarındakı üçüncü
işdir.
525-ci qəzet .- 2025.-30 aprel(¹73).- S.10.