"Qələmsiz
yazılanlar": müasir dövrün yeni publisistik nəfəsi
İnsanlıq tarixi boyunca yazı yaddaşın,
düşüncənin, cəmiyyətin ən etibarlı
sığınacağı olub. Son iyirmi ildə
yazının taleyi xeyli dəyişərək, sürət
dövrü başladı və bu, qərarların,
emosiyaların, gündəlik münasibətlərin təbii
axınını pozdu.
Bu gün publisistika təkcə qəzetin, jurnalın
yox, həmçinin gündəlik həyat ritminin bir
parçasına çevrilib.
Klassik esse, reportaj və sair əvvəlki kimi geniş
və ağır formaya sadiq qaldıqda oxucudan bir az uzaqda
görünür. Sosial şəbəkələrin ritmi isə
tam fərqlidir: qısa, ani, impulsiv fikirlər daha tez
yayılır və öz oxucusunu rahat tapır.
"Əlüstü oxu" prinsipi insanın
düşüncəsini də dəyişir. Elə buna
uyğun olaraq "əlüstü yazı"
yayğınlaşır, abzaslar qısalır, fikirlər
yığcamlaşır, hisslər isə sıxılmağa
başlayır.
Məhz belə bir zamanda Rəşad Məcidin "Qələmsiz
yazılanlar" silsiləsi ortaya çıxır. Onlar nə
tam klassik essedir, nə də sadə onlayn paylaşım
forması: onlar dövrün sürətinə uyğun yaranan
mətnlərdir. Bir ədəbiyyat adamının, ictimai
düşüncə sahibinin gündəlik müşahidələrinin,
narahatlıqlarının və şəxsi
dünyagörüşünün özünəməxsus bədii
ifadəsi, bəzən də sadə insan kövrəkliyi ilə
yazılan status-esseləridir. Cümlələr qısa, kəskin,
gündəlik nitq dilinə yaxındır. İçində
tənqid, acı ironiya, bəzən qürur, sevinc və sair
var.
"Qələmsiz yazılanlar"ın cazibəsini
bir neçə nümunədə izləyək:
"Kininizi körükləməyə sərf
etdiyiniz enerjini pozitiv istiqamətlərə yönəltsəydiniz,
indi özünüz də başqa olardınız, ətrafınız
da".
Bu cümlə təsadüfi bir reaksiya deyil; illər
boyunca yığılan etiraz və iradın, həmçinin
bəlkə də onların halına duyulan gizli bir
üzüntünün ifadəsidir. Eyni zamanda sosial şəbəkələrin
gurultusuna, əsəb gərginliyinə qarşı bir
dayanacaqdır.
"Öyrəşdiyi qaynar həyatdan sakitliyə
çəkilib yaşamağı hər adam bacarmır".
Bu fikir hazırkı cəmiyyətin psixoloji
portretidir. Bəzi insanlar üçün içlərində
səssiz bir uçurum açılır. Vəzifədən
və kollektivdən ayrılanlar ya özünü itirir, ya
depressiyaya düşür, ya da yenidən səhnəyə
atılmaq üçün "süni qəhrəmanlıqlar"
axtarır. Çox az adam isə sakitliyin içindən yeni
bir "mən" yarada bilir.
Nümunədəki sərtlik də elə bundadır
ki, vəzifə tutmaq, diqqət mərkəzində olmaq sadəcə
rol deyil, zamanla insana yüklənən bir borcdur və bir
gün mütləq geri qaytarılması tələb
olunacaqdır.
"İnsanın əsl xarakteri gərgin olanda üzə
çıxır". Sadə görünən bu fikir əslində
gündəlik bir müşahidədən çox, insan
xarakterinin sınaq anlarında açığa
çıxması ilə bağlı acı
reallıqdır. Burada sosiologiyanın insan
davranışına yanaşması, psixologiyanın
"stress anında gerçək mən" konsepti və həyatın
acı həqiqətini açır. Gərginlik insanın
üzünə taxdığı maskaları əridən
istilik kimidir. Sakit vaxtı hamı nəzakətli, səbirli,
düşüncəli görünə bilər, amma vəziyyət
çətinləşəndə insanın içində
gizlənən xislət özünü göstərir: kimisi
aqressiyaya meyillənir, kimisi çarəsizliyə
qapılır, kimisi insafını itirir, kimisi də əksinə
- məhz o vaxt öz böyükliyini göstərib əzmli
dayanır.
"Yazmaq rahatlaşdırır, sakitləşdirir.
Ürəyini kiməsə boşaltmaq, içindəkiləri
kiminləsə bölüşməkdən etibarlısı,
yazmaqdır. Terapiyadır".
Bu, R.Məcidin özünün də yazmaqla necə nəfəs
aldığını göstərir. Yəni yazan təkcə
oxucu üçün yazmır, yazmaq yazanın özü
üçün də bir cür "müalicə"dir. Hər paylaşım bir növ
"özünüifadə" olduğu qədər
"özünü toparlama", "özünü dinləmə"dir.
"Tədbirlər tənhalıq və
lazımsızlıq duyğusunu arxa plana atır".
Bu, ictimai mühitin görünməyən tərəfi
barədə diqqətli müşahidə və səmimi etirafdır.
İnsan bəzən tədbirə özünü
unudulmuş saymasın deyə, bəzən də içində
yığılan fikirləri səssizcə dinləmək
üçün gedir. Əgər tədbirin sahibi
özüdürsə, orada deyilən sözlər adama həm
həvəs, həm enerji, həm də özünü yenidən
tanımaq imkanı verir. Başqasının tədbirində
isə insan ya çıxışına görə qiymətləndirilir,
ya da başqasının dəyərini görərək
xoş təəssürat yaradır. Hər iki halda nəticə
dəyişmir - sosial məkan insanın içindəki
boşluğu bir anlıq da olsa doldurur və özünə,
başqalarına bağlayan incə bir körpüyə
çevrilir.
Nümunələrdəki cümlələr
ayrı-ayrı status kimi görünür, amma birlikdə bir
müəllifin portretini üzə çıxarır. "Qələmsiz
yazılanlar"ı digər paylaşımlardan ayıran
xüsusiyyət də məhz budur: qısa yazılır, amma
uzun düşünülür, hər sadə cümlənin
arxasında böyük həyat təcrübəsi
dayanır. Bunlar qısa nəfəsinə düşüncəni,
həyatın ağrısını və insanın
özünü sığdırır. Müasir həyatın
ritmini qoruyur və müəllif oxucunu fikir dərinliyinə,
milli duyğuya və ictimai mühitin ümumi
düşüncəsinə aparır. Duyduğu və gördüyü
məqamlar, R. Məcidin əlində sözə çevrilir,
ifadə tapır, statusa donuşur və bunlar təkcə fərdin
təəssüratlarını əks etdirmir,
yaşadığı mühitin ruhunu da göstərir. Hər
qısa mətn dilin dəyişən nizamını, sosial
davranışları və insan münasibətlərindəki
incə çatları ortaya qoyur. Oxucuda bəzən
sıxıntı, bəzən də ümid oyadır və
bu duyğuların dalğasında cəmiyyətin iç səsi
eşidilir.
Bu nümunələr göstərir ki, sürət
dövründə də sözün əhəmiyyəti
itmir, sadəcə yeni qəlib, yeni pəncərə, yeni nəfəs
açılır.
Müəllif bu silsilə ilə yalnız məzmun təqdim
etmir, yanaşı olaraq özünəməxsus janr təklif
edir. Bu janrın gücü sadəlikdə, səmimiyyətdə
və xəbərdarlıq tonunda yatır. Bir cümlə bəzən
bütöv bir məqaləni əvəz edir, digərində
isə fikir bir roman qəhrəmanının daxili monoloqu kimi
oxucuya çatır.
"Qələmsiz yazılanlar" silsiləsinin dəyərli
tərəflərindən biri dilə sevgi və
qayğıdır. R.Məcidin status-esselərində dil daima
diqqət mərkəzindədir. O, dilin pozulmasını
yalnız filoloji proses kimi görmür, bunu millətin daxili
nizamının pozulması kimi təqdim edir. Çünki dil
xalqın ruhudur, ruhda baş verən hər cür zədə
isə gec-tez insanlarımızın
dünyagörüşünə, davranışına,
düşüncəsinə, mədəniyyətinə sirayət
edir. Müəllifin daxili sıxıntısı gündəlik
danışıqda yad terminlərin həddən artıq
çoxalması, sosial mediada "yüngül" dilin
hökmranlığı, gənclərin öz
sözümüzdən çox başqa dillərin sözlərinə
sığınması konkret statuslarla müşayiət
olunur. Gərginlik bəzən kəskin, bəzən yumorlu, bəzən
də sarkazmla ifadə olunsa da, durum dəyişmir: dilə biganəlik,
əslində, özümüzə biganəlikdir.
"Jurnalistlər üçün təlimlərin
birində "mentor" sözünü çox işlədirdilər.
Soruşdum ki, axı bu "mentor" nə deməkdir?
İzah etdilər. Dedim, onda "ustad" deyin də, dilimizdə
gül kimi qarşılığı var, "mentor" niyə
deyirsiniz ki? ...İnanmaq istərdim ki, bugünkü konfrans
yabançı sözləri yeri gəldi-gəlmədi
işlədənləri düşünməyə vadar edəcək".
Bu, fərdi düşüncə ilə birgə,
dövrün ovqatına dair müşahidə ehtiva edir.
Müəllifin əvvəlcə şəxsi təcrübəsini
paylaşır, sonra daha geniş bir mədəni və
dilçilik problemə bağlayır. Qısa və məqsədsiz,
yerinə görə bir anda gələn fikirdə mediada dil
normalarının pozulması və peşəkarlığın
azalması məsələsi qabardılır.
Dil sahəsində diqqət çəkən digər
nümunə:
"Amma Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı,
general Abdulla ağa Bakıxanov "Əkinçi"nin nəşrə
başlaması üçün Həsən bəyə 1000
manat verəndə məlum oldu ki, "tatarlar" ana dilli mətbuata
o qədər də biganə deyilmişlər".
Məlumat maraqlı bir tarixi nüansa işarə
edir. Belə ki, çox vaxt "tatarlar"ın, yəni Azərbaycan
türklərinin XIX əsrdə ana dilli mətbuata biganə
olduqları iddia edilsə də, xalqın içində
maarifpərvər dayaqlar da varmış. Həsən bəyin
qəzetini yaşatmaq üçün edilən dəstək,
dövrün ziyalılarının ana dilinə
bağlılığını və mətbuatın ilk
cücərtilərini qoruma səylərini göstərir.
R.Məcidin statuslarında dilə münasibət təkcə
şəxsi baxışla məhdudlaşmır. Prezident
İlham Əliyevin ana dilinin qorunmasına dair fikirlərini
paylaşması da onun mövzunu ictimai məsələyə
çevirmək istədiyini göstərir. Müəllif beləliklə,
dilə həm gündəlik qayğı istəyən, həm
də ümummilli diqqət tələb edən bir dəyər
kimi yanaşır.
O, uzun illərdir media rəhbəri, müəllif və
müşahidəçi kimi digital platformada
çalışır. Paylaşımlarında media
etikası, jurnalist məsuliyyəti, xəbər
manipulyasiyaları, peşəkarlığın azalması və
informasiyanın ucuzlaşması kimi məsələlər təkcə
tənqid deyil, həm də çaşqınlıq
doğuran mənzərə yaradır.
Sosial şəbəkələrin sürətlə
yayılması klassik medianın əvvəlki məsuliyyət
sərhədlərini zəiflədir. R.Məcid göstərir
ki, sözə laqeyd yanaşmaq ictimaiyyətdə boşluq
yaradır, doğru və yerinə düşən söz
seçmək isə müəllifin oxucu qarşısında
məsuliyyətidir. Bu fikri o, "Yerinə düşən
sözü tapmağın səadəti!" cümləsi ilə
ifadə edir. Arxasında həm dilə sevgi, həm də
sözə hörmət dayanır. Müəllif göstərir
ki, sözün düzgün seçilməsi əsasən cəmiyyət
qarşısında öhdəlikdir, hər yanlış fikir
və təhrif etmə onların yaddaşına zərər
vurur. "Mentor" və "ustad" misalında
görünən yanaşma dilə ya biganəliyi, ya da əksinə,
zövq, mədəniyyət və peşəkar diqqəti
açıq şəkildə göstərir.
"Qələmsiz yazılanlar" təkcə
ümumi-ictimai narahatlıqlar toplusu deyil, burada insanın daxili
aləmi, gündəlik həyatda yığılan hisslərin
incə qatları da var. Müəllif sıradan bir hadisədən,
bir adamın hal-əhvalından, ya da bir uşağın
sevincindən bədii-publisistik nəticə
çıxarır. Bu mətnlərdə həyatın
özündən gələn
real və metaforik lirika var.
"İpək Məcid yeganə oxucudur ki, Kitab sərgisində
həm Anar müəllimlə şəkil çəkdirib, həm
Kəramətlə".
Bir cümləlik esse iki ədəbiyyat
qütbünü səmimi yumorla birləşdirir və
gözəl müşahidə təqdim edir. Nəvəsinə
olan sevgisini və qürurunu ifadə edən cümlə eyni
zamanda onun yazıda və həyatda özünəməxsus,
sadə və səmimi danışıq tərzinin tipik, hətta
simvolik nümunəsidir. Müəllif fikrini elə ifadə
edir ki, sanki İpək bu iki fərqli dünyanı bir araya gətirən
yeganə oxucudur. Bu yumor hissi ilə bərabər, ədəbiyyatın
müxtəlif qatlarının yanaşı mövcudluğuna
incə işarədir. Fikrin əsas məğzi budur ki, balaca
İpək müxtəlif ədəbiyyat nümunələri
arasındakı süni sərhədi asanlıqla keçir və
bizə xatırladır ki, ədəbiyyatın dəyəri
oxucuya verdiyi təsirdədir, hansı divarlar arasında təmsil
olunduğunda deyil.
"Qələmsiz yazılanlar" dövrün,
medianın, dilin və insanın dəyişən mənzərəsini
əks etdirən güzgüdür. O güzgüdə biz
özümüzü və ədəbi yazının gələcəyini
görürük, çünki söz çəkisi azalmayan
yeganə sərvətdir və Rəşad Məcidin qələmsiz
yazıları bu dəyəri bir daha önə
çıxarır.
Adilə NƏZƏROVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 20 dekabr (№233).- S.15.