Zülmətin
içində sönməyən ümidlər
Ərtoğrol Cavid... Bu ad bizə kimləri, hansı
hadisələri, duyğuları xatırladır? Bu şəxs
dahi mütəfəkkir Hüseyn Cavidin yadigarlarından biri,
onun soyadını uca tutan, eyni zamanda Azərbaycan ədəbiyyatında
və musiqisində parlayan, çox heyif ki, tez sönən bir
istedad günəşidir.
Əfsuslar olsun ki, yenicə şəfəq
saçmağa başlayan bu istedad günəşinin üzərinə
çökmüş qara buludlar onu parlamağa qoymadı.
Dövrünün sərt dalğası ilə üzləşməsinə
baxmayaraq, bu gənc hər zaman məğrurluğunu
qorumağa çalışmış, məruz
qaldığı haqsızlıqlara təslim
olmamışdı. Ərtoğrol Cavid əzmkarlıq, mərdlik,
yenilməzlik mücəssəməsidir. Atası Hüseyn
Cavidin vəfatından sonra ailə məsuliyyətini öz
çiyinlərinə götürməsi, Cavid
ocağının, soyadının dəyərini,
ucalığını qorumağa çalışması
yalnız bir övlad kimi deyil, bir insan kimi humanizminin,
emosionallığının, ləyaqətinin nümunəsidir.
Onun həyatın keşməkeşində apardığı
mübarizə, son nəfəsinə qədər tükənməyən
həyat sevgisi gənc nəsillər üçün bir
örnək, ilham mənbəyidir.
Qısa ömrünə böyük işlər
sığdırmağı bacaran bu istedadlı gənc Azərbaycan
musiqisinə, ədəbiyyatına eyni zamanda incəsənətinə
özünəməxsus töhfələr verdi.
İztirablı, nakam sonlanan ömür yolunda o, daim
vuruşur, sanki yazıb-yaratmaqla kədərini unutmağa,
içində boğmağa çalışırdı;
Folklor araşdırmaları... musiqi əsərləri...
dram... libretto... sentimental mətnlər... tərcümələr...
rəsm əsərləri... yandırıb-yaxan məktublar. Təsadüfi deyil ki, onun
yaradıcılığındakı bəzi fikirlər,
misralar da, sanki qəm-kədərinin, üzləşdiyi
haqsızlıqların, çəkdiyi əzab-əziyyətlərin
xəbərçisi idi. Eynən bu misralarda olduğu kimi:
Buludlar qarışmış parlayan aya,
Bayğınlıq çökmüşdü
güllü tarlaya,
Dərdimi söylərkən inləyən çaya,
Yazıq, fəryadıma uyan olmadı.
Həmçinin bəzi misralarda susdurulmağa məhkum
olmuş hisslərin, yarımçıq qalmış
arzuların fəryadı duyulur:
Kimsəsiz gecələrdə ruhumun incə-incə
Üzüldüyün hiss etdim.
Qəlbimin yavaş-yavaş
çırpınmasını duydum;
Könlümün gizlin-gizlin sızıltısın
dinlədim.
O sevilmək istərdi.
Xəyal kibi uçaraq, qovuşmaq istəyərdi.
Bütün bunlara baxmayaraq, o, bir an belə ümidini
itirmir, daim işıqlı sabaha, daha parlaq gələcəyə
ümid bəsləyir, mübarizə aparırdı:
"Patlatmaq! O mənhus karvanı patlatmaq
lazımdır. Top mərmiləriylə təbiətin
anası - günəşi yavrusundan ayıran dumanlar səltənətini
patlatmalı. Mən o atəşləri simfoniya ilə edəcəyəm"...
Məhz bu sətirlər Ərtoğrol Cavid əzminin, dirayətinin,
dəyanətinin bariz nümunəsidir.
Əfsuslar olsun ki, Ərtoğrol Cavid "şər
qüvvələr"i yenə bilmədi. Bu gəncin azad, təmiz,
mübariz ruhu, pöhrələnmiş və yenicə
çiçəklənən istedadı,
çoşub-dalğanan gənclik hissləri zülmün,
haqsızlığın, xəyanətin pəncəsində əzilib
məhv oldu. Bütün bunlar düşünülmüş
və planlaşdırılmış bir strategiyanın təzahürü
idi. Bir gəncin istedadını, arzularını boğmaq
onun ölkəsinin müasir ədəbi fikrinə,
inkişafına, tərəqqisinə vurulan zərbə
idi. Şübhəsiz,
Ərtoğrol Cavid yaşasaydı, Azərbaycan musiqisinə,
mədəniyyətinə xarüqələr bəxş
etmiş olacaqdı. Əfsuslar olsun ki, siyasət və məzhəb
savaşları, ideoloji təzyiq kimi faktorlar Azərbaycan
xalqı və mədəniyyətini yenicə parlayan bu
günəşdən məhrum etdi.
Ancaq vaxtsız ölüm də, sərt qayda-qanunlar
da Ərtoğrol Cavidi qəlbimizdən
silə bilmədi. Onun təmiz, yenilməz ruhundan doğulan
nuru daim göylərdən bizi izləyir və ən
ümidsiz anlarımızda belə bizə ilham mənbəyi
və yaşam eşqi lütf edir.
Aynur YUNUSOVA
Hüseyn Cavidin Ev-Muzeyinin əməkdaşı
525-ci qəzet .- 2025.- 5 dekabr (№222).- S.14.