Müasir sevgilər
Esse
İnsanlığın minilliklər boyu dəyişməyən
bir ehtiyacı var: sevmək və sevilmək. Bu, nə tarixlərin,
nə də siyasi sərhədlərin tanıdığı
bir çağırışdır. Sevgi insanın içindəki
ən köhnə səs, ən qədim instinkt, ən dərin
reaksiyadır. İllər, əsrlər keçdikcə,
zamanın ruhu, insanın kimliyi dəyişdikcə, bu səs
də bulanır, getdikcə öləziyir, bəzən
pıçıltıya çevrilir, bəzən isə
tamamilə itir, sonsuz ənginliklərin ağuşunda
yoxluğa qarışır.
Müasir dünyamız romantik sevgidən, əsl
eşqdən o qədər uzaq, o qədər yaddır ki, hərdən
düşünürsən, sanki bu gün o, bu səsi itirib,
öz köhnə parıltısından ayrılıb və
arxetipinin kölgəsinə çevrilib. Lakin bu məqamda
kiçik də olsa, təsəlli çuğlayır qəlbimizi.
Axı hər kölgənin arxasında işıq durur. Bəlkə
də sevgi öz doğuluşunun yeni mərhələsinə
hazırlaşır. Kim bilir?
lll
Biz, adətən, sevgi haqqında düşünəndə
ənənəvi obrazları xatırlayırıq: Leyli və
Məcnun, Xosrov və Şirin, Romeo və Cülyetta.
Bütün bu hekayələrdə sevgi nədir?
Ağırlıqdır, mübarizədir, inaddır, gözləməkdir,
ölməyən ümiddir. İnadla, ürəyi
yandıraraq, məhrumiyyət içində həsrət
çəkməkdir. Çünki sevgi insana eşq bəxş
edən qədər dərd də verirdi. Onda qovuşmaq asan
deyildi, məhəbbət yolunda hər iztiraba qarşı
dözümlü olmaq, əzabın içində belə
gözəllik axtarmağı, daha doğrusu, tapmağı
bacarmaq lazım idi.
Məcnun illərlə çöllərdə
dolaşdı, Fərhad dağları çapdı,
Cülyetta ölüm bahasına sevdiyini seçdi.
Bugünün "aşiqi" isə bir mesaj gec gəldiyi
üçün bezir. Bir zəngi cavabsız qalanda sevginin
sonunu düşünür. Nizaminin "eşq yolunda baş
qoymaq" dediyi fədakarlıq artıq bir "status" dəyişməsi
qədərdir.
İndiki nəsil sevgidən çox, sevginin
imitasiyalarını görür. Bunlar sosial şəbəkələrdə
parıldayan, filtirlənmiş, romantik jestlərlə bəzədilmiş,
gerçəklikdən uzaq vitrindəki hisslərdir. Yəqin
ki, bundan sonra o dərin kökə qayıtmaq çətindir,
çünki dünya öz-özlüyündə bizi
yüngülləşdirir, yüklərdən azad edir, amma
bununla yanaşı, hissləri də incəldir,
yüngülləşdirir.
Əvvəllər sevgi ləng idi. Yollar uzun idi. Xəbərlər
yubanırdı, məktublar günlərlə yol gedirdi. Bu
uzun yollar, bu bitməz məsafələr insanı
böyüdürdü, ona səbri, dözümü,
eşqin aliliyini öyrədirdi, nəticədə sevgi də
yoğrulurdu, bişirdi. Onda həsrət eşqin ən
böyük tərkib hissəsi idi, gözləmək
aşiqin ən gözəl peşəsi...
Gəl, gör ki, indi gözləmək nostalji
duyğuya çevrilib. Avtobusun gəlməsini iki dəqiqə
gözləməyə səbri çatmayan insan sevgilinin gəlməsini
gözləyərmi? Gözləmir. Dəyişən,
inkişaf edən texnologiya indi insanları da ovcumuz qədər
yaxın etdiyi halda, qəlbləri minlərlə kilometr
uzağa atır. Hər şeyin sürətləndiyi zamanda
münasibətlər də, qovuşmaq da, ayrılmaq da
sürətlənib. Bəzən bu sürət o qədər
artır ki, hisslərin özü belə onun içərisində
düşüb parçalanır, itib yoxluğa
qarışır.
Biz indi bir insanı bir mesajla tanımağa
çalışırıq, bir neçə fotoya baxaraq qərar
veririk, bir dialoqu yarımçıq saxlayırıq və
sonra hisslərimizə ad qoymağa çətinlik çəkirik.
Halbuki sevgi bir anda anlaşılacaq qədər sadə deyil.
O, insanın içində yavaş-yavaş
açılır, tədricən çiçəkləyir.
Yetər ki, bunun üçün insanın qəlbində
münbit mühit olsun. Bəs müasir insanın içərisində
o münbit mühit varmı? Çətin! Bu gün
çiçəklər tez solur, çünki bu sürətli
zamanın bizi məruz qoyduğu səbirsizliklə onları
vaxtsız açmağa məcbur edirik.
lll
Bugünkü münasibətlərin ən
böyük paradokslarından biri də budur ki, seçim
çoxdur, yaxınlıq az. İnsanlar bir-birinə
yaxınlaşmaq üçün onlarla sosial platformaya
sahibdir. Amma həmin platformalar insanı başqalarına
yaxınlaşdırmaq əvəzinə, daha da tənha edir.
Bir fotoya gələn 300 "bəyənmə" səmimi,
eşqlə toxunuşun yaşatdığı hissi vermir. Bir
mesajın qarşılığında gələn yüzlərlə
emoji sevdiyin insanın gözlərinə baxmağın həzzini
yaşada bilmir. Bu gün texnologiya bizə sevginin estetik
formasını verir, amma mahiyyətini yox.
Bir zamanlar ayrılığın səbəbi
uzaqlıq, ailə və ya ictimai qadağa ola bilərdi, indi
bir mesajın qarşı tərəfdə görünüb
cavabsız qalması, ya da açılmayan zəng
bütün tellərin qırılması üçün
kifayətdir.
İnsanların bir-birini asanlıqla silməsi, dəyişməsi,
əvəz etməsi sevginin arxetipini zəiflədib.
Texnologiyanın verdiyi rahatlığı ilğıma da bənzədə
bilərik - sevginin dərinliyini aparan, amma qısa həyəcanı
saxlayan bir ilğım.
lll
Müasir insan sevgidən niyə qaçır?
Müasir psixologiya deyir ki, sevgini necə
yaşamağımız uşaqlıqda formalaşır.
Əgər uşaqlıqda sevgi sabit deyildisə, münasibətlərdə
də insan sabit ola bilmir. Əgər böyüdüyün
evdə sevgi möhkəm deyildisə, sonrakı həyatında
da sevgidən qorxursan, onun varlığına, möhkəmliyinə,
davamlılığına inamın olmur. Sevgi sənin
üçün həm yarpaq kimi yüngül, həm də
daş kimi ağır görünür. İnsanlar
yaxınlıqdan çəkinir, çünki yaxınlıq
yaralanmaq riskini artırır.
Bu səbəbdən bir çox müasir gənc sevgi
arzulayır, amma sevgiyə yaxınlaşanda, onu həqiqətən
tapdığını hiss edəndə qorxuya qapılır.
Qorxu onları sosial şəbəkələrdə "gizlənməyə"
məcbur edir. Beləcə, "virtual sevgilər"
artır. Onlar toxunmaqdan qaçıb emoji göndərir,
sevdiyinin gözlərinə baxmaqdan qaçıb mesajların
içində görünməz olmağı seçir.
Hərçənd, məşhur filmdə deyilən
"sevgi əməkdir" reprikasına əlavə olaraq,
deyə bilərik ki, sevgi həm yaxınlıq tələb
edir, həm də cəsarət. Amma təəssüf ki,
indiki nəsil heç nəyə, xüsusən də sevgiyə
əmək vermək istəmir, cəsarəti tükənib,
yaxınlıq isə əlavə və lazımsız yük
kimi görünür.
lll
Tənhalıq paradoksal şəkildə müasir
dövrün özəl bir sığınacağına
çevrilib. İnsanlar öz yaralarını
başqalarından gizlətmək üçün tənhalığa
çəkilirlər. Tənhalıq daha təhlükəsiz
görünür, çünki orada heç kim sənə xəyanət
edə bilməz, heç kim səni incitməz, heç kim səni
yarıda qoymaz.
Lakin tənhalıq insanın ruhunu yavaş-yavaş
yeyir. Tənhalığa öyrəşmiş insan sevginin səsinə
kar, işığına kor olur. Yalnız qalmaq istəməsə
də, birlikdə olmaq çətin gəlir. Bir tərəfdən
sevgi axtarırıq, o biri tərəfdən sevgiyə
sarılmağa gücümüz çatmır. Bu, müasir
insanın ən böyük ziddiyyətidir.
lll
Gəlin etiraf edək ki, çağdaş insan hisslərini
yaşamaqdan çox nümayiş etdirməklə məşğuldur.
Romantik hədiyyə, eşq dolu fotolar, səyahət
kadrları və sair bu kimi şeylər sevginin
varlığını təsdiqləmək üçün
bir növ göstərişə çevrilib. Əslində,
bunlar sevginin görünüşüdür. Əsl eşq isə
iki nəfərin arasındakı səssiz anlaşma, duyğu
"alış-verişidir".
Müasir dövrdə bu mübhəmlik itir.
Cütlüklər bir-birinin ruhunu deyil, fotolardakı
görüntüsünü sevir. Bu da sevgini səthiləşdirir,
kövrəkləşdirir və ilk zərbədə
dağılıb yerlə bir olan münasibətə
çevirir.
lll
İnsan dəyişir, dövr dəyişir, amma
sevginin ehtiyacı dəyişmir. Bəlkə də arxetip dəyişir.
Müasir insan sevginin həsrət, gözləmək, əzab-əziyyət
kimi qaranlıq yanlarını qəbul etməkdə çətinlik
çəkir. Amma unutmaq olmaz ki, sevgi heç də həmişə
xoş hisslərdən ibarət olmayıb. Sevgi əzablarla,
iztirablarla, sınaqlarla, göz yaşı ilə, sevinclə,
qəlb çırpıntıları, səbr və ümidlə
dolu dərin bir ümmandır.
Bugünkü nəsil o ümmana baş vurmaqdan qorxur,
çəkinir, amma bununla belə, yenə də həqiqi
sevgi axtarır, özünün sahib olmağa qorxduğu o
eşqin varlığını sorğulayır. Uşaq
vaxtı Xəstə Qasımın bir təcnisini əzbərləmişdim,
onun ilk beytini o qədər sevmişdim ki, demək olar,
çox tez-tez təkrarlayardım. Xəstə Qasım deyirdi
ki:
Həqiqət bəhrində qəvvasam deyən,
Qəvvas isən, gir dəryaya üzhaüz.
Bəli, müasir insan da özünü eşq dəryasında
qəvvas saysa da, ora baş vurmaqdan, orada üzməkdən
çəkinir.
Amma bu sevginin axtarışı da ümidvericidir.
Axı sevgi insanın ən köhnə yaddaşıdır.
Dövr də dəyişsə, zaman da keçsə, insan ilk
yaddaşını unuda bilmir.
lll
Romantik sevgi itmir. O, yalnız formasını dəyişir.
Yeni dünyanın sevgisi daha şüurlu, daha
cilalanmış, daha bərabər əsaslı
olmalıdır. Fikrimcə, hisslərin təzədən
doğuluşu üçün ehtiyacımız olan ilk
növbədə, "yavaş sevgi"dir. Hər şeyin
sürətləndiyi dövrdə hissləri yavaş
yaşamaq insanı yenidən özünə qaytara bilər.
Həmçinin, dialoqlar virtualdan reallığa
keçməli, maskasız, filtirsiz, ən təbii halı ilə
sərgilənməlidir. Virtual yaxınlıq sevgi ilə toxunuşun
yerini almır. Sevgini toxunmaq, dinləmək, hiss etmək bərpa
edir.
Sevgili "alternativlərdən biri" yox, bənzərsiz
bir hekayənin qəhrəmanı olmalıdır. Sevgi
yalnız iki tamamlanmış insanı bir-birinə bağlaya
bilər. Özünü tanımayan insan başqasını
necə sevə bilər ki?!
lll
İnsan yenə də sevmək, sevilmək istəyir.
Romantik sevgi hələ də insanın ruhunda yanan ən
köhnə alovdur. O, bəzən közə dönür, bəzən
külə qarışır, bəzən alovlanır. Amma
heç vaxt tam sönmür.
Bu dövrdə sevgi öz köhnə qəlibindən
çıxır, başqa biçim alır. Bəlkə də
bu, yeni daha şüurlu, daha azad, daha həqiqi bir sevginin
doğuluşunun başlanğıcıdır.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 5 dekabr (№222).- S.13.