Böyük yol: mifik təfəkkürdən
süni intellektə
Kamal Abdullaya - 75
Antik düşüncənin mifik təfəkkürlə
başlaması fikri filoloji anlamda gün kimi aydın olan məsələdir.
Ədəbi fikir dünyası, söz
yaradıcılığının başlanğıcı da
antik dövrü əks etdirməklə ədəbi mühitə
ayaq açıb. Ancaq elmin rasional düşüncə tarixinə
nə vaxt qədəm basması bəşər tarixində fəlsəfi
fikirlərin formalaşması ilə başlandığı
məlumdur.
Müasir dövrümüzdə isə, qəribə
səslənsə də, elmi və ədəbi fikirləri
ayrı-ayrılıqda təsəvvür etmək olmur, hər
ikisi fərqli sahələr olsa da, hazırda elmi fikir də, ədəbi
fikir dünyası da bir vəhdət təşkil edir. İlk
dəfə böyük alimimiz Azad Mirzəcanzadə, hələ
sağlığında adətən tələbələr
qarşısında elmi mühakimələrlə
çıxış edərkən, bir çox elmi nəzəriyyələri
analiz edərkən ədəbi fikirlərlə, musiqi nəzəriyyəsi
ilə çoxlu müqayisələr aparardı. Uzaqgörən
alim ədəbiyyatın da hətta gələcəkdə
elmiləşməsi fikrini irəli sürmüşdü.
Mifik təfəkkürün aparıcı xətti
olan türk dünyasının əbədiyaşar təfəkkür
beşiyi sayılan "Dədə-Qorqud dastanı"
akademik Kamal Abdullanın fərqli analitik tədqiqi ilə
müasir dövrün qabaqcıl, qlobal elmi yanaşması
olan qeyri-səlis məntiq elmi ilə yaxşı mənada toqquşdu.
Elmi nəzəriyyəyə görə materiyalar arasında
toqquşma baş verərkən ilk baxışda
dağılma effekti yaransa da, "toqquşma" heç də
həmişə dağılma məhv olma anlamına gəlmir,
yeni bir fiziki hadisənin yaranmasına səbəb olur və nəticə
isə hansısa yeni bir maddənin yaranmasına gətirib
çıxarır. Recycle nəzəriyyəsi ilə
dünyada heç nə dağılmır, əslində bu
dağılma nəticə olaraq yeni bir mahiyyətin
yaranmasına səbəb olur. Bu, belə olub, həmişə
belə də davam edəcək, lap kainatın özündə
olduğu kimi. Ədəbi tənqiddə də belə oldu,
Kamal Abdullanın təqdim etdiyi özünəməxsus
analizləri ilə Rafiq Əliyevin davamçısı
olduğu Lütfi Zadənin məşhur qeyri-səlis nəzəriyyələri
toqquşdu və ədəbi fikir tarixində yeni
yanaşmanın ortaya çıxmasına yol açdı.
Yaşayan əbədi dastan adını qazanmış
ulu "Dədə-Qorqud", Kamal Abdulla qələmi,
araşdırması ilə, yeni və fərqli yanaşmada tədqiqi
"Dədəm-Qorqud"u ulu fikir atamız kimi yeni
dünyada yenidən dirçəltdi. Çoxdan
keçmişə qovuşmuş türk əbəbi fikir Dədəsinin
bizə qoyduğu söz və deyim mirasını Kamal Abdulla
XXI əsrdə yeni nəfəslə bir daha həyata
qaytardı və yeni yanaşma və fərqli
açıqlamaları, baxışları ilə yeni nəslə
təqdim etdi. Almaz cilalandıqca daha qiymətli olar, Kamal
Abdulla da "Dədəm- Qorqud"u novator fikirləri ilə
cilalayaraq ədəbi cameəyə təqdim etdi. Bu
baxımdan "Kitabi-Dədə Qorqud və Qeyri-səlis məntiq"
kitabı dastanın dil quruluşunun, dil sisteminin fərqli
anlamda araşdırılmasının məntiqi nəticəsidir.
Dil təfəkkürün maddi təzahürü
olduğu üçün dilin daşıdığı
böyük bir yaddaş funksiyası da olması elmi
faktdır. Bu cür yanaşmadan çıxış edərək
bildirmək olar ki, dilin malik olduğu bu qeyri-adi özəllik
xüsusiyyətləri elə qeyri-səlis məntiqlə
düz münasibdir. Axı təfəkkür özü də
qeyri-səlis məntiqin daşıyıcısı kimi dilə
təsirsiz ötüşməyə bilməz. Məntiqi
yanaşmamız Kamal Abdulla və Rafiq Əliyev kimi ustad alimlərin
birgə ərsəyə gətirdikləri "Kitabi-Dədə
Qorqud və Qeyri-səlis məntiq" kitabı dastanın
yeni tərzdə araşdırılmasında müstəsna
rol oynayır. İlk dəfədir ki, filoloji mətn praqmatik
aspektdə və dəqiq elmi məntiq nəzəriyyəsi
kimi qeyri-səlis məntiq anlayışı ilə tədqiq
edilir. Müəlliflər yazırlar:
"Bəri başdan qeyd edək ki, qeyri-səlis məntiq
hər şeydən əvvəl şübhələrin, tərəddüdlərin,
bəlkələrin məntiqidir. Axtarışların məntiqidir.
Cəhdlərin və canatmaların məntiqidir. Yeni
üfüqlərin aranmasının və kəşf edilməsinin
məntiqidir. Bu məntiq elə-belə ortaya
çıxmır. O həm də öz dərinində gizlənən
və bütün bu "bəlkələr"
üçün özündə seçim imkanı saxlayan dərindəki,
gizlindəki ideolojisi ilə üzə çıxır (sanki
atası Zevsin başından tam hərbi əlbisəsini əyninə
geyinmiş Afina Pallada doğulur) və beləliklə, binar
qarşıdurmalar hakimiyyətinə son qoyulur". Dərin
düşüncə ilə yanaşılanda həqiqətən
bu insanı bütün mərhələlərdə əhatə
edən hadisələrin məntiqi əsasını təşkil
edir. Bu məntiq əsasında qeyri-mümkünün
mümkün olduğu qeyd edilir.
Digər bir yerdə isə belə bir fikir emalına
rast gəlirik:
"Qeyri-səlis çoxluqlar bədii mətnin təhlilində
linqvistik informasiyanın üzərinə qoyulan məhdudiyyətləri
ehtiva edən tutarlı bir vasitədir. Mətndə təsvir
edilən hərəkət və hadisə ilə bağlı
natamam məlumat verildikdə, bu, ona olan inamı azaldır. Beləliklə,
linqvistik informasiyanın emalı zamanı biz hərəkətin
və ya hidisənin necə baş verdiyini və ya necə
olacağını göstərən feilin
modallığına xüsusi diqqət yetirməliyik".
Başqa bir yerdə isə deyilir:
"Bu aspektdə təbii dil perseptiv informasiyanın,
yəni bilavasitə ölçülə bilməyən
informasiyanın təsvir sistemi kimi qəbul olunur. Bu sütunun
özülündə ehtimal nəzəriyyəsi yox, mümkünlük
nəzəriyyəsi durur..."
Bu kimi qiymətli analitik fikirlər "Kitabi-Dədə
Qorqud və Qeyri-səlis məntiq" kitabında olduqca zəngindir.
Maraqlısı budur ki, tədqiqat kimi bu əsər
dastanın özü qədər həm zəngin, həm də
dərin analitik fikirlərlə doludur və insanın
qarşısında düşündürücü ənginliklər,
üfüqlər açaraq bizi bir daha dastanı və eləcə
də, qədim türk fikir tarixini dərindən öyrənməyə
vadar edir.
"Kitabi-Dədə Qorqud" dastanı dil elementləri
və strukturu baxımından dilin dərin köklərinə
malik olduğundan qeyri-səlis məntiq nəzəriyyəsi
ilə aydın və səlis analizə oluna bilir. Dədə
Qorqud dastanı qeyri-səlis məntiqi ilə təhlil edilərkən
daha fərqli anlaşımla təzədən canlanır və
dastanı daha aktual edir.
Türkiyədə dərc olunmuş dərgilərdə
Dədə-Qorqud dastanını nahaq yerə "Yaşayan
bir sistem kitabı" adlandırmırlar. Bu fikirdən
çıxış edərək deyə bilərik ki, dastan-
özündə antik türk dil ünsürlərini bu
günümüzə qədər daşıyan bir sistem kimi
bəşər övladının tək dilə münasibəti
deyil, dillə birgə əvvəllərin özündə
daşıdığı qədim düşüncə tərzinin,
qədim mədəniyyətin yaşayan təcəssümüdür.
Görkəmli alimlərimiz Kamal Abdulla və Rafiq
Əliyevin birgə ərsəyə gətirdikləri bu əvəzsiz
novator kitab ilə böyük alim Lütfizadənin qeyri-səlis
məntiq nəzəriyyəsinin sosial və humanitar elm sahələrində
də tətbiq olunması arzusunu da həyata keçirmiş
olublar.
Bir oxucu kimi əminliklə deyə bilərəm ki,
Kamal Abdulla antik düşüncəni muasirləşdirən,
cavanlaşdıran, yeni tərzdə həyata qaytaran və gələcək
ədəbi irsə çevirən görkəmli ədib və
alim kimi tarixdə qalacaq!
Kamal müəllim ahıl və müdrik
ömrünü olduqca zəngin yaşayıb. Ədibin dərc
olunmuş kitablarına həm elmi, həm də ədəbi əsərləri
aiddir. K.Abdulla "Azərbaycan dilində sadə cümlə
sintaksisinin nəzəri problemləri", "Azərbaycan
dili sintaksisinin nəzəri problemləri",
"Dilçiliyə səyahət və yaxud dilçi
olmayanlar üçün dilçilik", "Azərbaycan
dilində mürəkkəb sintaktik bütövlər" ,
"Azərbaycanca danışaq", "Müəllif - əsər
- oxucu" , "Əvvəl - axır yazılanlar",
"Gizli Dədə Qorqud", "Sirr içində dastan və
yaxud Gizli Dədə Qorqud - 2" , "Kitabi-Dədə
Qorqud" dastanının poetikasına giriş",
"Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi",
"Unutmağa kimsə yox...", "Sirlərin sərgüzəşti",
"Laokoon, Laokoon..." "Tarixsiz gündəlik" və
bir çox digər kitabların müəllifidir.
Kamal Abdullanın bədii əsərləri - pyesləri,
hekayələri, romanları, esseləri və şeirləri
Azərbaycanda və xarici ölkələrdə çap
olunur. Əsərləri türk, rus, gürcü, ingilis,
fransız, alman, ispan, polyak, portuqal, italyan, Ukrayna, fin, ərəb,
yapon, Monteneqro, Litva, bolqar, qazax, qırğız və
başqa dillərə tərcümə olunub və nəşr
edilib. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya
teatrlarında səhnəyə qoyulub.
Ancaq onu da qeyd etməliyik ki, Kamal müəllim həm
də gözəl insani keyfiyyətlərə malikdir. O, ali təhsil
ocağının rəhbəri kimi müəllimləri, tələbələri
daim diqqətdə saxlayır və köməyini əsirgəmir,
hamıya xoş münasibət göstərir, həmişə
hər bir əməkdaşa qayğıkeşliyi ilə diqqət
çəkir. Kamal müəllimin rəhbərliyi
dövründə universitetimizdə bir çox yeniliklər
edilib, təzə mədəni mərkəzlər
yaradılıb, təhsilə töhfə olan bir çox
işlər görülüb.
Hörmətli rektorumuz Kamal Abdullaya
cansağlığı, elmi və ədəbi
yaradıcılıq uğurları, yeni-yeni əsərlər
arzulayırıq! 75 illik yubileyiniz mübarək olsun, Kamal
müəllim!
Nigar HAQVERDİYEVA
Azərbaycan Dillər Universitetinin baş müəllimi
525-ci qəzet .- 2025.- 5 dekabr (№222).- S.11.