Yaşayış
binalarında baş verən yanğınlar
Elektrik xətlərindəki nasazlıqlar,
qısaqapanmalar...
Son zamanlar çoxmərtəbəli
yaşayış binalarında ard-arda baş verən
yanğın hadisələri ciddi narahatlıq doğurur.
Yanğınların əksəriyyəti məhz elektrik xətlərindəki
nasazlıqlar, qısaqapanmalar və düzgün
quraşdırılmamış elektrik avadanlıqları səbəbindən
baş verir. Elektrik sisteminin
düzgün qurulmaması, bu zaman kustar üsullardan istifadə
edilməsi sonda böyük ziyanla nəticələnir.
Kiçik bir qısaqapanma səbəbindən bir neçə
dəqiqə içində bütün bina alova
bürünür. Bu cür hadisələr təkcə maddi
itkilərlə deyil, insanların həyatı və
sağlamlığı üçün də böyük təhlükə
yaradır.
Davamlı istifadə nəticəsində yüklənmə,
közərmə başlayır
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin
sözlərinə görə, yeni tikililərin çoxunun
avtomatları aşağı dövriyyəyə uyğun
qurulub və ümumilikdə istilik üçün elektrikdən
istfadə nəzərdə tutulmayıb. Davamlı istifadə
nəticəsində yüklənmə, qızma, közərmə
başlayır, naqilin burma şəklində bərkidilən
hissəsi qızır və sonra yanar konstruksiyaya keçir. Nəticədə
yanğın baş verir.
Bütün binalarda standartlar eyni deyil
Ekspert deyir ki, elektrik təsərrüfatı, naqillər
üzrə yoxlamalar obyektlər üçün məcburidir,
lakin fərdi yaşayış binaları üçün nəzarət
məcburi deyil: "Fövqəladə Hallar Nazirliyi elektrik təsərrüfatlarına
baxış keçirir. Yanğın risklərinin müəyyən
edilməsi üçün obyektlərdən bunu tələb
edirlər. Müqavimətə davamlılıq, izolyasiya və
s. hər biri yoxlanılır. Lakin mənzillərə dair belə
yoxlamalar yoxdur. Fərdi yaşayış müəssisələri
də ildə bir dəfə ixtisaslaşmış müəssisəni
dəvət edərək elektrik təsərrüfatına
baxış keçirə bilər. Hər hansı
nasazlıq varsa, elektrik şəbəkəsi normadan artıq
yüklənirsə, bu da elektrik təsərrüfatının
qızmasına, qısaqapanma, alışma və
yanğına gətirib çıxarır. Çünki
hazırda mənzillərdə elektriklə işləyən
avadanlıqların sayı çoxdur. Daha əvvəl tikilən
binalarda bu kimi hallar nəzərə alınmadıqda yüklənmə
baş verə bilir. Elektrik naqilləri çəkilərkən
binanın həcmi, tutumu, kvadratı, mərtəbə
sayı, mənzillərdə nə qədər
paylayıcı olması və digər nüanslar nəzərə
alınmalıdır. Bütün binalarda standartlar eyni
deyil".
Yanğın təhlükəsizliyinə dair qaydalara
ciddi riayət edilməlidir
Elmar Nurəliyevin dediyinə görə, bütün
təyinatlı obyektlər yanğın təhlükəsizliyinə
dair təlimatlara, qaydalara, Fövqəladə Hallar Nazirliyinin
yanğın təhlükəsizliyinə dair irad və
tövsiyələrinə mütləq ciddi riayət etməlidirlər:
"Təbii ki, bununla bağlı "Yanğın təhlükəsizliyi
haqqında" qanun da mövcuddur və bütün təyinatlı
obyektlərə şamil olunur. Bütün təyinatlı
obyektlər yanğın təhlükəsizliyinə dair təlimatlara,
qaydalara və normativ standartlara ciddi riayət etməlidirlər.
Obyektlər, təbii ki, öz spesifikasına uyğun
yanğın təhlükəsizliyi təchizatı,
yanğın xəbərdaredici siqnalizasiya vasitələri,
ilkin odsöndürmə vasitələri, təxliyə
yolları, təhlükəsiz toplanış yerləri,
ehtiyat su çəni, yanğın hidrantları,
yanğın dolabları ilə təmin olunmalıdır,
bütün bunların hər biri normativ standartlara uyğun və
mütləq işlək, saz vəziyyətdə
olmalıdır. Bunu bütün iş yerləri təmin etməlidir.
İş yeri deyəndə həm çoxmənzilli
yaşayış binaları, həm də digər təyinatlı
obyektlər - zavod, fabrik, bazar, ticarət mərkəzi və
digər yerlər nəzərdə tutulur. Bu təchizat daim
saz vəziyyətdə saxlanılmalıdır.
İşçilərin də bununla bağlı ilkin bilikləri
olmalıdır".
Yanğın baş verən zamanı necə
davranmalı?
Ekspert bildirib ki, yanğın təhlükəsizliyi təchizatı
ilə bağlı hər hansı bir nasazlıq baş verərsə,
həmin nasazlıq mütləq ixtisaslaşmış müəssisə
tərəfindən aradan qaldırılmalıdır: "Təbii
ki, yanğın hadisələrindən heç kim
sığortalanmayıb. Lakin yanğın təhlükəsizliyi
təchizatı tam saz və normativ standartlara uyğun olarsa,
işçilərin mövzu ilə bağlı bilik və
bacarıqları olarsa, bu cür hadisələrdən minimal zərərlə
çıxmaq mümkündür. İnsanlar da bilməlidirlər
ki, bu cür hadisələr zamanı necə davranmalı, necə
təhlükəsiz təxliyə olunmalı, hansı
keçid yollarından istifadə etməli, ilkin
odsöndürmə vasitəsindən istifadə etməklə
yanğını söndürməyə necə cəhd
göstərməli və ya özlərini həmin ərazidən
necə təhlükəsiz şəkildə
çıxarmalıdırlar. İnsanların bu cür biliklərə
malik olmaları belə hallarda onların böyük köməyinə
çatmış olur. Məsələn, tüstüdən
qorunmaq üçün yaş dəsmalı isladaraq nəfəs
yollarına tutmaq və yer səthinə daha yaxın olaraq ərazidən
çıxmaq mümkündür. Tüstü olan zonalarda yerə
yaxın hərəkət etmək vacibdir, çünki
tüstü əsasən yuxarıya doğru
yığılır. Yerə yaxın hərəkət
tüstüdən zəhərlənmə riskini minimuma
endirir. Əgər təxliyə mümkün deyilsə, sakinlər
qapı boşluqlarını nəm parça ilə
bağlamalı, tüstünün mənzilə daxil
olmasının qarşısını almalı və balkona
çıxaraq kömək gözləməlidirlər.
Tüstü yanğın zamanı ölüm
hallarının əsas səbəblərindən biridir və
bu səbəbdən sakinlər tüstüdən
qorunmağın yollarını bilməlidirlər".
Texniki yüklənmələr nəticəsində
müxtəlif qəzalar baş verir
Əmlak və inşaat məsələləri
üzrə ekspert Elnur Azadovun sözlərinə görə,
naqillər nə qədər dözümlü olsa da, kənar
müdaxilə zamanı qəza qaçılmazdır:
"Qeyri-yaşayış sahələrinin idarə
olunması müştərək cəmiyyətin, yaxud
MTK-nın səlahiyyətindədir. Bizdə isə bu ərazilər
tikinti şirkətinə məxsus olur. Onlar həmin əraziləri
icarəyə verir, satırlar. Bu zaman layihədə nəzərdə
tutmayan şəkildə fəaliyyət təşkil olunur,
bina və texniki avadanlıqlar normadan artıq yüklənir.
Texniki yüklənmələr nəticəsində də
müxtəlif qəzalar baş verir. Nəzarət mexanizmi
üçün binaların idarə edilməsi ilə
bağlı qanunların təkmilləşməsinə
ehtiyac var. Yerli icra qurumları yerində reydlər keçirməlidir".
Bu sistemlər yanğın riskinin
qarşısını alan əsas mexanizmlərdir
Layihələndirmə normalarına görə
yaşayış binalarının elektrik şəbəkələri
avtomatik mühafizə sistemləri - qısaqapanma, artıq
yüklənmə və sızma cərəyanından qoruma
cihazları ilə təchiz olunmalıdır. Bu sistemlər
yanğın riskinin qarşısını alan əsas
mexanizmlərdir. Elektrik şitləri və kabel
avadanlıqlarının yerləşdirilməsi üçün
xüsusi qaydalar mövcuddur. Onlar vanna otağı, sanitar
qovşağı kimi nəmləşmə olan sahələrin
altında quraşdırıla bilməz. Eyni zamanda, elektrik
lövhələrinə giriş ya birbaşa küçədən,
ya da mənzillərdənkənar dəhlizlərdən təmin
edilməlidir ki, fövqəladə hallarda müdaxilə
imkanları məhdudlaşmasın. Kabel şaxtaları və
mühəndis kommunikasiya kanalları yanğına davamlı
materiallardan hazırlanmalı və odadavamlılıq tələblərinə
uyğun olmalıdır. Təhlükəsizlik
baxımından elektrik qurğularında cərəyanaparan
hissələr mütləq izolyasiya olunmalı, torpaqlama
sistemi tətbiq edilməli və avtomatik söndürmə
mexanizmləri nəzərdə tutulmalıdır. İstifadə
olunacaq xətlərin növləri də normativ sənədlərlə
müəyyən edilir. Mis kabellər yaşayış və
ictimai binalarda əsas seçimdir, çünki yüksək
keçiricilik və yanğın təhlükəsizliyi
baxımından etibarlıdır. Alüminium kabellər daha
çox sənaye obyektlərində və yüksək gərginlikli
xətlərdə istifadə olunur, yaşayış
binalarında isə yalnız xüsusi şərtlərlə
tətbiq edilir. İzolyasiyalı kabellər yanmayan və
çətin yanan materiallardan olmalı və müvafiq tələblərə
cavab verməlidir.
Normalar var, nəzarət yoxdur
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata
görə, qurum tərəfindən daimi olaraq
yanğından mühafizə ilə bağlı yoxlamalar həyata
keçirilir. Lakin bu yoxlamalar sadəcə elektrik naqilləri
ilə bağlı olmur. Elektrik xətlərinə aid normalara
onlar nəzarət etmirlər: "Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi"
haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri
çərçivəsində həyata keçirilir. Belə
ki, yoxlamalar əvvəlcədən növbəti il
üçün planlaşdırılır və növbəti
il ərzində müəyyən olunan dövriliklə
yoxlamaların icrası təmin olunur: "Tələblərə
əsasən elektrik qurğuları və elektrik
qurğularının istehlakçılar tərəfindən
istismarı zamanı müvafiq qaydalara və digər normativ sənədlərə
uyğun olaraq quraşdırılıb istismar edilməsi tələb
olunur. Sözügedən tələbin həyata keçirilməsinə
nəzarət tədbirləri çərçivəsində
bu işlərin normalara uyğun olub-olmaması ilə bağlı
müvafiq sənədlər istehlakçıdan, yəni
yoxlamaya cəlb olunmuş sahibkarlardan tələb olunur. Bu tələblər
təqdim olunmadıqda Dövlət yanğın nəzarəti
inspektoru tərəfindən cavabdeh şəxs barəsində
İnzibati Xəta haqqında Protokol tərtib olunur, eyni zamanda
bu pozuntunun aradan qaldırılması üçün
müvafiq məzmunlu tələbnamə ona təqdim
edilir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 5 dekabr (№222).- S.8.