“İƏT Mədəniyyət
Festivalı: zəngin proqram, geniş auditoriya
Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) birgə təşkilatçılığı
ilə dekabrın 5-dən 11-dək paytaxtımızda
“İƏT Mədəniyyət Festivalı: Bakı
Yaradıcı Həftə – 2025” keçirilir.
AZƏRTAC xəbər verir ki, dekabrın 5-də Beynəlxalq
Muğam Mərkəzində bu mötəbər tədbirə
həsr olunmuş mətbuat konfransı təşkil olunub.
Tədbirdə çıxış edən mədəniyyət
nazirinin müavini Səadət Yusifova festivalın yalnız mədəniyyət
bayramı olmadığını, eyni zamanda yaradıcı sənayelərin
inkişafı, əməkdaşlıq imkanlarının
genişləndirilməsi və yeni tərəfdaşlıqların
qurulması baxımından mühüm platforma olduğunu
bildirib. O qeyd edib ki, festival ölkəmizin multikultural dəyərlərini,
mədəni müxtəlifliyi və tolerantlıq ənənələrini
dünyaya təqdim edən əhəmiyyətli nümunədir.
“Festivalda 5 minə yaxın ziyarətçinin
iştirakı gözlənilir. Bu, tədbirin geniş ictimai maraq
doğurduğunu, həmçinin Azərbaycanın
yaradıcı sənayelər üzrə regional mərkəzə
çevrilmək potensialını nümayiş etdirir”, – deyə
Səadət Yusifova vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatının
Humanitar, Mədəni, Sosial və Ailə İşləri
Baş katibinin köməkçisi Tariq Ali Bakheet
çıxışında Azərbaycan Respublikasının
həmrəyliyə, əməkdaşlığa və mədəni
mübadiləyə verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini
bildirib. O qeyd edib ki, Azərbaycan bütün İƏT
üzv dövlətləri tərəfindən böyük rəğbətlə
qarşılanan təşəbbüslərə daim fəal
şəkildə qoşulur.
“Bu festival mədəni əməkdaşlığı
təşviq etmək, mədəni əlaqələri
möhkəmləndirmək və yaradıcı təşəbbüsləri
dəstəkləmək üçün mühüm
platformadır. Biz müxtəlif ölkələrdən alimləri,
musiqiçiləri, sənətkarları və
yaradıcı sahə nümayəndələrini bir araya gətirərək
onların ənənələrini, irslərini və təcrübələrini
paylaşmaları üçün zəngin mühit
yaradırıq”, – deyə Tariq Ali Bakheet bildirib.
İslam Əməkdaşlıq Təşkilatının
Baş Katibliyində Mədəniyyət İdarəsinin
direktoru Əlhüseyn Qəzvi festivalın mədəni
müxtəlifliyimizin, ortaq irsimizin zənginliyinin və
İslam dünyasında həmrəyliyin təntənəsi
olduğunu vurğulayıb.
“Bu gün burada İƏT-ə üzv dövlətlərin
geniş iştirakını, həmçinin İƏT-in
qurumlarını və müsəlman dünyasının
müxtəlif yerlərindən yaradıcı sənaye
nümayəndələrini bir araya gətiririk. Bu geniş təmsilçilik
mədəni diplomatiyanın əhəmiyyətini və ortaq
dəyərlərimizin gücünü bir daha sübut edir”,
– deyə o əlavə edib.
Onun sözlərinə görə, festival vasitəsilə
İƏT-in missiyasına – xalqlarımızı yaxınlaşdırmaq,
qarşılıqlı hörmət, ortaq inkişaf və
davamlı tərəqqi kimi dəyərləri irəli aparmaq
üçün real məzmun və forma verilir. Bu dəyərlər
İƏT nizamnaməsinin əsasını təşkil edir.
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) Baş
direktoru Rəşad Əzizov bildirib ki, əsas tədbir Mədəni
Yaradıcı Sənayelərin Təşkili Forumu çərçivəsində
kino sərgisi, həmçinin İƏT-ə daxil olan
ölkələrin “Yaradıcı kənd” sərgisi təşkil
olunacaq. O qeyd edib ki, tədbir böyük maraq doğurub və
artıq digər ölkələrdən də Bakıya ziyarətçilər
gəlir.
R.Əzizov bildirib ki, bir həftə ərzində
çox zəngin proqram planlaşdırılır: kino
festivalı çərçivəsində bir sıra ölkələrin
kino nümayişləri keçiriləcək, Nizami Kino Mərkəzi
ənənəvi olaraq əsas məkan olacaq, tədbirin
baş məkanı isə Bakı Konqres Mərkəzidir. Həftə
ərzində müxtəlif kinoteatrlarda müvafiq tədbirlər
həyata keçiriləcək və yeni növ tədbirlərin
təşkili də nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın ilk dəfə ev
sahibliyi edəcəyi festival ölkəmizin beynəlxalq mədəniyyət
platformasında artan rolunu və regionda multikulturalizm, dialoq və
əməkdaşlıq ənənələrinin təşviqinə
verdiyi töhfəni bir daha nümayiş etdirəcək. Tədbir
təqribən 50 ölkədən 300-dən artıq rəsmi
nümayəndə, elm, mədəniyyət və
yaradıcı sənaye ekspertlərini bir araya gətirəcək.
Bu isə İƏT ailəsinin birliyini və ortaq dəyərlər
ətrafında həmrəyliyini nümayiş etdirir.
Festival çərçivəsində İƏT
üzv dövlətləri mədəniyyət nazirlərinin
yüksək səviyyəli görüşü, “Mədəni
və Yaradıcı Sənayelər Forumu” (MYFORUM), “Creative
Village: Mədəni və Yaradıcı Sənayelər Sərgisi”
(MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı,
“Şərq moda nümayişi” – İƏT ölkələrinin
gənc və tanınmış dizaynerlərinin təqdimatları,
oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə
də teatr, musiqi, rəqs və animasiya sahələrini əhatə
edən müxtəlif mədəni layihələr həyata
keçiriləcək.
525-ci qəzet .- 2025.- 6 dekabr (¹223).- S.13.